Modern.az

Musiqi sədaları ilə dəfn olunan MƏŞHURLAR

Musiqi sədaları ilə dəfn olunan MƏŞHURLAR

25 Sentyabr 2019, 15:35

Bəzən hansısa tanınmış simaların vida və dəfn mərasimlərində ənənəvi çərçivədən kənaraçıxmalar olur, məsələn, orda musiqi sədaları eşidilir.

Vurğun  Əyyubun dünənki vida mərasimində olduğu kimi...

Həm musiqi çalınır, həm də cənazə qəbiristanlığa alqış sədaları altında yola salınır. Mərhumun öz vəsiyyətinə uyğun, ya da ölü yiyəsinin istəyilə cənazəni hansısa musiqi alətinin həzin səsi son mənzilədək müşayiət edir.

 

Modern.az musiqi sədaları altında dəfn olunan bəzi tanınmışları diqqətinizə çatdırırır.

Vurğun Əyyub - 1992-1993-cü illərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri olub. Müsavat Partiyası sədrinin keçmiş 1-ci müavini V.Əyyub dünyadan köçəndə (24 sentyabr 2019) Azərbaycan Demokratiya və Rifah Hərəkatı sədrinin 1-ci müaviniydi.  
Mərhumun vəsiyyətinə əsasən, onu son mənzilə "Ruhani" aşıq havası ilə yola saldılar. V.Əyyubun cənazəsi ötən gün Hövsanda yerləşən "Dədə Qorqud" qəbirstanlığında torpağa tapşırıldı.

 

İsa Muğanna - Görkəmli xalq yazıçısı. O, 2 aprel 2014-cü ildə Fəxri Xiyabanda torpağa tapşırılıb. Mərhumun məzarı üstündə özünün vəsiyətinə əsasən saz çalınıb.

 

İlhamə Quliyeva - Azərbaycanın Xalq artisti. İlhamə Quliyeva ürək çatışmazlığı səbəbindən 25 fevral 2016-cı ildə dünyasını dəyişib. Mərhumla vida mərasimində vəsiyətinə əsasən, onun öz ifaları səsləndirilib. Vida mərasimi xalq artistinin "Çıxıb gedirəm" mahnısının sədaları altında, alqışlarla sona çatıb.


Məhəbbət Kazımov -
Azərbaycanın Əməkdar artisti. Müğənni 27 yanvar 2014-cü ildə dünyasını dəyişib. Sənətçi şəkər xəstəliyindən əziyyət çəkirdi. Məhəbbət Kazımov öz vəsiyyətinə uyğun olaraq, ifa etdiyi “Laçınım” mahnısının sədaları altında torpağa tapşırılıb. Mərhum Xirdalan şəhər qəbirstanlığında dəfn olunub.

 

Ələddin Abbasov - Teatr və kino aktyoru, əməkdar artist.
 Ələddin Abbasov 14 iyul 2014-cü ildə vəfat edib. Öz vəsiyətinə əsasən, Ələddin Abbasov “Dəli Kür” filmindəki “Ana Kür” mahnısının sədaları altında son mənzilə yola salınıb. Ələddin Abbasov Gəncədə dəfn edilib.

 

Aşıq Ədalət Nəsibov - Əməkdar incəsənət xadimi. Ədalət Nəsibov 14 sentyabr 2017-ci ildə vəfat edib. Aşıq Ədalət öz vəsiyyətinə uyğun olaraq, “Yanıq Kərəm” havasının sədaları altında dəfn olunub. Mərhum Qazaxın Ağköynək kənd qəbirstanlığında torpağa tapşırılıb.

 

Üzeyir Hacıbəyli – Dünya şöhrətli bəstəkar, musiqişünas alim, müasir Azərbaycan musiqi sənətinin və milli operanın banisi.
Üzeyir Hacıbəyli ürək çatışmazlığından dünyasını dəyişib. 1948-ci il noyabrın 23-də vəfat edən Üzeyir Hacıbəyli son mənzilə Bülbülün ifasında “Sənsiz” romansının sədaları altında yola salınıb. O, Fəxri xiyabanda dəfn olunub.

 

Şəfiqə Axundova - Şərqdə ilk opera yazan qadın bəstəkar, Azərbaycanın xalq artisti.
Şəfiqə Axundova 26 iyul 2013-cü ildə dünyasını dəyişib. Xalq artisti son mənzilə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrından öz bəstəsi olan “Həyat sən nə şirinsən” mahnısının sədaları altında yola salınıb və teatr səhnəsindən böyük alqışlarla II Fəxri Xiyabana aparılıb.

 

Aşıq Azər Xanlaroğlu - Aşıq Azər Xanlaroğlu hepatit xəstəliyindən əziyyət çəkirdi. 12 may 2018-ci ildə dünyasını dyişib. Mərhumun vəsiyətinə əsasən, sazın sədaları altında torpağa tapşırılıb.

 

Aşıq Vüqar Mahmudoğlu - Aşıq Vüqar infarkt səbəbindən 10 yanvar 2018-ci ildə dünyasını dəyişib. Mərhumu Müşfiqabaddakı evindən sənət dostları saz musiqisinin sədaları altında çıxarıblar. O, Qobustan rayonunun Şıxzahırlı kəndində dəfn edilib.

 

Nəriman Əzimov - Bəstəkar, drijor, xalq artisti. Nəriman Əzimov 19 noyabr 2016-cı ildə vəfat edib. Nəriman Əzimov dram teatrın binasında əməyinin nəticəsi olan bəstələr və alqış sədaları altında son mənzilə yola salınıb. Mərhum Gəncədə dəfn edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?