Modern.az

“Azərişıq”  jurnalistləri Tovuzun Ermənistanla sərhəd kəndlərinə apardı

“Azərişıq”  jurnalistləri Tovuzun Ermənistanla sərhəd kəndlərinə apardı

Aktual

29 Avqust 2019, 13:00

"Azərişıq" ASC jurnalistlər üçün növbəti mediatur təşkil edib.

 

Modern.az xəbər verir ki, 30-dək jurnalistin iştirak etdiyi səfər zamanı media nümayəndələri "Azərişığ"ın Tovuz rayonunun Ermənistanla sərhəddə yerləşən kəndlərində gördüyü işlərlə tanış olublar.

 

Tovuz Rayon Elektrik Şəbəkəsinin baş mühəndisi Pərviz Namazov jurnalistlərə görülən işlər barədə məlumat verərək deyib ki, rayonun “Böyük Qışlaq” ərazisində 21 kəndi elektrik enerjisi ilə təmin edən 35 kV-luq hava xətti yenilənib.

 

Belə ki, “Azərişıq” daxili imkanlar hesabına rayonun Böyük Qışlaq, Çataq, Çeşməli, Həsənli, Qaradaş inzibati ərazi dairəsinə daxil olan kəndləri qidalandıran 110/35/10 kV-luq “Zəyəm” yarımstansiyasından çıxan 35 kV-luq ”Böyük Qışlaq” (Qandallar) hava xəttinin istismara yararsız hala düşən 7 km-lik hissəsini bərpa edib.

 

“Böyük Qışlaq” hava xəttində 34 ədəd dayaq (19 ədəd anker, 5 ədəd aralıq) yenisi ilə əvəz olunub və 21 km uzunluğunda yeni naqil quraşdırılıb.

 

“Xətlər istismara yararsız halda olduğundan yenidən qurulub. 35 kV-luq “Böyük Qışlaq” hava xətti 35/10 kV-luq “Böyük Qışlaq” yarımstansiyasında 1.6 MVA gücündə transformatoru qidalandırır. Həmin yarımstansiyadan 10 kV-luq Çatax və 10 kV-luq “Böyük Qışlaq” hava xətləri ilə 34 ədəd müxtəlif güclü transformator məntəqələri qidalanır. 35 kV-luq “Böyük Qışlaq” hava xəttinin yenidən qurulması ərazidə kənd təsərrüfatının, sənaye obyektlərinin, turizmin inkişafına və əhalinin dayanıqlı elektrik enerjisi ilə təminatına böyük təsir göstərəcək. Bu xəttin çəkilişi eyni zamanda dağ turizminin də inkişafına çox böyük təsir göstərəcək”, - deyə P.Namazov əlavə edib.

 

"Azərişığ"ın mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev isə vurğulayıb ki, "Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı"na uyğun olaraq “Azərişıq” tərəfindən yeni layihələr təsdiq edilib: "1984-cü ildən istismara verilən 35 kV-luq “Böyük Qışlaq” hava xəttinin ümumi uzunluğu 22,5 km-dir. Hava xətləri 21 kəndə, 11 711 abonentə xidmət edir. 1984-cü ildən istismarda olan hava xətlərini keçilməz dağ və əlverişsiz hava şəraiti sıradan çıxarıb. Həmin xətlərin çəkilməsində əl əməyindən daha çox istifadə edilib. Amma hazırda "Azərişığ"ın malik olduğu müasir texnikanın köməyi ilə insan əməyindən istifadə minimuma endirilib və həmin işləri texnikalar yerinə yetirir. Kəndlərdə 10/0,4 kV-luq şəbəkənin yenidən qurulmasına başlanılıb. Yaxın zamanda Əyyublu, Əhmədabad kəndi istiqamətində olan şəbəkələrin də yenidən qurulması planlaşdırılır”.

 

Qeyd edək ki, Tovuz rayonunda, ümumilikdə, 102 kənd, 2 şəhər var. Bu rayon ərazisində "Azərişığ"ın 42 min istehlakçısı var ki, onların da, təxminən, 2 500-ə yaxını qeyri-əhali, 39 500-ü isə əhali qrupu abunəçilərdir.

 

"Azərişığ"ın 7 Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) biri olan "Qərb" RETSİ-nin ərazisinə Gəncə şəhəri, Şəmkir, Samux, Tovuz, Daşkəsən, Göygöl, Gədəbəy, Ağstafa və Qazax daxildir.

 

Xatırladaq ki, Tovuza təşkil edilən mediatur Azərbaycanda paylayıcı elektrik şəbəkələrinin yaranmasının 90 illiyi münasibəti ilə "Azərenerji" və "Azərişıq" ASC-lərin başladığı kampaniya çərçivəsində reallaşdırılıb. İlin sonuna qədər digər regionlara da belə səfərlərin təşkili planlaşdırılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır