Modern.az

Telekanallarda YENİLİK - AzTV tok-şoulara başlayır, “Lider” əyləncəli verilişlərdən imtina edir

Telekanallarda YENİLİK - AzTV tok-şoulara başlayır, “Lider” əyləncəli verilişlərdən imtina edir

Aktual

3 Sentyabr 2019, 09:07

Telekanallar üçün yeni mövsüm başlayır. Yerli teleməkanda hansı yeniliklərin olacağı isə əksər Azərbaycan tamaşaçıları üçün maraqlıdır. Hər il mövsüm dəyişdikcə, televiziyalar da öz repertuarlarında bir sıra yeniliklər edir.
Bəs bu mövsümdə televiziyalarımızda təzə nələr gözlənilir? Kanallarımızda ötən mövsüm hazırlanan layihələr bu mövsüm də davam edəcəkmi? 

 

Modern.az mövzuyla bağlı bir neçə telekanala müraciət edib.

 

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanov bildirib ki, "Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyəti növbəti mövsümə də yeni layihələr və yeni studiyalarla başlayır.

 

“Belə ki, “Axşam şousu”, “Qazan-Manqal” və sair əyləncəli verilişlərlə yanaşı,  “Çıxışa doğru” yeni tok-şouda sosial məsələlər, internet və media, informasiya təhlükəsizliyi kimi mövzular ətrafında fikir mübadiləsi aparılacaq.
“Azərbaycan deyəndə” adlı yeni layihədə isə dünya azərbaycanlılarının fəaliyyəti, təşkilatı səviyyəsi, ümumiyyətlə Azərbaycanın dünyadakı təbliğatından söz açılacaq. “Hədəf” siyasi analiyik verilişində ölkədəki ictimai-siyasi mövzülar müzakirəyə çıxarılacaq”.

 

  1. Aslanov qeyd edib ki, tamaşaçılar ölkə və dünya iqtisadiyyatında baş verən ən vacib iqtisadi yeniliklər barədə həftəiçi 5 gün "İqtisadiyyat xəbərləri"ndən məlumat ala biləcək.

 

“Yuxarıda sadalanan verilişlərin böyük əksəriyyəti yeni studiyalardan yayımlanacaq. Çünki ötən mövsümdə olduğu kimi, yeni mövsümdə də yeni studiyalar qurulur, digərləri isə yenidən tərtib olunur. Yeniliklərdən biri də budur ki, həftəiçi 5 gün axşam saatlarında tam yeni formatda "Xəbərlər"in ingilis dilində buraxılışı təqdim olunacaq. Bununla Azərbaycan həqiqət və reallıqlarının dünyaya çatdırılması, beynəlxalq ekspertlərin ən aktual məsələlərlə bağlı münasibət və təhlilləri sayəsində ölkəmiz qlobal informasiya axınına qoşulacaq. Aparıcılardan tutumuş təqdimata qədər, ümumiyyətlə bütün sahələrdə yeniliklər bu mövsüm də davam etdiriləcək”.

 

M.Aslanov həmçinin qeyd edib ki, “İdman Azərbaycan” kanalında “Aktual idman” tok-şoularının dövriliyini sabitləşdirmək və bu proqramı hər ayın sonunda efirə vermək planlaşdırılır.

 

“Azərbaycanın əfsanəvi idmançılarına həsr olunan “İdman korifeylərimiz”, habelə beynəlxalq miqyasda tanınan əcnəbi atletlərdən bəhs edən “İdmanı sevdirənlər” başlıqları ilə portret verilişlərin yeni buraxılışları, televiziya filmləri hazırlanacaq. Müxtəlif növlər üzrə dünya və qitə çempionatları, Formula-1 turnirləri, habelə qitənin ayrı-ayrı federasiyalarının ən mötəbər yarışları, ölkəmizin milli çempionatları məhz bizim kanalda azarkeşlərə təqdim olunacaq. Sözsüz ki, futbol da il ərzində telekanalımızın efirində diqqət mərkəzində olacaq. Dünyanın ən mötəbər turnirlərindən sayılan - UEFA Çempionlar Liqası, AvroLiqa, İspaniya La-Liqası, Almaniya Bundesliqası və İngiltərə Premyer-liqasının oyunlarından reportajlar yəqin ki, azarkeşləri daha çox maraqlandırır”.

 

M.Aslanov bildirib ki, bu yarışların hər birindən canlı yayımlar əvvəlki kimi davam etdiriləcək, eyni zamanda hər bir turun yekunları “Avropadan futbol” analitik proqramlarında müzakirə olunacaq.

 

“Vaxtilə Azərbaycan Premyer-Liqasının da oyunları ilə bağlı belə bir praktika tətbiq olunurdu. Növbəti mövsümdən həmin verilişin bərpa edilməsi planlaşdırılır. Bununla bağlı Peşəkar Futbol Liqası ilə danışıqlardan sonra ilkin razılıq əldə edilib. Qeyd edək ki, planetimizdə ən çöx maraq doğuran yarışlardan biri - futbol üzrə Dünya Çempionatının yayımı 2014 və 2018-ci illərdə “İdman-Azərbaycan” kanalına həvalə edilmişdi. Növbəti mövsümün daha bir mötəbər idman tədbiri - futbol üzrə Avropa Çempionatının qrup və pley-off oyunlarının da “İdman-Azərbaycan” kanalında göstəriləcəyi gözlənilir”.

 

M.Aslanov həmçinin Mədəniyyət kanalının sentyabr-dekabr aylarınadək nəzərdə tutulmuş tədbirlər planını açıqlayıb.

 

““Bizi birləşdirən Mədəniyyət” tok-şou proqramı 19 sentyabr,  “Koroğlu” operası 24 sentyabr, “Azərbaycan Opera İnciləri” filminin təqdimatı 27 sentyabr, “Məhsəti” operasının premyerası 29 sentyabr, “Bal rəqsləri günü” 30 sentyabr, Milli parkda Avropa bəstəkarlarının əsərlərindən ibarət konsert,  “Müfəttiş”, “Premyera” verilişi 1-4 oktyabr, Azərbaycan Nəfəs Alətləri festivalı 8-13 oktyabr, II Azərbaycan Xalq Mahnıları festivalı 9 oktyabr, Xalq artisti Lütfiyar İmanovun yaradıcılıq gecəsi 15 oktyabr, Əməkdar artist Sahibə Əhmədovanın yaradıcılıq gecəsi 17 oktyabr,  Şövkət Ələkbərovanın yaradıcılıq gecəsi 18 oktyabr,  Milli Müstəqillik gününə həsr edilmiş tədbir 8 noyabr, Şövkət Məmmədovanın yaradıcılığına həsr olunmuş gecə 7-10 noyabr, II Orqan musiqi festivalı 15 noyabr,  Nərminə Məmmədovanın yaradıcılıq gecəsi 28 noyabr, Əməkdar artist Fərid Əliyevin solo konserti dekabr, Əfsər Cavanşirov adına Bənövşə ümumrespublika uşaq xoru müsabiqəsi 16-24 dekabr, Azərbaycan Vokalçılar festivalı Yeni il karnavalı dekabın sonunda nümayiş etdiriləcək”.

 

Lider TV-nin Xəbər Departamentinin rəhbəri Aynurə Vəliqızı isə bildirib ki, yeni mövsümdə 90% analitik-siyasi verlişlərə üstünlük veriləcək:

 

“Lider TV Xəbər Departamentinin istehsal etdiyi verlişlər və buraxılışlarda yeni similar olacaq. Yeni mövsümdə daha çox analitiklərə üstünlük verilib. Belə ki, bu mövsümdə Bəhruz Quliyev, Arzu Nağıyev də bizimlə işləyəcək, veriliş aparıcısı olacaqlar. Bundan əlavə saat 09:00-dan 11:00-a qədər səhər verilişi formatı altında xəbər marafonumuz olacaq. Saat 13:00, 15:00, 17:00 və 19:00-da xəbər buraxılışlarımız olacaq. Bəlkə də bu il Lider TV-nin tarixində ən çox xəbər buraxılışı olan bir dönəm olacaq. Xəbər buraxılışlarının ardından bir analitik verilişimiz olacaq. Onun ardınca “Gələcəyə doğru”, “Vətənim Azərbaycan” verilişlərimiz yayımlanacaq”.

 

A.Vəliqızı qeyd edib ki, yeni mövsümdə daha çox maarifləndirici veriliş və buraxılışlar üstünlük təşkil edəcək.

 

“Bu mövsümdə çal-çağırlı, əyləncəli verilişlərimiz demək olar ki, yox səviyyəsindədir. Ancaq bu tipli iki verilişimizi saxlamışıq. Biri “Aşıq yaradıcılığı”dır. Bu veriliş də xalq yaradıcılığını, aşıq yaradıcılığının ölməməsini əks etdirdiyi üçün yayımlanacaq. Biri də Muğam yaradıcılığına həsr olunan bir verilişimiz qalacaq. Bundan sonra bütün musiqili verilişlərimizin yayımını dayandırırq və daha ciddi, xəbər formatlı telekanal olmaq istəyirik. Biz düşünürük ki, insanlara maarifləndirici verilişlərin olması daha vacibdir, nəinki musiqili verilişlər. Bizim verilişlərimizdə bundan sonra bayağı, estrada musiqiləri yayımlanmayacaq”.

 

ARB 24 TV-nin baş prodüseri Nicat Qafuroğlu bildirib ki, yeni mövsümdə layihələrdə yenilənmə olacaq, amma konsepsual olaraq analitik verilişlər yenə üstünlük təşkil edəcək.

 

“Bizdə hələ ki yeni mövsüm üçün layihələrin anonsları hazırlanır. Buna görə də geniş açıqlama verə bilmirik”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir