Modern.az

Səfir Vilayət Quliyev: “İlahi, kaş bizim də neftimiz olaydı!”

Səfir Vilayət Quliyev: “İlahi, kaş bizim də neftimiz olaydı!”

13 Sentyabr 2019, 10:36

Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev məşhur polyak jurnalisti, "magik jurnalistikanın banisi" kimi tanınan Rişard Kapuşinskinin sonuncu İran şahı Məhəmməd Reza Pəhləvinin həyatından bəhs edən "Şahənşah" kitabından tərcüməsinin bir hissəsini oxucularla bölüşüb.

Modern.az səfirin 2009-cu ildə tərcümə etdiyi kitabdan aşağıdakı parçanı təqdim edir:

 

- Neft qeyri-adi emosiya və ehtiraslar doğurur. Çünki neft hər şeydən öncə misli-bərabəri olmayan şirnikləndirici vasitədir. Neft – asan və ağlagəlməz pullar, zənginlik və güc, xoşbəxtlik və qüdrət vədidir. Neft pis qoxulu, çirkli məhlul kimi yerin təkindən göyə fontan vurur, göydən yerə isə xışıldayan pul yağışı şəklində tökülür. Neft yatağı tapan, neft mədəninə sahib olan hər kəs özünü uzun zaman yeraltı mağaralarda gəzib-dolaşandan sonra qəfildən zəngin xəzinə üstünə çıxmış adam kimi hiss edir. Artıq o, sadəcə zəngin deyil. Onda öz fövqəladəliyi, seçkinliyi ilə bağlı illüziya yaranıb. Hansısa ilahi qüvvənin başqalarını saya salmadan xeyirxah baxışlarını yalnız ona yönəltdiyini, yalnız onu sevimli bəndəsi seçdiyini düşünür. Neft quyusunun fontan vurmasını əks etdirən çoxlu foto-şəkillər var. Bu şəkillərdə adamların sevincdən atılıb-düşdüklərini, biri-birini qucaqladıqlarını, hətta ağladıqlarını görmək mümkündür. Dəzgahda hansısa detalı hazırlayıb qurtaran fəhlənin sevindiyindən atılıb-düşdüyünü, yaxud kotan arxasınca addımlayan yorğun kəndlinin fərəhindən qol götürüb oynadığını təsəvvür etmək çətindir. Məsələnin mahiyyəti neftin tam fərqli, yəni xüsusi zəhmət çəkmədən böyük zənginliyə qovuşmaq illüziyası yaratmasındadır. Neft – şüuru zəhərləyən, gözü dumanlandıran, insana pozucu təsir göstərən maddədir. Yoxsul ölkələrin sakinləri gəzib-dolanır və düşünürlər: İlahi, kaş bizim də neftimiz olaydı! Neft xülyası zəhmət, qan, tər bahasına deyil, taleyin qəribə gərdişi, xoşbəxt təsadüf, bəxtin gətirməsi nəticəsində bir an içərisində zənginləşməklə bağlı əbədi insan arzusunun təzahürüdür. Bu mənada neft – nağıldır. Hər bir nağıl isə məlum olduğu kimi, yalana əsaslanır. Neft sahibinə elə iddialılıq gətirir ki, o, artıq zaman kimi sabit, hüdudsuz anlayışı da asanlıqla məhv edəcəyinə inanmağa başlayır. İranın sonuncu şahı da neftə güvənərək bir insan nəslinin həyatı boyunca İkinci Amerika yaradacağı ilə qürrələnirdi. Yarada bilmədi! Neft gücdür. Amma onun zəif tərəfləri də var. Neft ağıl və müdriklik qıtlığı nəticəsində yaranan boşluğu doldura bilmir. Neftin dünyanın güclüləri üçün ən şirnikləndirici cəhətlərindən biri onun hakimiyyəti möhkəmləndirməsi ilə bağlıdır. Təbii ki, neft böyük qazanc gətirir. Onun emalı ilə az sayda adam məşğul olur. Sosial mənada neft əlavə problemlər yaratmır. Çünki nə proletariatın, nə də burjuaziyanın sayca çoxalmasına təkan verir. Bu mənada hökumət neft gəlirlərini kimsə ilə bölüşməyə borclu deyil. Niyyət və arzularından çıxış edərək onu istədiyi şəkildə xərcləyə bilər. Bir anlığa neft istehsalçısı olan ölkələrin nazirlərinə baxın. Onlar başlarını necə məğrurcasına dik tuturlar, özlərində necə böyük bir güc və əzəmət hiss edirlər. Bəli, onlar energetika bosslarıdır. Bizim sabah işə maşınla, yoxsa piyada getməyimizi onlar müəyyən edirlər. Hələ neft və məscid? Bu zənginlik qaynağı onların dininə - islama nə qədər canlılıq, işıq və əzəmət gətirmişdir! Neftin sayəsində islam yeni möminlər kütləsi qazanaraq getdikcə daha hücumçu mövqe tutmaqdadır.

 

Whatsapp
Bizə yazın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı