Modern.az

Ən qəddar” idman növü ABŞ-da kütlələrin düşüncə tərzini necə dəyişdi? -  Heydər Əliyevin tərcüməçisi YAZDI

Ən “qəddar” idman növü ABŞ-da kütlələrin düşüncə tərzini necə dəyişdi? -  Heydər Əliyevin tərcüməçisi YAZDI

16 Sentyabr 2019, 12:23

Boksu qəddar, boksçuları isə amansız hesab edənlərin sayı çoxdur. İnsan həyatı üçün təhlükəli olduğuna görə bu idman növünün Olimpiya oyunları proqramından çıxarılması zəruriliyi dəfələrlə gündəmə gəlib. Bununla belə, boksa insanların kütləvi marağı həmişə çox yüksək olub. Bu yazı üç məşhur boksçunun Amerikada dövrünün düşüncə tərzini necə dəyişməsi haqqındadır. 

 

Martin Lüter Kinq irqi ayrı-seçkiliyə və dözümsüzlüyə qarşı çıxış edən, Afrika mənşəli amerikalılara münasibətin dəyişilməsi üçün uzun illər ardıcıl mübarizə aparan ilk qaradərili lider kimi yaddaşlarda yaşamaqdadır. Onun “I have a dream”(Mənim arzum var) adlı məşhur əsəri Amerikada hər məktəbliyə məlumdur. Kinqin arzusu bir gün ağdərili uşaqların qaradərili uşaqlarla əl-ələ verib ümumi məktəbə getmələrini görmək idi.

 

Amma çox az sayda adama məlumdur ki, Kinqdən çox-çox əvvəl və özü də qatı irqçiliyin tüğyan elədiyi bir dövrdə boksçu Cek Conson (Jack Johnson) qaradərili insanların bəyaz dərililərdən aşağı olmadığını, dərisinin rəngi fərqli insanların eyni hüquqlara malik olduğunu bəyan edərək, Amerika cəmiyyətinə təkbaşına meydan oxumuşdu. Cek Conson (əsl adı John Arthur Johnson) 1878-1946-cı illərdə yaşamış, ağır çəkidə boks üzrə ilk qaradərili dünya çempionu(1908-1915) olmuşdur. Yalnız Anqlo-saksonların imtiyazı hesab olunan centlmenlərin döyüş növündə Afrika mənşəli birisinin dünya çempionluğu o dövrün Amerikasında həzm oluna bilmirdi.

 

Consonun çempionluq qazanmasından sonra Ceyms Ceffriz(James Jeffries) adlı məğlubiyyətin nə olduğunu bilməyən əvvəlki ağdərili çempion 1910-cu il iyulun 4-ü, Ameriranın müstəqillik günündə, Consonu rinqə çağırdı. Ceffriz bəyan etdi: “ 6 ildir ki, boks karyeramı bitirmişəm və bu döyüşə getməyimin yeganə səbəbi sübuta yetirməkdir ki, bəyaz dərili insan zəncidən daha üstündür”.

 

Consonun cavabı qısa oldu: "Qoy daha yaxşı döyüşən qalib gəlsin”. 15-ci raundda ikinci nokdaundan sonra Ceffrizin məşqçisi rinqə dəsmal tulladı(boksda döyüşün sona çatması).

 

Conson döyüş zamanı əsl centlmenlik göstərib sürəti xeyli azalmış və yaşlaşmış rəqibinə ağır zərbələr endirmirdi. Yarışdan sonra o, müsahibəsində bildirdi ki, “əslində döyüş 4-cü raunddakı güclü apperkotdan sonra bitmişdi və mən bilirdim ki, köhnə gəmi artıq suyun dibinə çökür.”

 

Amerika Birləşmiş Ştatlarının ağ istiblişmenti bu döyüşə böyük ümidlər bəsləyirdi. Ceffrizə qələbəyə görə 120000(yüz iyirmi min ABŞ dolları) vəd olunmuşdu ki, bu da günümüzün ekvivalenti ilə 3.2 milyon ABŞ dollarına bərabər məbləğdir. Döyüş ölkənin hər yerində ağdərili-qaradərili mücadiləsi kimi izlənilirdi və Consonun qələbəsindən sonra ABŞ-ın 25 ştatında 250 şəhərdə qaradərililərin yürüşləri, haqlarına hörmət olunması tələbilə nümayişlər keçirildi. Nümayişlər 20 adamın ölümü, yüzlərlə insanın xəsarət alması ilə nəticələndi.

 

1912-ci ildə Qalvestonlu nəhəng(Galveston Giant) ləqəbli Conson Amerikada qara və ağdərililərin eyni zamanda istirahət edə biləcəyi ilk dəbdəbəli restoran açdı. Restoranı Consonun ağdərili xanımı uğurla idarə edirdi. Black and Tan(Qara və günəşdən qaralmış) adlı bu restoran Amerikada iki müxtəlif irqə məxsus insanların ilk toplantı və görüş yerinə çevrildi.  Consonun ağdərili insanların qaradərililər üzərində xüsusi imtiyazlara malik olmamasini nümayiş etdirən həyat tərzindən ciddi narahat olan bəyaz dərili isteblişment Qalvestonlu nəhəngi əxlaqsız məqsədlər üçün xanımların bir ştatdan digərinə gətirilməsi və Mənn Aktının (İllinoy Ştatından Konqresmen Robert Mənnin adı ilə bağlıdır) pozulması bəhanəsi ilə həbs etdi. Conson həbsxanadan sonra da eyni həyat tərzini davam etdirdi və daha bir neçə dəfə ağ qadınlarla evlilik yaşadı. Onun ictimaiyyət arasında ağ qadınlarla görünməsi qaradərililərlə ağdərilililərin birgə yaşamasının mümkünsüzlüyü kimi irqçi yanaşmanı alt-üst etdi.

 

Co Luis ( Joe Louis) 1914-1981-ci illər arasında yaşamış və 1937-1949-cu illərdə ağırçəkili dünya çempionu olmuş amerikalı boksçu idi. Co Luis ardıcıl olaraq 25 dəfə dünya çempionu titulunu uğurla qorumuşdur. Uşaqlığı digər Afrika mənşəli amerikalıların uşaqlığından fərqlənməmişdir. Alabama ştatında kasıb, çoxuşaqlı ailədə böyümüş, 6 yaşınadək dil qüsurlarına görə danışmamışdır. 1926-cı ildə Ku Kluks Klanın qaradərililəri cənub ştatlarında təqib etməsi dözülməz hala çatarkən ailəsi ilə birgə Miçiqan ştatının Detroyt şəhərinə köçmüşdür. Anası onu skripkaçı görmək istəyirdi, o isə skripka qutusunun içərisinə boks əlcəklərini qoyaraq məşqlərə qatılırdı. Əsl adı Joseph Louis Barrow idi. Güclü zərbələri bomba kimi yağdırdığına görə Luisə “Qəhvəyi Bombardman”(Brown Bomber) ləqəbi verilmişdi.

 

Çempionluq qazanmasından bir il öncə 1936-cı ildə Co Luis Maks Şmellinqə(Max Schmelling) məğlub olur. Almaniyalı Şmellinq Hitlerin sevimlisi və faşist Almaniyasının qüdrətinin rəmzi sayılırdı. Artıq çempion ranqında Co Luis 22 iyun 1938-ci ildə Yanki Stadionunda(Yankie Staduim) Maks Şmellinqlə təkrar döyüşə çıxdı. Döyüşdən bir neçə həftə öncə Ağ Evdə qəbul zamanı Prezident Frənklin Ruzvelt (Franklin Roosevelt) Co Luisə müraciət etdi : “Co, Almaniyaya qalib gəlmək üçün bizdə səndə olan əzələlər olmalıdır. “ Şmellinq Nyu Yorka gələrkən onu Nazi partiyasının müxbiri müşayiət edirdi. Alman müxbirin döyüşdən əvvəlki bəyanatında deyilirdi ki, hansısa bir qaradərili ali irqə mənsub almanı məğlub edə bilməz və Şmellinqin qələbədən qazandığı vəsait alman tanklarının hazırlanmasına xərclənəcək.... Döyüş cəmi 2 dəqiqə və 4 saniyə çəkdi. Co Luis alman hərbi maşınının məğlubedilməzliyi mifini darmadağın etdi. Co Luis İkinci Dünya Müharibəsi dövründə amerika əsgərlərini döyüşə aparan ilhamverici qüvvəyə çevrilmişdi. Onun Amerika əsgərlərinin ön cəbhədəki döyüş ruhuna böyük təsiri var idi. Klavdiya Şuljenkonun hərbi mövzudakı mahnıları sovet əsgərlərini döyüşlərə necə kökləyirdisə, Amerika əsgərləri üçün də Co Luis bir o qədər güclü motivasiya rolu oynayırdı. O, hərbi hissələrdə döyüşə gedəcək əsgərlərlə görüşür və hər görüşünü bu sözlərlə bitirirdi: “ Biz qalib gələcəyik, çünki, biz Tanrının tərəfindəyik”.

 

Məhəmməd Əli (1942-2016)(əsl adı Kasius Marsellus Kley) “bütün dövrlərin ən böyük boksçusu” hesab olunur. Əli Kentaki ştatının Luisvil şəhərində doğulmuş, 12 yaşından boksla məşğul olmağa başlamışdır. 1960-cı ildə 18 yaşında ikən Roma Yay Olimpiya Oyunlarının qalibi olmuşdur. 1996-cı ildə Atlanta Olimpiadasının məşəlini yandırmaq  şərəfi ona nəsib olmuşdur. “Ringside” jurnalının versiyasına görə, 5 dəfə  ilin boksçusu adını qazanmışdır. Peşəkar boksun ağır çəki dərəcəsində qızıl era hesab edilən 1960-1980-ci illər arasında Sonni Liston, Arçi Mur, Henri Kuper, Floyd Paterson, Co Freyzer, Corc Formen, Erni Şeyvers, Ken Norton, Co Baqner, Leon Spinks kimi tanınmış boksçuları məğlub etmişdir. Əli-Formen döyüşünü canlı translyasiya ilə boks tarixində rekord sayda-1 milyarddan artıq tamaşaçı izləmişdir. Məhəmməd Əlinin idmançı karyerasından bəhs edən və 1996-cı ildə lentə alınan “Bir zamanlar biz kral idik” filmi sənədli filmlər tarixində ən yaxşılardan hesab olunur. 

 

Məhəmməd Əli yalnız boks çempionu kimi tanınmır. Boksçu olmasaydı o, yəqin ki, musiqiçi, şair, müğənni və insan haqları müdafiəçisi kimi ad çıxaracaqdı. Əli rep musiqi növünün banisi hesab oluna bilər. Bu musiqi növü rəsmi status alandan öncə Əli rep stilindəki bəstələri ilə tanınırdı. Vətəndaş hüquqları müdafiəçisi Ralf Abernati onu “ruhun və iradənin gücünün ölməz nümunəsi” adlandırmışdı. Martin Lüter Kinqin xanımı Koretta Skott Kinq isə Əlini “ədalətin və birliyin çempionu” adlandırırdı. Tanınmış hüquqşünas, promouter və biznesmen Robert Arum isə Məhəmməd Əli haqqında deyirdi ki, “onun boksda əldə etdiyi nailiyyətlər dünya miqyasında nüfuzu və təsir gücü ilə müqayisədə sönük görünür.”

 

22 yaşında ikən Kassius Kley islamı qəbul etdiyini bəyan edir və Nation of İslam təşkilatının üzvü olur. Federal Tədqiqatlar Bürosu (FTB) onun üzv olduğu təşkilatı Amerikanın təhlükəsizliyi üçün qorxulu hesab edirdi. Eyni zamanda, təşkilat ağlara qarşı separatist baxışlı sayılırdı. Əli ABŞ-da islamı qəbul etmiş ilk məşhur sima idi. Daha sonra adını Məhəmməd Əli elan etməsi elitanın ona qarşı qəzəbini daha da artırdı. Həmin vaxt o, artıq milyonların sevimlisinə çevrilmişdi və həmin milyonların Əli kimi Islamı qəbul etmə perspektivi Amerika siyasi dairələrini ciddi narahat edirdi. Sözləri cəmiyyətdə aforizmlərə çevrilən Əli müsahibələrinin birində deyirdi: “Islamı qəbul etməyimin səbəbi bu dinin insanlar arasında fərq qoymamasıdır. Hər şeyi bilmək istəyən uşaq olmuşam. Anamdan hər zaman soruşurdum ki, niyə İsa Peyğəmbərimiz qaradərili yox, ağdərilidir? Anam gözlərini yerə dikirdi. Atamdan soruşurdum ki, böyüyərkən zəngin olmaq istəyirəm, bu niyə mümkün deyil? Atam barmağı ilə dərimin rəngini göstərirdi. Olimpiya qızıl medalımı boynuma asıb restorana getdim. Mənə ağdərili olmadığım üçün xidmət etmədilər. Yumruqlarımla Olimpiadada rus və polyak idmançıları məğlub etdiyimi dedim. Axı onlar kommunist ölkəsindəndirlər və kommunistlər, Amerikanın düşmənləridir. Lakin restoranda yalnız ağlara xidmət göstərildiyini bildirdilər”. Bu hadisədən sonra Əlinin qızıl medalını boynundan çıxarıb çaya atdığını söyləyirlər.

 

Əli Amerika cəmiyyətini sadə, hər kəsə aydın olan sözləri ilə inandıra bilirdi. Onun dediklərini təkzib etməyə heç bir arqument tapılmırdı. Əliyə olan sevgi cinsindən, yaşından, sosial statusundan, dərisinin rəngindən asılı olmayaraq, bütün Amerikanı əhatə edirdi və bu səbəbdən də o, hər cür təzyiqlərə məruz qalırdı . 

 

Floyd Paterson Məhəmməd Əli ilə görüşdən əvvəl onun dininin xristianlıqdan daha aşağı din olmasını söyləyir, Erni Terrel isə görüşdən əvvəl bildirirdi ki, Məhəmməd Əli yox, Kassius Kley adlı bokscu tanıyır. Məhəmməd Əlinin cavabı belə oldu: “O, mənim adımı düzgün tələffüz etməyi öyrənəcək. Nokaut onun üçün çox rahat nəticə olar. Mən ona 15 raund işgəncə verəcəm.”

 

Terrellə 1967-ci ilin 6 fevralında baş tutan döyüş 15 raund uzandı. Əli Terrelə 737 zərbə endirdi və hər zərbədən, hər kombinasiyadan sonra soruşdu: “What is my name? “Bu döyüşdən sonra Amerika mətbuatı Əlini “vəhşi və qəddar’ adlandırdı. Lakin Əlinin “Mənim “adım nədir?” hayqırtısı digərləri tərəfindən idarə olunmaq istəməyən, öz prinsipləri, ləyaqəti və fərqliliyi uğrunda səsi, gücü və ağlı ilə savaşan birisinin milyonları hərəkətə gətirən mübarizə çağırışına çevrildi. Məhz bundan sonra “Mənim adım nədir?” məşhur deyimi hitə çevrilmiş çoxsaylı mahnılara mövzu oldu.

 

Döyüşdən sonra Əli bütün Amerikaya bəyan etdi: "Mən Amerikayam. Amerikanın sizin tanımaq istəmədiyiniz bir hissəsiyəm. Qarayam, özünə əminəm, lovğayam. Öz adım var. Sizin adlarla çağrılmıram. Mənim dinim sizin din deyil. Mənim məqsədlərim sizinkilərdən fərqlidir. Mənə alışacaqsınız. Məni olduğum kimi qəbul edəcəksiniz”.

 

1967-ci il aprelin 28-də Hyustonda hərbi andiçmə mərasimində Məhəmməd Əli Amerika ordusunun Vyetnamdakı hərbi müdaxiləsinə etiraz olaraq orduda xidmətdən imtina etdi: “Vyetnamlılar bizim qaradərili əcdadlarımızı zənci adlandırıb qul kimi istismar etməmişlər. Mən nəyə görə onları öldürməli və evlərini yandırmalıyam?” Bundan sonra Əli hərbi mükəlləfiyyətdən boyun qaçırdığına görə həbs edildi. Məhz bu bəyanatdan sonra Amerika ordusunun Vyetnamdakı əməliyyatlarına etiraz dalğası gücləndi. 1971-ci ildə Əli həbsdən azad olundu, lakin boks karyerasının çiçəklənən və ən parlaq dövrü dəmir barmaqlıqlar arasında keçmişdi. Məhəmməd Əli məhbus həyatı ilə bağlı “Mən əlləri qandallanmış şimşək, türməyə atılmış qasırğayam” deyirdi.

 

Amerika hindularının, qaradərililərin, fələstinlilərin haqlarının bərpa olunması zəruriliyini hər zaman yüksək tribunalardan səsləndirən Əli xeyriyyəçi kimi də məşhur idi. O, Ruanda soyqırımı qurbanlarının ailələrinə yardım etmiş, müsəlman ölkələrində aclıqda yaşayanlara  ayırdığı vəsait hesabına 22 milyon adamın həyatı xilas olunmuşdu. 2000-ci ildə Səddam Hüseyn Küveytə basqın edərkən 700-ü amerikalı olmaqla 2000 xaricini girov götürdüyü zaman Məhəmməd Əli Bağdada səfər edərək, Səddama “Bağdada siyasətçi kimi deyil, müsəlman kimi gəldim” sözləri ilə müraciət etmiş və nəticədə girovların azad edilməsinə nail olmuşdu.

 

Dövrünün canlı əfsanəsinə və milyonların kumirinə çevrilmiş bu böyük insanın həyatından daha bir faktı qeyd etmək yerinə düşər:

Los Ancelesin, 6801 Hollywood Blvd ünvanında yerləşən fəxri xiyabanda yol boyu Amerikanın dünyaca məşhur adamlarının adları həkk olunan lövhələr yerə döşənmişdir. Yalnız bir məşhurun-Məhəmməd Əlinin adı  olan lövhə divara yerləşdirilmişdir. O, ” Mən Peyğəmbərin adını daşıyıram. Peyğəmbərin adı yerə döşənib tapdana biməz.”- deyə adının yerə ayaq altına vurulmasına qəti etiraz etmiş və onunla razılaşmalı olmuşdular.

 

Haqqında söhbət açdığımız hər üç məşhur idmançının və şəxsiyyətin Amerikada ictimai fikrin dəyişməsində, irqi ayrı-seçkiliyin aradan qaldırılmasında və insan haqlarının bərpasında müstəsna xidmətləri danılmazdır. Conson ağdərili insanların qaradərililərdən fiziki və əqli göstəricilərə görə fərqlənmədiyini sübuta yetirdi. Jo Luis alman hərbi gücünün qarşısıalınmaz olduğunu təkzib etdi. Bu mübarizədə Məhəmməd Əlinin tarixi rolu xüsusi ehtiramla qeyd edilməlidir. Belə ki, o, təkcə idman karyerası boyu misilsiz zirvələr fəth etmiş bir boksçu kimi deyil, həm də əqidəli və prinsipial bir müsəlman kimi milyonların dünyagörüşünə və təfəkkürünə təsir etməyi bacarmışdır. İnsanlar arasında fərq qoymadığı üçün İslamı qəbul etdiyini cəsarətlə bəyan edən Məhəmməd Əli, bir çox siyasi və mənəvi təzyiqlərə baxmayaraq, anqlo-sakson ictimai-mədəni və mənəvi dəyərləri üzərində qurulmuş qüdrətli Amerika dövlətində hər kəsin dini-mənəvi seçim azadlığı uğrunda mübarizəsini davam etdirmişdi.

 

Əslində, boks cəsurların və intellektualların idman növüdür. Göründüyü kimi, bütöv bir cəmiyyətin və nəslin düşüncə tərzini dəyişmək üçün həm xarizma, həm cəsarət, həm də intellekt tələb olunur.

 

Tahir Kərimov

Diplomat, Harvard Universitetinin məzunu,

Mərhum Prezident Heydər Əliyevin şəxsi tərcüməçisi 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır