Modern.az

Azərbaycanın dövlət-din modeli - Yeni nümunə

Azərbaycanın dövlət-din modeli - Yeni nümunə

12 Sentyabr 2019, 13:06

AMEA-nın Fəlsəfə İnstitutunun Davamlı inkişafın fəlsəfəsi şöbəsinin böyük elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Şölət Zeynalovun  “Azərbaycanda dövlət-din modelinin uğurları Azərbaycan İlahiyyat İnstitutunun timsalında” yazısını təqdim edirik.


Hazırda ölkəmizdə həyatın bütün sahələrində dərin, rasional və praqmatik islahatlar uğurla həyata keçirilir. Şərq və Qərbin, Şimal və Cənubun qovşağında yerləşən respublikamız, bir növ, XXI əsrin iqtisadi möcüzəsini yaradır – dinlər, mədəniyyətlər, sivilizasiyalararası tarixən qırılmış əlaqələri bərpa edir, digər tərəfdən, humanitar aspektdə dialoq, humanizm və birgəmövcudluq, tolerantlıq, multikulturalizm fəlsəfəsi kimi insan zəkasının arzusu olan böyük idealları siyasətin fəlsəfəsinə gətirir. Həmçinin dünyada hər kəsin ehtiyac duyduğu dəyərlərin reabilitoloqu və naviqatoru kimi misilsiz missiyanı həyata keçirir. Şübhəsiz, bütün bunlar ölkə rəhbərinin bütün sahələrə – elmə, mədəniyyətə, iqtisadiyyata, təhsilə, humanitar sahəyə, milli-mənəvi dəyərlərə, bir sözlə, həyatın bütün sahələrinə diqqət və qayğısı nəticəsində reallaşır və bu dəyərlər Respublika Prezidentinin möhtəşəm fəaliyyətinin məhsuludur.

 
Dünyada gedən proseslərə elmi-nəzəri anlamda yanaşdıqda görürük ki, hazırda baş verən tendensiyaları birmənalı qiymətləndirmək mümkün deyildir. Cəmiyyətdə sürətli dəyişikliklər fonunda təzahür edən müxtəlif hadisələr göstərir ki, qloballaşma kimi xarakterizə olunan tarixi dövrdə müasir tendensiyaların çoxaspektliliyi istənilən dövlət üçün ziddiyyətlər yarada bilir; bu, faktdır və onu təkzib etmək mümkün deyildir. Zaman-zaman aydın oldu ki, prosesin fəlsəfi istiqamətini müdrikliklə duyan şəxsiyyət dövlətə rəhbərlik edərsə, həmin ölkə nəinki çaxnaşmalardan qurtula bilər, hətta müharibə vəziyyətində olmasına baxmayaraq, bütün sahələr üzrə inkişaf edərək, hər kəs üçün dünyada modelə – yeni tarixi nümunəyə çevrilə bilər. Müasir Azərbaycandan söhbət gedərkən fərəhləndirici haldır ki, dünyada artıq əksəriyyət bu nümunədən danışmaqdadır. Fakt budur ki, hazırda iqtisadiyyat, humanitar və ictimai sahələrdə həssas sahə hesab edilən dövlət-din münasibətlərində, etiqad azadlığında multikulturalizm və tolerantlıq siyasətini uğurla həyata keçirməklə Azərbaycan Respublikası sözügedən istiqamətdə yeni nümunə kimi dünyada xatırlanmaqdadır. Şübhəsiz, bu uğurun və möhtəşəm strategiyanın fəlsəfi əsasları Ulu Öndər Heydər Əliyev tərəfindən Ana Yasa kimi təsbit olunmuşdur və hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə rasional və praqmatik siyasətlə uğurla davam edir. Bütün bu nailiyyətlərin kökündə isə müdrik və uzaqgörən siyasət dayanır.

    
Dövlət-din münasibətlərindən bəhs edərkən nəzərə çatdırmaq lazımdır ki, bu istiqamət kimlər üçünsə sadə və asan məsələ təəssüratı yarada bilər. Əslində, bu sahə mürəkkəb çalarlara, dərin məzmun və fəlsəfi qatlara malik amil kimi  dəyərləndirilməlidir. Hər halda, fəlsəfə tarixi və ümumiyyətlə, bu sahə ilə məşğul olan mütəxəssislərə sözügedən tendensiyanın tarixi dinamikliyi və fəlsəfi problematikası aydındır. Yaxın tarixdən danışarkən Qərb və Şərq ölkələrində baş verən hadisə və proseslərin timsalında bunu nəinki filosof və ya alim, az qala, əksəriyyət dərk etməkdədir. 


Müasir Azərbaycan tarixinə diqqət yetirdikdə məlum olur ki, dövlət-din münasibətləri hər zaman prioritet sahə kimi ölkə rəhbərliyinin diqqət mərkəzində olmaqla yanaşı, həm də bu istiqamətə xüsusi qayğı göstərilir. Bu, İslama, Yəhudiliyə, Xristianlığa etiqad göstərənlər, həmçinin qeyri-monoteist dinlərə tapınanlar üçün də belədir. Sözügedən sahəyə dair yüzlərlə, minlərlə nümunə göstərmək mümkündür.

      
Bir faktı da qeyd edək ki, ölkə ərazisində yerləşən dini abidələrin qorunması, bərpası və yenidən tikilərək inanc sahiblərinin ixtiyarına verilməsi, dövlət-din münasibətlərinin hüquqi cəhətdən tənzimlənməsi və digər sahələrdə görülən işlər – dini təhsilin keyfiyyət və kəmiyyətcə artırılması istiqamətində verilən qərarlar, sərəncamlar, dövlətin bu sahədə atdığı addımlar, keçirdiyi tədbirlər və  qəbul etdiyi qərarlar ardıcıllığı ilə yanaşı, həm də dərin fəlsəfi məzmuna malikdir. Eyni zamanda, respublikada təşkil olunan dinlərarası, mədəniyyətlərarası, sivilizasiyalararası dialoq və əməkdaşlıq platformalarını, konfransları, humanitar formları,  yüksəksəviyyəli beynəlxalq tədbirləri, Heydər Əliyev Fondunun rəhbəri, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dünyada apardığı möhtəşəm fəaliyyəti də bura əlavə etdikdə görürük ki, Azərbaycan rəhbərliyi dünyada sülh və əmin-amanlığı qorumaq, multikulturalizmi insanların həyat fəlsəfəsinə çevirmək üçün həm ölkədə, həm də respublikanın hüdudlarından kənarda nə qədər möhtəşəm işlər aparır. Əslində, bir yazıda bu fəlsəfənin mahiyyətini əhatə etmək mümkün deyildir.

 
Yuxarıda qeyd etdik ki, din sahəsi nəzəri fikir üçün daim həssas sahə olmuş və hazırda da belə qalmaqdadır. Bütün bu həssaslıq isə sözügedən sahənin daim dövlət himayəsinə və qayğısına, hətta nəzarətinə belə ehtiyac yaradır. Yeri gəlmişkən, bir məqamı vurğulamaq istərdik: yaxşı olardı ki, filosoflar, həmçinin digər mütəxəssislər din mövzusuna müraciət edərkən bəzi hallarda dinlərin özəllikləri və fərqlilikləri barədə düşüncələrini qabartmaq əvəzinə, onları birləşdirən ümumi cə­hətlər haqqında daha geniş araşdırmalar aparsınlar. Adətən, ölkəmizdə belə məsələ­lərdə dinləri birləşdirən cəhətlər daha çox maraqlandırır ki, bu da dövlətimizin humanitar və dini-təhsil strategiyasının ən vacib istiqamətlərindəndir. Bu istiqamətin həyata keçirilməsində Heydər Əliyev Fondunun, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və bu təşkilatın tərkibində ölkə rəhbərinin xüsusi Sərəncamı ilə yeni yaradılan Azərbaycan İlahiyyat İnstitutunun, Qafqaz Müsəlmanları İdarəsinin, AMEA-da fəaliyyət göstərən müvafiq şöbələrin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin xidmətlərini xüsusi qeyd etmək vacibdir. 

       
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Ulu Öndər Heydər Əliyevin  Fərmanı ilə 21 iyun 2001-ci il tarixdə yaradılıb. Komitənin bu illər ərzində gördüyü iş və fəaliyyət nəticəsində, ölkədə dini etiqad azadlığının həyata keçirilməsi, milli-mənəvi dəyərlərin qorunması və təbliği istiqamətində çalışmaların mahiyyəti göstərdi ki, bu qərarın qəbulu həmin dövr üçün nə qədər vacib və zamanında atılmış müdrik addım olmuşdur. Qlobal anlamda bu qərarın fəlsəfəsinə nəzər yetirsək, onun miqyası daha aydın görünür.


Bir faktı qeyd etmək lazımdır ki, fəaliyyəti dövründə Komitənin ölkə ərazisində mövcud olan müxtəlif konfessiyalar və fərqli dinlər arasında ayrı-seçkiliyə yol vermədən əlaqə və münasibətlərinin tənzimlənməsi, onlar arasında bir-birinə hörmət və sağlam münasibətin daha da möhkəmləndirilməsi, həmçinin hansısa mənfi halın baş verməməsi istiqamətində apardığı işlər, qarşıya qoyduğu vəzifələr həm təqdir olunmalı, həm də yaxın ölkələr üçün nümunə hesab edilməlidir. 


DQİDK-nin bu illər ərzində səmərəli fəaliyyəti Azərbaycan Prezidentinin bu sahəyə həssaslıqla yanaşdığının, qayğı göstərdiyinin, diqqət yetirdiyinin bariz nümunəsidir. Ölkədə fəaliyyət göstərən fərqli dinlərə etiqad göstərən insanların inanc azadlığını təmin etmək, onların bir-biri ilə əlaqə və münasibətlərini daha da inkişaf etdirmək və tənzimləmək üçün sözügedən Dövlət Qurumunun təsis  olunması vacib məsələlərdən biridir. Qeyd edək ki, bu həm də dövlətin strateji siyasətində praktik anlamda multikulturalizm strategiyasının alternativsizliyini sübut edən praktik fəaliyyətdir. Bütün bu illər ərzində DQİDK-in dövlət-din münasibətləri, dini etiqad azadlığı, dini və dünyəvi təhsilin inkişafı istiqamətində  göstərdiyi fəaliyyət və irəli sürdüyü təkliflər, heç şübhəsiz, öz məntiqi inkişafında daha yüksək yeni qərarın verilməsi ilə nəticələndi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərancamına əsasən,  DQİDK-nın tərkibində Azərbaycan İlahiyyat İnstitutunun yaradılması haqqında qərar qəbul olundu. 31 may 2018-ci il tarixdə isə İnstituta rektor təyin edildi. 

 
Hazırda İlahiyyat İnstitutunun fəaliyyətinin əsas istiqamətini dövlətin müəyyən etdiyi başlıca kursa – sekulyar əsaslara söykənməklə, dini təhsilin ölkədə dərin və elmi-teoloji aspektdən tədrisi, tələbələrə öyrədilməsi ilə yanaşı, dünyəvi təhsil təşkil edir. İnstitutun qısa zaman kəsiyində fəaliyyəti və gördüyü işlər, keçirdiyi tədbirlər, ölkə daxilində və hətta ölkədənkənar bu sahədə çalışan mütəxəssislərlə, alim və ziyalılarla, xarici ölkə səfirləri, ictimaiyyət nümayəndələri və başqa nüfuzlu insanlarla görüşləri, məsləhətləşmələri, AMEA-nın müvafiq institutlarının elmi əməkdaşları ilə mübadilələri göstərir ki, ali tədris ocağı dinamik fəaliyyətdədir. Məqsədimiz institutun keçirdiyi tədbirlərin, seminar və konfransların, görüşlərin təfsirini vermək deyil. Bir məqamı vurğulamaq istərdik ki, qısa zaman ərzində müxtəlif istiqamətlərdə elm, din, təhsil sahələrinin mütəxəssisləri ilə əməkdaşlığın yaradılması; elmi-təcrübi mübadilənin aparılması; birgə beynəlxalq elmi konfransların keçirilməsi və digər məsələlərdə uğura nail olmaq o qədər də asan məsələ deyil və bu, Aİİ kollektivinin yüksək əməksevərliyinin bariz nümunəsidir. Həmçinin anlayırıq ki, bütün bunlar İlahiyyat İnstitutunun gənc və perspektivli komandasının üzərinə böyük məsuliyyət qoyur.


Məlumdur ki, DQİDK-nin nəzdində İlahiyyat İnstitutunun yaradılması Azərbaycanda həyata keçirilən əsaslı islahatların məntiqi nəticəsidir və ondan böyük gözləntilərin olması başadüşüləndir. Müsbət məqamlardan biri budur ki, İnstitut  müasir təhsilin multidissiplinar istiqamətli olmasından irəli gələn fəlsəfi əsaslara üstünlük verməklə müasirliklə, bir növ, ənənəni, dini dünyagörüşlə elm və bilik sahələrini yaxınlaşdırmağa cəhd edir. Bu göstərir ki, İnstitut rəhbərliyini təmsil edənlər müasir çağırışların pozitiv istiqamətini dəyərləndirmək imkanlarına malik perspektivli mütəxəssislərdir. Ali tədris müəssisəsinin İslamşünaslıq və Dinşünaslıq ixtisaslarına tələbə qəbulunu həyata keçirməsi bir daha göstərir ki, məqsəd dinin teoloji əsasları ilə məhdudlaşmayacaq, onun istiqamətində fəlsəfi məqamlar da üstünlük təşkil edəcəkdir.

    
İlahiyyat İnstitutunun qısamüddətli fəaliyyətinə nəzər saldıqda görürük ki, tədrisdə təhsil standartlarının müəyyənləşdirilməsi üçün rəhbərlik Harvard, Oksford və Kembric kimi aparıcı dünya universitetlərinin, o cümlədən, Şərqin tanınmış ali təhsil ocaqlarının təcrübəsindən bəhrələnməklə fəaliyyətini davam etdirir. Bu, müsbət haldır, həmçinin ilkin zamanlar üçün böyük uğurdur. Maraqlı məqamlardan biri də odur ki, İnstitutda İslam dininin tədrisinə dair Quran, Hədis, Təfsir, Fiqh, Kəlam, Təsəvvüf kimi ilahiyyat üzrə əsas ənənəvi fənlərlə yanaşı, dinlərin sosiologiyası, psixologiyası, fəlsəfi və tarixi aspektlərdən tədqiq edilməsi həyata keçirilməkdədir. Bu da müasir Qərb teoloji institutları istiqamətində uğurlu gediş hesab oluna bilər. Həmçinin  İslam dini ilə yanaşı, qısa zamanda  aparıcı dünya dinlərinin – Yəhudilik, Xristianlıq, Hinduizm, Buddizmin; Fəlsəfə, Sosiologiya, Psixologiya, Multikulturalizmə giriş kimi sosial və humanitar fənlərin tədrisinin təşkili istiqamətində görülmüş işlər böyük rəğbət doğurur.

    
Hazırda respublikamız üçün əhəmiyyət kəsb edən məsələlərdən biri də ölkədə savadlı ilahiyyatçılar yetişdirməklə yanaşı, həm də dinşünas alimlərə böyük ehtiyacın duyulmasıdır. Ölkədə dinşünas alimlər mövcuddur, hər halda, onların sayı hazırda yetərli deyildir. 


Aİİ-də qeyri-dini təhsilin dini təhsillə paralel öyrədilməsi isə yeni çağırışların istiqamətini dərk etmək deməkdir ki, bu da son dərəcə mühüm amildir. İlahiyyat İnstitutunun yaradılması və orada İslam dini ilə yanaşı, digər səmavi dinlərin teoloji əsaslarla öyrədilməsi, bu istiqamətində araşdırmaların aparılması, artıq onun gələcək miqyasından – perspektivliyindən xəbər verir. Dinlərarası münasibətlərin genişlənməsinə, dinlərin institusional anlamla, teoloji əsaslarla dialoqda olmasında (sonuncu müddəadan söhbət gedərkən, bəzi din nümayəndələri buna müəyyən etirazlar edə bilər) bir zərurət vardır. Fəlsəfənin ən dərin problematikası kimi bu, daim izlənilməkdədir. Fəlsəfə ilə əməkdaşlıq, yaxud dinin mahiyyəti, əslində, bu əsaslardan uzaq deyil. Bu səbəbdən, hazırda dünyada multikulturalizm siyasəti,   dinlərarası dialoqların aparılması bütün cəmiyyətlər, ölkələr üçün daha vacibdir. Bu anlamda, Azərbaycan nümunəsinin aktuallığı göz önündədir.


Faktlar göstərir ki, dünyada elmi biliklərlə dini biliklər arasında tarazlığı saxlamaq bir çox halda mümkün deyil. Bu, Qərbdə bir formada, Şərq ölkələrində isə başqa şəkildə  təzahür edir. Fəlsəfi anlamda bu onların bir-birini inkar etməsi demək deyildir – əməkdaşlıq həmişə vacibdir. Yaxın tarix, həm də qonşu ölkələrdə baş verən tendensiyalar sübut edir ki, dini biliklərin inkişafı yalnız ilahiyyatla məhdudlaşmır. Dinin elmlə, biliklə, fəlsəfə ilə əməkdaşlığa gəlməsi zərurətdir və o hətta müasirliyin ümdə problemlərindən hesab edilir. Bu anlamda, Azərbaycanda mövcud dövlət-din modelinin uğurları, aparılan islahatların perspektivləri dünyada əksəriyyət üçün böyük ümidlər yaradır. Bu ümidlərin adı mədəniyyətdir, elmdir, sülh və əmin-amanlıqdır – multikulturalizm, dialoq və birgəmövcudluq fəlsəfəsidir. 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir