Modern.az

QHT-lər 2009-cu ili necə yola salır?

QHT-lər 2009-cu ili necə yola salır?

24 Dekabr 2009, 18:28

2009-cu ili hansı təəssüratla yola salırsınız? Modern.az bu ilin QHT-lərin fəaliyyətində nə ilə yadda qaldığını öyrənmək üçün üçüncü sektorun bir sıra təmsilçisinə müraciət edib.

Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni 2009-cu ilin QHT-lər üçün uğurlu il olduğunu bildirib: “Son illərdə QHT-lər həm sistemli fəaliyyət göstərmək, həm də beynəlxalq aləmə inteqrasiya baxımından bir sıra işlər görüb. Azərbaycanın 20 faiz ərazisinin işğal edilməsinin dünyaya çatdırılması, qaçqın və məcburi köçkünlərin vəziyyəti, sülh, demokratiya, insan hüquqları, ekologiya, təhsil, səhiyyə və s. sahələrdə müəyən qrant layihələri həyata keçirilib.

Azərbaycan QHT-lərinin Qara Dəniz QHT forumunda iştirakı bu ilin uğuru hesab etmək olar. Bu il bir sıra QHT-nin layihəsinı dövlət tərəfindən maliyyə yardımı ayrıldı. Bu il media-QHT əməkdaşlığı da gücləndi. KİV-də QHT-lərin fəaliyyəti haqqında çoxlu sayda informasiyalar verildi. Ümumilikdə 2009-u vətəndaş cəmiyyəti üçün düşərli il saymaq olar”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov 2009-cu ilin QHT-lərin həyatında iki hadisə ilə yadda qaldığını qeyd edib: “Birincisi bu il QHT-lərin fəaliyyətinə zərəri olan qanun nəzərdə tutulmuşdu. Ancaq üçüncü sektorun aktivliyi nəticəsində bu qanun qəbul edilmədi. İkincisi isə Prezident yanında Dövlət Dəstəyi Şurası tərəfindən QHT-lərə qrant layihələrinin verilməsi oldu”.

“Ümidli Gələcək” Uşaq və Gənclər Təşkilatının rəhbəri Nabil Seyidoğlu yola saldığımız ilib müsbət hadisələrlə yadda qaldığını deyib: “Bu il “Uşaq ili” elan olunduğu üçün QHT-lər arasında bir çox layihə, tədbir və proqramlar həyata keçirildi. Beynəlxalq qurumların və yerli QHT–lərin səyi nəticəsində bu sahəyə diqqət daha çox artdı. Gənclər və İdman Nazirliyi tərəfindən gənclərlə işləyən QHT-lərə müxtəlif səviyyədə maliyyə və texniki dəstək verildi. Regionlarda gənclərin problemlərinin həlli istiqamətində 15-dən çox layihə həyata keçirildi. Bu il Dövlət Dəstəyi Şurası 200-dən artıq QHT-nin qrant layihəsini maliyyələşdirdi”.

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının icraçı katibi Fərasət Qurbanov da 2009-cu ilin  QHT sektorunda irəliləyiş ili olduğunu bildirib: “2009-cu il məhsuldar illərdən biri kimi yadda qaldı. Çünki bu il Şura 247 QHT-nin  layihə və proqramlarını maliyyələşdirdi. Nəticədə ictimai həyatın bütün sahələri ilə bağlı çoxlu sayda layihələr icra olundu. Bu da böyük nəticələrə imza atdı. Bu il “Uşaq ili” elan edildiyi üçün şura uşaq layihələrinə daha çox üstünlük verdi. Uşaqlarla bağlı 42 layihə maliyyələşdirildi. Ümumilikdə həyata keçirilən bu layihələrdən 31-i Bakı, 11-i isə regionlarda baş tutdu. 11 mindən çox uşaq bu layihələrin iştirakçısı oldu. Bundan başqa ekoloji, səhiyyə və hüquq-müdafiə sahəsinə aid də layihələr həyata keçirildi. Bütün bunlar 2009-cu ilin ən böyük uğurlarındandır”.

Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun icraçı direktoru Fərda Əsədov 2009-cu ilin QHT sektoru üçün müəyyən qədər sınaq ili olduğunu vurğulayıb: “Bu il QHT-lərlə əlaqədar qanunvericiliyə dəyişikliklər təklif olundu. Bu kifayət qədər QHT-nin fəaliyyətini məhdudlaşdıran qanun idi. Bunan sonra QHT-lər səfərbər olub, öz mövqelərini aydınlıqla ifadə etdilər. Həmin mövqe də hökumət tərəfindən müsbət hal kimi qarşılandı və bu sahədə olan problemin həll edilməsi mümkün oldu. QHT-lərə Dövlət Dəstəyi Şurası ilə bizim fond arasında memerondum imzalandı. Buna müvafiq olaraq biz birgə müsabiqə keçirdik və şəffaf QHT fəaliyyəti ilə əlaqədar əməkdaşlığımız uğurla baş çatdı”.

Günay MUSAYEVA

 

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi