Modern.az

Elçibəyin köməkçisi 19 illik sirri açır: “Almaniyaya aparmağa pulumuz olmadı” - MÜSAHİBƏ

Elçibəyin köməkçisi 19 illik sirri açır: “Almaniyaya aparmağa pulumuz olmadı” - MÜSAHİBƏ

22 Avqust 2019, 18:02

Əli Mürsəloğlu:Elə qüvvələr var idi ki, Bəyin sağalmasını istəmirdi


Bu gün çağdaş Milli Azadlıq Hərəkatının lideri, eks-prezident, Azərbaycan Xalq Cəbhəsi Partiyasının mərhum sədri Əbülfəz Elçibəyin vəfat etdiyi gündür. Qeyd edək ki, Əbülfəz Elçibəy 22 avqust 2000-ci ilin 22 avqustunda, 62 yaşındaTürkiyənin paytaxtı Ankara şəhərində müalicə aldığı Gülhanə Hərbi Tibb Akademiyasında dünyasını dəyişib.

Modern.az saytı Əbülfəz Elçibəyin anım günü ilə bağlı son günlərində onun yanında olmuş köməkçisi Əli Mürsəloğlunin Cebhe.info-ya müsahibəsini təqdim edir: 

-Əli bəy, Əbülfəz Elçibəyin vəfatından 19 il ötür. Bəy xəstə olduğu müddətdə daim yanında olmusunuz. Xəstə olduğu vaxt Bəyin Bakıda harada qalması ilə bağlı mübahisəli məsələlər var. İlk növbədə buna aydınlıq gətirmənizi istərdik.

-İlk vaxtlar Mərdəkanda balaca bir ev var idi, orada qalırdıq. Sonra dostumuz Rafiq Ağayev var idi, o gəldi və dedi ki, burada qalmağınıza razı ola bilmərəm. Oradan Bilgəhə, Rafiq bəyin bağ evinə köçdük. Rafiq bəy Bəylə çox maraqlanır, yemək gətirir, nə lazım olduğunu soruşurdu. Bəyə görə çox  fədakarlıq edirdi, Allah ondan razı olsun. Bu günə qədər də ona böyük hörmətim var, yaxşı, dəyər veriləsi insanlardan biridir, əsl bəydir.

 

-Bəyin xəstəliyi ilə bağlı məlumatlar əvvəllər gizli saxlanırdı. Özü qadağan etmişdi?

-Əslində, burada bir nüans var. Xəstəlik var idi, amma onun necə müalicə olunması məsələsi çətinlik yaradırdı. Elə etmək istəyirdik ki, səs-küy düşməsin. Hətta bir dəfə Bəy özü dedi ki, müalicə edərik, amma biriləri  götürüb qəzetdə başa şey yazarlar. Ona görə də çalışırdıq ki, müalicəni “örtülü” edək. Müalicəni Azərbaycanda da, Rusiyada da etmək olardı. Amma elə etmək istəyirdik ki, kimlərsə məqsədli ajiotaj yaratmasın. Çoxları xatırlayar, o vaxt Heydər Əliyev haqqında qəzetlərdə nələr yazılırdı. Hər bir insan xəstə ola bilər. Amma onu başqa formada təqdim etmək düzgün deyil. O dönəmdə Türkiyə ilə gizli danışıqlar apardıq. Hətta pulumuz olmadı ki, Almaniyaya gedək. Müalicənin bizə 40 min avroya başa gələcəyini demişdilər. Həmin məbləği tapmaq mümkün olmadı. Sonra bir yerdən xəbər gəldi ki, müalicəni biz edirik. Amma eyni vaxtda Türkiyəyə getmək məsələsi də ortaya çıxdı və Bəy oranı seçdi. Orada da heç bir müalicə düzgün getmədi. Hər cür qüvvələr var, orada da istəmədilər ki, nəsə olsun. Biz birinci dəfə gedəndə Bəyi Gülhanə Xəstəxanasına belə buraxmadılar. İkinci dəfə “isə” iş-işdən keçəndən sonra buraxdılar. Zamanı gələndə kimlərin nə etdiyi açılacaq. Təəssüf ki, biz bunu həll edə bilmədik. İstədik müalicə “qapalı” getsin, o da olmadı. Görünür, qismət beləymiş. Ancaq Bəyin bir neçə yaxşı sözü var. Deyirdi ki, həyatda üç şeyə diqqət edin. Xəstəlikdir, fikir verməsən böyüyər. Yanğındı, qarşısını almasan fəsad verər. Bir də düşmən. Bu üç məsələyə diqqət etmək lazımdır. Yəni xəstəliyi bilirdik, amma müalicənin çarəsini, yolunu tapa bilmədik. Çıxış yolunu çox axtardıq, alınmadı. Zaman gələcək kimlərin nə qədər günahı var, nələr ediblər hamısının üstü açılacaq.



“Bəyi Türkiyəyə zamanında dəvət etmədilər”


- Belə çıxır ki, Bəyin vəfatının səbəbi müalicənin gecikdirilməsi, pulsuzluq olub...

- Bəli! O dönəmdə burada Bəyin özü dedi ki, Türkiyəyə prezident kimi getmişəm. Dəvət gəlsin, mən dəvətli kimi gedim. 1999-cu ildə Bakıdakı səfirin müavini var idi, ona evə çağırdıq və ona bildirdik ki, Türkiyəyə getmək istəyirik. Amma nəticə olmadı. Sonra başqa bir yerdən dəvət gəldi, o dəvətlə Türkiyəyə getdik. Məsələ belə olub. Gecikmənin günahı bizdə olmayıb. Biz başqa formada etmək istəmişik. Amma təəssüf ki, Türkiyənin o dönəmdəki rəhbərliyinin və bəzi insanların ucbatından bu, alınmadı, məlum nəticə oldu. Yəni  günahın 95 faizi onda oldu ki, Bəyi zamanında dəvət etmədilər.


-Elçibəy Bakıda olanda həkim müayinəsindən keçirdimi?



-Əlbəttə! “Təzə bazar”ın yanında xəstəxana var idi, orada olmuşduq, əlimizdə sənədlər var idi. Adını çəkmək istəmirəm, həkim də dedi ki, əməliyyat olunmalıdır.


“O zamankı Türkiyə rəhbərliyi Bəyə sayğısızlıq etdi”


- Elçibəy Türkiyəyə getmək dəvətinə özü “hə” dedi?

- Biz Türkiyədəki həkimlərlə danışdıq. Orada Səlcuk Akın var, onun şəxsən mən əlaqə saxladım, həkimi tapdı və sonra biz getdik. İstanbulda bizi Rəşid bəy qarşıladı, xəstəxanaya getdik. Xəstəxanada bizi Nüsrət Ağyürək qarşıladı. O, əvvəllər də Bəyi müayinə etmişdi. Amma artıq iş-işdən keçmişdi. Biz xəstəxanada olanda orada hamamda olan duş belə xarab idi, çarpayı normal deyildi. İndi çox adam çox söz deyə bilər. Amma fakt odur ki, Bəyə sahiblənmə yox idi. Birinci dönəmdə o zamankı millət vəkili Mehmet Ceylan  bizə çox kömək etdi. Ancaq tək onluq məsələ deyildi. Çox şeylər var... Bəyə qarşı o zamankı Türkiyə rəhbərliyi sayqısızlıq etdi. Bakıdan gedəndə qanunla Bəy aeroportda VİP salondan keçib təyyarəyə minməli idi, amma sıradan bir insan kimi növbədə gözlədi.Millət hamısı bunu bilməlidir ki, sənin liderinə, sevdiyin şəxsiyyətə qarşı hansı haqsızlıqlar olub. Kimsə kənardan durub deyə  bilməz ki, başqa cür olub. Kimlər nə edib, Türkiyədə nələr olub, hamısı açılacaq. Elə qüvvələr var idi ki, Bəyin sağalmasını istəmirdi. Bunu gizlətmək lazım deyil, çünki faktdır. Qəbul edə bilmirdilər ki, Bəy şəxsiyyətdir, liderdir, güclü insandır. 


“Bəyin qurduğu divarı darmadağın etdilər”


- Hər zaman Elçibəyin yanında olmusunuz. Bəylə bağlı xatirələriniz, sizə son sözü, tövsiyəsi nə oldu?

- Bəylə bağlı çox xatirələrim var. Bu gün də məni düşündürən çox məqamlar olub. İçimdə hər zaman bir şey var ki, məni daim düşündürür. Bir dəfə söhbət düşdü, dedim ki, Bəy, inşəallah bunu edərsiniz. Təəssüflə cavab verdi ki, edə bilmədim! Yəni millətimə verə biləcəyim şeyləri verə bilmədim. Bir də Nazim Hikmətdən sevdiyi şeiri tez-tez deyirdi:


Mən bir ceviz ağacıyam, 
Gülhanə Parkında,
Nə sən bunun farkındasan, 
nə polis farkında...

Türkiyədə Cəmil Ağbulud var idi, onunla gəzəndə gözüm doldu, kövrəldim. Soruşdu ki, nə olub? Dedim ki, mənim bir də Türkiyəyə gəlməyim keçdi. Dedi ki, biz burdayıq, nə zaman istəsən gələrsən. Dedim gələcəyəm, amma Bəylə gəlmək tamam fərqli bir hiss idi. Biri var evdən, biri də var ki, eldən getmək. Qurduğu nə var idisə, hamısı getdi. Qurduğu divar qalırdı, onu da darmadağın etdilər. Çox acılı bir şeydir.


“Bahçeli Bəyə dedi ki, sizin yanınızda siqaret çəkmərəm, böyüyümsünüz”

 

- Elçibəy Türkiyədə xəstəxanada olanda Bakıdan kimlər gəlirdi yanına?

- Müxtəlif adamlar gəlib. İctimai-siyasi xadimlərdən İbrahim İbrahimli, İsa Qəmbər, İsa Sadıqov gəlib. Ameriakdan İrina Lasota gəlib. Ola bilər ki, bəzilərinin adı yadımdan çıxıb, bağışlasınlar. Türkiyədən daha çox insan Bəyi ziyarət etməyə gəlirdi. Hətta siyasət və  dövlət xadimlərindən Möhsün Yazıcıoğlu, Məsud Yılmaz gəlib Bəyi ziyarət ediblər. Prezident Ahmet Nejdet Sezerlə telefonla danışmışıq. Türkiyənin Azərbaycanda da sevilən tanınmış sənətçiləri Fatih Qısabarmaq, Musa Erol, Türkan Şoray, Mustafa və Sevgi Kafalıda  Bəyi ziyarətə gəlib. MHP başqanı Dövlət Baxçalı isə Bəyi tez-tez ziyarət edirdi. Bir dəfə Dövlət Baxçalı Atilla Kaya ilə Bəyi ziyarət gəlmişdi. 

Atilla bəyə dedim ki, bəlkə Dövlət bəylə Elçibəyin nəsə söhbəti var və otaqdan çıxdıq. Bəy dedi ki, bizə bir kofe verə bilərsənmi? “Baş üstə” dedim. Bəy dedi ki, yanında siqaret də olacaq? Çünki həkim icazə vermirdi. Dedim əlbəttə, olar. Dövlət bəy Elçibəyə dedi ki, mən sizin yanınızda siqaret çəkmərəm, siz mənim böyüyümsüz. Bəy dedi ki, bəli, mən sizin liderinizəm, böyüyünüzəm, bu başqa, bir də var qardaşınız Elçibəy, mən sizin həm də qardaşınızam.

Ondan sonradan dəfələrlə Türkiyəyə getmişəm. Dövlət bəy, Atilla Kaya, Suat Başaran, Rəşid bəy, Firudin Çolak, Firudin İşıldağ, Mehmet Ceylan və digər dostlar mənə sayğıyla yanaşıblar, necə lazımdırsa kömək ediblər. Onlardan hər zaman razıyam. Təbii ki, mən kiməm ki!? Bunlar hamısı Əbülfəz Elçibəyə görə olub. Adlarını çəkmədiyim insanlardan üzr istəyirəm. Onlar hamısı mənim qəlbimdədir. Kim nə edib, hamısı zaman-zaman açıqlanacaq. Bizə iynənin ucu qədər də yaxşılıq edənin haqqı var, onları da deyəcəyik... 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?