Modern.az

İzdivac və idxalın Azərbaycan dilini zənginləşdirməsi

İzdivac və idxalın Azərbaycan dilini zənginləşdirməsi

25 Sentyabr 2019, 11:48

Buludxan Xəlilov,

filologiya üzrə elmlər doktoru, professor

 


Dil mədəniyyətinin rəqabət imkanları Azər­bay­can dilini müasir dünyanın mədəniyyət dəyərləri ba­xı­mından da zənginləşdirir. Məsələn, xarizma (xüsusi istedad, insanları ələ alabilmə qabiliyyəti, cazibə – fransız sözüdür), impakt-faktor (elmi jurnalın əhə­miy­yətini göstərən hesab göstəricisi – ingilis sözü­dür), implantasiya (diş əkilməsi – alman sözüdür), in­no­vasiya (yüksək səmərəliliyə malik yeniliyin tət­biqi – latın sözüdür), insident (toqquşma, hadisə – latın sözüdür), instaqram (şəkil və videoyazıları çə­kib mübadilə etmək, onlara filt tətbiq edə bilmək və öz servisindən digər şəbəkələrə ötürmə imkanına ma­lik olan sosial şəbəkə – ingilis sözüdür), interaktiv (əks əlaqəsi olan, dialoqa girən; insan və kütləvi in­for­masiya əlaqələri arasında ünsiyyət yaradan – ingilis sözüdür), internet (informasiyanın saxlanıl­ma­sı və ötürülməsi məqsədilə birləşdirilmiş kompüter şəbəkələrinin ümumdünya sistemi – ingilis sözüdür), kampus (universitet və ya məktəb şəhərciyi – ingilis sözüdür), kofe-breyk (elmi və ya biznes-konfransda qida qəbul etmək və qeyri-rəsmi ünsiyyət qurmaq üçün 10-40 dəqiqəlik qısa fasilə – ingilis sözüdür), kombi (isitmə sistemi – ingilis sözüdür), laminat (əsa­sı taxta lifli lövhələrdən ibarət döşəmə örtüyü – in­gilis sözüdür) və s. sözlər və bu qəbildən olan digər yüzlərlə sözlər müasir dünyanın məişət, elm, eləcə də digər sahələrlə bağlı dəyərləri ilə Azərbaycan dilini zənginləşdirir.


Dilin lüğət tərkibinə izdivac olunmuş, idxal olun­muş sözlər təkcə dilin lüğət tərkibini zəngin­ləş­dir­mir, həm də mənbə dilin enerjisini, ruhunu, gücünü və im­kan­larını da özü ilə gətirir. Bunların hamısı üst-üstə yı­ğı­laraq dilin lüğət tərkibindəki sözlərin məna zən­gin­li­yi­ni, bütövlükdə dilin özünün imkanlarını, sözlər və on­la­rın mənalarının bolluğunu təsdiq edir. Belə ol­du­ğu üçün bədii ədəbiyyat nümunələri təsirli olur, xü­susilə şeir nitq mədəniyyətinin ən kamil forması kimi özünü gös­tərir. Sevilən ədəbi-bədii nümunələr şair və ya­zı­çı­nın istedadı ilə yanaşı, onun yazdığı dilin imkan­ları əsa­sın­da reallaşır. Məsələn, Cəfər Cabbar­lı­nın “Ana” şeiri bir tərəfdən onun istedadını, digər tərəfdən onun Azər­bay­can dilinin lüğət tərkibindəki milli söz­lər­lə yanaşı, ərəb və fars mənşəli sözlərdən çələng hör­mək bacarığı ilə bağlıdır. Cəfər Cabbarlı milli sözlərlə yanaşı, ərəb və fars sözlərini hərəkətə gətirməklə dili­mi­zin lüğət tər­ki­bindəki zənginliyi anlada bilmiş (bu, işin bir tərəfi), digər tərəfdən fikrini, hissini, duy­ğu­sunu ifadə etmək üçün monotonluğu yaxşı mənada da­ğıt­mış, milli, ərəb və fars sözləri vasitəsilə politonluq yaratmışdır. Nəti­cə­də Cəfər Cabbarlı dilimizin lüğət tərkibində mövcud olan milli, ərəb və fars sözlərinin enerjisi, potensialı, mə­na incəlikləri əsasında oxucunu özünə ram etmişdir. “Ana” şeirinin gücü dilimizin lüğət tərkibindəki milli, ərəb və fars sözlərinin yerin­də, məqamında düzgün is­ti­fa­də olunmasındadır. Əsl sənətkarlıq da bundadır. De­mə­li, dilimizin lüğət tərki­bin­dəki alınma sözlərin yarat­dı­ğı möcüzə kimi “Ana” şeiri ən böyük sənət əsəridir.

 


        Əgər bütün bəşəriyyət ədüvvi-canım ola,

Ürək süqut eləməz aldığı mətanətdən.

Ricavü xövfə məkan vermərəm gər alimlər

Min il də vəz edələr dəhşəti-qiyamətdən.

 

Pələnglər tuta dövrüm, çəkinmərəm əsla,

Və ya ki, vəd edələr dövləti-cahani mənə

Ki, bir kəsə baş əyib iczimi bəyan eyləyim,

Əyilmərəm nə ki, yer, versələr səmanı mənə.

 

Yanımda gər dura cəllad əlində şəmşiri,

Ölüm gücilə mənə hökm edə təslim,

Əyilmərəm yenə haşa! Ölüm nədir ki, onun

Gücilə xalqa həqiranə eyləyim təzim?

Cahanda yox elə bir qüvvə baş əyim ona mən

Fəqət nə güclü, zəif bir vücud var, yahu,

Ki, hazıram yıxılıb xaki-payinə hər gün,

Öpüm ayağını icz ilə – Kimdir o? Nədir o?

 

Ana! Ana!.. O adın qarşısında bir qul tək

Həmişə səcdədə olmaq mənə fəxarətdir;

Onun əliylə bəla bəhrinə yuvarlansam,

Yenə xəyal edərəm bəzmi-istirahətdir.

 

Əs, ey külək, bağır, ey bəhri-biaman, ləpələn!

Atıl, cahana sən, ey ildırım, alış, parla!

Gurulda, taqi-səmavi, gurulda, çatla, dağıl,

Sən, ey günəş, yağışın yağdır, ey bulud, ağla!

 

Bunlar mənə əsər eylərmi? Mütləqa yox! Yox!

Fəqət ana! O müqəddəs adın qabağında

O pak bağrına bassın məni, desin lay-lay,

Təbəssüm oynadaraq titrəyən dodağında.

 

Bütün vücudum əsər, ruhum eyləyər pərvaz,

Uçar səmalara o aləmi-xəyalətdə.

Yatar, ölər bədənim, nitqdən düşər bir söz:

  • .. Ana... Sənə mən rahibəm itaətdə!..

 


Beləliklə, dilin lüğət tərkibində izdivacın, idxalın yaratdığı qeyri-adiliyi Cəfər Cabbarlının “Ana” şeiri­nin simasında belə ümumiləşdirmək olar:


Birincisi,
dilin sinonim zənginliyinin yaran­ma­sın­da idxal olunmuş sözlər mühüm rol oynayır. Cəfər Cabbarlı da idxal olunmuş belə sözləri “Ana” şeirin­də ustalıqla istifadə etmişdir. Məsələn, ərəb mənşəli bəşəriyyət (sinonimləri: insanlıq, insanlar), süqut (si­no­nimləri: düşmə, yıxılma, enmə), mətanət (sino­nim­ləri: dayanıqlı, sabitlik, möhkəmlik//mətinlik), xövf (qor­­xu, təhlükə), vəz (sinonimləri: nəsihət, öyüd, möizə), həqiranə (sinonimləri: həqircəsinə, alçaq­ca­sı­na), vücud (sinonimləri: bədən, cəsəd, cisim; şəxs, nəfər, zat, yaradılmış məxluq), səcdə (sinonimləri: üzünü yerə sürtmə; namazda alını möhürə söykəyib, Qu­ra­nın bəzi yerlərini oxuyarkən alnını ona söykəyib dua oxuma), fəxarət (sinonimləri: öyünmə; iftixar etmə, iftixar, fəxr) və s., fars mənşəli şəmşir (sino­ni­mi: qı­lınc), xakpay (sinonimləri: ayaq basılan yer; astana, kandar), bəzm (eyş-işrət, kef məc­lisi//yı­ğın­caq, məc­lis; söhbət, ixtilat), pak (sinonimləri: təmiz, ləkəsiz, eyibsiz, nöqsansız; saf, xalis, təmiz; müqəd­dəs, mü­ba­rək, əziz), pərvaz (sinonimləri: uçma, uçuş; uç­ma­ğa yeni başlayan quş balası) və s. sözlər idxal olun­muş sözlər kimi dilimizin lüğət tərkibini zən­gin­ləş­dir­mişdir. Dilimizə idxal olunmuş sözlərin yarat­dı­ğı məna bolluğunu dillərarası əlaqənin nəticəsi kimi təsdiq etmişdir.


İkincisi,
ərəb və fars sözlərinin şeirdə işlənməsi monotonluğu aradan qaldırmış, mümkün qədər fikrin ifadə imkanlarına rəngarənglik vermişdir.


Üçüncüsü,
ərəb və fars sözlərinin şeirdə işlən­mə­si dilçilərə, ədəbiyyatşünaslara, mətnşünaslara anla­dır ki, sözlərin idxal prosesi dilin zənginliyi ilə ya­na­şı, dilin zövqünü və estetikasını formalaşdırır.


Dördüncüsü,
ərəb və fars sözlərinin şeirdə iş­lən­məsi şairin (Cəfər Cabbarlının) ərəb, fars sözlərini mə­qamında işlətməklə Azərbaycan dilində mədə­niy­yət xəzinəsi yaratmaq qabiliyyətinə əyani sübutdur. Həm də milli sözlərimizlə yanaşı, ərəb və fars söz­lə­rin­dən istifadə etməklə üç millət arasında mədəni əlaqənin mərhələ təşkil etməsinə bir işarədir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi