Modern.az

“Valideynlər yığışıb məktəb avtobusları təşkil edə bilər” - TƏKLİF

“Valideynlər yığışıb məktəb avtobusları təşkil edə bilər” - TƏKLİF

Təhsil

31 Avqust 2019, 16:13

"Məktəb avtobusu" deyəndə ilk növbədə Amerika filmlərindən böyük sarı avtobusları xatırlayırıq. Xarici ölkələrdə şagirdlərin avtobusla məktəblərə çatdırılması təəccüblü deyil. Uzağa getməyək, elə yaxın qonşumuz Türkiyədə də məktəblərə şagirdləri avtobuslar gətirib aparır. İnkişaf etmiş ölkələrdə artıq illərdir bu sistem tətbiq olunur. Və öz səmərəsini də göstərir.

 

 Belə ki, məktəblərə aid servis avtobuslarının şagirdləri dərsə aparıb gətirməsi təkcə valideyni bu işdən azad etmir, həm də şəhərin nəqliyyat sistemində problemə çevirilən tıxacın qarşısını alır. Eyni zamanda bunun mənəvi-psixoloji tərəfləri də var. Yəni uşaqlar kimin dərsə hansı "inomarka" ilə gəldiyini görmür... 

 Hazırda Azərbaycanda bir neçə özəl bağça və məktəblər istisna olunmaqla, təhsil sistemində servis avtobusları yoxdur. 

 

Təhsil ekspreti Kamran Əsədov Modern.az-a bildirib ki, şagirdilərin məktəblərə servislər vasitəsilə çatdırılması nəqliyyat tıxacını azaltmış olar.

 

“İlk növbədə qeyd edim ki, şagirdin individual və qrup halında evlərindən məktəbə və məktəbdən evlərinə tam təhlükəsiz çatdırılmasının təmin edilməsi eyni zamanda günü-gündən inkişaf edən şəhərimizdə tıxacların azalmasına böyük töhvə verər. Bu xidmətin digər üstünlüyü ondan ibarətdir ki, müasir standartlara uyğun nəqliyyat vasitələri istifadə olunmaqla təcrübəli sürücülər tərəfindən təlimli hostesləri ilə yüksək xidmət göstərilir. Amma bir çox hallarda bunu təcrbəsiz, əsəbi valideyinlər öz nəqliyyat vasitələri ilə həyata keçirirlər ki, zaman-zaman da xoşagəlməz hadisələr baş verir. Amma nəqliyyat servisləri tərəfindən şagirdlərin aparılması həm valideynlərin maksimal rahatlığını təmin edir, həm də məktəblilərin təhlükəsiz və vaxtında daşınmasını təmin etməkdədir.

 

Düzdür, Bakıda şəhərsalma zamanı məktəblər yaşayış binalarına yaxın inşa edilib ki, məktəblilər nəqliyyat problemi ilə üzləşməsinlər, amma nəzərə alsaq ki, hal hazırda 4472 orta məktəbdə 1.6 milyon şagird təhsil alır, deməli, bu problem az da olsa var. Əlbəttə, yaxşı olar ki, şagirdlər fərdi avtomobillə dərsə gəlməsinlər”.

 

 Kamran Əsədov bildirib ki, şagirdilərin fərdi avtomobillə dərsə gəlməsi məktəb ətrafında sıxlıq, xaos yaradır.

 

“Amma digər tərəfdən də məktəblərin büdcəsi yoxdur ki, məktəb avtobusları saxlasınlar. Bu gün özəl məktəblərdə nəqliyyat servisi xidməti var. Adi məktəblər isə bunu edə bilmirlər. Çünki, nazirlik dövlətin nəzdində olan lisey və gimnaziyalar üçün nəqliyyat saxlamağa büdcə ayırmır. Belə halda valideynlər yığılıb kiçik bir büdcə yaratmaqla məktəb avtobusu təşkil edə bilərlər. İndi bəzi valideynlər uşağını öz yaşadığı ərazidəki məktəbə yox, şəhərin mərkəzindəki hansısa məktəbə aparıb gətirir. Belə halda fərdi avtomobili olmayan valideynlər ictimai nəqliyyatdan istifadə edir. Zənnimcə, bu da düzgün addım deyil. Çünki, uşaq saatlarla ayaq üstə, tıxacda qalaraq enerjisini elə yoldaca itirir. Amma məktəb avtobusları uzaq məsafəyə uşaqların rahat gediş-gəlişini təmin edir”.

 

Nəqliyyat eksperti Elməddin Muradlı qeyd edib ki, məktəb avtobusları ilə xidmət uzun illərdir ki, xarici dövlətlərdə tətbiq olunur, amma Azərbaycanda sadəcə özəl məktəblərdə mövcuddur.

 

“Azərbaycanda bir sıra özəl məktəb və liseylərdə məktəb servisləri var və valideynlər bu durumdan olduqca razıdır. Ümumi hərəkət iştirakçıları baxımından yol polisi və biz özümüz də razıyıq. Çünki bir avtobus 30-40 şagirdi eyni vaxtda məktəbə gətirib-aparırsa, bu o deməkdir ki, hansısa məktəbin qarşısından 30-40 avtomobil əksildi. Bu çox yaxşı haldır”.

 

Elməddin Muradlı bildirib ki, valideynlər uşaqlarını məktəbə aparıb-gətirməyə nə qədər xərc çəkir, ev işlərini, şəxsi işlərini yarımçıq qoyur, ona görə də məktəb servislərinin olması valideynlər üçün də olduqca əhəmiyyətlidir.

 

“Nəqliyyat tıxaclarının, məktəblərin qarşısındakı sıxlığın qarşısının alınması üçün məktəb avtobusları əlverişlidir. Mən düşünürəm ki, bər-bəzəkli, bahalı avtobus olmasa, belə hansısa bir formada, mikroavtobuslarla bu işi təşkil etmək olar. Sadəcə olaraq məktəb rəhbərliyi Təhsil Nazirliyi tərəfindən verilmiş tövsiyyələr əsasında valideynlərlə bu istiqamətdə görüş keçirib məsələni həll etmək olar. Bu məsələdə daha çox valideyn komitələri fəallıq göstərsə, daha yaxşı olar. Mən düşünürəm ki, bizim məktəb rəhbərləri ilə bağlı o qədər pis tendensiya formalaşıb ki, həmin məktəb rəhbərləri valideynlərdən avtobusun qiymətindən çox pul alarlar. Ona görə də bu işi valideyn komitələri bu işdə fəallıq göstərməlidirlər. Mən düşünürəm ki, bu məsələ həll olunsa, çox faydalı bir iş görülmüş olar”.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir