Modern.az

Bizimkilər - İqtisadçı jurnalist: “Bakı merinin müavini rüşvət təklif etdi ki, onların dediyini yazım” - FOTOLAR

Bizimkilər - İqtisadçı jurnalist: “Bakı merinin müavini rüşvət təklif etdi ki, onların dediyini yazım” - FOTOLAR

4 Sentyabr 2019, 08:54

Bir müddətlik fasilədən Modern.az saytında “Bizimkilər” rubrikasına davam edirik. Bu rubrikada jurnalist həmkarlarımızdan yazır, onları oxucularla daha yaxından tanış edirik.

“Bizimkilər”in növbəti qonağı iqtisadçı jurnalist Dünya Sakitdir.

 

Dünya Sakit Tovuz rayon Vahidli kəndində doğulub, orta məktəbi həmin kənddə bitirib. 1992-ci ildə keçirilən birinci test imtahanı ilə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə qəbul olunub. O, buna görə özünü bir ömür boyu mərhum prezident Əbülfəz Elçibəyə və Vurğun bəy Əyyuba borclu sayır. Ailəlidir, 2 övladı var.  

 

- Başlayaq jurnalistikaya gəlməyinizdən... Bu sahə sizin uşaqlıq arzunuz olub, yoxsa jurnalistikaya iş tapmaq məqsədilə üz tutmusunuz?

 

-  Mətbuata gəlişim məşhur qəzetçi İrfan Sapmazın rəhbərlik etdiyi “Avrasiya” qəzetində olub. 1997-ci ilin yanvarı idi – 5-ci kursda oxuyurdum. Yataqxanada bir yerdə qaldığım yaxın rəfiqəm “Avrasiya”da jurnalist kimi işə başlamışdı, mənim iş axtardığımı bilirdi. Qəzetdə rəhbərlik elan edib ki, korrektora ehtiyac var, onun da ağlına mən gəlmişəm. Axşam saat 10 olardı, gəlib məni apardı “Azərbaycan” nəşriyyatındakı redaksiyaya. Orada Ramiz Əsgər və Sahib Alıyev məni imtahan etdilər, işimi bəyəndilər. Beləliklə, korrektor olaraq işə başladım. İrfan Sapmazın çox yaxşı bir xüsusiyyəti vardı ki, bacarıqlı adamları irəli çəkirdi. Mənim də getdikcə səlahiyyətlərim artırıldı, ikinci növbənin məsul katibi oldum. 1998-ci ildə maliyyə çətinlikləri üzündən “Avrasiya”dan ayrıldım, “Yeni Müsavat”da korrektor olaraq çalışmağa başladım.
Yazar olaraq fəaliyyətə başlamağım çox məşhur bir hadisə ilə üst-üstə düşür. 2000-ci ilin fevralı idi – xəbər redaktoru Etibar Cəbrayıloğlu bir hadisə barədə xəbər hazırlamağımı xahiş etdi. Oturub 5 dəqiqəyə yazıb verdim. Etibar yazdığımı götürüb baş redaktor müavini Şirzad Məmmədliyə göstərdi, “əsl jurnalistdir, korrektorluqda zay olub gedir” dedi. Şirzad da “ölöm, bundan sonra xırda-xırda yazılar verməyə başla” dedi. Bir neçə gündən sonra isə Rauf bəyə təqdimat edildi, o da məni səhər planlamasına çağırdı. Mən planlamaya fevralın 7-də gəldim – həmin gün redaksiya Nehrəmdən olan 200-dək insanın hücumuna məruz qaldı.  Bir müddət bütün sahələrdən yazdım, daha sonra sırf iqtisadiyyat üzrə ixtisaslaşmağa başladım.

 

- İllərdir jurnalistikadasınız, bu sahədə peşəkarlıq artıb yoxsa, azalıb?

 

- 90-cı, 2000-ci illərin əvvəlinə nəzər yetirsək, jurnalistikada peşə etikasının pozulması halları daha azdır. Bu sahədə böyük irəliləyiş var. Amma peşəkarlıq baxımından kəskin geriləmə var təəssüf ki. Bu gün hər şey xəbər üzərində qurulub, dərin analitik təhlillərə, araşdırmalara meyl edən çox azdır - əksəriyyəti də bizim nəsildən olanlardır. Sanki mətbuat yalnız hadisələr barədə xəbərçilik üzərində fırlanır, hadisələri yaradan səbəbləri araşdırmaq arxa plana keçib, əksər hallarda heç yada da düşmür.

 


- Adətən işləyən xanımlar ev işlərinə vaxt ayıra bilməməkdən şikayətlənirlər, bəs sizdə vəziyyət necədir?

 

- Həə, bu işləyən xanımların sevimli sualı olmalıdır yəqin ki… Düzünü deyim, hələ ki bu sahədə ciddi problem yaşamamışam. Əvvəla, iş rejimlərim əlverişli olub, ikincisi də vaxtı düzgün bölməyi bacarmışam, Allaha şükür ki. Məncə, hər şey vaxtı necə bölməkdən asılıdır. Hər həftə başlayanda mən onun planını hazırlamış oluram – hansı gün hansı yeməyi bişirəcəm, uşaqları nə zaman çimdirəcəm və sair. Harasa gedilməlidirsə, bunu mümkün qədər şənbə-bazar günlərinə salıram. Qəfil hadisələr, gediləcək yerlər yaranmasa, planımı həmişə nəzərdə tutduğum qrafik üzrə icra edə bilirəm. Bəlkə də bundan sonra problemlərim yarana bilər – artıq kiçik oğlum da məktəbə gedəcək bu ildən. İkisinin dərslərinə kömək etmək gündə azı 2-3 saat vaxt tələb edir.

 

- Jurnalistlər hər zaman qaça-qaçda olur, həyat yoldaşınız bundan şikayətlənir?

 

- Bu, mənim yaralı yerimdir. Yoldaşım kifayət qədər mühafizəkar adamdır. Hansısa tədbir olduğunu deyəndə, ilk sözü bu olur ki, başqa adam gedə bilməz? (gülür). Rayonlarda, yaxud xarici ölkələrdəki tədbirlərə getmək, ümumiyyətlə, mümkün deyil – uşaqlara baxmaq sarıdan. Yoldaşım uşaqlara qarşı çox qayğıkeşdir - əslində elə mənim özümə qarşı da. İşdə olmayanda – həftədə bir neçə gün onlarla qalır, yaxşı oyunlar oynayır. Uşaqlar mənimlə olanda hiss edirəm ki, darıxırlar, amma onunla olanda qətiyyən. Amma bu o anlama gəlmir ki, uşaqları hətta 1 sutkalığa belə onun yanında qoyub gedə bilərəm.

 

- Reportajları, müsahibləri jurnalist üçün çox əziz olur.  Özünüzün də dəfələrlə oxuduğunuz müsahibəniz olubmu?

 

- Mən iqtisadiyyat sahəsindən yazıram. Bu sahədə müsahibə janrı keçərli sayılmır məncə. Düzünü deyim, elə özüm də həvəsli deyiləm müsahibə almağa. Çünki qarşıdakının səsləndirdiyi fikirlərdən çoxsaylı suallar yaranır, mən onların hamısını verə bilməyəndə müsahibədən narazı qalıram. Amma reportajlarım olub. İlk reportajımı indi də xatırlayıram. 2000-ci ilin iyunu idi. Böyük Şor gölünün yanındakı gecəqondularda (indiki Olimpiya stadionu ərazisində) yaşayan bir ailənin 2 övladı yaxınlıqdakı neftli gölməçədə boğulub ölmüşdü. Gedib çətinliklə evlərini tapdım, ata-ananı danışdırdım, ailənin dəhşətli kasıblığı hələ də yadımdadır. Daha sonra qadın qul bazarından reportaj etmişdim. Mənim fikrimcə, ən yaddaqalan reportajlarımdan biri də ABŞ səfirliyinin aldığı binanın sakinləri ilə bağlıdır. O vaxt sakinlərin bir qrupu evlərinin müqabilində onlara verilməli olan 700 min dollardan yuxarı pulun yeyilməsindən narazılıq edirdilər. Bakı şəhər İcra Hakimiyyəti bir qrup jurnalisti apardı sakinlərlə görüşdürdü, məqsəd öz xeyrinə yazı hazırlatmaq idi. Amma gördüm ki, insanlara qarşı böyük haqsızlıq var, onları dinlədim və obyektiv bir yazı hazırladım. Yazı çapa getməmişdi ki, Bakı şəhər icra başçısının Eldəniz Lahıcov adlı müavini zəng vurdu, böyük həcmdə pul təklif etdi ki, məsələni onların dediyi kimi yazım. Bütün israrlara rəğmən razılaşmadım, gecə saat 11-dək redaksiyada oturdum, yazı plyonkaya çıxıb nəşriyyata gedənədək gözlədim ki, birdən kimsə dəyişər. Sonralar Eldəni Lahıcovu həmin məsələyə görə həbs etdilər, sonradan azadlığa çıxdı... İndi deyəsən ölkə xaricində yaşayır.

 


- Bir müddət jurnalistikadan uzaqlaşdığınızı bilirik, həmin dövrdə jurnalistika üçün darıxdınızmı?

 

- 2007-ci ilin yanvarından mən İqtisadi Tədqiqatlar Mərkəzində mətbuatla əlaqələr üzrə məsul şəxs, həm də “Ekspert” aylıq iqtisadi jurnalın redaktoru kimi fəaliyyətə başladım. Yəni mətbuatdan getmiş sayılmıram. Eyni zamanda araşdırmaçı jurnalistlər üçün keçirilən müsabiqələrin qalibi oldum, xeyli sayda araşdırmalarım, tədqiqatlarım oldu. İTM-də mənim iqtisadi biliklərim çox genişləndi, tədqiqat aparmağı, analizlər etməyi, təhlillər qurmağı  daha dərindən öyrəndim. 2013-cü ildə analıq məzuniyyətinə çıxdım, vətəndaş cəmiyyətində ciddi problemlər yarandı, faktiki olaraq işsiz qaldım. 2016-cı ildən “Qafqazinfo”da təhlil yazılarıyla çıxış etməyə başladım, 2017-ci ilin oktyabrından isə “ata evi”nə - “Yeni Müsavat”a qayıtdım…

 

- Sizin jurnalistikaya başladığınız dövrlə hazırki dövr arasındakı fərqləri nələrdə görürsünüz?

 

- Bizim jurnalistikaya gəldiyimiz illərdə bu sahə qaynar qazana bənzəyirdi. Senzura vardı, hər axşam plyonkalar “Qlavlit”ə aparılırdı, səhifələr bəzən ağ çıxırdı. Amma insanların ruhu azad idi, düşündüyünü, səni narahat edən problemləri ən müxətlif dillə qələmə ala bilirdin. İndi sanki hər kəsin içində bir “Qlavlit” oturub, nəsə sərt bir fikir yazmaq istəyəndə dərindən düşünməli olursan: özünü deyil, ilk növbədə çalışdığın kollektivi düşünürsən. Təcrübə göstərir ki, bir səhv addım böyük bir kollektivin işsiz qalmasına gətirib çıxara bilər. Bu, çox sıxıcı haldır, insanın ruhu sıxılır, işləmək həvəsi ölür. Bəlkə də elə buna görə mətbuatda  əvvəlki səviyyədə araşdırmaları, təhlilləri görə bilmirik, hər şey yeknəsəkdir, cansıxıcıdır… Bu şəraitdə fərqli nələrisə tapıb yazmaq böyük məharətdir məncə. Bir sıra saytlar, qəzetlər bunu edə bilirlər. Çalışdığım “Yeni Müsavat” qəzeti, sizin saytınız və sair. Yəni məhdud imkanlar çərçivəsində də işləmək, nələrisə cəmiyyətə çatdırmaq hələ ki mümkündür.

 

- İqtisadiyyatdan yazırsınız, iqtisadiyyatdan yazan jurnalistlərin peşəkarlıq səviyyəsi qaneedicidir?

 

- Bizim nəsil iqtisadiyyat yazarlarının əksəriyyəti hazırda müxtəlif dövlət qurumlarında, yaxud biznesdə çalışır. Az sayda qalmışıq. Deyərdim ki, peşəkar iqtisadi yazılar da elə bizimkilərə məxsus olur əksər hallarda. Çox az sayda yeni yetişən jurnalistlər var ki, nələrisə öyrənməyə çalışırlar. Bu sahədə ciddi irəliləyişləri olanlar da var. Yəni hələ tam ümidsizlik deyil.

 


- Yaxın qohumlarınızdan da jurnalist olanlar var, bir yerə toplaşanda jurnalistika barəsində müzakirələriniz olur?

 

- Mənim 2 bacım 20 ildir peşəkar jurnalistikadadır. Əlbəttə ki, bir yerə yığışanda bu sahədəki önəmli hadisələri, məsələləri müzakirə edirik. Amma deyim ki, yığışmasaq da istər-istəməz söhbətimizin bir qolunu mətbuatla bağlı məsələlər təşkil edir. Bu, az qala həyat normasına çevrilib bizim üçün.

 

- Uşaqlarınızın tərbiyəsində, təhsilində nələrə diqqət edirsiniz?

 

- İki oğlum var – 5 və7 yaşında. Onların tərbiyəsində ilk diqqət etdiyim məsələ məsuliyyətli olmalarını aşılamaqdır. Oğlan uşaqları üçün bu, ən önəmli amildir məncə. Söhbət hər sahədə məsuliyyətli olmaqdan gedir – oyunlardan tutmuş digər uşaqlarla münasibətlərinə, məktəbdə, qohumlar arasında davranışlarına qədər. Desəm ki, buna tam nail oluram, səhv olacaq. Hərəsi bir sahədə daha məsuliyyətlidir, başqasında daha az. Amma düşünürəm ki, yaşları artdıqca, nəticələr daha yaxşı olacaq. Təhsilə gəlincə,  indiki orta məktəb proqramlarında dərs yükü həddindən artıq ağırdır. Hüseyn 2 ildir başlayıb, çalışıram ki, heç olmasa orta səviyyədə mənimsəyə bilsin dərslərini. Heç birindən bacardığından artıq, fövqəladə nəsə gözləntim yoxdur. Təhsillə bağlı xüsusilə basqı, təzyiqlə nəyəsə nail olacağımı zənn etmirəm. Sadəcə, hər ikisinin mümkün qədər çox məlumatlı, savadlı olmalarını istəyirəm.Onların öz həyatları barədə qərar vermək potensialları yoxdur hələ. Bu potensial formalaşanadək çalışacam ki, təhsil almağın faydalarını başa salım. İnşallah ki, nail ola biləcəm…

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?