Modern.az

“Kənddən Şəhərə” yarmarkasında reyd:  qiymətlər ucuzdur

“Kənddən Şəhərə” yarmarkasında reyd:  qiymətlər ucuzdur

22 Avqust 2019, 20:16

“Burada xidmətlərin səviyyəsi və keyfiyyəti bir-birindən fərqlənir. Bütün bunların hamısı müsbət haldır. Eyni zamanda, bizi maraqlandıran əsas məsələ ondan ibarətdir ki, Azərbaycanda məhsul bolluğu əsasında məhsulun qiymətinin mümkün qədər aşağı salınması təmin edilsin. Biz istəyirik ki, “tarladan-süfrəyə” zəncirində iştirak edən hər iki tərəf – fermer də, istehlakçı da məmnun qalsın. Fermerlər istehsal etdikləri məhsulları müvafiq bir qiymətə sata bilsinlər ki, ailə büdcələrini formalaşdırsınlar, digər tərəfdən isə istehlakçı üçün də məhsulun qiyməti əlverişli olmalıdır”.

Modern.az xəbər verir ki, bu fikirləri avqustun 22-də Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi Əli Əhmədov Kənd Təsərrüfatı naziri İnam Kərimovla birgə kənd təsərrüfatı və ərzaq məhsullarının satışı ilə məşğul olan bir neçə satış mərkəzində aparılan reyd zamanı bildirib.


Mətbuat nümayəndələrinin iştirakı ilə baş çəkilən satış mərkəzlərindən biri isə “Kənddən Şəhərə” yarmarkası olub. Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar tədarük və təchizat” ASC tərəfindən paytaxtın müxtəlif nöqtələrində mütəmadi olaraq təşkil olunan yarmarkalar münasib qiymətli və bol çeşidli məhsulları ilə fərqlənir. “Kənddən Şəhərə” yarmarkalarının keçirilməsinin əsas məqsədi yerli kənd təsərrüfatı və ərzaq məhsulları istehsalçıları üçün yeni satış kanalı yaratmaq, süni qiymət artımının qarşısını almaq və istehlakçıların seçim imkanlarını münasib qiymətli məhsullarla artırmaqdır.


“Kənddən Şəhərə” yarmarkalarında fermerlər üçün tam ödənişsiz şəkildə satış yerləri təşkil olunur. Həmçinin onlar heç bir ödəniş etmədən geyim, tərəzi və digər lazımi avadanlıqlar və ləvazimatlarla təchiz edilirlər.  Yarmarkalarda fermerlərin alıcılarla birbaşa təması baş tutur ki, bu da hər iki tərəf üçün faydalıdır.


Yarmarkada həmsöhbət olduğumuz alıcılar kənd təsərrüfatı məhsullarını birbaşa fermerlərdən almaqla ailə büdcələrinə böyük ölçüdə qənaət etdiklərini vurğuladılar. Satışdan məmnun olan fermerlər isə yarmarkanın min bir zəhmətlə yetişdirdikləri məhsullara alıcı tapmaqda böyük köməyi olduğunu qeyd etdilər.


Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Strateji Yol Xəritəsində qeyd olunan vəzifələrin məqsədli şəkildə icrasının nəticəsidir ki, hazırda ölkə vətəndaşlarının ərzaq və qidaya olan tələbatının əksər hissəsi yerli istehsal hesabına ödənilir.İstehsal həcminin əhəmiyyətli dərəcədə artması müvafiq olaraq Azərbaycanın ixrac potensialını da artırır. Şübhəsiz ki, ixrac potensialının formalaşmasında və inkişaf etdirilməsində böyük paylardan biri də kənd təsərrüfatı sahəsinindir.




Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı