Modern.az

“Müşavirədə Elçin Əfəndiyevi möhkəm tənqid etmişdilər, o da sərt cavab vermişdi ki...” - AZƏRTAC-ın xüsusi müxbiri ilə MÜSAHİBƏ

“Müşavirədə Elçin Əfəndiyevi möhkəm tənqid etmişdilər, o da sərt cavab vermişdi ki...” - AZƏRTAC-ın xüsusi müxbiri ilə MÜSAHİBƏ

27 Avqust 2019, 10:55

Qulu Kəngərli: “Mənim haqlı tənqidimdən sonra həmin işçiləri efirə buraxmadılar”

“Mirzə Xəzər məni tənqid etmişçdi ki, Azərbaycanda bir jurnalist peyda olub, 5-6 familiyası var”

AZƏRTAC-ın Orta Asiya və Pakistan üzrə xüsusi müxbiri Qulu Kəngərli Modern.az saytının qonağı olub və geniş müsahibə verib.


- Qulu müəllim, Azərbaycanda olduğunuzu eşidib sizinlə həmsöhbət olmaq istədik. Özbəkistana nə vaxt geri dönəcəksiz?

- Bir aydan çoxdur ailəvi olaraq Azərbaycandayıq. Artıq vətəndən vətənə geri dönməyə hazırlaşırıq. Həm Azərbaycan, həm də Özbəkistan mənim üçün vətəndir.


- Bir qədər əvvələ nəzər salmağınızı istərdim. Hər halda, vətəndən-vətənə gedib-gəlmək birdən-birə baş verməyib. Qulu Kəngərli mətbuata necə ayaq açıb?

- Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirəndən sonra Azərbaycan radiosunda “Bulaq” verilişinə, Azərbaycan televiziyasının “Gənclik”,  “Hünər” redaksiyalarına yazılar yazırdım. Ştatda olmasam da, az pul qazanmırdım. Bir gün məni Televiziya və Radio Verilişləri Komitəsinin - o vaxt belə  adlanırdı - kadrlar şöbəsinə çağırdılar. Kadrlar şöbəsinin müdiri o zaman Lətif müəllim idi. “Sənin çoxlu yazılar yazdığını və yaxşı qonorar aldığını deyirlər, gəl səni ştata keçirək”-dedi. İlk olaraq “Son xəbərlər” redaksiyasında işə başladım. Əslində istiqamətim yaradıcı mühiti bol olan redaksiyalar - “Ədəbi dram”,” Gənclik” redaksiyaları idi. O vaxt “Son xəbərlər” redaksiyasının baş redaktoru Valid Sənani idi.
Qəzənfər Qəribov adlı mərhum dostum bir neçə  il olardı ki, bu redaksiyada çalışırdı. Qəzənfərlə 3-4 il olardı  tanış idik. Mən işə götürüldüyüm gün dedi:  “Gedək, bir yerdə oturub çay içək”. Nəsə getdik. Qəzənfərdən məni hansı ştata götürdüklərini soruşanda gülə-gülə “səni “dovşan ştatı”na götürürlər” dedi. Utandığımdan bu “dovşan ştatı”nın nə olduğunu soruşa bilmədim. Bir gündə 3, bəzən 4 tədbirə gedirdim. Hətta olurdu ki,  işə çatan kimi nəfəs almadan başqa tədbirə göndərirdilər. Axşamüstü saat 5-dən sonra isə mədəniyyət tədbirləri başlayırdı. O tədbirlərə də qatılırdım. Axşam saat 9-da da “Günün səsi” proqramı başlayırdı. Yazdığım tədbirləri axşam efirinə çatdırmalı idim. Beləcə, 2 ay bu formada tədbirlərə qaçaraq gedib-gəldim. Təxminən 2 ay sonra günorta  bir  az vaxt vardı deyə Qəzənfərlə çay içməyə getdik. Söhbət əsnasında astadan qulağına pıçıldadım. “Qəzənfər, yadındadır, 2 ay bundan qabaq səndən hansı ştata götürülməyimi soruşanda cavab verdin ki, “dovşan ştatı”dır. Bu “dovşan ştatı”nın nə demək olduğunu indi başa düşdüm. Bir dəqiqə belə dayanmadan qaçmaq lazım imiş”.


- Deyəsən,  “dovşan ştatı”  bütün həvəsinizi özü ilə aparıb...

- Əksinə, bu gün də jurnalistikaya həvəsliyəm. Özbəkistanda keçirilən tədbirlərə özüm qatılıram. Bəzən bir gündə 4, 5 ya da 6 tədbir olur ki, heç birini boş buraxmıram, gedirəm.



- AZƏRTAC-ı təmsil etdiyiniz ölkələrdəki fəaliyyətiniz də oxucular üçün maraqlı olar


- Hazırda AZƏRTAC-ı Özbəkistan, Qırğızıstan, Tacikistan və Pakistanda təmsil edirəm. Bu ölkələrdəki mühüm beynəlxalq hadisələr, ölkəmizin siyasi, iqtisadi, mədəni həyatı ilə bağlı səfirliiklərimizin tədbirləri, Azərbaycanın iştirak etdiyi mühüm beynəlxalq  mərasimlərdən materiallar yazıram. Yaşayış yerim Daşkənd şəhəridir. Təmsil olunduğum ölkələrdə mühüm beynəlxalq tədbirlər  olanda o ölkələrə də gedirəm. Bu yaxınlarda Tacikistanda Raqun SES-nın açılışı olacaq və mən  bu tədbirdə iştirak edəcəyəm. Mən Özbəkistan və Qırğızıstan mətbuatında Azərbaycan həqiqətləri ilə bağlı çıxışlar da edirəm.


- Eşitmişik Özbəkistandakı səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə  kitablar, məqalələr çap etdirirsiniz...

- Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) mədəniyyətimizin, ədəbiyyatımızın təbliği ilə bağlı çox iş görür, müxtəlif tədbirlər keçirir. Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovun təşəbbüsü  ilə Daşkənddə özbək dilində çoxlu kitab çap olunub. Alimcon Buriyevin tərcüməsində Nizami Gəncəvinin “Xəmsə”si bir kitabda çap edilib. Özbəkistanın Xalq şairi Camal Kamalın tərcüməsində isə “Xəmsə”yə daxil  olan poemalar ayrı-ayrılıqda çap olunur. Artıq dörd poema çap edilib, bir poema isə çapını gözləyir. İndiyədək Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı ilə bağlı Özbəkistanda 24 kitab tərtib etmişəm və çap edilib. Bu kitabların 10-u AMM ilə birgə dərc olunub. Keçən il Hüseyn Cavidin əsərlərindən ibarət (“Şeyx Sənan”,”Səyavuş”, “Əmir Teymur” və “Peyğəmbər”) kitab özbək oxucularının ixtiyarına verilib. Bu il isə Mirzə Cəlilin 150 illiyi ilə bağlı 20 çap vərəqi həcmində olan “Poçt qutusu” kitabı Daşkənddə özbək dilində işıq üzü görüb.   


- Jurnalistikaya radiodan başlasanız da, axıra qədər radio ilə yol gedə bilmədiniz. Yazı jurnalistikası sizi daha çox tanıtdı...

- Düşünürəm ki, radioda çox da istedadlı olmaq lazım deyil. Mikrofonu götürüb gedirsən. Bir-iki sual verirsən, müsahib  mövzu ilə bağlı danışır. Ancaq radionun informasiya şöbəsində bir müddət çalışandan sonra bu mühit məni elə cəlb etdi ki, təklif edilən başqa redaksiyalara getmədim. Radioda 8 il baş redaktorun müavini vəzifəsində çalışmışam. Elə zənn edirdim ki, radiodan gedəsi olsam, radionun informasiya redaksiyası dağılacaq, parça-parça olacaq. Mən getdim, heç parça-parça da olmadı.


- Demək həyatda əvəzedilməz kimsə yoxdur.

- Təbii, heç kim əvəzolunmaz deyil.


- Sirr deyilsə, niyə radioda qalmadınız?

- O vaxtlar teletayp vasitəsilə xəbərlər gəlirdi. İndiki  çalışdığım AZƏRTAC o vaxtlar “Azərinform” kimi tanınırdı. Günlərin bir günü Şamil Şahməmmədov mənə zəng etdi ki, sabah saat 10-da yanında olum. Mənimlə söhbət etmək istəyirdi. Mən Şamil müəllimin görüşünə getdim. Söhbət zamanı xarici ölkələrdə “Azərinform”un  məntəqələrinin açıldığını və mənim də birinə namizəd olduğumu dedi. İngilis, fransız, alman və digər dillərdən hansını bildiyimi soruşdu, “heç birini”-dedim. Təəssüflə xatırladım ki, ingilis dili dərsində qrup yoldaşım Natiqlə dərsdən qaçıb Zeynəb xalanın çayxanasında çay içirdik. Heç demə biz qabağı görməmişik. Demək çay içmək əvəzinə ingilis dilini öyrənmək lazım imiş.
O vaxt Nazirlər Kabineti nəzdində Dövlət Teleqraf Agentliyi baş direktorunun birinci müavini, indi isə  AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanovun tövsiyəsi ilə mən bu agentliyə işə qəbul olundum. Baş direktor MDB ölkələri olan Türkmənistan və Özbəkistan arasında seçim etməyimi söyləyəndə Özbəkistanın üzərində dayandım. Beləliklə Özbəkistana getmək qərarımı evdə də dedim. Ailəmi də götürüb Özbəkistana getdim. Özbəkistanda məni evlə də təmin etdilər. Övladlarım da orada təhsil aldı.  Özbəkistanın Beynəlxalq “Altın qalam” mükafatına da layiq görülmüşəm.


- Vaxtilə AzTV-nin Mərkəzi Asiya üzrə xüsusi müxbiri Aida Eyvazlı da o bölgədə çalışırdı. Hazırda Azərbaycanda yaşayır və fəaliyyət göstərir. Necə xatırlayırsınız Aida Eyvazlını?

- Aida Eyvazlı AzTV-dən əvvəl “Lider” TV-nin müxbiri kimi işlədi. Sonra “Lider”dən çıxıb AzTV-nin müxbiri kimi Daşkənd və Astanada  çalışdı. Tədbirlərə birgə gedirdik. Astanada olanda Aida xanımın evində o qədər olmuşam ki... İki kompüteri vardı. Birində özü , birində də mən yazırdım. Aida Eyvazlı çox səmimi dostdur.



- Qulu müəllim, mətbuatda bir neçə imza ilə çıxış etmisiz. Ancaq Kəngərli kimi daha çox tanınmısız. Niyə 4-5 imza ilə yazırdız? Kimdən və nədən qaçırdız?


- Heç kimdən qaçıb gizlənmirdim. Elə söhbət yox idi. Sovet dövründə bir imza ilə eyni nömrədə bir neçə material vermək olmazdı.  Bir nömrədə bəzən 4 yazım çıxırdı. Məcburən Q.K, Qulu Dərələyəzli, Qulu Kəngərli, Qulu Kazımov imzaları ilə yazmışam. İlk dəfə Ramiz Əskərin baş redaktor olduğu “Odlar Yurdu” qəzetində yazmağa başlamışam. “Odlar Yurdu” qəzeti o zamanlar ən demokratik qəzet idi. O qəzetdə Mövsüm Əliyevin cümhuriyyətlə bağlı silsilə məqalələri gedirdi.


- O vaxt Cümhuriyyətdən danışmaq yasaq deyildimi?

- Heç kim qəzetində Cümhuriyyət haqqında yazıları verə bilməzdi. Bunun üçün cəsarət lazım idi ki, cümhuriyyətlə bağlı nələrisə verəsən. Həmin qəzetə mən də xeyli yazılar verirdim. İmzam oradan tanınmağa başladı. O vaxtı BBC-nin Azərbaycan xidməti vardı, efirə çıxırdı. Orda Sevinc Osmanqızı, Azər Xəlilov, İslam Atakişiyev və digərləri çalışırdı. Bunlar Azərbaycan dilində yaxşı danışırdılar. Rus dilində təhsil alan, ancaq Azərbaycan dilində səlis danışa bilməyən adamlar da vardı ki, onları da efirə çıxarırdılar. Verilişlərə qulaq asandan sonra böyük tənqidi məqalə yazıb “Aydınlıq” qəzetində çap etdirdim. Çünki sözlər düzgün ifadə olunmurdu, danışa bilmirdilər.


- Bu fikirlərinizə əks mövqe sərgiləyənlər oldumu?

- Əlbəttə. Həmin günün axşamı BBC-nin Azərbaycan xidmətiində belə bir tənqidi yazı getdiyini dedilər. Həmin vaxt Azərbaycan xidmətinin Bəhruz Afaq Təbrizi adlı rəhbəri vardı. O mənim haqlı tənqidimdən razı qalaraq, həmin adamları bir müddət efirə buraxmadı. Bir dəfə də “Azadlıq” radiosunda Mirzə Xəzər məni tənqid edib.


- Mirzə Xəzər də Azərbaycan dilində qüsurlara yol verirdi ki?

- Qətiyyən!  Yəhudi əsillidir, əslən göyçaylıdır. Azərbaycan dilini də təmiz bilirdi. Bir materialımda onu yüngülcə tənqid etmişdim. Axşam işdə idim, radioya qulaq asırdım. Eşitdim ki, Mirzə Xəzər məni tənqid edir. “Azərbaycanda bir jurnalist peyda olub. Bunun 5-6 familiyası var. Adamın nə qədər familiyası olar axı?!”. Ardınca bu imzaları sadalamağa başladı. Onun bu çıxışına xeyli gülmüşdüm.


- Bayaq qeyd etdiniz ki, o zamanlar Cümhuriyyət mövzusunu gündəmə gətirmək olmazdı. Mərkəzi Komitə bununla bağlı mətbu orqanlara hansı qadağaları qoymuşdu?

- Gerçəklərin yazılmamasının özü ən böyük yanlışlıq idi.  Bir hadisəni danışım. Amerikada yaşayan Azərbaycanşünas alım Tadeuş Svyataxovksi Bakıya gəlmişdi. Gedib ondan müsahibə aldım. Türkcə də yaxşı danışırdı. O, müsahibəsində belə cümlə işlətdi: “İrəvan Azərbaycan torpağıdır. Ermənistan Azərbaycan torpağında bərqərar olub”. O vaxta kimi o haqda bir söz belə Azərbaycan mətbuatında getməmişdi. Bu material Ramiz Əskərin baş redaktor olduğu “Odlar Yurdu” qəzetində getdi. Materialın dərcindən sonra Mərkəzi Komitədə çaxnaşma yaranmışdı. Ramiz Əskər mənə zəng edib vəziyyəti danışdı və Mərkəzi Komitədə müşavirə çağırıldığını dedi. İşdə olmağımı, məni müəllif, özünü isə baş redaktor kimi hər an çağıra biləcəklərini söylədi. Nə isə... Mən də işdə oturub son qərarın nə olacağını gözlədim. Məlumdur ki, belə məsələlərdə 2 cəbhə olur. Təsəvvür edin: Elçin Əfəndiyev bir tərəfdə tək oturub, çünki “Odlar Yurdu” qəzeti “Vətən” cəmiyyətinin orqanı idi. O biri cəbhədə də Əfəndiyevə əks qütbdə dayanalar... Müşavirədə Elçin Əfəndiyevi möhkəm tənqid ediblər. “Bu nə qəzetdir, bu nə fikirdir?!”  O, da sərt cavab vermişdir:  Elçin Əəfəndiyev həmin müşavirədə çox alovlu  çıxış edir. “Nə vaxta qədər susacağıq?! Nə vaxta qədər həqiqəti deməyəcəyik?! Demək lazımdır”.
Bu çıxışdan sonra o biri cəbhədə dayanan adamların əksəriyyəti Elçin Əfəndiyevin cəbhəsinə keçir. Müşavirənin sonunda qərar qəbul olunur ki, bu yazı bütün qəzetlərdə yayılsın. Həmçinin, yazıdan Qulu Kəngərli imzasının çıxarılması məsləhət görülür. Material “Azərinform”un (O vaxt AZƏRTAC belə adlanırdı)  xətti ilə yayılır. İrəvanın Azərbaycan torpaqları olduğunu alimlər, tarixçilər təbii ki, bilirdilər, sadəcə, kimsə onu mətbuat səhifələrində söyləyə bilmirdi. Qorxu var idi. O vaxt o stereotipi sındırdım. Əgər o materialla bağlı mənfi qərar qəbul edilsəydi, mənə qarşı nəsə ciddi tədbir görərdilər.



- Qulu müəllim,  1990-cı ilin 20 yanvar qırğınından sonra “Şəhidlər”, ”Şəhidlər-2” bukletlərini hazırlayıb  çap etdirmisiz. 1991-ci ildə Azərbaycan və rus dillərində “Qara yanvar şəhidləri” kitabınız çap olunub və böyük populyarlıq qazanıb. Necə oldu ki, 20 Yanvar şəhidlərini qələmə almaq qərarına gəldinız?

- Əvvəla, 20 Yanvar hadisələrinin  Azərbaycanda xronikasını mən yaratmışam. 20 Yanvar hadisələri baş verəndə mən də ordaydım. Yanvarın 19-dan 20-nə keçən gecə  radioda işdə idim. Hadisələr başlayıb. Saat 5-də birinci növbənin işi bitir və ikinci növbənin işi başlayır. Saat 5-də iş yoldaşlarımla Mərkəzi Komitənin qarşısına düşdük.  Mərkəzi Komitənin qarşısı indiki “İçərişəhər” metrostansiyasına qədər adamla dolu idi. Keçmək mümkün deyildi. Hava da çox soyuq idi. Axşam saat 9-da möhkəm üşüdüyümü hiss etdim. Həmin vaxt avtobuslar insanları müxtəlif istiqamətlərə aparırdı. Mən də “Salyan kazarması” deyilən yerə gedən avtobusa mindim. Fikirləşdim ki, gedim, evimiz də ora yaxındır. Nə isə həmin yerə çatıb evə getdim, əynimi qalın edib  geri qayıtdım. Təxminən axşam saat 12-də gülləbaran başladı. Heç kim sovet hərbçisinin öz vətəndaşına güllə atacağına inanmırdı. Çox qəribə vəziyyət yarandı. Sağımda, solumda dayananlar onlara  atılan güllədən yerə yıxıldı. Ancaq güllə mənə dəymədi. Görünür, taleyin yazısı idi. Həmin anda yaralıları maşınlara doldurub xəstəxanalara çatdırmaq lazım idi. 3 dəfə avtobusla “Semaşko”ya yaralı apardıq. Həmin vaxt şahidi olduğum hadisəni heç zaman unutmayacam. Yaralılardan biri “Mənim adım fliankəsdir, anama deyərsən ki, ... o qızı sevirəm” dedi və gözlərini yumdu. Sonra mən onun anasını gördüm, ancaq oğlunun sözlərinii ona deyə bilmədim.


- Desəydiniz, bəlkə də anaya oğlunun son sözləri  təsəlli olardı. 

- Bunu edə bilmədim. Düşündüm ki, anasına desəm, ona əlavə dərd vermiş olaram.


- Məncə, doğru etməmisiniz...

- Nə bilim. Mən də belə düşündüm. Hərə bir cür dəlidir də... Şəhidin anası ilə görüşəndən sonra isə  ikinci kitabımda bunları yazdım. “Haqq dünyasında üzr istəyəcəyim gün qarşıdadır”.

Deyə bilməzdim və deməzdim. Çünki anaya əlavə dərd verərdim. O kitabı yazanda təzyiq dərmanım stolun üstündə olurdu. Vəziyyətim gərginləşən kimi, dərman qəbul edirdim. 20 Yanvar hadisəsi günü yaralıları apararkən avtobusu əli silahlılar saxladı. Ancaq onlar əsgər deyildilər. Uzun saçlı, saqqalı adamlar idi. Rusca onlara “nayomnik”lər deyirdilər.


- Onların erməni olduğunu da söyləyirdilər...

- Belə faktlar var. Ruslar onların hamısına narkotik vermişdilər. Həmin adamları axşam Bakıya yeridib səhər də çıxardılar. Avtomatı üstümüzə çəkib hamımızın həmin ərazidən getməyimizi istədilər. Mən də evə sarı getdim. Əgər imtina etsəydik, güllə atacaqdılar. 20 Yanvar hadisələrindən sonra sarsıntı keçirtdim. Gecələri yata bilmirdim. Yatan kimi yuxudan qışqırıb ayılırdım. Bir müddət müalicə də aldım. Özümə gələndən sonra fikirləşdim ki, əgər atılan güllələr mənə dəyməyibsə, mütləq nəsə etməliyəm. Rəhmətlik Məmməd Nazimoğlu ilə şəhidlərin evlərinə getməyə başladıq. Bu daha ağır və əzablı iş idi. Elə qapı olub ki, 3 dəfə getmişəm, daxil ola bilməmişəm. Qapıdır, gedirsən, döyəcəksən açacaqlar... Ancaq mən döyə bilməmişəm o qapını... Çünki o qapılardan məni qova da bilərdilər, o ailələr çox ağır vəziyyətdə idilər.

Sonra da qayıdıb özümü tənbeh edirdim ki, “axı niyə gedirdin?!” Birinci bukleti Məmməd Nazimoğlu ilə birgə hazırladıq. İkinci bukleti mən tək hazırlamalı oldum. “Çox çətin işdir. Özün get. Bunu bacarmayacam”-dedi. Birtəhər özümdə cəsarət tapıb şəhid qapılarına gedib faktları yığdım, şəkillərini götürdüm. 20 Yanvar gecəsində Mirzə Xəzər səhərə qədər “Azadlıq” radiosunda çıxış etmişdi. Yeganə adam idi ki, insanları məlumatlandırmışdı.


- Qulu müəllim, bir qədər də ailəniz haqda danışaq. Ailənizdə jurnalist varmı?

- Həyat yoldaşım Təranə xanımla eyni qrupda oxumuşuq, o, “Kənd həyatı” jurnalında, “Kino” qəzetində, AMEA-da çalışıb. Daşkəndə gedəndən sonra isə işləmədi. Onu da deyim ki, yazılarımın, kitablarımın hamısının ilk oxucusu və redaktoru, bir sözlə, yaxın köməkçim odur. İki qızımız var. Amma onlar bizim sənətimizi davam etdirmədilər. Zəhra marketinq, Nəzrin turizm üzrə təhsil aldı.


- Yoldaşınıza siz mane oldunuz, yoxsa özü bu peşədən imtina edib?

-Uşaqlar olandan sonra məzuniyyətə çıxdı. Özbəkistana gedəndə uşaqlar balaca idi. Böyüyünün 5, kiçiyinin 4 yaşı vardı. Mən tez-tez ezamiyyətdə olurdum, vaxtımın çoxu işdə, müxtəlif tədbirlərdə keçirdi. Ev işləri, uşaqların tərbiyəsi, təhsili ilə yoldaşım məşğul olurdu. Bunlar isə vaxt tələb edirdi. Buna görə də qərara aldıq ki, işləməsin. Bilirsiniz, həyat yoldaşım universitetin Jurnalistika fakültəsinə 26-cı adam kimi gəlmişdi. 25 adam qəbul olunmuşdu. Bir gündən sonra Təranə 26-cı adam kimi bizim qrupa gəldi.


- Niyə?

- Belə də olur. Mənə görə gəlmişdi. Qəbul olunanların siyahısında Təranənin də adı olub. Ancaq sabahkı elanda onun əvəzinə başqa adamın adı vardı. Bir gecənin içərisində Qəbul Komissiyası onun adını çıxarıb, başqasının adını salmışdı. Təranənin ata və anası təhsil nazirinin qəbuluna gedirlər. Baş verənləri danışırlar. Nazir bunların yanında rektora zəng edərək, səhvlərini düzəltməyi xahiş edib. Təranə 26-cı adam kimi bizimlə eyni qrupda oxuyub. Təranənin də ata və anası jurnalist olub, bir qrupda oxuyub, sonra ailə qurublar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər