Modern.az

“Zaurlar, Elgizlər, Xoşqədəmlər millətin başbilənləri olublar” - Şairə Nuranə Nurla MÜSAHİBƏ

“Zaurlar, Elgizlər, Xoşqədəmlər millətin başbilənləri olublar” - Şairə Nuranə Nurla MÜSAHİBƏ

23 Avqust 2019, 08:34

“Mən hər şeyimi itirəcək qədər azadlıq istəmirəm”

“Ədəbi mükafatlar satılır”
 

Modern.az saytında mədəniyyət, ədəbiyyat və incəsənətin təbliğinə doğru istiqamətlənmiş “Art Time” rubrikası davam edir. Budəfəki mövzu Azərbaycan ədəbiyyatında qadın müəlliflərin  problemi barədədir. Nə üçün bugünkü ədəbiyyatımızda qadınlar uğurlu deyillər? Qadınları ədəbiyyatdan uzaqlaşdıran səbəblər nələrdir?

Qonağımız Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, “Ədəbiyyat qəzeti”nin əməkdaşı, şairə Nuranə Nurdur.


- Hazırda Azərbaycan ədəbiyyatının nəsr və nəzm janrında yaradıcı qadınların sayı çox azdır. Əvvəlki dövrlərə nisbətən ədəbiyyatımızda örnək ola biləcək qadın müəlliflərin sayı azalıb. Bu nə ilə əlaqədardır?

- Məncə bu ilk növbədə bütün dünyada olduğu kimi, iqtisadi və məişət problemləri ilə əlaqədardır. Çünki maddiyat problem olduqda, mənəviyyat da problemə çevrilir. Bugün ədəbiyyatımızdakı maddi durum nəinki yalnız qadın yazarların, kişi yazarların da problemidir. Qadınların nə üçün daha çox əziyyət çəkdiyinə gəldikdə isə mənə elə gəlir ki, onlar kişilərə nisbətən daha sentimentaldırlar. Kişi yazarlarda müşahidələr, təsvirlər, qadınlarda isə hissləri canlandırmaq daha yaxşı alınır. Kişi yazıçılar oxucularının daha çox qadın olacağını düşünürlər və bu onlara stimul və uğur gətirir. Qadınlar isə oxucularının kimliyinə fərq qoymadan yazırlar.


- Bəs bizim qadınlar yazıda nə dərəcədə səmimi olurlar?


- Səmimi ola bilmirlər. Çünkü bizim cəmiyyətdə milli mentalitet məsələsi var. Qadın yazıçılıqdan öncə kiminsə qızı, kiminsə həyat yoldaşı və kiminsə anasıdır. Bu kimi məsələlər qadınlara istədiklərini tam olaraq ortaya qoymaqda mane olur. Amma kişi üçün bu yolda demək olar ki, maneələr yoxdu.


- Belə bir deyim var ki, qadın ədəbiyyatı kişi ədəbiyyatının törəməsidir. Bəlkə elə uğursuzluğa səbəb məhz bu faktordur?


- Bu fikir insanın yaranmasıyla bağlıdır. Bu fikrin əsasında ilk insanlar olan Həvvanın Adəmin qabırğasından yaranması fikri durur. Biz nəinki Azərbaycan, hətta dünya ədəbiyyatına nəzər salsaq görərik ki, qadınların ədəbiyyata gəlməsi və uğur qazanması həmişə çətin olub. Hətta bir çox qadınlar zamanla ədəbiyyatda kişi imzası ilə əsərlər yazıblar. Tarix boyu qadınlar bütün sahələrdə inqilab etməyə cəhd etmiş və buna müəyyən mənada nail olsalar da  uğurlarının üstü kişilər tərəfindən örtülmüşdür.  Xalq yazıçımız Anar çıxışlarının birində çox maraqlı  fikir səsləndirdi: “Mənim və atamın yazdıqları-  anamın yaza bilmədikləridir”.

Ümumiyyətlə belə bir tipik misal çəkək: əgər bir ailədə ata yazıçıdırsa, bu peşə uşaqlara atanın çox ciddi bir işlə məşğul olduğu kimi anlatılır. Amma  ananın  yazıçı olması ciddi qəbul olunmur. Qadın yazar ailə qayğıları ilə çox yüklənir və bu onun  uğurlarına xeyli mane olur. Gərək ya ailə qurmayıb ədəbiyyatı seçəsən, ya da ailə qurub özünü ailənə həsr edəsən. Hər ikisini idarə edəndə təbii ki, hər ikisi axsayacaq.


- O zaman Azərbaycan ədəbiyyatındakı qadınların azlığına və uğursuzluğuna səbəb ailə qayğılarıdır?

- Ailə qayğıları və cəmiyyətin basqısı böyük təsir edir.


- Azərbaybaycan neft ölkəsidir və son illərdə bir çox sahələrdə xeyli uğurlar qazanıb. Bəs nə üçün ədəbiyyatımızda maddi problemlər var?


- Ədəbiyyatımızın birinci problemi oxucu problemidir. Oxucudan gileylənmək yox,  oxucunu yetişdirmək lazımdır. Hər yazarın az-çox öz oxucu kütləsi olur. Bizim oxucu seçmək şansımız yoxdur, amma yetişdirmək imkanları var. Ədəbiyyatımız qayğısız vəziyyətdədir. Televiziyalarımız qapılarını ədəbiyyat verilişlərinin üzünə qapayıb. Bir-iki kanalda, bir- iki veriliş var, onların da hansı çətinliklərlə ayaqda durduğunu bilirəm. Və demək olar ki, həmin verilişlərdə də müasir Azərbaycan ədəbiyyatını əks etdirən heç bir söhbət olmur, heç bir gənc yazıçı qonaq çağırılmır. Ümumilikdə isə televiziyalarımızda vəziyyət  bərbaddır, çox aşağı səviyyəli verilişlər hazırlayırlar.  Hətta cəmiyyətin ən aşağı savadsız  təbəqəsi belə Azərbaycan televiziyalarının bugünkü vəziyyətinə kinayə ilə yanaşır. Hamı qürurla öz kanallarımıza baxmadığını söyləyir, bu gələcək üçün çox ağır stuasiyadır. Maarifləndirici, təbliğat xarakterli verilişlərimiz olduqca az və səthidir.


- Nə mane olur ki, televiziyalar ədəbiyyatı təbliğ etmirlər və oxucular oxumaq istəmirlər?


- Oxucu öz yazıçısına inanmır. Onun səmimiyyətinə, zəkasına şübhə ilə yanaşır. Ədəbi mühitdə olan qruplaşmaları, hərc-mərcliyi, ədalətsizliyi artıq oxucu da duyur. Mükafatı təsis edən adam özü mükafat alır. Müsabiqələrdə münsiflər öz tanışlarını seçirlər. Ədəbi mükafatlar satılır və s. Bu kimi neqativ faktorlar yazıçını, şairi nüfuzdan salır.  Və yaxud çox istedadlı yazarlar qonarara görə saytlarda, dərgilərdə jurnalistlik edirlər, yaradıcılıqla məşğul ola bilmirlər. Bütün hallarda iqtisadiyyat problemlərin səbəbi və həllidir.


- Bəs sizə ədəbiyyatımızda olan bir qadın yazar kimi nə mane olur?


-
Bayaq da qeyd etdim. Ailə qayğıları, məişət problemi, həyat şəraiti , azadlıq məfhumu... Azadlıq deyəndə bu yalnış anlaşılmasın. Mən hər şeyimi itirəcək qədər azadlığı istəmirəm. Açıq-saçıq, vulqar ifadələrin ədəbiyyata gətirilməsini də bəyənmirəm. Gözəl fikri kübar libasda təqdim etmək poeziyadır, incəsənətdir, gözəllikdir. Artıq 5 ildir kitab çıxartmıram, şeirlərimi yalnız sosial şəbəkədə paylaşıram. Kitab yazarın sənədidir, təsdiqidir. Lakin yoldaşım da, mən də dövlət müəssəsində çalışırıq, əlavə gəlirimiz yoxdur.  Son illər isə ailə büdcəsini yalnız övladlarımızın təhsilinə yönəltmişik. Düşünürəm ki, onların uğurları və gələcəyinin təminatı daha vacib sərmayədir. Yaradıcılığa qayğı deyəndə kitab çıxartdırmaq, tərcümə etdirmək üçün də vəsait lazımdır.  Əslində isə biz yaradıcılığımıza pul xərcləməli deyilik, yaradıcılığımız bizə  pul gətirməlidir.


- Sosial şəbəkədən söz açdınız. Bu gün sosial şəbəkədə ən çox izlənilən qadın yazarlarımızdan biri də sizsiniz. Facebook-da 18 min izləyiciniz var? Buna səbəb sizin gözəlliyinizdir, yoxsa poeziyanız?


- Səmimiyyətimə inanın ki, bu gözəllik mövzusu artıq məni yorub. Təbii  ki, Tanrının və ya təbiətin mənə verdiyi bu dəyərli hədiyyəyə görə şükr edirəm. Təbii ki, hər bir qadının duymaq istədiklərini duyuram və bundan məmnunam. Amma hər dəfə və hər yerdə bunun qabardılması istər-istəməz sənətimi kölgədə qoyur. Əlbəttə şeirimi oxumayan, duymayan hər bir adam üçün mən yalnız gözəl xanımam. İzləyicilərimin sayının çoxluğunu bəlkə bununla da izah etmək olar, amma məni şair kimi izləyənlər, əvvəl sözümə, sonra özümə dəyər verənlər daha çoxdur.


- Bir qadın yazar kimi ən böyük arzunuz nədir?


- Vaxtılə ən böyük arzum televiziyada ədəbi-bədii bir verilişin aparıcısı olmaq idi. Bu sahədə özümdən kifayət qədər əmin idim. Televiziyalarımızda ittihamlara və kinayələrə səbəb olan bayağı verilişlərin çoxalması bu arzunu artıq mənəvi təlabata çevirmişdi. Layihələr hazırlayıb televiziyalara təqdim etdim, heç biri ədəbiyyata qapı açmadı. Başqa formatda, başqa sahədə verilişlərə maraq olduğunu, ədəbiyyatın, incəsənətin reytinq vermədiyini deyib özlərinə bəraət qazandırdılar. Sponsorlar da yalnız şou-biznesi təbliğ edən verilişlərin yayımına pul ayırırlar. Ədəbiyyatı televiziyaya çıxartmaq arzum  arzuluğundan çıxıb artıq. Bunun həyata keçməyi ən azı bunu gözləyən ali tamaşaçının mənəvi  dünyasının təlabatı idi. İncidim, anladım ki, televiziyalarımız yaxşı reytinq verən bayağı verilişlərə baxan cəmiyyətin səviyyəsini qaldırmağa yox, onların səviyyəsinə enməyə hesablanıb.

 

- Bəlkə bu gün qadın əyazarlarımızı inkişafdan saxlayan səbəb, ədəbiyyatımıza münasibətin məhz tərənnüm üzərində qurulmasıdır?


- Yaxşı bir əsəri əlbəttə ki, tərənnüm etmək lazımdır.  Azərbaycanda kitab təqdimatları yalnız müəllifi tərifdən ibarətdir. Təqdimatın bir də müzakirə tərəfi olmalıdır.  Əsərin təhlili və təbliğinə geniş yer ayrılmalı, redaktə, korrektura və dizayn işinə ciddi yanaşılmalıdır. Hətta əsərin ideologiyasında  buraxılmış səhvlər müzakirə olunmalı, gələcək kitablarda olmasının qarşısı alınmalıdır.


- Ədəbiyyat millətin ruhunu formalaşdıran, onun varlığını sübut edən bir sahədir. Elə məhz bu səbəbdən də, bir çox ölkələrdə iş adamları, imkanlı şəxslər ədəbiyyatın inkişafı üçün küllü miqdarda yardım edirlər. Bəs nə üçün bizdə bu kimi hallarla qarşılaşmırıq?

- Bizdə yazarların rəsmi olaraq bir qurumu - Yazıçılar Birliyini fəaliyyət göstərir.  Qurumu dövlət maliyyələşdirir, başqa yerdən gəliri yoxdur. Üzvlərinə imkanı daxilində kömək və dəstək olur. Hər il 20-si gənc yazar olmaqla 70 nəfərə prezident mükafatı verilir. Bu yaxınlarda prezidentin dövlət büdcəsindən ayırdığı puldan yaradıcılığında aktiv olan bir çox yazıçılara pul mükafatları ayrıldı. Yazıçıların istirahəti üçün  Şüvəlanda Yaradıcılıq evinin bərpasına pul ayrıldı. Xəstə və imkansız üzvlərə yardım olundu. Mənim də gözlərimin əməliyyatını Yazıçılar Birliyi həyata keçirdi. Fürsətdən istifadə edib AYB nin rəhbərliyi -  Anar müəllim, Fikrət Qoca, xüsusilə Çingiz Abdullayevə və əməliyyatımı icra edən edən professor Paşa Qəlbinura təşəkkür edirəm. Yazıçılar Birliyi bütün üzvlərinin maddi imkanlarının yaxşılaşdırılmasına kömək edə bilməz. Bu işdə müəyyən şirkətlər, təşkilatlar dəstək olarsa, problemləri qismən həll etmək olar. Lakin heç bir imkanlı şəxs və ya şirkət buna maraqlı deyil, çünki bizdə bu sahə gəlir gətirmir və yalnız  xeyriyyə məqsədli ola bilər.

 

- Azərbaycan Yazıçılar Birliyi il ərzində bir neçə gənc yazarın kitabını ödənişsiz olaraq çap etdirir. Bəs nə üçün bu illər ərzində sizin kitabınızı yayımlamayıblar?


- Düzünü deyim ki, mən kitabımın çapı üçün heç kimə müraciət etməmişəm. Bu məsələdə heç kimi günahlandıra bilmərəm. Müraciətim olsaydı, bəlkə də edərdilər. Ümumiyyətlə, yaradıcılığıma laqeyd adamam, bu mənim qüsurumdur. Heç bir müsabiqəyə yazı vermirəm. Heç vaxt ədəbi orqanların rəhbərləri və işçiləri ilə dost münasibətlərimdən istifadə edib çapa yazı verməmişəm.


- Ədəbiyyat incəsənətin ən ali növüdür. Musiqi, kino, teatr sənətləri bilavasitə ədəbiyyatdan bəhrələnir. Ədəbiyyatımızın inkişafı üçün nə etmək lazımdır?


- Ədəbiyyata, incəsənətə qayğı  onun inkişafına təkan verən amildir. İlk növbədə hər sahədə rəhbərliyi də, işi də peşəkarlara həvalə etmək lazımdır. Ədəbiyyat həyatın güzgüsüdür, həyat həqiqətləridir. Həyatda baş verən bütün hadisələrin ədəbiyyatda və ya  əksini görə bilirik. Bizi özümüzlə tanış edən, bizi özümüzə bağlayan və ya bizi bizdən alan bu məfhum hər kəsin duyacağı, hiss edəcəyi nəsnə deyil. Bu seçilmiş, fədakar adamların sahəsidir. Onun inkişafı birinci növbədə öz ruhunu tərbiyə edə bilməkdən keçir.



- Bugün ədəbiyyatın təbliğində sosial şəbəkələrin rolu böyükdür. İstedadlı bir gəncin kitab çıxarmağa imkanı yoxdursa, o sosial şəbəkə vastisəsilə də sevilə və məhşurlaşa bilər. Sizə görə bu hallar ədəbiyyatımızın inkişafına təkan verir?


- Hazırda dünyanın bir çox ölkələrində sosial şəbəkələrin ədəbiyyatdakı rolu çox böyükdür. İnternet həyatımıza daxil olandan ünsiyyət imkanları genişlənib. Kitabı ən yaxşı halda 500 tirajla çıxara bilirik, bu ən çoxu 500 nəfər deməkdir. İnternetdə isə minlərlə oxucumuz var. Oxucularımızın münasibətlərini birbaşa özümüz bilirik. Biz Azərbaycanı tərk etmədən belə əsərlərimizi xarici həmkarlarımızla bölüşə, müzakirə edə, tərcümə və çap etdirə bilərik. Bu mənada internetin imkanları daha rahat və əlçatandır. Amma burda hər cür adamla rastlaşmaq ehtimalı da qaçılmazdır. Təsadüfü adamlar da şeir yazıb paylaşırlar, ətrafındakı adamlar onlara dəstək olur və tədricən özünlərini şair hesab etməyə başlayırlar. Bu adamlar ən çox tanınmış şairlərin yaradıcılığını imitasiya edirlər. Heç kimə sən bunu niyə yazırsan demək olmaz. Sosial şəbəkə hər kəsin şəxsi tribunasıdır, istədiyini yaza, paylaşa bilər. Bu kimi şeylərə çox fikir vermək lazım deyil.


- Ədəbiyyatımızda olan qadın yazarlarımızdan kimlərin adlarını çəkə bilərsiniz?


- Şair xanımlardan Esmira Məhiqızı, Günel Şamilqızı, Günay Ümüd, Bahar Zaman, Aydan Ay maraqlıdır. Yazıçı xanımlardan Pərvin, Cavidan çox zəhmətkeş və əzmlidirlər. Bu xanımları izləyirəm.  


- Şeirin təbliğində musiqinin rolu danılmazdır. Elə bu səbəbdən də Azərbaycan Yazıçılar Birliyi və Bəstəkarlar İttifaqının binaları yanaşıdır. Bu hal həmin qurumlardakı insanların birgə iş ortaya qoymalarına kömək edir?


- Bu iki binalarda işləyən insanlar demək olar ki, bir-birlərini tanımırlar. Hələ mən nə Yazıçılar Birliyindən Bəstəkarlar İttifaqına gedən bir şair, nə də Bəstəkarlar İttifaqından Yazıçılar Birliyinə gələn bir bəstəkar görmüşəm . Təbii ki, bu halda heç bir işbirliyindən də söhbət gedə bilməz. Amma eşitdiyimə və bildiyimə görə, əvvəllər bu əlaqələr sıx olub. Məsələn, Vaqif Səmədoğlu və Emin Sabitoğlu dostluğundan və işbirliyindən gözəl əsərlər yaranıb. İndi müğənni oxuduğu mahnının həm bəstəkarı, həm də yazarıdır. Bu anlamda mən televiziyanın həlledici rolunu bir daha vurğulamaq istərdim. Məsələn, bir  televiziya verlişi eyni zamanda bəstəkar, şair və musiqiçini birləşdirəcək və iş birliyinə səbəb olacaq layihələr hazırlamalıdır. Çünki, televiziya ən güclü təbliğat makinasıdır. Səhər həkimlər, gündüz yemək bişirənlər, axşam şıllaq atanlar, gecə ağlaşma seriallar... Ən savadsız, aşağı səviyyəli  adamlar belə televiziyamızın səviyyəsindən şikayətlənir, qürurla öz kanallarımıza baxmırıq deyirlər. Zaurlar, Xoşqədəmlər, Elgizlər bu millətin başbilənləridir. Qıza elçi gedəndə xalqın hörmətli , sanballı adamı kimi onları dəvət edirlər.  Çox gülünc bir mənzərə yaranıb.


- Bu yaxınlarda Facebook səhifənizdə Xalq artisti  Zeynab Xanlarovayla bağlı çox maraqlı status paylaşmışdınız. Bildiyimiz kimi, bir qrup incəsənət xadimi ilə prezidentin görüşü zamanı Zeynab xanımın çıxışı etiraza səbəb olmuşdu və bir incəsənət adamı kimi siz də buna öz səhifənizdə kəskin münasibət bildirdiniz. Belə kəskin reaksiyanız nə ilə əlaqədar idi?


- Zeynəb xanım həm xalq, həm dövlət tərəfindən həmişə sevilən və sayılan sənətçi olub. Konsertləri ilə Azərbaycanı dünyaya tanıdıb, bunlar danılmaz faktlardır. Buna görə onu sevməyə və hörmət etməyə dəyər, ancaq o da gərək öz xalqına hörmət eləsin. Əlbəttə o, bütün dövrlərdə dövlət tərəfindən bütün problemləri həll olunmuş adamdı. Prezidentin təşkil etdiyi o görüş  mədəniyyətimizə olan böyük qayğı və alqışlanacaq jestdir. Bu görüş mədəniyyət xadimlərinin, mədəni ittifaqların rəhbərlərinin öz qurumlarında olan problemlərinin müzakirəsi və həlli üçün nəzərdə tutulmuşdu. Zeynəb xanım isə mədəniyyət xadimi olmaqdan əlavə, həm də millət vəkilidir. Millətindən bixəbər millət vəkili! Əgər sənin problemin yoxdursa, bu o demək deyil ki, heç kimin problemi yoxdur. Heç olmasa sus!  Başqalarının  problemlərini deməyinin qarşısını almağa çalışma! Həmişə düşünmüşəm ki, ona yaradılan şərait, imkanlar ondan qat-qat istedadlı müğənnilərimizə yaradılmayıb. Bu da nəticəsi.   


- Özünüzü tam ciddi bir qadın yazar kimi bugünkü ədəbiyyatımızda görürsünüz?

 
- Düzünü deyim, ədəbiyyatda heç bir iddiam olmayıb. Bəzən bu yolda məndən  daha çox zəhməti olan insanlar özlərini elə təvazökarlıqla ifadə edirlər ki, düşünürəm, mən hələ özümü axtarmalıyam. Müəyyən qədər özünü təsdiq etmiş imzayam, bunu ən azı yaradıcılığım haqqında nüfuzlu ədəbiyyat adamlarının məqalələri təsdiq edə bilər. Şeirlərim xarici dillərə tərcümə olunub, xarici ölkələrin ədəbi dərgilərində (Amerika, Türkiyə , Rusiya, İraq, İran)  çap olunub. Xalq şairi Nəriman Həsənzadə, Xalq şairi Fikrət Qoca, Xalq yazıçısı Elçin və digər tənqidçilər şeirlərim haqqında yazılar yazıblar. Bunları nəzərə alsaq, müasir ədəbi müstəvidə bəlli bir yerim var.


- Hazırda bir çox gənc janrları tam olaraq bilmədən şeirlər yazırlar. Çox vaxt sərbəst şeir adı ilə müxtəlif söz yığınını kütləyə təqdim edirlər. Bəs əsl sərbəst şeiri nədən tanıya bilərik?


- Ümumiyyətlə, yaxşı şeiri ruhundan tanımaq olar. Janrın heç bir fərqi yoxdur, şeirin ruhu gözəl olmalıdır. “Şeirin mütləq ölçüsü və qafiyəsi olmalıdır” deyənlər sərbəst şeiri qəbul etmirlər. Onlar müəyyən qədər haqlıdırlar. Sərbəst şeirin də daxili qafiyələri və ölçüləri olur. Sözlər qafiyələnməsə də, fikirlər qafiyələnir.  Bu daxili ritm və allitrasiya yoxdursa, o şeir yox, adi yazıdır. Bunları fərqləndirmək üçün misraları alt-alta yox, yanaşı düzün. Əgər bu şeirdirsə, yenə də şeir olaraq oxunacaq. Yox əgər deyilsə, burdakı misraları yanaşı qoyduqda publisistik yazı kimi oxunacaq. Sərbəst şeirin çox yayılmasına səbəb onun asan yazılması haqqında olan səhv məlumatdır. Fikir verin, bütün şairlər yaradıcılığa heca ilə başlayıb, sonra sərbəstə keçirlər. Əgər sərbəst şeiri yazmaq asandırsa, bəs niyə birbaşa sərbəst yazmağa başlamırlar? Bu naşı şair və oxucuların düşüncəsidir.


- Yaradıcılığınız ərzində neçə kitabınız işıq üzü görüb və bu kitabları uğurlu  hesab edirsinizmi?


- Üç kitabım çap olunub. İkisi Azərbaycanda, biri Təbrizdə. Kitablarımın ədəbi aləmdə hadisəyə çevrildiyini deyə bilmərəm, amma ədəbi camiyədə kifayət qədər müsbət qarşılandı. İkinci kitabım olan “Yoxluğuna və sağlığına”nı uğurlu hesab edirəm. Birinci kitabımı çox adama hədiyyə etmişdim. İkinci kitabımın demək olar ki, hamısı satıldı. İmkanım olsa,  birinci kitabımı hədiyyə etdiyim adamlardan geri alaram, düşünürəm o şeirləri çap etdirməyə tələsmişəm. Amma mənə hədiyyə verilən kitablara baxıram, adam 50 ildir çap olunur, bütün fəxri adları, mükafatları alıb,  mənim  bəyənmədiyim şeirlərim onun şeirlərinin yanında şedevrdi. Amma bu hallar nə təsəlli olmalı, nə də yaradıcılığıma olan laqeydliyimə bəraət qazandırmalıdır.


Leyla ŞAH

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir