Modern.az

Azərbaycan dilinin izdivac və idxal prosesində gücü

Azərbaycan dilinin izdivac və idxal prosesində gücü

Ədəbi̇yyat

18 Sentyabr 2019, 10:27

 

Buludxan Xəlilov,

filologiya üzrə elmlər doktoru, professor


Sözlər dilin lüğət tərkibində dilin ailə üzvləri ro­lun­da olur, bir-birinə uyuşur, bağlanır, əlaqələnir və yardımçı olurlar. Ailə üzvlərinin atası, anası, əmisi, da­yısı, bibisi, xalası və digər qohumları olduğu kimi, sözlərin də bir-biri ilə münasibətində bu qohumluq, doğmalıq, yaxınlıq dilin zənginliyi və gücüdür. Belə olduğu üçün sözlər dilin ailə üzvləri kimi bir-biri ilə müxtəlif münasibətlərdə və funksiyalarda olurlar. Ailə üzvlərinin sayı ailənin böyük və kiçik olmasında rol oynayır, beləliklə, dilin lüğət tərkibinin zən­gin­li­yi, dilin lüğət tərkibinin imkanları, dilin başqa dillər­lə (qohum və qohum olmayan dillərlə) rəqabət im­kan­ları üzə çıxır. Dildəki sözlər,  dilin lüğət tərki­bin­dəki sözlər yaxşı mənada bir-birinə sipər çəkirlər və beləliklə, hər bir sözün mənası başqa bir sözün mə­na­sından fərqlənir. Sözlərin bir-birinə münasibətində fərqli vücudları, görkəmləri, mənaları, səslənmələri olur. Hətta onlar bir-biri ilə izdivaca da girirlər. Ərəb mənşəli izdivac doğma dilimizdəki evlənmə imkan yaradır ki, sözlərin bir-birinə uyuşması, yaxınlaşması yeni mənaları yarada bilsin. Dilimizdə belə izdivac (evlənmə) əsasında yüzlərlə sözlər yaranıbdır. Məsə­lən, birinci tərəfi ərəb mənşəli, ikinci tərəfi öz söz­lə­ri­mizdən ibarət olan mürəkkəb feillər bu qəbildəndir. Saysız-hesabsız dil nümunələri içərisində Qabilin “Ağ­la qara arasında” şeirindən bir nümunə:

 

Acizsən, rəhm eyləyək,

Gəlib yanaq halına.

Zalimsən, qəhr eləyək,

Boyanasan alına.

 

Bu şeir parçasında rəhm eyləyək, qəhr eləyək söz­lərinin hər biri iki sözün izdivacından yaran­mış­dır. Rəhmqəhr sözləri ərəb mənşəli sözlərdir. Rəhm “rəhm etmə, rəhmət göstərmə; yazığı gəlmə; acı­ma” mənalarındadır. Qəhr sözü isə “qəzəb, hirs, hid­dət; zorlama; cəbr etmə, məcbur etmə; tabe olma; tabelik; pərtlik, dilxorluq” mənalarını bildirir. Hər iki söz eyləyək//eləyək sözü ilə izdivaca girmiş, rəhm eyləyək, qəhr eləyək kəlmələrini ərsəyə gətirmişdir. Hər iki sözün ikinci tərəfi olan eyləyək//eləyək mənşə etibarı ilə öz sözümüz olmaqla ərəb mənşəli rəhmqəhr sözləri ilə izdivaca girmişdir. Bu izdivac dildə fikrin ifadə imkanını genişləndirmişdir. Yeri gəl­miş­kən qeyd edək ki, hər söz izdivaca qoşula bilmir. O sözlər qoşulur ki, onlar öz imkanlarına güvənir, iz­di­va­ca girdiyi sözlərin təsirindən ehtiyat etmirlər. Məhz eyləyək//eləyək sözü də məna gücü, potensialı və müqavimət imkanı ilə fərqlənən sözdür, məhz feildir. Feillər məna gücü, potensialı və müqavimət imkanı ilə başqa nitq hissələrindən fərqlənir, üstün­lü­yü ilə seçilir. O sözlər bir-biri ilə izdivaca girir ki, onların tay və bərabərliyi uyarlı olur. Onlar məqam və şəraitlə bağlı olaraq bir-birini tapır, məna və məzmun baxımından bir-birini tamamlayırlar.

Dilin lüğət tərkibinə sözlərin daxil olması, eləcə də bir dildən başqa bir dilə sözün keçməsi təbii şə­kil­də baş verən ixrac və idxal prosesidir. İxrac və idxal təkcə məhsulların ixrac və idxal olunması deyil, həm də sözlərin ixrac və idxal olunmasıdır. Bu mənada sözlərin ixrac və idxalından qorxmaq lazım deyil. Əksinə, hər iki prosesə – ixraca və idxala sahib çıx­maq vacibdir. Azərbaycan dilinin ixrac və idxal pro­se­sində öz payı var. Belə bir hal diri, canlı, həyati dil­lə­rin təbiətidir, o cümlədən Azərbaycan dilinin. Azər­bay­can dilinin ixrac və idxal imkanı tarixboyu olub və olacaqdır. Zövqü olan hər bir dil, o cümlədən Azər­baycan dili ixrac və idxal prosesini yaşayır. Bu­nun özü də hər bir dilin, o cümlədən Azərbaycan di­li­nin gücü və dildaxili, dilxarici faktorlara reak­si­ya­sı­dır. Bir sözlə, Azərbaycan dili ixrac və idxal pro­se­si­nə, eləcə də dildaxili və dilxarici faktorlara reaksiyalı dildir. Reaksiyalı olmağın bir tərəfi də odur ki, dil qəbul etdiyi sözü tələbatı ödəyən bir hala çevirir, işləndiyi məqamda dilin öz təbiətinə və ruhuna uy­ğun­laşdırır. Dilimizdə minlərlə belə söz var. Həmin sözlər bütün məna incəlikləri ilə təkcə dilin özünü yox, həm də işləndikləri cümləni, bütövlükdə mətni bəzəyirlər. Məsələn, Qabilin “Ağla qara arasında” şeirində halə, bədr, həqədürəng sözləri buna əyani misaldır. Qabil həmin şeirdə yazır:

 

Nə iynən var, nə ətrin,

Nə gülsən, nə tikansan.

halən var, nə bədrin,

Bomboz alatoransan.

 

Qara da var, ağ da var,

Yerində xoşdur həqə.

Ancaq ki, ay adamlar,

Dözmürəm dürənglərə.

 

Şeirdə halə, bədr, həqə, dürəng sözlərini oxuyan hər bir oxucu bu sözlərin mənasını öyrənmək istə­yin­də olur və həm də məcbur olur ki, fikrin bütün in­cə­lik­lərini anlamaq üçün bu sözlərin mənasını öyrənsin. Nəticədə belə sözlərin mənası anlaşıla-anlaşıla dilin təbiətinə və ruhuna uyğunlaşır. Axı dilimizdə “Ayın ətrafında bəzən görünən işıqlı dairə” mənasında olan ərəb mənşəli halə sözünü əvəz edən başqa bir söz yoxdur. Yaxud dilimizdə “on dörd gecəlik ay, bütöv ay; gözəl sifət” mənasını bildirən ərəb mənşəli bədr sözünü hansı sözlə əvəz etmək olar? Yaxud da “hör­mət­sizlik, saymamazlıq; həqir sayma, həqirlik” mə­na­sında olan ərəb mənşəli həqarət//həqə, “ikirəngli; ikiüzlü” mənasında olan ərəb mənşəli dürəng sözləri qədər hədəfə təsirli olan, bu sözləri əvəz edən söz var­mı? Deməli, dilin özü imkan yaradır ki, lüğət tər­ki­bində olan sözlər mənşəyindən asılı olmayaraq ye­rin­də və məqamında fikri daha aydın çatdırmaq məq­sə­dilə işlənsin. Bu, dilin zəngin dünyası ilə bağlı olan bir haldır. Azərbaycan dili zəngin dünyası olan bir dil kimi belə məqamları heç zaman əldən buraxmır, zövqləri oxşayır və könülləri fəth edir. Odur ki, iz­di­vac­lı sözləri də, ixrac və idxal olunan sözləri də dilin ailə üzvü kimi sevmək, onların hər birinin mənalarını və məna incəliklərini dərindən öyrənmək lazımdır. Nəzərə almaq lazımdır ki, söz alıb söz vermək mə­də­ni əlaqənin ən ümdə göstəricilərindən biridir. Yəni söz alıb vermək bir mədəniyyətdir. Burada məsələyə, yəni söz alıb söz verməyə alan və verən tərəfin üs­tün­lüyü, dominantlığı kimi yox, mədəni əlaqələrin zəfəri kimi baxmaq lazımdır. Həm də hər hansı bir xal­qın inkişaf etdirdiyi sahələrlə bağlı sözlərin başqa dillərə təbii olaraq, tələbatla əlaqəli olaraq daxil ol­ma­sıdır. Məsələn, ingilis dili dünyanın beynəlxalq dil­lərindən biri və birincisi olsa da, İkinci Dünya mü­ha­ribəsindən bu yana ingilis dilinə başqa dillərdən söz­lər daxil olmuşdur. Həmin sözlər mənbə dilin üs­tün­lüyü, dominantlığı yox, mənbə dildə həmin söz­lə­rin aid olduğu sahələrin mədəni zəfəridir. Statistik hesablamaya görə, İkinci Dünya müharibəsindən bu yana 125 min kəlməlik əski ingilis dilinə koreya və yapon dillərindən 4 min söz daxil olmuşdur. İngilislər, daha doğrusu, ingilis mə­də­niy­yəti bunu bir zəfər kimi elan edir. Ona görə ki, bu sözlər ingilis dilinə daxil olduqdan sonra səslənməsi və forması (morfoloji tərkibi, sintaktik vəzifəsi) ba­xı­mın­dan ingiliscə olur, ingilisləşirlər. İngilis dili hə­min sözləri bu dilin tələbinə, təbiətinə, fonetik, lek­sik, morfoloji və sintaktik quruluşuna uyğun­laş­dı­rır. Onu da qeyd edək ki, tələbatla, ehtiyacla bağlı olaraq bir dilin başqa bir dildən söz alması hər iki dilin bir-birinə bələdçiliyinə gətirib çıxarır. Hər iki dilin müx­tə­lif sahələrə aid sözlərinin hakim olma səbəblərini və dil mədəniyyətinin rəqabət imkanlarını təqdim edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi