Modern.az

Şəhid İlqar Verdiyevin “Sonuncu zəng”i - Səfər Əbiyevin qəzəbinə tuş gələn mayor - FOTOLAR

Şəhid İlqar Verdiyevin “Sonuncu zəng”i - Səfər Əbiyevin qəzəbinə tuş gələn mayor - FOTOLAR

6 Sentyabr 2019, 08:57

Nazir onu niyə Mətbuat xidmətindən cəbhə bölgəsinə göndərmişdi…

Modern.az
 saytında şəhidlərimizlə bağlı olan “Sonuncu zəng” rubrikasına davam edirik. Rubrikamızda vətən uğrunda canlarından keçib şəhidlik zirvəsinə ucalan oğul və qızlarımızın ailəsi və yaxınlarıyla sonuncu zəngi, telefon danışığı, son görüşü haqqında danışılır.

 

Rubrikanın növbəti təqdimatı Müdafiə Nazirliyində mətbuat xidmətinin rəis müavini işləmiş, sonradan isə Goranboydakı hərbi hissənin mühəndis-istehkam bölüyünün komandiri kimi xidməti vəzifəsini cəbhə bölgəsində yerinə yetirmiş və orada minaya düşərək şəhid olmuş mayor İlqar Verdiyevə həsr olunur.

 

Arayış:   İlqar Tapdıq oğlu Verdiyev 1975-ci il oktyabrın 31-də Bakıda anadan olub. Uşaqlıqdan hərbçi olmaq arzusunda olan İlqar 8-ci sinfi bitirdikdən sonra Cəmşid Naxçıvanski adına Hərbi liseyə daxil olub. 1990-cı ilin 20 yanvar hadisələrindən sonra məktəbdən imtina edib. Lakin 1992-ci ildə əmisi oğlu Xəlil Verdiyevin Qarabağda şəhid olması xəbərini alandan sonra yenidən orduya qayıtmaq qərarına gəlib. O, 1992-ci ildə Azərbaycandan Türkiyənın paytaxtındakı “Kara Harb Okulu”nda təhsil almaq üçün göndərilən ilk hərbçilərdən olub. Azərbaycana qayıtdıqdan sonra mühəndis-istehkamçı kimi bir neçə hərbi hissədə xidmət edib. Orada təhsil alarkən ingilis dilinə və kompüter proqramlarına mükəmməl yiyələnib. Qazandığı biliklər onu Müdafiə Nazirliyinə, qurumun mətbuat xidmətinə gətirilməsinə səbəb olur.


İ.Verdiyev Müdafiə Nazirliyində mətbuat xidmətinin rəis müavini işləyərkən jurnalistlərlə  əməkdaşlığına görə müsbət imic qazanmışdı. O, mayor hərbi rütbəsinədək yüksəlmişdi..

İ.Verdiyev bir müddət Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi vəzifəsini də icra edib.

Hərbi xidmət illərində "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi" yubiley medalı və "Qüsursuz xidmətə görə" üçüncü dərəcəli medalı ilə təltif edilib.

Uzun müddət nazirlikdə çalışdıqdan sonra mayor İlqar Verdiyev 2008-ci ildə müdafiə naziri Səfər Əbiyevin əmri ilə rütbəsi aşağı salınmaqla, kapitan kimi cəbhə bölgəsinə bölük komandiri vəzifəsində xidmət etməyə göndərilib.

2012-ci il iyunun 9-dan 10-na keçən gecə mühəndis-istehkam bölüyünün komandiri kapitan İlqar Verdiyev cəbhənin Goranboy rayonu istiqamətində minaya düşür. Yaralı zabiti Ağdamdakı hospitala yerləşdirirlər. İ.Verdiyevin sağ qolu amputasiya olunur.
Vəziyyəti ağır olduğundan ayın 14-də İlqarı Bakıya, Silahlı Qüvvələrin Mərkəzi Hərbi Kliniki Hospitalına göndərirlər. Burada həkimlərin səyinə baxmayaraq, komadan ayılmır.
Cəmi 36 illik ömrünün 20 ilini orduda keçirən İlqar Verdiyev 2012-ci ilin iyunun 14-də şərəfli şəhidlik zirvəsinə yüksəlib...

İlqar Verdiyev 15 iyun 2012-ci ildə Şüvəlan qəsəbəsindəki qəbirstanlıqda torpağa tapşırılıb.

Mərhum zabir ailəli idi, Kamran və Orxan adlı iki oğlu, Əminə adlı bir qızı yadigar qalıb.

 

Modern.az-ın İlqar Verdiyevlə bağlı suallarını şəhidin anası Rəna xanım cavablandırıb.

 

İlqargil əslən Tovuz rayonundandılar. Rəna xanım əri Tapdıq Verdiyevlə ailə qurub və Bakıda yaşayıblar. İlqar da 1975-ci ildə Bakıda doğulub. O, ailənin ilk övladı idi.

 

Şəhidin anası:

 

“İlqar 8-ci sinifə qədər 129 saylı orta məktəbdə oxuyub. 8-ci sinifdən hərbi liseyə qəbul olundu. Mən onun hərbçi olmağına razı deyildim. Öz istəyi ilə getmişdi, amma 1990-cı ildə 20 yanvar hadisəsi zamanı ordan çıxdı. Deyirdi ki, “ordu  millətimizi qırdı, hərbçi olmaq istəmirəm”.
Qayıdıb orta məktəbi oxudu və sonra yenə dedi ki, “mən hərbçi olacam, hərbi təhsilimi davam etdirəcəm”. Onda onun 15-16 yaşı var idi. 1992-ci il idi… Azərbaycandan ilk dəfə Türkiyəyə köndərilən kursantlar arasında İlqar da vardı”.  


İlqarın hərb sənətinə uşaqlıqdan meyli olub. Anasının sözlərinə görə, uşaq vaxtı o, taxtadan silah, qumbara və digər hərb alətləri düzəltməyə çalışırdı:

 

“Bizim ailədə bir nəfər hərbçi olmayıb. Atam ziyalı bir adam idi. İlqar 7-də oxuyanda atam ona dedi ki, “görürəm hərbə yaman marağın var. Qazaxdan Əliağa Şıxlinski çıxıb, Tovuzdan da sən çıxarsan”.

 

1996-cı ildə İlqar Türkiyədə hərbi təhsilini başa vurub qayıdanda bizim evə oradan “Təşəkkürnamə” məktubu gəlmişdi. Məktubda savadlı və tərbiyəli övlad yetişdirdiyimiz üçün bizə öz təşəkkürlərini bildirirdilər. İlqar təcrübəsini Şimali  Kiprdə keçib gəldi. Soruşdum ki, indi sənin ixtisasının tam adı nədir? Dedi ki, mühəndis-istehkamçı. Mən gənc yaşlarımdan hərbə dair çoxlu mütaliəylə məşğul olmuşdum, ona görə də bu ixtisasın çətinliyini bilirdim. Oxuyub bitirəndən sonra İlqarın təyinatı Səngəçala verildi”.

 


Anası deyir ki, İlqar Verdiyev Türkiyədə oxuduğu vaxtlarda Müdafiə Nazirliyinin mətbuat xidmətinin o zamankı rəhbəri Ramiz Məlikov tez-tez qardaş ölkəyə gedib-gəlirdi. Ramiz Məlikov Türkiyədə Azərbaycandan gedən kursantları, zabitləri ziyarət edirmiş. Həmin dönəmlərdə Ramiz Məlikov İlqar Verdiyevə öz avtoqraflı kitabını hədiyyə edib. Və İlqarla Ramiz Məlikovun yaxınlığı belə başlayıb.

 

İlqar Verdiyev Türkiyədəki təhsilini başa vurub gələndə 2-3 aylığa Müdafiə Nazirliyinə ezam olunub.

 

Rəna xanım:

 

“İlqar Müdafiə Nazirliyinə gələndə Ramiz Məlikovla rastlaşıb və bildirib ki, onların Türkiyədən tanışlığı var. O, həmin 2-3 ay ərzində Ramiz müəllimin nəzarəti altında olub. İlqar rus, ingilis, türk dillərini və kompüter proqramlarını mükəmməl bilirdi. O dövrlərdə dil və kompüter bilənlər çox az idi. İlqar ana dilinin bütün ədəbi normalarını da dərindən bilirdi. Kompüter proqramlarını o qədər yaxşı bilirdi ki, türklər ona “kompüter canavarı” adını vermişdilər.

 

Həmin vaxtda Ramiz Məlikov nazirlə görüşündə İlqarı göstərib və deyib ki, bizim belə bir bacarıqlı işçiyə ehtiyacımız var. Ramiz müəllimin sözüylə İlqarı nazirliyin mətbuat xidmətinin zabiti kimə xidmətə götürmüşdülər”.

 

İlqarın evlilik yaşı çoxdan gəlib çatsa da, ailəsinin ona göstərdiyi heç bir qızı qəbul etmirmiş. Anası Rəna xanım həmin dönəmlərdə Xəzər Dəniz Neft Donanmasında mühəndis işləyirmiş. 1996-cı ildə Rəna xanımın işlədiyi şöbəyə Dilarə adında yeni xanım işçi gəlir. Üstündən bir neçə il keçir… Rəna xanım həmin qızı oğlu İlqara göstərir və 2002-ci ildə İlqar həmin xanımla ailə həyatı qurur.

İlqarın 2 oğul övladı doğulur. Dünyasını dəyişən baldızı qızını da övladığa götürür, öz balası kimi saxlayır. İndi həmin qızın - Əminənin və İlqar Verdiyevin böyük oğlu Kamranın 17 yaşı var. Balaca oğlu isə bu il 8-ci sinifə gedəcək.

 


Şəhidin anası:

 

“Ramiz müəllim xəstələnəndə İlqar onu əvəz edirdi. Ramiz müəllim qızının toyu olan gün infarkt keçirdiyindən xəstəxanaya yerləşdirilmişdi. Toyun səhəri ayılan Ramiz müəllim İlqarı yanına çağırıb, olanları soruşub. İlqar isə “narahat olmayın Ramiz müəllim, toyu yaxşı yola verdik. Siz sağalmağınıza baxın, özünüzə diqqət edin” deyib. Ramiz müəllimin qızının toyu günü İlqar evə gecə saat 4-də gəldi. Dedim “ay bala, toy yiyəsi sənsənki, bu vaxt niyə gəlirsən evə?”. Cavab verdi ki, “ana, Ramiz müəllim infarkt keçirib, toyun işlərini biz həll edirdik”. İlqarla bərabər, Vaqif Dərgahlı da həmin gün toyun işlərinə çox kömək olub”.

 

İ.Verdiyev düz 1 il müddətində Ramiz Məlikovu əvəz edir. Bütün işlərin öhdəsindən ustalıqla gəlməyi bacarır.

Rəna xanımın sözlərinə görə, onun işindəki uğuru nazirlikdəki bəzi insanları narahat etməyə başlayır.

 

2008-ci il… Onda Müdafiə Nazirliyində Mətbuat xidmətinin yeni rəhbəri vardı…


Rəna Verdiyeva:

 

“Həmin vaxtlar Müdafiə Nazirliyində mətbuat konfransı keçirilirmiş. Hansısa müxalifyönlü qəzetin Sərdar Əlibəyli adlı müxbiri də mətbuat konfrasında iştirak edirmiş. Bundan xəbər tutan Mətbuat xidmətinin yeni rəhbəri Eldar Sabiroğlu o vaxtkı müdafiə naziri Səfər Əbiyevin yanına gedir və oğlum İlqarın müxalifətçi olduğunu bildirir. Mənim balama böhtan atılır.
Mətbuat konfransı açıq qapı idi, bütün jurnalistlər orda iştirak edə bilərdi. Bu, sadəcə İlqarın nazirlikdən atılması üçün bir böhtan idi. Çox sonralar həmin müxalifyönlü qəzetin müxbiri peşmançılıq hissini bizə bildirdi. Dedi ki, “mətbuat konfrasında iştirak etməsəydim, heç belə olmazdı, kaş ayaqlarım sınaydı, amma orda iştirak etməyəydim”.
Məni bir ana olaraq yandıran bilirsiniz hansı söz idi?! Eldar Sabiroğlu ona demişdi ki, “sən cəbhəyə gedib, öz cəzanı çəkəcəksən!”. Mən başa düşə bilmirəm, cəbhə xətti cəzaçəkmə məntəqəsidi?! Belə çıxır ki, cəbhədə olan əsgərlərimiz, zabitlərimiz ora cəza çəkməyə gedirlər?!

İlqarın heç kəslə işi olmazdı. O, çox saf, təmiz qəlbli insan idi. Bizə heç nə demirdi, amma işdəki çətinliklərini Ramiz Məlikovla bölüşərdi. Ramiz müəllimə deyibmiş ki, Mətbuat xidmətinə yeni rəis təyin olunan Eldar Sabiroğlu ona gün verib, işıq vermir. Axı mənim oğlum kimə nə etmişdi?! Lakin mən Allahımdan razıyam. Haqsızlıq elə bir şeydir ki, ona dözmək qeyri-mümkündür. Kimsə kiməsə böhtan atırsa, haqsızlıq edirsə, bəlkə də o işin üstü gec açılır, cəzasını gec çəkir. Amma Allah İlqara edilən haqsızlığın bədəlini tez ödətdi.

Sadəcə 7 il… 7 il sonra Eldar Sabiroğlunun öz doğma balası müxalifətçi adı aldı və ata öz oğlundan imtina etdi, oğluna həsrət qaldı. Amma mənim oğlum vətəni uğrunda şəhid oldu, İlqarın övladlarının  alnı açıq, üzü ağdı”.

 


Anasının sözlərinə görə, İlqar Verdiyev əsgərlərinə qarşı olduqca diqqətcil və nəzakətli biri zabit olub:

 

“2012-nin may ayı idi… İlqar məzuniyyətə gəlmişdi, vaxtı ertəsi gün tamam olurdu və cəbhəyə qayıdacaqdı. Həyətdəki söyüd ağacının yanında durmuşdu, mən də iş görürdüm. Birdən məni səslədi. Dedim ki, hə, ana qurban, nolub? Dərin bir ah çəkdi, köks ötürdü, dedi heç nə. İndi də özümə bağışlaya bilmirəm ki, mən niyə ondan problemini soruşmadım. Qapıdan çıxa-çıxda qardaşı Azərə dedi ki, əgər mənə nəsə olsa, ailəm, uşaqlarım sənə əmanətdi”.

 

1 ay keçir… İlqar qardaşının nişanı ilə əlaqədar tez-tez anasına zəng edib “niyə elçiliyə getmirsiniz, niyə tələsmirsiniz?” deyir:

 

“İyun ayı idi. Gecə İlqara nə qədər zəng etsək də, telefona cavab vermirdi. Çox narahat idim. Qardaşı Azər ard-arda yığırdı. Gecə saat 12 olardı. İlqar telefonu açdı və bir kəlmə “Azər, indi danışa bilmirəm, baş qarışıqdı, mən özüm sənə yığacam” deyib telefonu söndürdü. Həmin zəng İlqarın son zəngi oldu. Sən demə gecə minaları təmizləyirmişlər.

İlqar və daha 2 həbçi gecə yarısı minaları təmizləyirmişlər. İlqar minanı aşkara çıxaran aparatla öndə hərəkət edirmiş. Orada yoldaşları ilə birgə minaya düşür və beləcə həm qolunu itirir, həm də ağciyəri zədələnir. Yağış yağanda torpağın üstü açıldığı üçün minalar yerini dəyişə bilir, onların da minaya düşmə səbəbi elə həmin gecə yağışın yağması idi.

Biz günortadan sonra saat 4-də oğlum Samir üçün elçiliyə getmişdik. Birdən digər oğlum Azərə zəng gəldi və o, telefonu hirslə divara çırpdı. Xəbəri bilən kimi özümüzü hospitala çatdırdıq. İlqarın üzü qapqara qaralmışdı, bir qolu yox idi. Onu elə görən kimi çığırdım, ağladım və özümdən getdim. İlqar həmin an gözünü açıb və atasına “ata, anam şəkərdi, denən iynəsini vurdursun” deyib.

İlqarın son sözü məhz bu olub. Sonra gözlərini yumub və 5 gün komada qaldı. Həkimlər deyirdi ki, 2 gün də dözsə, İlqar bizimdi. Lakin İlqar dözmədi, 5-ci günündə dünyasını dəyişdi”.

 

2014-cü ilin avqustunda Azərbaycan Prezidentinin sərəncamı ilə ölümündən sonra İlqar Tapdıq oğlu Verdiyev "Hərbi xidmətlərə görə" medalıilə təltif olunub.

Döyüş medalını Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev şəhidin 11 yaşlı oğlu Kamranın yaxasına taxıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir