Modern.az

Tarixdə iz qoyanlar - Salman Mümtazı necə “xalq düşməni” etdilər...

Tarixdə iz qoyanlar - Salman Mümtazı necə “xalq düşməni” etdilər...

Ədəbi̇yyat

12 Sentyabr 2019, 08:04

Modern.az saytında “Tarixdə iz qoyanlar” rubrikasının növbəti yazısını təqdim edirik.

Rubrikamızda vaxtilə Azərbaycanda məşhur olmuş adlı-sanlı simalar barəsində arxivlərimizdə toz basmış materiallara işıq salınacaq. Tariximizdə iz qoymuş bu şəxslər bəlkə də yaşlı nəslin yadından çıxmayıb, amma orta və gənc nəsil onlar haqqında ya çox az bilir, ya da məlumatlı deyil.

Bu səbəbdən də arxivlərdə qorunan materialların dərc olunması kimlər üçünsə gərəkli sayıla bilər. 

Milli ədəbiyyatımızın tanınmasında böyük xidmətləri olmuş Salman Mümtaz ömrünü Azərbaycan klassik şairlərinin əsərlərinin, aşıq poeziyası və xalq folklor nümunələrinin toplanmasına və nəşrinə sərf edib. Bu il anadan olmasının 135 illiyini qeyd etdiyimiz görkəmli mətnşünasın həyat və yaradıcılığının xronologiyasını qısa da olsa bir daha gözdən keçirmək istərdik.


Şəkinin Gəncəli məhəlləsində 20 may 1884-cü ildə tacir ailəsində göz açan Salman Məmmədəmin oğlu Əsgərov ilk təhsilini Aşqabadda alıb. Atası Məmmədəmin Məşhəd ziyarətindən qayıdarkən yolunu Aşqabaddan salaraq,  özünə böyük torpaq sahəsi alıb yurd salır və karvansaray, dəzgah, mülk sahibi olur. Ailəsini yanına gətirməyə hazırlaşdığı bir ərəfədə - 1887-ci ildə 32 yaşında ağciyər iltibahından vəfat edir. 1900-cu ildə anası Məşədi Zəhra xanım iki oğlu və qardaşları ilə Aşqabada köçür və həyat yoldaşından qalan varidatı idarə etməyə başlayır. Uşaqlarının gələcəyini düşünən qadın iri bir sandıq alıb onu qızılla doldurur. Sonralar Salman Mümtaz məhz bu pulların sayəsində bir çox xeyriyyə işlərinə, o cümlədən, Azərbaycan şairlərinin əlyazmalarının toplanması işinə imza atır.


Kiçik yaşlarında Mirzə Ələkbər Sabirlə görüş ona ədəbiyyatı sevdirir. Elmə böyük marağı olan Salman Mümtaz 22 yaşınadək rus, ərəb, fars və urdu dillərini mükəmməl öyrənir. Şərqin bir çox klassik şairlərinin əsərlərini dönə-dönə oxuyur və əzbərləyir.


1908-1909-cu illərdə “Molla Nəsrəddin” və dövrün bir çox nəşrləri ilə əməkdaşlıq edən Salman Mümtaz  “Xortdan bəy”, “Sağsağan” kimi imzalarla yazılar çap etdirirdi. Gördüyü işlərdə həmişə Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Mirzə Cəlildən mənəvi dəstək görən S.Mümtaz “Molla Nəsrəddın”in imperiyanın bir çox bölgələrində yayılmasında zəhməti olmuşdu.


1913-cü ildə Salman Mümtaz ilk kitabı olan “Seyid Əhməd Hatif İsfahaninin tərcibəndi və tərcümeyi-halı”nı Mirzə Cəlilin Tiflisdə fəaliyyət göstərən   “Qeyrət” mətbəəsində nəşr etdirir.


Cümhuriyyətin yaranması ərəfəsində o, ailəsi ilə birlikdə Bakıya köçərək, “Azərbaycan” qəzetində jurnalist kimi fəaliyyət  göstərir. Qəzetdəki fəaliyyəti ilə yanaşı, Azərbaycan klassiklərinin yaradıcılığı ilə bağlı sənədlərlə maraqlanmağa başlayır. 1919-cu ildə “Yaşıl qələm” ədəbi cəmiyyətinin üzvü olan S.Mümtaz  cəmiyyətin normal fəaliyyət göstərməsi üçün çox böyük həvəslə maddi yardımlar edir.


Sovetləşmədən sonra da öz ədəbi fəaliyyətini davam etdirən Salman Mümtaz 1920-1925-ci illərdə Azərbaycanı qarış-qarış gəzərək, öz şəxsi vəsaiti hesabına 200-ə yaxın kitab, əlyazma və məqalə toplamağa nail olur və “Kommunist” qəzetində “Unudulmuş   yarpaqlar” adı  altında silsilə məqalələr dərc etdirir. Elə bu dövrdə onun rəhbərliyi ilə Azərbaycan ədəbiyyatının bərpası komissiyası təşkil olunur.


Azərbaycan ədəbiyyatının qızğın tədqiqatçılarından biri olan Salman Mümtaz bu illər ərzində ədəbiyyat tarixinə dair 15, xalq yaradıcılığına dair 2 əsər yazıb. İmadəddin Nəsimi, Molla Pənah Vaqif, Qasım bəy Zakir, Mirzə Şəfi Vazeh və başqalarının əsərlərinin ilk dəfə külliyyatlarını məhz o nəşr etdirib. Onun “Nəsimi” adlı monoqrafik kitabı 1926-cı ildə Bakıda keçirilən I Türkoloji qurultay iştirakçılarının böyük marağına səbəb olur. 1934-cü ildə isə Moskvada keçirilən sovet yazıçılarının I qurultayında onun Mirzə Şəfi Vazehin ədəbi irsinin öyrənilməsindəki xidmətlərini öz məruzəsində Məmmədkazım Ələkbərli xüsusi olaraq qeyd etmişdir.



Salman Mümtaz Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunun kapitalizmə qədər olan dövr üzrə Azərbaycan ədəbiyyatı bölməsinin müdiri (1929-1932), Azərbaycan Dövlət Muzeyinin elmi işçisi (1932-1933) olub. Görkəmli mətnşünas eyni zamanda, həm “Azərnəşr”in klassik irs şöbəsinin müdiri (1933-1936), həm də SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının ədəbiyyat bölməsinin elmi işçi, daha sonra müdiri vəzifəsində çalışıb (1933-1937).


Lakin 1937-ci ilin qanlı repressiya burulğanı bu ziyalı insandan da  yan keçmədi. Onu “Bakinskiy raboçi” qəzetində nəşr olunan məqalələrində buraxdığı “ideloji səhvlərini” əsas göstərərək pantürkizm və millətçilikdə ittiham edirlər.

“Xalq düşməni” damğası vurulan Salman Mümtaz tutduğu vəzifələrdən azad edilir və 8 oktyabr 1937-ci ildə Bakıdakı evində siyasi düşmən kimi həbs olunaraq, ağır işgəncələrə məruz  qalır. Həbs olunan zaman topladığı 270-ə yaxın əlyazma məhv edilir.

Məhkəmədə əks-inqilabi millətçi təşkilata üzv olduğunu sübut etmək üçün B.Çobanzadə, Ə.Qubaydullin, R.Axundov və başqaları ilə qarşıdurmalar yaransa da, o, millətçi mövqedə olmadığını bildirir.  

Salman Mümtaz 10 il müddətinə azadlıqdan məhrum edilərək Rusiyanın Oryol vilayətinə sürgün olunur. 1941-ci ilin sentyabrında Oryol şəhəri yaxınlığında Medvedski meşəsində güllələnir.


1956-cı ildə bəraət almış milli söz irsimizin qoruyucusu Salman Mümtazın həyatı bax belə faciəli şəkildə sonlanır.

           

Vüsalə MƏMMƏDOVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!