Modern.az

Bir şəklin tarixçəsi: Qabil, Xəlil Rza, Tofiq Bayram “Sonuncu dərviş”in evində…

Bir şəklin tarixçəsi: Qabil, Xəlil Rza, Tofiq Bayram “Sonuncu dərviş”in evində…

23 Avqust 2019, 15:50

Vaxtilə İran, Türkiyə, Orta Asiyadan dərvişlər həmişə böyük ürfan alimi, Şəms Təbrizinin müəllimi Şeyx Yəhya Bakuvinin Şirvanşahlar saray kompleksindəki türbəsini ziyarətə gəlirmişlər. Bəzi araşdırmaçılar tanınmış rəssam Səttar Bəhlulzadəni Azərbaycanda yaşıyab-yaratmış ən məşhur dərviş hesab edirlər. 

Rəvayətə görə, vaxtilə Şeyx Yəhya Bakuvinin Şirvanşahlar saray kompleksindəki türbəsini ziyarətə gələn dərvişlərdən biri burada kiçik yaşlı Səttar Bəhlulzadə ilə rastlaşır və onunla bir müddət söhbət edir. Deyilənə görə, Səttara dərvişliyi təlqin edən həmin şəxs ona dərviş fəlsəfəsini aşılaya bilib.

Onu Azərbaycanın “Sonuncu dərviş”i kimi də tanıdırlar… Məşhur rəssam Səttar Bəhlulzadə heç vaxt evlənməyib, tək-tənha ömür sürüb. Deyilənə görə, onun da sevdiyi qadın olub.
Amma həmin xanım həmişə Səttara dost kimi yanaşıb. O qadın da rəssam olub. Başqa biri ilə ailə həyatı qurub, ancaq  sonra ayrılmalı olub. Sevgisi daşa dəyən Səttar Bəhlulzadə isə ömrü boyu subay qalıb.

Modern.az saytının “Bir şəklin tarixçəsi” rubrikasında təqdim etdiyi bu  fotoşəkildəki tanınmış simalar “Sonuncu dərviş”in – Səttar Bəhlulzadənin başına yığışıblar.

Zaman 1973-cü il… Məkan Bakının Əmircan kəndi…

Şair Tofiq Bayram da Əmircan kəndindən idi. Tez-tez şair dostlarını kəndlərinə - ata ocağına qonaq apararmış…

Görkəmli şairlər Qabil və Xəlil Rza Tofiq Bayramın dəvətilə Əmircana qonaq gediblər. Onlar Əmircanda xəbər tuturlar ki, böyük rəssam Səttar Bəhlulzadə evində xəstə yatır. Və gedirlər ona baş çəkməyə…

Bu foto həmin görüşdən bir xatirədir…

Səttar Bəhlulzadə 14 oktyabr 1974-cü ildə vəfat edib. Elə doğulduğu Əmircan kəndində də dəfn olunub.



A.Qorxmaz

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir