Modern.az

Taksi sürücüləri arasında nizam-intizamı necə yaratmalı? - Hüquqşünas yol GÖSTƏRDİ

Taksi sürücüləri arasında nizam-intizamı necə yaratmalı? - Hüquqşünas yol GÖSTƏRDİ

Aktual

25 Sentyabr 2019, 08:23

Yol mədəniyyəti, ictimai nəqliyyatda sürücülərin sərnişinlərlə davranışı hər zaman müzakirə obyekti olub. Nə qədər yeniliklər edilsə də, bu sahədə islahatlar həyata keçirilsə də, avtobus, taksi sürücülərinin sərnişinlərə qarşı kobud rəftarı haqqında şikayətlər bitmir. Bu məsələdə bəzən xidməti həyata keçirən ayrı-ayrı daşıyıcı şirkətləri, bəzənsə aqressivlik nümayiş etdirən sürücülərin özləri günahlandırılır.

Mövcud problem haqqında Modern.az-a danışan nəqliyyat eksperti Ərşad Hüseynov isə etika, mədəniyyət məsələsinə toxunduqda, konkret hansısa peşə sahibini, lokal sosial mühiti tənqid etməyi düzgün saymır. O düşünür ki, bu ümumilikdə cəmiyyətin neqativliyinin təzahürüdür:

“Tez-tez taksi və ya avtobus sürücülərinin mədəniyyətsizliyi haqqında fikirlər səsləndirilir. Amma unutmaq lazım deyil ki, taksi sürücüsü də bizdən biridir. Onun müştəriləri də bizik. Bu baxımdan, ictimai nəqliyyatın sürücüsü ilə müştəri, yaxud digər sürcü arasında, sürücülərlə hətta rəhbərliyi arasında problem yaranırsa, bu, cəmiyyətdə yaranan sosial mühitin təzahürüdür. Məni ən çox narahat edən budur ki, yollarımızda, küçədə, ictimai məkanlarda insanlar bir-birinə qarşı aqressivlik göstərir. Bunu hamı görür. Ona görə, əsas problemimiz ümumi ictimai mühiti mülayimləşdirmək, qarşılıqlı münasibətlərimizi cəmiyyətin hər bir nöqtəsində yaxşılaşdırmaqdır. İctimai nəqliyyatda, marketdə, dayanacaqda, küçədə, növbə gözləyəndə, sükan arxasında və s. məqamlarda aqressiamızı cilovlamağı bacarmalıyıq”.

Taksi sürücülərinin qeyri-etik davranışları barədə şikayətlərin artmasını xüsusi vurğulayan ekspert bu fəaliyyətlə məşğul olan şirkətlərin də məsuliyyətli olduğunu xatırladıb. Ə. Hüseynov deyib ki, taksi sürücüləri bu fəaliyyətlə məşğul olmazdan əvvəl xüsusi təlim keçməlidirlər:

“Bunun predmetində də iki başlıca məqam var: ilk olaraq, sürücünün müştərilərlə mülayim münasibəti, fəaliyyət gedişindəki mədəni davranışı, ikincisi isə taksi sürücüsünün xidmət göstərəcəyi şəhəri, məkanı yaxşı tanıması, təhlükəsiz, rahat hərəkət edə bilməsidir. Bu gün Bakıda taksi fəaliyyəti ilə məşğul olan şəxslərin əksəriyyəti vergi orqanlarında uçotda belə deyillər. Birdən-birə mümkün olmasa da, tədricən qanunda nəzərdə tutulan müddəaları tətbiq etmək, taksi sürücülərinin hamısını qeydiyyata almaq, rəsmi şəkildə VÖEN, əmək fəaliyyəti haqqında sənədlərini qaydasına qoymaq lazımdır. Bundan sonra onları xüsusi kurslara da cəlb etmək olar. Bu yanaşma ilə həmin problemləri həll etmək, xidmət mühitini yaxşılaşdırmaq mümkündür”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir