Modern.az

“Rusiya istəsə də dollardan imtina edə bilməz”

“Rusiya istəsə də dollardan imtina edə bilməz”

Aktual

16 Sentyabr 2019, 14:49

Rusiya Baş nazirinin birinci müavini, maliyyə naziri Anton Siluanov bir neçə gün əvvəl bildirib ki, 2020-ci ildə ölkə dollarla yox, avro və yuanla borc alacaq.  Rusiya Mərkəzi Bankının məlumatlarına görə, ölkənin beynəlxalq ehtiyatlarında dolların payı 2017-ci illə müqayisədə 23,1 faiz enişlə, avronun isə 10 faiz qalxması ilə müşahidə olunub.

Rusiya Maliyyə Nazirliyi  ölkənin tamamilə dollardan imtina etmək  niyyətinin olduğunu da vurğulayır. 

Maraqlıdır, doğurdan da Rusiya tərəfi dollardan tamamilə imtina edə bilər? İmtina edəcəyi təqdirdə bunun Azərbayacan üçün nə kimi təsiri olacaq ?


Bu barədə iqtisadçı-ekspert  Natiq Cəfərli  Modern.az-a danışıb.

 

Ekspert deyir ki, Rusiyanın bu cür bəyanatları siyasi xarakter daşıyır:

“Rusiyanın xarici ticarət balansına baxanda görürük ki, əsas ixracat məhsulları neft və qazdır. Bunların da müqavilələri dollar üzərindən, uzunmüddətli bağlanılıb.  Buna görə də Rusiya istəsə  belə,  dollardan imtina edə bilməz. Daxili ticarətdə, Rusiya ilə Çin  arasında  dollardan imtina etməklə bağlı qərar 4 il bundan əvvəl verilib.  Bu gün  hər iki ölkənin ticarət balansına baxanda görürük ki, dollarda azalma var, amma bunun da əvəzinə avro qalxıb. Yəni 4 il bundan əvvəl avronun həcmi 7 faiz idisə, indi həmin göstərici 20 faizə yaxınlaşıb. 
Bu da onu göstərir ki, iş adamları müqavilə bağlayarkən məzənnələrin tez-tez dəyişdiyini nəzərə alırlar. 
Məzənnənin dəyişməyi onlara sərf  etmədiyi üçün dollardan imtina avroya keçidlə əvəz olunur.  Hansı xarici valyutadan da istifadə etməyin buna görə heç bir fərqi yoxdur”.

N.Cəfərli deyir ki, Amerika ilə Rusiya və Çinin münasibətləri gərgindir deyə, onlar çalışırlar ki, bu tipli siyasi bəyanatlarla  dolların dünyadakı nüfuzunu aşağı salsınlar:
 

“Bu  istək  siyasi mübarizənin tərkib hissəsi kimi normal haldır.  Lakin  dünya ticarətinin 70 faizinin dollar üzərindən aparıldığını nəzərə alsaq, bu pul vahidinin nüfuzunun aşağı düşməsi halı olduqca çətin məsələdir. Azərbaycana gəldikdə isə xarici ticarət ixracatının 90 faizi enerji daşıyıcılarıdır. Bu müqavilələr də dollarla, uzunmüddətli bağlanılır. Buna görə də bu məsələnin Azərbaycana o qədər də təsir edəcəyini düşünmürəm”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür