Modern.az

Politoloq: “Bu xidmət Türkiyənin deyil, ABŞ-ın maraqlarına xidmət edir”

Politoloq: “Bu xidmət Türkiyənin deyil, ABŞ-ın maraqlarına xidmət edir”

8 Sentyabr 2019, 14:01

“Türkiyə və ABŞ hərbçiləri Suriyada Fərat çayının şərqində ortaq hərbi patrula başladılar. İki ölkə arasında uzun sürən danışıqlar bu şəkildə yekunlaşdı. Ancaq bu ortaq hərəkat tam olaraq Türkiyənin maraqlarına xidmət edirmi? Çətin”.

 

Modern.az xəbər verir ki, bu barədə “Atlas ” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu danışıb.

 

O bildirib ki, Türkiyə Suriya ərazisində - Fərat çayının şərq hissəsində hərbi əməliyyata uzun müddət hazırlaşırdı.

“Çünki həmin ərazidən Türkiyəyə təhlükə var, PKK uzantıları Fərat çayının şərqinə sahibdilər və bu Türkiyə üçün böyük təhlükə yaradır. Ona görə də Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan və müdafiə naziri Hulusi Akar hələ aylar öncəsi Fərat çayının şərq hissəsində əməliyyata başlayacaqlarının anonsunu vermişdilər. Ancaq təkbaşına əməliyyat Türkiyəyə problem yarada bilərdi. Fərat çayının şərqində ABŞ-ın azsaylı silahlı qrupları da məskunlaşıb və onlar PKK uzantılarını özlərinə müttəfiq seçiblər. Əgər Türkiyə ordusu təkbaşına əməliyyata başlasaydı, bu Türkiyə hərçiləri ilə ABŞ hərbçiləri arasında toqquşma ehtimalını artırardı, bunu isə nə Ankara, nə də Vaşinqton istəyirdi. Buna görə də iki dövlətin diplomatları və hərbçiləri arasında danışıqlar başladı və sonda tərəflər belə bir razılaşma əldə etdilər ki, birgə əməliyyata başlasınlar”.

 

Politoloq sözlərinə görə, bu əməliyyatın uzun ömürlü olacağını və Türkiyənin maraqlarına cavab verəcəyini söyləmək mümkün deyil.

“Birincisi, ortaq partul xidmətinə baxmayaraq, ABŞ terrorçu müttəfiqlərindən imtina etməyib. Türkiyəni məqsədi isə Fərat çayının şərq hissəsinin dərinliklərinə gedərək terror təhlükəsini neytrallaşdırmaqdır. Amerika isə Türkiyəyə öz müttəfiqlərini neytrallaşdırmağa imkan verməyəcək. Həm də əməliyyatdan öncə Penqaton PKK uzantılarının sərhəddən geri çəkilməsini təmin edib ki, bu müvəqqəti xarakter daşıya bilər.

İkincisi, ümumən Türkiyənin ABŞ-la Suriyadakı maraqları üst-üstə düşmür. Türkiyə Bəşər Əsəd rejimini qəbul etməməsinə baxmayaraq, sərhədlərinin qonşusu tərəfdən güvənilir olması şərtilə Suriyanın ərazi bütövlüyünün təmin edilməsini istəyir, Vaşinqton isə tam tərsinə müttəfiqləri kürdlərin müstəqil bölgə vasitəsilə Dəməşqə gələcəkdə təzyiq etməsində maraqlıdırlar.

Üçüncüsü, Türkiyə Rusiya və İranın iştirakı ilə Astana prosesində iştirak edir. Amerika bu prosesin əleyhinədir, ən azı İranın Suriyadakı varlığını qəbul etmir. Türkiyənin eyni zamanda həm Astana prosesini davam etdirməsi, həm də uzun müddət bu prosesin əleyhdarı olan Amerika ilə ortaq patrul xidməti aparması problematikdir. Digər tərəfdən Tehran və Moskva Suriyada Ankara-Vaşinqton birliyinə əngəl yaratmağa çalışacaqlar. Elə Vaşinqtonun Suriyada ortaq patrulda məqsədi bu yolla Türkiyə ilə Rusiya və İran arasındakı münasibətlərdə soyuqluq yaratmağa çalışmaqdır.

Dördüncüsü, Türkiyə ilə Amerika arasında gərginlik yaradan xeyli mövzu var. Amerika Türkiyədə 2016-cı ildə hərbi çevrilişən cəhd edən Fətullah Güləni Türkiyəyə ekstradiya tələbindən imtina edir, Türkiyəyə “Partiot” raketləri satmaqdan vaz keçib, Türkiyənin 1 milyard dollar ödəməsinə baxmayaraq, F-35 hərbi təyyarələrini də satmır. Münasibətlərdə bütün bunlar varkən yalnız bir seqmentdə - Suriyada ortaq patrul xidmətinin uğur qazanacağını proqnozlaşdırmaq mümkün deyil. Bu əməkdaşlığın uğur qazanması üçün ABŞ-ın PKK və onun uzantıları ilə əməkdaşlıqdan imtina etməsi lazımdır ki, yaxın perspektivdə bu mümkün görünmür”.

 

E.Şahinoğlu bildirib ki, əslində hazırki ortaq patrul xidməti Türkiyənin deyil, ABŞ-ın maraqlarına xidmət edir.

“Ortaq patrul xidməti Türkiyənin təhlükəsizlik problemlərini həll etmir, bir müddətə təxirə salır. Amerika isə ortaq patrul xidməti vasitəsilə Türkiyənin Fərat çayının şərqində təkbaşına hərbi əməliyyatının qarşısını alır, bu yolla terrorçu müttəfiqlərini qorumuş olur”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...