Modern.az

Azərbaycan hərbi pilotlarının döyüş və qeyri-döyüş MACƏRALARI

Azərbaycan hərbi pilotlarının döyüş və qeyri-döyüş MACƏRALARI

22 Avqust 2019, 23:21

Nazim Bayram,
Ehtiyatda olan polkovnik-leytenant,
hərbi təhlilçi

Təyyarəçi deyiləm, ancaq müharibə vaxtı döyüş aviasiyamızın yaradılması prosesinin şahidiyəm. Vaqif Qurbanov, Konstantin Virtsev, Balaxan Qəhramanov, Sergey Murtuzəliyev və digər adalrını çəkmədiyim qəhraman təyyarəçilərimizlə və helikopterçilərimizlə döyüş yoldaşlığı mənə nəsib olub. 
Döyüş aviasiyamız müharibə şəraitində yarandığından şərəfli hərb ənənələrinə malikdir. Ordu ənənələrinin əhəmiyətini bilməyən dostlar üçün deyim ki, ordu ənənələri ordunun sütünu və ruhudur. Hər yeni(növbəti) nəsil hərbçilər bu ənənələri qoruyur və yaşadırlar.

Döyüş aviasiyamız müharibə şəraitində formalaşdığından hər bir pilotumuz maşını xilas etmək üçün sonacan mübarizə aparır. Bununla bərabər, zabitlərimiz yaxşı anlayırlar ki, aviasiyamız çoxsaylı deyil, hər bir təyyarəyə xalqın puluna alınıb. Buna görə, hər qeyri-ştat vəziyətdə çoxmilyonluq maşını buraxıb, özlərini xilas etməyi layiqli saymırlar. Bu, ənənədir! Katapult əmri verilsə belə, azərbaycan pilotu sonacan maşını xilas etməyə çalışacaq, hətta həyatı bahasına! 

Bunları bildiyimdən, MiQ-29 qəzaya uğrayan andan pilotun təyarəni xilas etməyə sonacan çalışdığına və(pilot və kreslosu tapılmadığına görə) katapult anını yubandırdığına əminliyimi sizinlə bölüşmüşdüm. 

Hadisədə pilotun davranışı mənə fərqli hadisələri və taleləri xatırlatdı.

Sovet Ordusu sıralarında xidmət edərkən Qırğızıstan səmasında təlim uçuşu zamanı qeyri-ştat situasiyada təyarəsini buraxıb, katapult edib, xilas olmuş(o zaman) kapitan Eldar Mirzəğayevi bir həftə sonra bir aulda sərxoşluq etdiyi halda tapmışdılar. Cəmi bir neçə il sonra isə E.Mirzəğayev Azərbaycanın Hərbi Hava Qüvvələrinin komandanı təyin olundu. Qısa sürmüş komandanlıq dövründə Mirzəğayev HHQ-nin hərbi-nəqliyat təyyarələrinin Azərbaycandan Dubaya kommersiya uçuşlarını təşkil etmiş, Dubaydan gətirilən malları gömrükdən kənar, birbaşa hərbi aerodromlardan sahiblərinə təhvil verirdi. Bu zaman özü də fəal biznesə qoşulub, Dubaya səyahətlər edirdi. E.Mirzəğayev bu əməllərinə görə 1995-ci ildə həbs edilib, azadlıqdan 10 il məhrum edilmişdi. 

Digər hadisə müharibə zamanı baş vermişdi. Kürdəmir aviapolkun komandir əvəzi Sergey Murtuzəliyevin idarə etdiyi təyyarə döyüş uçuşundan qayıdarkən, quyruq hissəsindən vurulmuş və ciddi zədə almışdı. Lakin Murtuzəliyev maşını tərk etməyib, onu qəzalı (tüstüləyən) vəziyətdə Kürdəmirdə oturda bilmişdi. Təmirdən sonra təyyarə yenidən döyüş sırasında yerini tutmuşdu. 

Daha bir hadisə. 1992-ci ilin may ayında Şuşaya döyüş uçuşundan qayıdarkən ilk pilotumuz Vaqif Qurbanovun qaçırdığı və idarə etdiyi(o zaman bizdə olan yeganə) təyyarənin mühhərikinə daş qırıntıları düşmüş və mühərriki sıradan çıxarmışdı. Lakin Vaqif təyyarəni tərk etməyib, onu qəzalı vəziyətdə Yevlax aerodromunda oturda bilmişdi. 

Bu gün Azərbaycan HHQ Vaqif Qurbanovun, Sergey Murtuzəliyevin və bir çox digər qəhraman pilotlarımızın qoyduqları döyüş ənənələrini qoruyub, yaşadırlar. 

Azərbaycan hərbi pilotlarına eşq olsun! 

Allah Rəşad Atakişiyevə və bütün Şəhid olmuş və dünyasını dəyişmiş döyüş pilotlarımıza rəhmət eləsin.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir