Modern.az

Katoliklərin Bakıdakı kilsəsində... və ya Allahın evindən REPORTAJ

Katoliklərin Bakıdakı kilsəsində... və ya Allahın evindən REPORTAJ

24 Sentyabr 2019, 11:05

 

Tolerantlığa meydan olan Bakıda müxtəlif dinlərin və cərəyanların müqəddəs evləri mövcuddur. Onlardan biri də katoliklərin ibadət evidir. Biz də Modern.az olaraq Roma-katolik kilsəsinin qapısını döydük.

 

Çıxarış: Xristianlıq - katolik, pravoslav, protestant cərəyanlarına bölünür. Bir zamanlar vahid olan Xristian kilsəsi əqidə ixtilafı nəticəsində əsrlər boyunca dəfələrlə bölünüb. Lakin qlobal miqysada bölünmə üç dəfə baş verib. Birinci dəfə 451-ci ildə Xalkedon kilsə məclisində monofizitliyin rədd edilməsi ilə bir sıra şərqi kilsələr ortodoksal kilsədən ayrılıb. 1054-cü ildə ortodoksal kilsə parçalanaraq, pravoslav kilsəsi və katolik kilsəsi olmaq üzrə ikiyə bölünüb. Sonuncu dəfə 1517-ci ildə başlanan reformasiyanın nəticəsində isə katolik kilsəsindən ayrılan islahat hərəkatı zamanla protestant məzhəbinin yaranmasına səbəb olub.

 

Niyə şam yandırırlar?

 

Kilsənin həyətinə girən kimi binanın üstündə Hz. Məryəmin heykəli ilə üz-üzə gəldik. Kilsənin sağ tərəfində isə Hz. İsanın heykəli vardı. Pıçıldasan, divarlar səni eşidəcək kimi sakitçilik hökm sürürdü ətrafda. Oturub bir müddət keşişin gəlməsini gözləməli olduq. İsanın heykəli önündə şam yanırdı və bir nəfər  diz çöküb dua edirdi. İrlandiyadan olduğunu öyrəndiyim əcnəbi əlindəki şamları digər şamların oduna tutaraq yandırdı, heykəlin önündəki qumun içinə basdırıb duasına davam etdi.

 

Kilsənin keşişindən bu şamların yandırılmasının nə anlama gəldiyini soruşduq.

“Yandırılan şam yalnız simvolik məna daşıyır. Sadəcə olaraq şam qaranlıqda necə işıq saçırsa, Allahən lütfü də insanların qəlbini nurlandırır. Dua edərkən şamın yandırılması dua edən insana fikirlərini toplamağa yardım edir, duanın özünü gözəlləşdirir”.

 

“Allahla bəndə bir-birini eşidə bilsin”

 

Söhbətimiz boyunca keşiş o qədər pıçıltıyla danışırdı ki, bu səssizlik mənə körpə uşağın yatarkən ətafdakı insanların səssizləşməsini xatırlatdı.

“İnsanlar kilsəyə Allahla söhbət etməyə gəlirlər. Əgər burada səs-küy olsa, onlar Allahın səsini eşidə bilməzlər. Burada səssizliyə tam riayət olunmalıdır ki, dua zamanı Allahla bəndə bir-birlərini eşidə bilsin”.

 

“Xeyirxah əməlləri pisə yozuldu – o da qeybə çəkildi”

 

Əslən slovak olan, Azərbaycan dilində çətinliklə danışan keşiş bizə xristian dini haqqında geniş məlumat verdi.

“Xristian dini İsa Məsihin adıyla bağlıdır. Xristian o kəslərə deyilir ki, onlar İsanı tam olaraq Allah və tam olaraq İnsan kimi qəbul edirlər.

Xristianlıq digər dinlərdən-islam, iudaizm, buddizm və s. ona görə fərqlənir ki, xristianlar İsa Məsihin şəxsiyytində Allahın bəşər olduğuna inanırlar. Xristian dininə əsasən, Allah Öz Kəlamını İsa Məsihdə insan kimi dünyaya ona görə göndərdi ki, Məsih bəşəriyyətin günahlarına görə özünü qurban versin, çünki insanların qurbanları onların günahlarının bağışlanması üçün yetərli deyil idi. Beləliklə Məsih ona iman gətirənlər üçün Allah ilə əbədi həyata yol açd”.

 

Keşiş bəndələri bağışladır?!

 

Bəs, görəsən, keşişin missiyası nədir?

 “Bildiyiniz kimi, İsa Məsihin 12 şagirdi – apostolu olub hansılara ki Məsih onun adından əməl etməyi tapşırıb. Apostollar da imanı öz şagirdlərinə ötürüb, beləliklə bu günə kimi yepiskoplar və keşişlər həmin apostolların sələfiləri sayılır, həmin imanı qoruyub saxlayır. Bu qaydada keşişin əsas vəzifəsi Məsihin adından xristianlığın ən vacib ayinini – Yevxaristiyanı icra etmək və tövbə edən insanların günahlarını bağışlamaqdır. Həmçinin keşiş insanlara Allaha aparan yolu göstərməlidir, xüsusilə insan hansısa mənəvi çətinliyə düşəndə ona məsləhət verməlidir”.

 

“Allaha deyə bilmərik ki, mənə bunu ver!”

 

“Biz Allahı atamız sayırıqsa ona dua edərkən də atamızdan bir şey istəyirmiş kimi dua edirik. Uşaqlar necə ki, atasından bir şey istəyir, biz də Allaha dua vasitəsilə istəklərimizi deyirik. Biz Allaha əmr edə bilmərik ki mənə bunu ver, onu ver. Ancaq atadan, anadan nəyisə necə istəyiriksə biz də Ona belə müraciət edə bilərik”.

Keşiş insanların kilsəyə daha çox bazar günü gəldiklərini dedi. ““Воскресенье”(Bazar günü) Xristianlğın günüdür. Bazar günü xristianlar Əhdi-Cədid kitablarında təsvir olunan ən məşhur hadisələri – Məsihin çarmıxa çəkilməsi, ölümü və dirilməsini xüsusi ayinlə xatırlayır. biridir. Rus dilindən gördüyümüz kimi, bu gün “Dirilmə” kimi adlanır (“Воскресенье”rus dilindən azərbaycan dilinə tərcümədə ölümdən dirilmə deməkdir) Əlbətdə, həftə içi də kilsəyə ibadətə gələnlər olur. Gələnlərin içində ruslar, slovaklar, digər millətlər və azərbaycanlılar da olur. Kilsə bütün millətlər üçün açıqdır. Allahın bəndələri istədikləri vaxt gəlib dua edə bilirlər ”.

 

Pis gündə, yaxşı gündə...

 

“Toydan əvvəl cütlüklər bura ona görə gəlir ki, onlar Allah qarşısında bir-birlərinə söz versinlər. Xəstəlikdə, sağlıqda, pis gündə, yaxşı gündə bir-birlərinin yanlarında olmalarına dair Allahın qarşısında bir-birinə söz verirlər. Sözü Allah qarşısında ona görə verirlər ki, sözlərindən dönməsinlə”.

 

İslam dini xristianlığı tanıyır, bəs xristianlıq digər dinləri tanıyırmı?

 

“Allaha gedən yol İsadan keçir. Lakin insanlar bir birilərinə dini etiqadlarından asılı olmayaraq hörmət etməlidirlər.

Hər insanın bir mövqeyi var. Eyni zamanda hər insanın həqiqəti axtarmaq kimi bir öhdəliyi və məsuliyyəti var. Dinə insanlara xatir deyil, Allaha xatir ibadət etmək lazımdır. Əgər insanlar dostuna, ailəsinə, pula görə və ya hansısa qorxularına görə Allaha inanırsa bu düzgün deyil, həqiqi Allaha yalnız Allaha xatir inanmaq lazımdır.

İnsan bu həyatda öz mövqeyini seçir. Bu dünyada etdiyi əməlləri ilə ya ancaq Allahın yanında qalır, ya da cəhənnəmə gedir ”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir