Modern.az

Dünyanın ən bahalı qəhvəsi – Kilosu 1000 dollar

Dünyanın ən bahalı qəhvəsi – Kilosu 1000 dollar

Aktual

17 Sentyabr 2019, 11:43

Kilosu 300-1000 dollar arasında olan Luwak qəhvəsi İndoneziyada qəhvə giləmeyvəsini yeyən pişiyin nəcisindən hazırlanır. Bu pişik bildiyimiz adi pişiklərdən deyil. Yalnız bu ərazilərdə yaşayan “musang” və ya “civet” adlanan (elmi adı “Paradoxurus hermaphrodites”) xüsusi pişik növüdür. Dünyanın ən bahalı qəhvəsinin dadı və keyfiyyəti isə bu pişiklərin həyat və qidalanma şəraitindən asılıdır. Bu qəhvəyə “kopi luwak” da deyilir. Kopi İndoneziya dilində qəhvə deməkdir.

 

Keyfiyyətli qəhvə üçün “quş südü” ilə bəslənən civetlər

 

Qəhvə giləmeyvəsi civetlərin əsas qidası deyil, onların rasionunda bu meyvələr azlıq təşkil etməlidir. Daha çox qəhvə istehsal etmək məqsədilə pişiklərə bir gündən bir qəhvə giləmeyvəsi verilərsə, qısa zamanda pişiklər ölür. Bir pişikdən ay ərzində ən çox 1 kilo civarında qəhvə emal etmək olur.

 

Qəhvələrin dadlı və xoş qoxulu olması üçün istehsalçılar pişiklərə xüsusi qida rasionu tərtib edirlər. Onlara banan, toyuq, papaya, bal yedizdirirlər.

 

Nəcisdən qəhvə çəyirdəkləri çıxarsa…

 

Qəhvə giləmeyvəsini yeyən pişiklərin nəcisindən çəyirdəklər təmizlənir, daha sonra digər qəhvələrdə olduğu kimi, bu çəyirdəklər yuyulma, qurudulma, qabıqdan təmizlənmə, qovrulma kimi prosedurlardan keçirirlir.

 

Çəyirdəklər heyvanın mədəsində digər yedikləri ilə bilikdə mədə turşuları və enzimlər yolu ilə fermentasiya olunur. Qəhvənin xoş qoxusu və yumşaqlığı da buradan yaranır.

 

Bu qəhvə dünyada ən az istehsal olunan qəhvə çeşididir. Digər qəhvələrdən fərqli olaraq, tərkibində daha az kofein var. Bu da onun dadını acı yox, nisbətən şirin edir.

 

Qəhvənin də “halal”ı olurmuş!

 

2013-cü ildə İndoneziya Üləma Məclisi tərəfindən “halal” fətvası verilən luwak qəhvəsi ölkənin Bali, Sumatra, Sulawesi və Cava adalarında istehsal olunur. Çünki həmin heyvan sadəcə buralarda yaşayır.

 

Heyvan haqlarını müdafiə edən təşkilatlar heyvanların təbii yaşam şəraitlərindən, meşələrdən zorla qoparıldıqları və kiçik qəfəslərdə, pis şəraitdə saxlandıqları üçün bu qəhvənin emalının və satışının dayandırılıması üçün nümayişlər, etirazlar keçirirlər. Bəs olmazmı ki, bu heyvanlar elə meşədə də yaşayıb, orada qəhvəni emal etsinlər? Bunun səbəbi həmin heyvanlar meşədə yaşayarsa, nəcislərini geniş ərazidə hara gəldi edəcəklər və istehsalçılar bu nəcisi toplamaqda çətinlik çəkəcəklər.

 

Xalq nədir, qəhvə içdi nədir?

 

Qəhvənin istehsal tarixinin də maraqlı hekayəsi var. İndoneziyanın Hollandiya müstəmləkəsi olduğu 18-ci əsrdə  xalqın özü üçü qəhvə istehsal etməsi yasaqlanmışdı. Və xalq civetlərin nəcisindəki qəhvə çəyirdəklərini taparaq özləri üçün ondan istifadə etməyə başlayırlar.

 

Luwak qəhvəsinin bir çox xəstəliklərə yaxşı təsir etdiyi bildirilir. Bir şərtlə ki, əsl luwak qəhvəsi olsun. Çünki son illərdə asan yolla pul qazanmaq istəyənlər saxta qəhvəni istehsal edib luwak qəhvəsi adına satırlar. Əsl luwak qəhvəsi dişləri qoruyur, immuniteti gücləndirir, döş xərçəngi riskini azaldır, öd kisəsi daşının, şəkərli diabetin yaranmasının qarşısını alır.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir