Modern.az

Azərbaycanın ən nəhəng adamını əməliyyat edən həkim: “500-dən çox insanın mədəsini kiçiltmişik”

Azərbaycanın ən nəhəng adamını əməliyyat edən həkim: “500-dən çox insanın mədəsini kiçiltmişik”

30 Avqust 2019, 15:33

Bir neçə gün əvvəl Bakıda 256 kiloqram çəkisi olan qadının üzərində mədəkiçiltmə əməliyyatı aparıldı. Bariatrik cərrah, tibb üzrə fəlsəfə doktoru Fərid Rəfiyev tərəfindən həyata keçirilən əməliyyat Azərbaycanda ilk kimi yadda qaldı. Həkim özünün sosial şəbəkə hesabında bununla bağlı məlumat paylaşaraq, xəstənin vəziyyətinin stabil olduğunu diqqətə çatdırıb.


Mədəkiçiltmə əməliyyatına al atılması artıq çəki problemi olan şəxslərin həkimə müraciətlərinin artmasının nəticəsidir, bu, piylənmə xəstəliyinin riskli vəziyyətə çatdığını sübut edir. Bütün dünyada piylənməyə qarşı mübarizə aparıldığı bir vaxtda Azərbaycanda da bu problemin kritik həddə çatması insanlarda narahatlıq yaradır.


Artıq çəki probleminin səbəbləri haqqında Modern.az-a danışan cərrah F. Rəfiyev ilk öncə Azərbaycanda rekorda imza atmasından danışıb. O qeyd edib ki, karyerasında ilk dəfə bu çəkidə bir xəstəni əməliyyat edib:


“256 kiloqram pasiyentin əməliyyatı mənim karyeramda da ilk idi. 200 kiloqramdan çox çəkisi olan şəxslərin piy aldırma əməliyyatına daxil olması məqsədəuyğun deyil. Bu cür pasiyentlərdə arıqlama prosesi iki mərhələdə aparılır. Birinci mərhələ mədəkiçiltmə əməliyyatı həyata keçirilir. Pasiyentimiz təxminən il yarım nəzarət altında prosesə davam edir. Əgər atdığı çəkilər onu qane etməsə, daha çox arıqlamaq istəsə, növbəti mərhələdə mədə suntlama əməliyyatlarını həyata keçirməyimiz lazım gəlir.

Artıq 256 kiloqram çəkisi olan pasiyentimiz evinə buraxılır. 6 ildən çoxdur ki, mədəkiçiltmə əməliyyatları həyata keçiririk. 500-dən çox belə əməliyyat olub. Amma bu çəkidə pasiyentim ilk dəfə idi. İndiyə qədər ən çox 203 kiloqram olan bir xəstəni əməliyyat etmişəm. Bu göstərici, səhv etmirəmsə, Azərbaycan üzrə də rekorddur”.


Artıq çəki problemindən əziyyət çəkənlərin çox olduğunu diqqətə çatdıran F. Rəfiyev 3-5 kilo arıqlamaq istəyənlərdən tutmuş, gözəllik naminə həkim bıçağı altına qaçanlara qədər yüzlərlə xəstənin müraciət etdiyini diqqətə çatdırıb. Amma həkim qətiyyətlə qeyd edib ki, mədəkiçiltmə əməliyyatı yalnız sağlamlıq xatirinə aparılmalıdır:


“Bu əməliyyatların əsas mahiyyəti insanların sağlıq problemlərini aradan qaldırmaqdır. Təbii ki, sağlam bədəndə gözəllik də olur. Yalnız müvafiq analiz və hesablamalar aparılandan sonra müraciət edən pasiyentlərə uyğun əməliyyat müəyyən olunur və aparılır”.


İnsanlarda piylənmənin səbəblərinə gəlincə, Fərid Rəfiyev bunu ən çox oturaq həyat tərzi, gündəlik problemlər, qeyri-düzgün qidalanma ilə əlaqələndirir:


“Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən piylənmə faktiki xəstəlik kimi qeydə alınıb. Avropa və Amerika kimi inkişaf etmiş dövlətlərdə aşırı piylənmədən əziyyət çəkənlərin müalicə xərcləri bütün vacib xəstəliklər kimi dövlət tərəfindən qarşılanır, tibbi sığorta hesabına ödənir.

Piylənmənin səbəbləri dedikdə, oturaq həyat tərzindən tutmuş, qeyri-düzgün qidalanmaya qədər onlarla səbəb sadalamaq olar. Kompüter qarşısında, fasiləsiz iş həyatı, stress, gündəlik problemlər də piylənməyə səbəb olur. İnsan xoşbəxtlik hormonlarını qidalanmadan və idmandan alırsa, idmana vaxtı olmayanlar yeməklə xoşbəxt olmağa çalışır. Zamanla qida onlar üçün yaşam tərzinə çevrilir, yaşamaq üçün yemirlər, yemək üçün yaşayırlar. Nəticə etibarı ilə piylənmə həmin şəxslər üçün ciddi problemə çevrilir. Çoxsaylı pəhrizlərə baxmayaraq, qısa müddətdə arıqlaya bilmirlər. Nəticədə tam çıxılmaz vəziyyətdə, özünə qapanmış, depressiv halda bizə müraciət edirlər”.


Həkim artıq çəkinin atılması üçün edilən əməliyyatlarla xəstələrə ikinci həyat şansı verdiklərini söyləyir:


“İnsanlar artıq çəkidən xilas olduqdan sonra ailədaxili problemlərin həllindən tutmuş, karyera və iş həyatında müsbət dəyişikliklərə qədər yenilik yaşayırlar. Bu üzdən artıq çəkidən əziyyət çəkənlərin normal həyata qayıtması bizim üçün böyük uğurdur.

Piylənmə problem insan həyatını mütləq şəkildə qısaldır. Metabolik sindrom dediyimiz xəstəliklər toplusu əmələ gəlir. Şəkərli diabet, yuxu boğulmaları, qaraciyər piylənməsi, bunun nəticəsində qaraciyər serrozu kimi ağır xəstəliklər məhz artıq çəkidən əmələ gəlir. Çəki atılması sayəsində insan ömrünün 15-20 faizə qədər uzadılması realdır. Bu xəstəliklərdən qurtularaq, normal həyat tərzinə qayıdıb, yaşamaq mümkündür. Hər kəsə sağlam olmağı, özlərinə vaxt ayırmaı və normal çəkiyə düşərək, həyatını yaxşılaşdırmağı arzu edirəm”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu