Modern.az

“Bülbüllərin toyu”

“Bülbüllərin toyu”

21 Sentyabr 2019, 14:03

Qardaş Tatarıstanın Xalq şairi Robert Minnullinin Bakıda ötən il gün üzü görmüş şeirlər kitabı belə adlanır. Tatar ədəbiyyatının görkəmli nüma­yəndəsinin “TÜRKSOY Kitabxanası” seriyasından çıxan bu kitabını tatarcadan uyğunlaşdıran, tərtib edən və “önsöz” yazan BDU-nun Türkologiya kafedrasının müdiri, prof.dr.Ramiz Əskərdir. Hər iki ustada – Robert müəl­limə də, Ramiz müəllimə də salam-sayğılarımı ifadə edərkən, bu nəşrin özünə­məx­sus­luğunu şərtləndirən bəzi məqamları fərqləndirmək istərdim.

Birincisi, şeirləri uyğunlaşdıran, kitabı tərtib edib ona “önsöz” yazan bir alimdir – o, şair deyil, yazıçı deyil, məhz alimdir. Bilirsiz, alimin meyarı, yanaşma tərzi şair, yazıçı baxı­şın­dan, yanaşmasından çox fərqlidir; alim mətn seçiminə, mətnin yeni dilə qazandırılmasına  ağılnan (tənqidi baxışnan), şair, yazıçı isə daha çox hisslə, həyacanla yanaşır;

İkincisi, Ramiz müəllim də, Robert müəllim də yaşlı nəslin nümayəndələridir, ustadlardır, bu da “Bülbüllərin toyu”nu (hər nə qədər ad cavansayağılıq təsiri bağışlasa da) ağırtaxtalı kitab edib. Sanki “Bülbüllərin toyu” təcrübə, öyüd paylaşımıdır;

Üçüncüsü, hər iki ustad türk dünyasına, “ortaq keçmişdən ortaq gələcəyə” baxışa özünə­məxsus yanaşması olan aydınlardır. Təsadüfi deyil ki, tatar şairinin şeirlər kitabı, mərkəzi qərargahı Ankarada yerləşən TÜRKSOY təşkilatının simgəsi ilə (TÜRKSOYun yayını ola­raq) Bakıda çıxıb.

(Burada, bir yeni olayı vurğulamaq istərdim: Robert Minnullin tam da bugünlərdə Udmurt dili uğrunda özünə parlament önündə od vurub yandıran udmurt alimi Albert Razinin ruhuna doqquz bəndlik təsirli bir şeirlə çıxış etdi; o şeir sosial medianın Azərbaycan seqmenti də daxil olmaqla, türk dünyasında (dünyada) yayıldı, tirajlandı. Bilirsiz, bu iri həcmli şeir məz­munu ilə də, ismarıncı ilə də, cəsarəti ilə alqışa layiq bir ör­nəkdir!)   

Dördüncüsü, yazarın da, tərtibçinin də ağırtaxtalı usta seçimlərinə baxmayaraq, “Bülbül­lərin toyu” enində-sonunda bir şeir kitabıdır: lirikası (gözəlləmə ricəti) ilə, nəsihətnaməliyi (öyüdü) ilə, əlahəzrət oxucuya (yalnız bir qrupa, sinfə deyil, sözün böyük anlamında OXU­CUya!) ünvanlanması ilə!..

Beşincisi, ustad Minnullin Azərbaycan oxucusuna “Bülbüllərin toyu”ndan öncə uşaq şe­ir­ləri ilə təqdim olunmuşdusa və həmin şeirləri o zamankı gənc yazarlarımız kitab­laş­dır­mış­dısa, üçüncü kitabı artıq (-məntiqli ardıcıllıqla) “Seçilmiş əsərlər” yaxud “Əsərlər” şəklində şəkillənə bilər...

Heç şübhəsiz, biz bu sıralamanı, fərqləndirməni bir xeyli artıra, davam etdirə bilərik; an­caq elə başa düşürəm, 5 bəndlik fərqləndirmə belə (obrazlı desək), “Bülbüllərin toyu”na yı­ğış­mağa sövq edər. Siz qardaş ökənin Xalq şairinin bir neçə şeirini oxusanız belə, onun səmi­mi­liyini, xəlqiliklə bəşəriliyi bir arada tutmağın yaxşı örnəklərini görə, sevə biləcəksiz. Şairi sevmək, onun mənsub olduğu mədəniyyəti, irsi sevməkdir; şeirə vurulmaq, o şeirə gətirib çı­xaran etnoqrafik yaddaşa, mənəvi süxurlara, dil şüuru qatlarına varmaqdır; ən əsası, şeir kimi şeirdən zövq al­maqdır! – Görək, belə bir zövq alacağınız şeirlərin müəllifi, qardaş xalqın ustad şairi özü nə yazır? –

 

Biz də yazdıq...

 

Biz də yazdıq...

Bu dünyanın

çox ritmini pozduq.

Bilmirəm ki,

                 əridimi

könüllərdəki buzluq?

 

Biz də yazdıq...

Biz yazmaqla

dəyişmədi heç kimsə,

Hər kəsin öz dünyası var,

Hər kəsdə ayrı qüssə.

 

Nələr yazır,

Niyə yazır? –

Könül onu anlamaz.

Biz də yazdıq, yazar olduq,

Yazıya pozu olmaz...

 

Ustad Minnullinin qanadlı poeziyasında quş motivi (sona, qağayı, bülbül...) özünəxas önəm daşıyır. Belə görünür ki, şairin bülbülə (tatarcada və əski türkcədə deyilişi ilə “san­duqaç”a) özəl yanaşma var; bülbül nəğməsi onun ilham qaynağıdır: “Bülbül”, “Bülbül çağı ötüşdü”, “Bül­bül həsrəti”, “Bülbüllər yazda doğular”, “Bülbüllərin toyu”... Yəqin, kitabın adında(n) bül­bül keçməsi də heç təsadüf deyil. – Necə deyərlər, “Şairlər toplumun, bülbüllər isə təbiətin şairləridir”:

 

Nə yaxşı ki, bülbüllər var,

Aşıb daşar nəğmələri.

Bülbüllər yazda doğular,

Yazda qoşar nəğmələri.

 

“Bülbüllərin toyu”nda (71 yaşlı) tanınmış tatar ədibi, ümumtürk ədəbiyyatının görkəmli nümayəndəsi Robert Minnullinin bizim türkcəyə uyğunlaşdırılmış şeirləri orjinalı ilə yanaşı verilib.

Yüksək bədii özəllikləri ilə seçilən bu şeirlərdə Vətən sevgisi, ana yurdun təbii gözəl­lik­ləri, saf məhəbbət, ömür və tale, ilin fəsilləri, artıq vurğuladığımız kimi quş (bülbül, sona, qağayı), yarpaq, dəniz, çay, Günəş motivləri xüsusilə qüvvətlidir.

Tanınmış ədib uşaq kitablarına və televiziyada ədəbiyyatı fəal şəkildə təbliğ etdiyinə görə 1982-ci ildə Musa Cəlil adına ödülə layiq görülüb. Onun “Bizim kəndin zooparkı”, “Mənə qardaş lazımdır” kitabları respublika müsabiqələrində birinci yeri tutub. “Dünyadakı ən bö­yük alma” kitabı isə xalqlararası Hans Xristian Andersen diplomuna layiq görülüb.

Robert Minnullin 1998-ci ildə “Küçtənəç” kitabına görə Abdulla Tukay adına Dövlət Ödü­lünü alıb.

 

Prof.dr.Ramiz Əskər “Şair öm­rü sonsuzdur” adlı “önsöz”ündə şairin yaradıcılığının təməl daşlarından yazır:

Robert tatar di­lində yazıb-yaradır. Tatar dili türk dillərinə mənsubdur, onlar da üç qrupa bölünür: oğuz, karluq və qıpçaq dilləri. Oğuz qrupuna Azərbaycan, türkmən və türk dilləri daxildir. Bunların arasında fonetik baxımdan ən zərifi, ahəngdarı və inkişaf etmişi Azərbaycan dilidir. Karluq dilləri arasında uyğur dili daha çox seçilir. Qazax, qırğız, qaraqalpaq, tatar, başqırd dillərinin daxil olduğu qıpçaq qrupunda isə həmin meyarlar üzrə tatar dili daha əlverişli vəziyyətdədir. Bu, məsələnin sırf texniki, yəni fonetik tərəfidir.

İkincisi, şairin mənsub olduğu xalqın ümumi bədii söz xəzinəsidir, yəni həmin dildəki şifahi və yazılı əsərlərdir. Bu mənada tatar ədəbiyyatı həm çox qədim, həm də zəngindir. Tatarlarda “Edigey”, “Xan qızı Altın Saç”, “Cik Mərgən”, “Büşman Qıpçaq”, “Çura Batır”, “Kəsikbaş” kimi möhtəşəm dastan və əfsanələr var.

Yazılı ədəbiyyata gəlincə, burada elə böyük ədiblər vardır ki, onların adları və əsərləri tatar və ümumtürk ədəbiyyatının fəxridir. Qul Əlinin “Qisseyi-Yusif”, Nəsrəddin Rəbğuzinin “Qisas ül-ənbiya”, Mahmud Bolğarinin “Nəhc ül-fəradis”, Qütbün “Xosrov və Şirin”, Xarəzminin “Məhəb­bətnamə”, Hüsam Katibin “Cümcümə Sultan”, Seyfi Sarayinin “Gülistan bit-türki”, Məhəmmədyarın “Töhfeyi-Mərdan” əsəri bunlara parlaq misaldır. Sonrakı dövrlərdə Şəhabəddin Mərcani, Qəyyum Nəsiri və Əbdürrəhman İlyasi kimi ədiblər tatar ədəbiyyatını inkişaf etdirmişlər. Abdulla Tukay, Saqit Rəmiyev, Zakir Rəmiyev (Dərdmənd), Şeyxzadə Babiç, Fatih Əmirxan, Ələsgər Kamal, Əhməd Urmançiyev, Fahih Seyfi Kazanlı, Nəcib Dumavi, Səid Sünçələy, Şəhid Əhmədiyev, Mirəziz Ukmasi, Ayaz İshaqi və adlarını çəkə bilmədiyimiz qələm sahibləri tatar ədəbiyyatına mühüm töhfələr vermişlər. Bunlardan Tukay, Dərdmənd və Babiç yeni tatar ədəbiyyatının beşiyi başında durmuş azman sənət­kar­lardır. Bu üç şair arasında birincilik Abdulla Tukaya məxsusdur.

Robert Minnullin belə bir milli ədəbi mirasın üzərində yüksəlmiş, onu tam mənimsəmiş və inkişaf etdirmişdir. Burada artıq hər şey doğrudan-doğruya şairin öz istedadı ilə bağlıdır.

Robert gözəl və axıcı tatar dilində yazan, tatar xalqının qədim və zəngin ədəbi mirasına sahib olan, bu mirası uğurla inkişaf etdirən parlaq istedadlı bir şairdir”…

 

***

Bu ayın 27-sində Tatarıstan Yazıçılar Birliyinin 85 illik yubileyi dövlət səviyyəsində keçiriləcək. Mən də, bu təntənəli yubiley törəninə çağrılmışam və inşallah iştirak edəcəm. Yubiley ərəfəsində yazılmış bu yazı isə hər nə qədər bir şairə, daha çox onun bir kitabına aid olsa da, mən öz yazımın bütün tatar şair və yazıçılarına, min yaşlı tatar ədəbiyyatına mə­həb­bətin ifadəsi, qardaş xalqın mədəniyyətinə ün­van­lanmış bir sayğıduyarlıq yazısı kimi qəbul edilməsini arzu, təmənna edərdim. Kazan Avrasiyanın (ana materikin) mərkəzində, Bakı isə Yer planetinin mərkəzindəymiş kimi gəlir mənə və bir neçə gündən sonra yolum bir mər­kəzdən o biri mərkəzə, bir paytaxtdan o biri paytaxta düşəcək. Burda Qafqaz, orda Ural, bur­da Xəzər, orda (axıb-axıb Xəzərə tökülən) İdil (Volqa) havasını udmaq şansımız var… Və sözümü də ustad şairin İdilimizşeiri ilə tamamlamaq istərdim. – O şeirlə ki sanki türkün enlikürək şairi Nəcib Fazil Qısakürəyin “Sakarya tür­kü­sü”nün tatarsayağı özətidir.

 

İdilimiz

 

İdilimiz!

İdil bizim

dənizimiz.

İdil bizim

təməlimiz,

Üfüqümüz,

Dərinliymiz!

İdil bizim

kimliyimiz!

Qayna, İdil!

İdil, yaşa!

Könüllər də

İdilləşə.

Coşan nər tək,

müdrik ər tək,

bəslər bizi,

O, uzağa

səslər bizi.

İdil kimi

yaşayaq biz!

İdilimiz!

İdil bizim

dənizimiz,

dənizliyiz biz!


Əkbər QOŞALI

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır