Modern.az

İsgəndər Həmidov Türkiyədən qayıdıb Xalq Hərəkatının qurultayını keçirəcək

İsgəndər Həmidov Türkiyədən qayıdıb Xalq Hərəkatının qurultayını keçirəcək

Aktual

5 Sentyabr 2019, 16:58

Bu il yanvarın 19-da keçmiş daxili işlər naziri, Milli Azadlıq Hərəkatının liderlərindən olan İsgəndər Həmidovun rəhbərliyi ilə yaradılmış Azərbaycan Xalq Hərəkatı dağılmağa doğru gedir. Hərəkat haqqında bu cür iddiaların ortaya atılmasına səbəb bəzi siyasətçilərin təşkilatı tərk etmələridir. Artıq “AĞ Partiya” sədri Tural Abbaslı, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev və Sosial Ədalət Partiyasının (SƏP) sədri Mətləb Mütəllimli AXH-ni tərk ediblər.

Qeyd edək ki, Xalq Hərəkatı üç qola ayrılmışdı. Hərəkatın bir qoluna İsəgəndər Həmidov, digərinə Tural Abbaslı, üçüncü qoluna isə Azadlıq Partiyasının sədri Əhməd Oruc rəhbərlik edirdi.

AXH-nin İsgəndər Həmidov qolunun təmsilçisi olan Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Modern.az-a açıqlamasında bildirib ki, bu ay hərəkatın qurultayı keçiriləcək:

“AXH 2019-cu ilin yanvar ayında ilk yığıncağını keçirəndən sonra təşkilati məsələlərə baxılıb və iki dəfə məclis keçirilib. Bu il sentyabr ayının sonu, oktyabrın əvvəlində isə Xalq Hərəkatının qurultayını keçirəcəyik.  Artıq qurultaya hazırlıq üzrə təşkilat komityəsi yaradılıb, fəaliyyətdədir.

AXH təsisçisi İsgəndər Həmidov hazırda Türkiyədə müalicədədir. Bu günlərdə onun əməliyyat olunması ehtimalı var. Əməliyyat olmasa belə, mütləq müəyyən prosedurlardan keçəcək. O, ayın təxminən 10-15-i arası Azərbaycana qayıtmalıdır. AXH sədri də ilk qurultayda iştirak edəcək və aktiv siyasi fəaliyyətə qayıdacaq”.


F.Əliyev onu da əlavə edib ki, Xalq Hərəkatının qurultayında yeni təkliflər, cəmiyyətə xüsusi mesajlar səsləndiriləcək:

“Bir nəfərlə Xalq Hərəkatı mümkün olmaz. Artıq Tural Abbaslı, Əli Əliyev, Mətləb Mütəllimli hərəkatı tərk ediblər. Düzünü desəm, onların addımları bizim üçün əvvəldən də əhəmiyyətli deyildi. Bundan sonra da maraqlı deyil ki, Əhməd Oruc da hərəkatdan çıxacaq, ya da hansısa addımlar atacaq. İstənilən halda biz öz fəaliyyətimizi davam etdirəcəyik”.

AXH-nin tərkibindən ayrılma səbəbləri haqqında danışan Tural Abbaslı isə düşünür ki, həmin təşkilatın bünövrəsi düzgün qurulmayıb:

“Doğrudur, AXH ilə yollarımızı ayırmışıq. Bundan sonra hərəkatın durumu necə olacaq, bir söz deyə bilmərəm. Bəlkə də hərəkatda qalan digər şəxslər bunu ümumi layihə halına gətirə biləcəklər.

Yollarımızı ayırmaq səbəblərinə gəlincə, bilirsiniz, hərəkat yaradılanda əvvəldən nələrsə düz getmirdi. Ona görə, təməli yaxşı qurulmayan hər təşkilat kimi Xalq Hərəkatı da özünü doğrultmayıb. Amma dediyim kimi, bundan sonra necə olacağı barədə bir söz deyə bilmərəm. Təşkilat ayağa qalxa da bilər, sıradan da çıxar. Hər halda biz həmin prosesdə iştirak etməyəcəyik. Dəyişəni zaman göstərəcək”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?