Modern.az

Unudulmaz səslər: Oxu Xeyransa, oxu! - Arzuları yarıda qırılan müğənninin FACİƏSİ - FOTOLAR

Unudulmaz səslər: Oxu Xeyransa, oxu! - Arzuları yarıda qırılan müğənninin FACİƏSİ - FOTOLAR

25 Sentyabr 2019, 08:53

...1966-cı ilin 26 noyabrında çoxuşaqlı, yoxsul ailədə daha bir körpə dünyaya gəldi. Valideynləri 9-cu uşağın adını Xeyransa qoydular. O Xeyransa ki, şirin və məlahətli səsi-ifası ilə hamını heyran edəcək, lakin qısa və nisgilli bir ömür yaşamaqla hər kəsi qüssələndirəcəkdi...

Modern.az saytı “Unudulmaz səslər” layihəsinə davam edir. Bu dəfə faciəli şəkildə dünyasını dəyişən, səsi ilə yaddaşlarda iz qoyan müğənni Xeyransa Məmmədəvodan söhbət açacağıq.


Son müsahibələrinin birində belə söyləmişdi: “Çox yox, kaş 50 il yaşayıb, planlarımı həyata keçirə bilsəydim...”. 

Amma təəssüf, min kərə təəssüf ki, yaşaya bilmədi, amansız əcəl imkan vermədi...



9 uşağın sonuncusu

Xeyransa Məmmədova 1966-cı il noyabr ayının 26-da  Bakıda anadan olub. Xeyransa ailəsinin sonbeşiyi - 9-cu övladı idi. Bakıdakı 232 nömrəli orta məktəbdə oxuyan Xeyransa elə kiçik yaşlarından səhnəyə çıxaraq, məşhurluq qazanmışdı.
O, cəmi 29 il yaşaya bildi. Hətta 29 yaşını belə tamam edə bilmədi...

Xeyransa Məmmədova kiçik yaşlarından şəkər xəstəliyinə tutulmuşdu. Uşaq vaxtı həyətdə həmyaşıdları ilə oynayarkən, bir itin qəfil hücumuna məruz qalmış və qorxudan şəkər xəstəliyi tapmışdı.

O, 1977-ci ildə “Vətən” instrumental ansambılına qoşulmuşdu. Bunun ardınca “Oxu tar” musabiqəsinə qatılaraq, dalbadal uğurlar əldə etmişdi. Orta məktəbin 5-ci sinfində oxumasına baxmayaraq, “Vətən” instrumental ansambılının ən məşhur solisti idi. 

1980-ci ildə isə böyük səhnəyə gəlmişdi. 14 yaşında – 6-cı sinifdə oxuyanda o vaxtkı “Lenin sarayı”nda (indiki Heydər Əliyev Sarayı-red.) təşkil olunan rəsmi tədbirdə səhnəyə çıxan Xeyransa Cahangir Cahangirovun “Ana Kür” mahnısını ifa etməklə bütün zalı coşdurmuş, ifası alqışlarla qarşılanmışdı.

Ana Kür, yaşa Kür!
Hələ neçə ömür yaşadacaq
Könüllər səni.
Bir gəlinsən yatağında,
Təbiətin qucağında
Nazənin Kür, gözəl Kür...


O zaman konsertdə iştirak edən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi Heydər Əliyev səhnə arxasına keçib Xeyransaya xoş sözlər söyləmiş, onun haqda məlumat əldə edərək, xəstəliyi barədə öyrənmiş, ailəsi ilə də maraqlanmışdı. Müalicəsi üçün müvafiq göstərişlər vermiş, həkim ayrılmasını tapşırmışdı.
Bu hadisə Xeyransaya daha da məşhurluq gətirmişdi. 


Səid Rüstəmovun “Oxu tar”, “Oxu gözəl”, Cahangir Cahangirovun “Necə əl çəkim”, Emin Sabitoğlunun “Azərbaycan, “Təklik”, “Ay bülbüllər” və “Sarı bülbül” kimi mahnıları onun ecazkar  ifasında təkrarolunmaz idi...

İllər sonra ailə həyatı quran Xeyransanın ən böyük arzularından biri ana olmaq idi. Xeyransa Məmmədova “Azkonsert”də sürücü işləyən gənclə ailə həyatı qurmuşdu. Ancaq həkimlər onun övlad dünyaya gətirməsinə qətiyyən icazə vermirdilər. Xeyransa isə qadağalara baxmadan ana olmağı çox istəmiş, bu yolda ölümü də gözə almışdı. Gənc müğənni övlad dünyaya gətirən zaman – 1995-ci il iyun ayının 2-də vəfat etdi və Bülbülə qəbirstanlığında torpağa tapşırıldı.


Səhnəmizin Sarı Bülbülü

Yazıçı-dramaturq Firuz Mustafa 5 noyabr 1981-ci il tarixində o vaxtkı “Azərbaycan gəncləri” qəzetində Xeyransa Məmmədova hələ sağ ikən onun haqqında dərc etdirdiyi məqalədə yazırdı:

“Kameranın soyuq “gözləri” səhnəyə tuşlandı. Yüzlərlə tamaşaçının nəzəri gur şüaların kəsişdiyi bir əlçim işıq zolağına dikildi. İşıq talasında adi geyimli, adi görünüşlü bir qız dayanmışdı. Qızı müşayiət edən ansamblın üzvləri qədim bir nəğmənin ilk melodiyalarını çalmağa başladılar. Uzaq yüzilliklərdən baş alıb kükrəyə-kükrəyə, qovrula-qovrula uzun bir yol gələn “Sarı bülbül” xalq mahnısının ecazkar misraları tamaşaçıların ürəyini riqqətə gətirdi. Azacıq əvvəl aparıcının elan etdiyi mahnının və müğənninin adına etinasız yanaşanlar bir-birlərindən soruşmağa başladılar: “Oxuyan kimdir?”, “Müğənninin ad-familiyası necədir?”. Tamaşaçıların bəziləri çiyinlərini çəksələr də, balaca müğənninin adını xatırlayanlar oldu: “Xeyransa... Məmmədova...”
Xeyransa isə artıq səhnəni, salonu, kameraların “zəhmli baxışını” unutmuşdu. O, oxuyur, oxuduqca da özü üçün sirli olan bir suala sanki yenə - yüzüncü, mininci dəfə cavab axtarırdı:

 
Nədən hər yerin əlvandı,
Köksün altı sarı, bülbül!

 
Bu suala cavab vermək onun üçün riyaziyyat dərslərindəki məsələ və misalların həllindən qat-qat çətin idi.

Sonra sarayın geniş salonunda alqış sədaları qopdu. Xeyransa tamaşaçıların üzlərini aydın seçə bilməsə də onu yenidən səhnəyə çağırmaq üçün havada oynayan əlləri görürdü...


Xeyransa Suraxanı qəsəbəsindəki Orconikidze adına mədəniyyət sarayının “Vətən” ansamblına üzv yazılanda cəmi 8 yaşı vardı. Kollektivin bədii rəhbəri Elxan Müzəffərov balaca qızın qeyri-adi həvəs və istedadını görüb onunla ciddi məşğul olub. Daha sonra...
Xeyransa deyir:

- Daha sonra bir neçə dəfə “Oxu, tar” müsabiqəsinin qalibi oldum. Lakin Azərbaycan Kommunist Partiyasının XXX qurultayı iştirakçıları üçün verilən konsertdə çıxış etdiyim günü heç vaxt unutmayacağam. Konsertdən sonra Sov.İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd, Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev yoldaş məni təbrik elədi...

1981-ci ilin fevral ayında isə Xeyransa Məmmədova Yerevan şəhərində məktəblilərin Ümumittifaq müsabiqəsində birinci yeri tutaraq, “Ən yaxşı ifaçı” üçün xüsusi prizə layiq görüldü.

13 yaşlı müğənni Bakıdaki Bülbül adına orta ixtisas musiqi məktəbində respublikanın əməkdar artisti müğənni İslam Rzayevin sinfində təhsil alır.

- Sevdiyim mahhı çoxdur: “Ana Kür”, “Qərənfil”, “Oxu, tar”, “Qəşəngdir”... Son zamanlar “Mənim dünyam” və “Necə əl çəkim” mahnılarını öyrənmişəm...

Xeyransa Məmmədova Moskva, Kiyev, Xarkov, Yerevan və Tbilisi şəhərlərində də çıxış edib. O, hər gün musiqi həvəskarlarından çoxlu məktublar alır. Aldığı məktubların sayı 1000-i çoxdan keçib.

O, boş vaxtlarında pianoda, qarmonda, nağarada müxtəlif mahnıların oynaq ritmlərini çalmağı xoşlayır. Nəğmələr Xeyransanı qanadlandırır. O, daha yüksək uçuşlara hazırlaşır”.

 
Əfsuslar ki, bu uçuşlar gerçəkləşmədi...

Modern.az saytı Xeyransa Məmmədovanın sənət yoldaşlarının onunla bağlı xatirələrini təqdim edir.

Xeyransanın yaxın rəfiqəsi 


Mərhum ifaçının yaxın rəfiqəsi olmuş respublikanın Əməkdar artisti Nuriyyə Hüseynovanı eşidək:

“1980-ci illər idi. Bu ərəfələrdə tez-tez ölkədə müsabiqələr keçirilirdi. Hamımız rayon uşağı idik. Elə müsabiqəyə də rayondan seçildik və Bakıya gəldik. Xeyransa ilə də ilk tanışlığımız indiki Heydər Əliyev adına Respublika Sarayında məşq zamanı oldu. Balaca, sakit  bir qız idi. Xeyransa məndən 3 yaş böyük idi. Ancaq içərilərində ən hündürü mən idim. Məni heç kim 5-ci sinif şagirdi kimi görmürdü. Artıq biz seçilmişdik və mən birincilik qazanmışdım. Müsabiqənin şərtlərinə görə 1, 2, 3-cü yerləri qazanan uşaqlar ayrı-ayrı salonlarda konsert verməli idilər. Məhz mən birinci yer qazandığım üçün sarayda konsert verdim. Konsertləri uğurla verdik. 
O zaman Bülbül adına Orta İxtisas Musiqi Məktəbində  xanəndəlik sinfi açıldı. O vaxta kimi belə bir sinif açılmamışdı. O sinfə müəllim olaraq İslam Rzayevi və tələbə  kimi Xeyransa Məmmədovanı götürdülər. İslam Rzayev bu sinfin müəllimi kimi xanəndəlikdən dərs deməyə başladı. Mənə də çox təkid etdilər ki, burda qalıb təhsil alım, lakin valideynlərim icazə vermədi. Mən öz rayonumuza geri qayıtmalı oldum”.


Nuriyyə Hüseynovanın səzlərinə görə, 1981-ci ildə yenidən müsabiqə keçirildi:


“Mən 2-ci dəfə yenidən müsabiqəyə qatılmalı oldum. Birinci il keçirilmiş müsabiqənin qalibləri yenidən sarayda yekun konsert verməli idilər. Xeyransa da orada idi, çox istəyirdim ki, ona yaxınlaşım, tanış olum. Buna nail oldum və sonra biz rəfiqə olduq. Dövlət adamalarının təkidi ilə mən Bakıda qalası oldum, təhsilimi Bülbül adına Orta İxtisas Məktəbində davam etdirməliydim. Onda Xeyransa artıq 2 il idi ki, orda təhsil alırdı. Bizim hər ikimizin müəllimi İslam Rzayev idi. Sonradan Şövkət Ələkbərova və Arif Babayev də bu musiqi məktəbində dərs deməyə başladı. Üç görkəmli sənətkar bizə dərs deyirdi. O zamanlar  tələbə ilə müəllim arasında  səmimi bir münasibət var idi. Məktəbin direktoru Üzeyir Hacıbəylinin nəslindən olan Nazim Əlverdibəyov idi. Nazim müəllim bizim hər birimizə o qədər xoş münasibət bəsləyirdi ki, belə deyim nazımızla oynayırdı”.


İslam Rzayevin ən yaxşı tələbəsi


Nuriyyə xanım deyir ki, Xeyransa Məmmədova İslam Rzayevin ən yaxşı tələbəsi kimi Azərbaycanda təşkil olunan konsertlərdə solist kimi çıxış edirdi:


“Yaşı az olsa da, Xeyransada bir xarakter var idi, özünü böyük qızlar kimi, neçə ilin müğənnisi kimi aparırdı. Dərsə gələndə bu xarakteri geyimində də hiss olunurdu. O vaxtlar  Xeyransa xəstə olduğundan dövlət ona xüsusi diqqət göstərirdi. Mərhum Heydər Əliyev hətta onun ailəsinə mənzil də hədiyyə etmişdi, bir sözlə, dövlət onlara lazımi şərait yaratmışdı. Xeyransa kasıb bir ailənin qızı idi, səhv eləmirəmsə atası fəhlə işləyirdi, anası isə xadimə idi. Onu tanınmış bir müğənni kimi məşhurlaşdıran, irəli aparan Heydər Əliyev olmuşdu. Təhsil alan müddətlərdə dərsə də istədiyi vaxt gəlirdi, çünki xəstə idi, şəkəri çox yüksək olurdu. Bufetdə qızlarla oturanda biz müəyyən şeylər yeyirdik, Xeyransa isə çox vaxt imtina edirdi, o dəqiqə də halı pisləşirdi. Ancaq biz onun xəstəliyinin olduğunu çox sonralar bildik. Tez-tez halı pisləşirdi, özünü yaxşı hiss etmirdi. Çox əziyyət çəkirdi, inanın ki, hər dəfə o  vəziyyətə düşəndə biz də həyəcan keçirirdik. O gərginliyi hələ də hiss edirəm. 
Əllərini, ayaqlarını həmişə mənə göstərib deyirdi ki, Nuriyyə bax, gör nə vəziyyətdədir... İnandırım sizi, bədəni deşik-deşik olmuşdu, hamısı iynənin yerləri idi. Deyəndə ki, niyə belə olur, deyirdi ki, ən pis vaxtlarımda bu qədər iynə bədənimə yeridilir. Deyirlər ki, kiməsə yazıq deməzlər, amma inanın ki, yazıq qız o balaca canı ilə çox əziyyət çəkirdi, şişirdilmiş kimi çıxmasın, bədəni ağrıdan sanki od tutub yanırdı”.


Tanrının qisməti

Rəfiqəsi deyir ki, Tanrı Xeyransaya çox faciəli bir ömür qismət etmişdi:

“Özü də sanki hiss etmişdi ki, ömür ona vəfa etməyəcək. İslam Rzayev də həmişə ona güzəşt edirdi. Xeyransa məktəbi məndən 2 il tez bitirdi. Orta İxtisas Məktəbini bitirsə də, təhsilin davam etdirə bilmədi. Nə Konservatoriyaya, nə də Mədəniyyət və İncəsənət Universitetinə daxil ola bildi. Biz isə təhsilimizi davam etdirdik. 
Xeyransanın çox xoş xasiyyəti var idi. Mənə qarşı xüsusi bir simpatiyası vardı. Nə dərdi olsaydı, mənə deyərdi. Mən də onu özümə doğma bir bacı bilirdim”.



“Bir gün eşitdik ki, Xeyransa nişanlanıb...”

Nuriyyə Hüseynova:

“Günlərin birində işitdik ki, Xeyransa nişanlanıb. Aybəniz Haşımova ilə düşünürdük ki, toyuna bizi də çağıracaq və biz də bir sinif yoldaşı kimi həmin məclisdə yaxından iştirak edəcəyik. Lakin həvəslə gözlədiyimiz toya Xeyransa bizi çağırmadı. Əslində çox pis olduq ki, bizi niyə çağırmadı? Sonra mən də ailə həyatı qurdum, yoldaşım məni bu sənətdən uzaqlaşdırdı. Başım ailəyə, övladlara o qədər qarışdı ki, Xeyransadan bir xəbər tuta bilmirdim.

Aradan aylar, illər keçdi və günlərin birində o acı xəbəri eşitdim...

Xəbər mənə o qədər pis təsir etdi ki, günlərlə Xeyransa ilə birlikdə olduğumuz anları yadıma salıb için-için ağlayırdım. Onun artıq bu həyatda yaşamadığını düşündükcə, az qala dəli olurdum. Zalım dünya onu bizdən tez alıb apardı. Ailə qursa da, mənim gözümdə hələ də balaca bir qızcığaz idi. Ölüm xəbərinin səbəbini eşidəndə, bir tərəfdən də verdiyi qərar - ana olmağa çalışması məni sarsıtdı. O ana olmağı çox istəyirmiş. 
Həkimlər ona qadağa qoymuşdular ki, doğuş həyatının sonu ola bilər. Yaxınları da ona təkidlə övlad götürüb saxlamağı məsləhət görüblər...
Deyirmiş ki, “özüm ana olacam və mən bunu bacaracam”. Bildiyim qədərilə uşaq bətnində 6 aylıq idi. Çox heyf nə özü, nə də övladı yaşaya bildi. Şəkəri o qədər yüksək idi ki, övladı bətnində tələf olmuşdu”.



“Ölüm xəbərini çox gec bildik”
 

Nuriyyə xanım deyir ki, rəfiqə olsalar da, Xeyransanın ölüm xəbərini çox gec bilib:

“O vaxt indki kimi operativ mətbuat yox idi ki, xəbəri tez eşidək. Xəbəri eşidəndən sonra Aybəniz mənə zəng vurdu ki, Nuriyyə, gec də olsa, gedək ailəsinə baş çəkək. Yoldaşım bizi Bülbülə qəsəbəsinə gətirdi. Xeyransagil Bülbülədə yaşayırdı, evlərin çox çətinliklə tapdıq. Anası bizi görəndə o qədər ağladı ki, sanki dərdi yenidən təzələndi. Çox təssüf ki, biz Xeyransanın ata ocağına onun yası üçün getmişdik. Biz Xeyransanın evinə necə getməyi arzulayırdıq, həyat bizə onun yoxluğunu hədiyyə etdi. Beləliklə, artıq Xeyransanın bu həyatda olmadığını qəbul etdik. Ancaq bir təsəlli tapırıq ki, o ağrılardan canını qurtarıb əbədi bir həyata getdi. Bəlkə orda ağrısız-acısız  rahatlıq tapar ”.

 
Əməkdar artist Aybəniz Haşımova: “Xeyransa mənim üçün çox qiymətli idi”


Xeyransa Məmmədova ilə eyni vaxtda səhnəyə gəlmiş respublikanın Əməkdar artisti Aybəniz Haşımova da mərhum sənətçidən yana-yana danışır:

“Düzdür, o  mənim yaxın rəfiqəm deyildi. Ancaq aramızda isti bir münasibət var idi. Hətta bir məktəbin şagirdi olmuşuq. Həmyaşıd idik, onun səsini çox sevirdim. Şəxsən bir-birimizi insan olaraq, dərindən tanımasaq da, sənət elə bir şeydir ki, qarşı tərəfi sevdirə bilir. Mən də Xeyransanı bu cür sevib, öz hafizəmdə onu bir sənətkar kimi qəbul etmişəm. 
Mən hələ də onun səsi gələndə kövrəlirəm. Çünki həyatı səsi kimi, gözəl olmadı. O səsdə uşaqlıq qayğıları, həyatda yaşamaq, yaratmaq istəyi vardı. Heyf ki, bu dünyadan tez köçdü. Onun  vaxtsız ölümünə o qədər pis oluram ki… 

Hər dəfə Xeyransa adı gələndə üzümdə bir kədər yaranır. Həmişə bu sözlə təsəlli tapıram ki, Xeyransa Allahın sevimli bəndəsi idi ki, aramızdan tez gedərək, əbədi dünyasına qovuşdu. Çox istedadlı, eyni zamanda misilsiz səsə malik idi. O səsi biz tez itirdik. 
Düşünürəm ki, bu cür səslər unudulmamalıdır. Sizə də təşəkkür edirəm ki, bu cür sənətkarları yad edirsiniz”.

Ömrünün 29-cu baharında həyata vida edən təkrarsız səs sahibi Xeyransa Məmmədova şübhəsiz ki, onu hətta bircə dəfə dinləmiş insanların da yaddaşında əbədi iz qoyub getdi...

“Çox yox, kaş 50 il yaşayaydım, planlarımı həyata keçirə biləydim” demişdi, ancaq arzuları yarıda qırıldı, özü xatirələrə çevrildi...



Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir