Modern.az

Hitler Almaniyası SSRİ-yə qalib gəlsəydi, Azərbaycanı nə gözləyirdi? - Tarixçilərdən CAVAB

Hitler Almaniyası SSRİ-yə qalib gəlsəydi, Azərbaycanı nə gözləyirdi? - Tarixçilərdən CAVAB

24 Avqust 2019, 12:48

2019-cu il sentyabr ayının İkinci Dünya Müharibəsinin başlanmasının 80-ci ildönümü tamam olacaq.  Almaniyanın Polşaya hücumu ilə başlayan müharibə, sonrakı illərdə miqyasını genişləndirdi. İkinci Dünya Müharibəsinin ayrılmaz hissəsi 194-1ci il iyunun 22-də Hitler Almaniyasının Sovet İttifaqına qəfil hücumu ilə başlayan Böyük Vətən Müharibəsidir.

 

Üzərindən onilliklərin keçməsinə baxmayaraq, müharibə ilə bağlı fərqli görüşlər, təzadlı məqamlar çoxdur. Azərbaycanda zaman-zaman cəmiyyıətin müxtəlif simaları, sosial şəbəkələrdəki qruplarda  Hitler Almaniyasının SSRİ üzərində qalib gəlməsinin Azərbaycan üçün daha uğurlu variant kimi təqdim olunduğuna rast gəlirik. Alternativ tarix tərəfdarları almanların azərbaycanlılara xoş münasibət bəsləyəcəyini, hətta o zamanlar Azərbaycanın müstəqilliyini bərpa edəcəyini iddia edirlər.

 

Modern.az məsələ ilə bağlı peşəkar tarixçilərin fikirlərini öyrənib.

 

Tarix üzrə elmlər doktoru Cəmil Həsənli  həmin insanların yalnış düşündüklərini söyləyib. Tarixçi alman faşizminin sovet kommunizmindən daha təhlükəli olduğunu düşünür.

“Bütün mütərəqqi bəşəriyyət faşizmə qarşı mübarizə aparırdı.  Hesab edirəm ki, faşizmin əsarətinə düşmək, komminizmdən daha betər sistemlə qarşılaşmaq demək idi. O zamankı Almaniya, bügünkü Almaniya deyildi, sözün əsl mənasında faşist Almaniyası idi. Həmin Almaniyada ölüm düşərgələri var idi. Belə bir sisteminin müstəmləkəsinə düşmək Azərbaycana yaxşı bir şeylər vəd etməzdi. İngilislər, fransızlar, amerikanla, yəni dünyanın taleyini həll edən böyük xalqlar da faşizmə qarşı mübarizədə birləşmişdilər. Onlara müttəfiqlər deyirdilər. Həmin dövrdə faşizmin əsarətinə düşməyi arzulamaq yaxşı bir niyyət deyil”.

 

Tarix üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin dosenti Kərəm Məmmədov də Almaniyanın Dünya Müharibəsində qələbə qazanacağı təqdirdə, almanların ali irq kimi türk və slavyan xaqlarını qul edəcəyini söyləyir.

 

“Bilirsiniz ki, tarix elmi də subyektivliyi sevmir. Bircə anlıq təsəvvür edin ki, Almaniya SSRİ  yə qalib gəlib. İndi gəlin Almaniyanın planlarına baxın. Hitlerin Qafqazla bağlı iki planı olub. Birincisi Şimali Azərbaycan tutulandan sonra, Mərkəzi Tiflis olan reyxskansler yaranmalı idi. Həmin reyxskanslerə də Azərbaycan tabe etdirilməli idi. İkincisi isə əgər Türkiyə müharibəyə daxil olardısa, o zaman Azərbaycan Cənubla birlikdə “ Böyük Türküstan” deyilən bir dövlətin tərkibinə qatılmalı idi. Təbii ki, mərkəzi də Almaniyaya tabe olmalı idi. Hər halda heç biri Məmməd Əmin Rəsulzadə qədər ağıllı deyil. Bilirsiniz ki, Məmməd Əmin Rəsulzadə əməkdaşlıq haqqında təklif etmişdi. Lakin sonradan  Rəsulzadə 1943 cü ilin avqust memorandumundan əl çəkdi. Bildirdi ki, biz fasiştlərlə əməkdaşlıq edə bilmərik. Nəzərə alın ki, Almaniyanın qələbə qazanması bizə xeyirli nəticələr qazandırmazdı. Ona görə ki, faşizmin əsas ideologiyası ondan ibarətdir ki, ari xalqları üstün tutulmalı, slavyan, türk xalqları isə bunlara qul olmalı idi. Ari deyəndə, indiki İranda yaşayan farsları da o qrupa daxil etdilər. Hətta Berlin, Bakı , Bombey üçbucağı adlı bir layihələri də var idi ”.

 

Tarixçi almanlarla döyüşlərdə 300 min soydaşımızın həlak olmasını unutmamalı olduğumuzu da xatırladıb.

“Keçmiş SSRİ-də 15 respublika var idi. Bu respublikalar içərisində Azərbaycanın özünün gerbi, bayrağı və bəlli formada bir ərazisi də vardı. Faşist Almaniyasının bizə qoşulması nəyi yaxşı olardı ki? Düşünürəm ki,  belə bir halın olması müharibədə həyatlarını və sağlamlıqlarını itirmiş 300 minə yaxın insana qarşı  bir təhqir olardı. M.Ə.Rəsulzadə bu işdə iştirak etməyibsə, demək faşist Almaniyasının qələbəsi Azərbaycan üçün heç də yaxşı  nəticələr qazandırmazdı”.

 

Tarix üzrə fəlsəfə doktoru Nəsiman Yaqublu isə söyləyir ki, Almaniya qalib gəlsəydi, Azərbaycana müstəqillik verməyəcəkdi.

“Əslində müharibənin tarixi nəzəri əsasları 1939 cu ilin avqust ayının 23 də qoyulub. Ancaq əməli şəkildə 1939 cu ilin sentyabrın 1 də başlayıb. Çünkü o vaxtlar Almaniya və SSRİ öz maraqları çərçivəsində  Avropanı iki yerə bölüblər. O vaxtlar Azərbaycan SSRİ- nin tərkibində idi. Yəni burda bizim müstəqillikdən danışmağa heç bir əsasımız yoxdur. SSRİ- nin məğlub olacağı təqdirdə, təkcə Azərbaycan yox, Ukrayna, Gürcüstan və digər bölgələr də Almaniyanın öz maraqları çərçivəsində yaşamaq məcburiyyətində qalmalı idi. Yəni Almaniyanın planında bu respublikalara ayrıca müstəqillik vermək niyyəti yox idi. Hətta bu barədə Alfred Rozenberqin xüsusi planları olmuşdu”.

 

Tarixçi yalnız müharibənin son illərində məğlub duruma düşən almanların  Azərbaycana və Gürcüstana müstəqillik sözü verdiyini xatırladıb.

“O zamanlar tabeçilikdə olan dövlətlərin əsas maraqları o idi ki, bolşevizmdən necə xilas olaq? Heç olmasa xalqı represiyyalardan azad edək. Almaniya 1945 ci ildə Gürcüstan və Azərbaycanın tanınması haqqında qərar verdi. Burda artıq dəyişkən bir fikir formalaşdı. İlk olaraq, Azərbaycanı müstəqil bir dövlət kimi tanımayan Almaniya, indi onu  tanımağa başladı. Artıq Almaniyanın vəziyyəti getdikcə pisləşirdi, müharibənin sonlarına yaxın məğlubiyyətə uğrayacağı aydın idi. SSRİ- nin müharibədə qalib gəlməsinin əsas göstəricisi o idi ki, Qərb dövlətləri Amerika və İngiltərə ona kömək etdi. Çünki bu dövlətlər də Almaniyanın SSRİ ni məğlub etsə, birbaşa onları da işğal edəcəyini düşürürdü. Təbii ki, müstəqillik verməyəcəkdilər. Onların məqsədləri bu əraziləri özlərinin istədikləri kimi idarə etmək idi. Amma necə idarə edəcəkdi? Onlar da  Stalin və bolşeviklər kimi insanları kütləvi şəkildə qətlə yetirəcəkdilər yoxsa müəyyən azadlıqlar verəcəkdilər? Bax bu məsələləri fikirləşdikcə, cavab vermək də çətin olur”.

 

Jalə Mehdi

 

                                                                   

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır