Modern.az

Dilçilik İnsititutunun direktoru: “Qarabağ dialektoloji atlasını çapa hazırlayırıq” - MÜSAHİBƏ

Dilçilik İnsititutunun direktoru: “Qarabağ dialektoloji atlasını çapa hazırlayırıq” - MÜSAHİBƏ

Müsahibə

14 Sentyabr 2019, 14:12

Akademik Möhsün Nağısoylu: “Orta məktəb dərsliklərində müəyyən problemlər var


Modern.az
saytı AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu ilə müsahibəni təqdim edir:

- Möhsün müəllim, mümkünsə, Dilçilik İnsititutunun görəcəyi ən vacib işlər barədə məlumat verərdiniz...


- İnsititutun görəcəyi ən vacib işlər sırasında bir neçəsini qeyd etmək istərdim. Onlardan ən mühüm olanı Azərbaycan dilinin qrammatikasının yeni akademik nəşrinin hazırlanmasıdır. Azərbaycan dilinin qrammatikasının akademik nəşri son dəfə 70-ci illərdə olub. Məhz o illərdən günümüzə qədər xeyli müddət keçib və dilçiliyin yeni sahələri kəşf olunub ki, bu da öz növbəsində dilçiliyin qrammatikasında müəyyən dəyişikliklərə səbəb olub. İnsitutumuzun Azərbaycan dili şöbəsi məhz bu nəşrin hazırlanması üzərində çalışır. Onun birinci cildi olan “Fonetika” artıq hazırdır.  
İkinci cildi “Leksika”, üçüncü “Morfologiya”, dördüncü isə “Sintaksis” olacaq. Onu da deyim ki, 70-ci illərdə çapdan çıxan Azərbaycan dilinin qrammatikası cəmi üç cilddən ibarət olub. Birinci cilddə “Fonetika” və “Leksika” birlikdə verilib. Müqayisə üçün demək istərdim ki həmən cilldə “Fonetika”ya cəmi 150-200 səhifə ayrılıbsa, hazırda bizim üzərində işlədiyimiz nəşrin birinci cildi tamamilə “Fonetika”ya ayrılıb və 700 səyfədən ibarət olacaq. Burada “Fonetika”yla bağlı yeni baxışlar və yeni sahələr öz əksini tapıb.

   
Bu il çap olunan əsərlərimiz  siyahısında “Azərbaycan dilinin tarixi sintaksisi” kitabını qeyd etmək istərdim. Bu kitabı görkəmli Azərbaycan dilçisi, professor, əməkdar elm xadimi Qəzənfər Kazımov hazırlayıb. Kitab təxminən 700 səhifə həcmindədir. Bu kitab orta əsr yazılı abidələrimiz və orta əsr Azərbaycan ədiblərinin əsərləri əsasında hazırlanıb. Bu il İnsititumuz tərəfindən “Azərbaycan dilinin terminlər lüğəti”nin ikinci cildi çap olunub.  Ana dilimizin 16-cı əsr abidələrindən olan “Şühədənnamə” (Şəhidlər kitabı) abidəsi var. Onun dünyada yeganə əlyazması məhz Azərbaycandadır. Azərbaycan Milli Elmlər Akademiyasının Fizulu adına Əlyazmalar İnsititutunda qorunub saxlanılmaqdadır. Uzun müddətdir ki mən onun çapa hazırlanması üzərində çalışırdım. Kitabın həcmi 1000 səhifədən artıqdır və hal-hazırda çapa verilib. Düşünürəm ki, bu işlər bizim dilçilik tariximizdə bir hadisə olacaq.


- Dil millətin varlığını sübut edən əsas göstəricilərdən birincisidir. Bu mənada dilçiliyin inkişafına dövlət qayğısı mütləqdir. Dövlətin dilçiliyimizin inkişafıyla bağlı addığı addımlara uyğun olaraq Dilçilik İnstititunun hansı fəaliyyətləri var?


-  Ölkə rəhbərliyi dilçiliyin inkişafı ilə bağlı bir çox sərəncamlar imzalayıb. Məsələn, cənab prezident İlham Əliyevin 9 aprel 2013-cü il tarixli sərəncamı ilə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələbinə uyğun istifadəsi və dilçiliyin inkişafı ilə bağlı dövlət proqramı” təsdiq olunub.
Dövlət proqramında Azərbaycan dilinin dialektlərinin öyrənilməsi də qarşıya qoyulan əsas məsələlərdən biri idi. Biz bu istiqamətdə böyük bir işə başlamışıq. Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası 2015-ci ildə 4 dildə nəşr olunub:  Azərbaycan, türk, rus və ingilis dillərində. Materiallarla bağlı disklər də hazırlanıb. Bu il biz Azərbaycan dilinin Qarabağ dialektoloji atlasını hazırlayırıq. Bu ilin sonuna kimi kitab çap olunacaq və əminəm ki, Azərbaycan dili tarixində bu da yeni bir hadisə olacaq.
Gələcəkdə də bu işləri davam etdirmək niyyətindəyik. Dərbənd, Borçalı, Təbriz istiqamətlərində dil atlaslarının tərtib olunması nəzərdə tutulub. Nəhayət Azərbaycan dilinin “Orfoqrafik lüğəti” də çap olunacaq. İnsititutumuzun hazırladığı “Orfoqrafiya normaları” artıq Nazirlər Kabineti tərəfindən təsdiq olunub. Biz sentyabr ayında Azərbaycan dilinin “Orfoqrafiya lüğəti”nin 7-ci cildini çapa təqdim edəcəyik. Bu lüğətdə bir çox yeniliklər var. Bu cildə 4 min yeni söz əlavə olunub. Həmçinin, bu lüğətdə 2013-cü ildə çap olunan lüğətdən fərqli olaraq, bir sözün bir neçə variantda verilməsi kimi hallar aradan qaldırılacaq. Bu il insititumuz tərəfindən “Azərbaycan dilinin terminlər lüğəti”nin ikinci cildi çap olunub.  
Keçən il Azərbaycan prezidenti dilimizlə bağlı bir sərəncam imzaladı. Bu sərəncam Azərbaycan dilinin elektron məkanda tətbiqi işinin təkmilləşdirilməsi ilə bağlı idi. Sərəncama müvafiq olaraq, insititumuzun Linqvistika şöbəsi əcnəbilər üçün Azərbaycan dili dərsliyi hazırlayıb. 6 dəstdən ibarət olan bu kitabların üç dəsti rusdilli insanlara Azərbaycan dilinin öyrədilməsi, digər üç dəsti isə ingilisdilli insanlara Azərbaycan dilini sərbəst şəkildə öyrənə bilmək  üçün nəzərdə tutulub.


- Keçən il “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan olunmuşdu. “Cümhuriyyət ili”nə Dilçilik İnsititutunun töhfəsi nə oldu?

 
- İnsititumuzun “Xalq Cümhuriyyəti ili”nə ən böyük töhfəsi “ Dil siyasəti”  kitabının çap olunmasıdır.

- Bu il dövlət başçımızın sərəncamı ilə “Nəsimi ili” elan olundu. Rəhbəri olduğunuz Dilçilik İnsititu da məhz Nəsiminin adını daşıyır. “Nəsimi ili” ilə bağlı insititutunuzda hansı yeniliklər gözlənilir?

- Bizim insititutumuzda Nəsimi ilə bağlı bir çox yeni layihələr işlənib hazırlanıb. Onlardan biri də, Nəsiminin anadilli əsərlərinin mükəmməl izahlı lüğətinin hazırlanmasıdır. Nəsiminin dilində işlənən bütün sözlərin həm lüğəti mənası, həm də təsəvvüf və hürufi  yozumu bu lüğətdə öz əksini tapacaq. Nəsiminin adını daşıyan İnsititumuzun “Nəsimi ili”nə başqa bir töhfəsi İnsititumuzun əməkdaşları - professor Sevil Mehdiyeva, dosent Türkan Əsgərova və Şahnaz xanımın üçünün  “Nəsiminin dili” adlı monoqrafiyasının çap olunmasıdır. Bu lüğətdə Nəsiminin dilinin leksik üslubi xüsusiyyətləri  öz əksini tapacaq.  Başqa bir əməkdaşımız olan Qüdsiyyə Qəmbərovanın Nəsimi haqqında  “Nəsiminin anadilli əsərlərinin dili diaxronik və dialektoloji aspektdə” adlı monoqrafiyası çap olunub. Mən özüm Nəsimi haqqında kiçik bir monoqrafiya üzərində çalışıram.  Monoqrafiyamı bu il ərzində çap etdirmək niyyətindəyəm.


-  Rəhbəri olduğunuz İnsitut Azərbaycan dilinin dünyada tanıdılmasıyla bağlı nə kimi yeniliklərə imza atıb?


- İnsititumuzun tədqiqat obyekti sırf Azərbaycan dili olduğu üçün zamanla Azərbaycan dilinin dünyada tanıdılmasına istiqamətlənmiş bir sıra proqramlar işləyib hazırlamışıq. Bu sahədə ən böyük yeniliklərdən biri də məhz 2018-ci ildə oldu. 2018-ci ilin əvvəlində biz Azərbaycan dilinin dünyada tanıdılması  və təbliğiylə bağlı böyük bir işi tamamladıq. Dilçilik tariximizdə ilk dəfə olaraq “Azərbaycan dili portalının” təqdimatı keçirildi.  “Azərbaycan dili” portalı üç dildə fəaliyyət göstərir:  Azərbaycan, rus və ingilis. Bu portal 4 bölmədən ibarətdir. Ana bölmədə Azərbaycan dili ilə bağlı 300 səhifəlik material öz əksini tapıb. Orada Azərbaycan dilinin tarixi, sintaksisi və morfologiyası əks olunub.
İkinci bölmədə Azərbaycan dili haqqında bugünə kimi verilmiş bütün sərəncamlar yer almaqdadır. Yəni Azərbaycan Xalq Cümhuriyyəti dövründən başlayaraq SSRİ dövründə, eləcə də Azərbaycanın müstəqillik qazandığı  son 28 ildə verilən bütün sərəncamlar qeyd olunub.  
Üçüncü bölmədə isə görkəmli Azərbaycan dilçiləri haqqında məlumatlar və onların dilimizin inkişafı, təbliğiylə bağlı gördükləri işlər əks olunub. Qədim dövrlərdən başlayaraq Hinduşah Naxçıvani, Hüssam Təbrizi, Mirzə Kazım Bəydən, müasir dilçilərimiz Bəkir Çobanzadə, Əbdüləziz Dəmirçizadə, Məmmədağa Şirəliyev, Ağamusa Axundov, Tofiq Hacıyev  və başqa görkəmli dilçi alimlərimizə qədər onlar haqqında məlumatlar yerləşdirilib.
Dördüncü bölmədə isə Azərbaycan dilinə aid olan bütün məlumatlar, lüğətlər, dissertatsiyalar, monoqrafiyalar, avtoreferatlar yayımlanmaqdadır. Bu portal yayımlandığı gündən indiyə kimi böyük əks-səda yaradıb. Almaniyadan, Polşadan, Amerikadan, Yaponiyadan və dünyanın bir çox ölkələrindən reaksiyalar gəlir. Bu reaksiyalarda əsasən portalın yaranması təqdir olunur. Hal-hazırda Azərbaycan dili portalının əlli mindən artıq istifadəçisi var.

 
- Azərbaycan dili ilə bağlı dərsliklərdə bəzən bir sıra problemlər olur. Bəs bu kimi neqativ hallarla bağlı Dilçilik İnsititutunun mövqeyi necədir?


- Azərbaycan dilinin orta və ali məktəb dərsliklərində tədrisini və dərsliklərin çapını  Azərbaycan Respublikasının Təhsil Nazirliyi həyata keçirir. Bizim İnsititut elmi-tədqiqat İnsitutudur və o işlərlə məşğul olmur. Əgər dərsliklərdə mübahisəli məsələlər və ya problemlər olursa, nazirlik bizim İnsititutun əməkdaşlarını ekspert olaraq dəvət edir və biz onlara rəy veririk.


-  Bəs bugün orta və ali məktəblərdəki Azərbaycan dili dərsliklərindən hansılarda qüsurlara daha çox rast gəlinir?

 
- Orta məktəb dərsliklərində müəyyən problemlər var. Yəni bəzi mövzular müəyyən qədər çətin tədris olunur. Mövzunun yerləşdirilməsi zamanı uşaqların bilik səviyyələri nəzərə alınmalıdır ki, mövzunu asanlıqla mənimsəyə bilsinlər. Bu tipli problemlərlə qarşılağımız zaman Azərbaycan Respublikasının Təhsil Nazirliyinə problemlərin həlli ilə bağlı mümkün təkliflərimizi veririk.

 

 
Leyla ŞAH

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi