Modern.az

Napoleon da tarixin qumsallığına gömülür

Napoleon da tarixin qumsallığına gömülür

20 Avqust 2019, 22:23

Lüi Napoleon Buonoparte, yəni Napoleon Bonopart kimi tanıdığımız insan həyatımızda nə iz qoydu? Onu xatırlayırıqmı?

Mən yaşda olanlar üçün Napoleon - Lev Tolstoyun "Hərb və sülh" romanı, tort, bir də ruhi xəstəxanın pasiyenti idi.

O xatirə də artıq itməkdədi. Yalnız nimdaş, saqqallı sovet lətifələrində dəlixanadakı adam özünü "Napoleon" adlandırır.

Sovet təhsil sisteminin və kinematoqrafının qalıqları kimi Napoleon da Ştrilits, poruçik Rjevski və Nataşa Rostova ilə birlikdə tarixin qumsallığına gömülür.

Beş gün əvvəl onun ad günü idi. 250 yaşı tamam oldu dahi sərkərdənin, imperatorun, çılğın korsikalının.

Şöhrət çox bahalı, amma tez xarab olan nəsnədi.

O, istərdimi ki, 250 il sonra unudulmağa başlasın?
Pis nəticə deyil əslində 250 il. Napoleon dünyanın onu unutmamasını istəyirdi, istəyinə nail oldu.

Nəticədən razı qalardımı? Ayrı məsələdi, çünki ağıllı adamdı və sarsaq illüziyaları da yoxdu.

Napoleon çağdaş Avropanın banisidir. Konstitusiyanı və Mülki Məcəlləni yaradan, yollar çəkdirən, burjuaların hakimiyyətini möhkəmlədən adam.

Fərdi baxımda - hə, nəyi vardısa, itirdi. Çox qısa müddətdə bütün Avropanın hökmdarı olsa da, həyatını Atlantik Okeanındakı kiçik adanın məhbusu kimi başa vurdu.

O adada hər sözünü udqunaraq dinləyən, ona pərəstiş edən bir dəstə adamla. Həyatının son illərində o, onunla bahəm sürgünə yollanmış 21 nəfərlə yaşadı.

O adamlar Napoleonu bezdirmişdilər. Çünki nə deyəcəklərini, nə cavab verəcəklərini bilirdi. Bilirdi ki, təkrar-təkrar danışdığı əhvalatları vəcdlə dinləyəcəklər.

Onu necə sevdiklərini usanmadan, təkrar-təkrar deyəcəklər.
Müqəddəs Yelena adasında Bonopart cəmi altı il yaşadı. Məktublarına, gündəliklərinə baxsanız, hədsiz darıxmaq, təkrarçılıq var. Sanki o adada əbədiyyət yaşayıb adam.

Qoca olmayan adam üçün ölüm sanki gecikmiş xilaskardı.
Sanki Tanrının ayırdığı vaxtdan çox yaşamışdı Bonopart.

Onu diri-dri basdırmışdılar. Adada vaxtını mənasız mütaliələrdə, gəzintilərdə, səbəbsiz dava-dalaşda,ətrafdakı insanları bir-birinə didişdirməkdə keçirirdi. Belə əylənirdi imperator.

Napoleondan sonrakı dövr maraqlıdı.

Qısa yazsam, Fransa bu adamın dönəmində tam bir nəsil itirdi. Əndəlüsdən tutmuş Moskva quberniyasınadək olan savaş meydanlarında Fransanın sadəcə, ən yaxşı adamları yox, həm də 15 yaşdan 40 yaşadək bütün kişiləri məhv oldular az qala.

Tək fransızlar yox ha.

Almanlar, italyanlar - Avropada Bonopartın fəth etdiyi bütün ölkələrin adamları.

Uşaqlıq illəri Napoleon imperiyasında keçən və bəxtlərindən onun yürüşlərində iştirak etməyən fransız romantiklər sonradan peyda oldular. Onlar yalnız babalarının nəsli ilə mübahisə edirdilər.

Çünki atalar nəsli qırılmışdı.

Fransa inqilabı və sonrakı savaşlar fransızları çökdürdü, Fransa yarışı Britaniyaya uduzdu. Həmin məğlubiyyətin səbəbidir ki, Fransa hələ də qlobal geosiyasətdə "axsaq ördək" olaraq qalır. Hətta Fransada kiçik fermer iqtisadiyyatı problemi də çözülməyib.

Napoleonun taxtda olduğu dövrün sonuna yaxın ona bütün Avropa nifrət edirdi.

Almanlar öz identiklərini tapdıqları üçün Fransanı düşmən sayırdılar. İtalyarlar fransızların istilasından sonra avstriyalıların onillərlə davam edən boyunduruğuna düşdülər.

İspanlarsa son 1000 ildə ən böyük faciələrini yaşadılar Bonopartın sayəsində.

Bilirsiniz ən maraqlı nədir?

Şöhrət düşkünü olan Napoleon Bonopartı məğlubiyyət xilas etdi.
Klassik əsrin adamı olan Bonopart yeni doğulan Avropa romantizmi dövründə yaşaya bildi və o, romantizm sayəsində əbədiyyətə qovuşdu.

Napoleon romantik qəhrəman deyildi. Amma Manfred və ya Lüsifer təki ideal personaja çevrildi.

Fövqəladə, təkrarsız, məğrur, anlaşılmayan, qəbul edilməyən - plaşına bürünərək tənha adasında qaya üzərində duran, okeana baxan adam kimi.

Romantiklər bu obrazı yaratdılar, Napoleon da əsl mifə, pərəstiş, nifrət, təkrarçılıq və çılğınlıq predmeti oldu.

Romantika axı ifrata varmağı sevir.

Ol səbəbdən də məğlubiyyəti yox, itkinin totallığını, qaçlımazlığını vəsf etdi.



Elçin Alıoğlu

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu