Modern.az

Banklar adi və sosial ipoteka kreditləri verməyi dayandırıb

Banklar adi və sosial ipoteka kreditləri verməyi dayandırıb

Aktual

25 Sentyabr 2019, 17:49

Banklar tərəfindən adi və sosial ipoteka kreditlərinin verilməsi dayandırılıb. İqtisadçı Vüqar Bayramov mövzu ilə bağlı Modern.az-ın suallarını cavablandırarkən, ipoteka kreditlərinin verilməsində fasilə yarandığını təsdiqləyib:


“Hazırda vətəndaşlar adi və sosial ipoteka kreditləri üçün banklara müraciət edən zaman bank tərəfindən vəsait ayrılmadığı bildirilir. O baxımdan deyə bilərik ki, ipoteka kreditlərinin verilməsi dayandırılıb. Güman olunurdu ki, sentyabrın sonunda prosesə başlanacaq. Amma gedişat göstərir ki, yaxın müddət ərzində ipoteka kreditlərinin yenidən açılması ehtimalları azdır”.

 

Ekspert qeyd edib ki, sosial ipoteka kreditləri üçün ayrılan vəsait kirayə mənzillərə yönəldilib:

“İpoteka və Kredit Zəmanət Fondu tərəfindən rəsmi açıqlama verilmədiyinə görə, dəqiq səbəbləri müəyyənləşdirmək mümkün deyil. Amma təhlillər göstərir ki, sosial ipoteka kreditləri hesabına sosial evlər üzrə ödənişlər həyata keçirilir, vətəndaş sosial ipoteka krediti götürərək, sosial mənzilə müraciət edir. Bu baxımdan sosial ipoteka kreditləşməsi ona yönəldilib.

Statistika göstərir ki, son dövrlər İpoteka və Kredit Zəmanət Fondu tərəfindən ipoteka istiqrazlarının yerləşdirilməsi halları artıb. İpoteka Fondu vəsait cəlb edir. Amma güman olunur ki, cəlb edilən vəsaitlər daha çox satın almaq məqsədilə Kirayə Mənzil Fondunun yaradılması üçün istifadə olunur. Bizdə olan məlumatlara görə, Kirayə Mənzil Fondu üzrə mexanizm hazırdır, sadəcə müraciət aktivləşdirilməyib.

İlkin məlumatlara görə, evlərin seçilməsi və alınması ilə bağlı proses gedir. Bundan sonra isə elektron baza formalaşdırılacaq və vətəndaşlar kirayə mənzil üçün müraciət etmək hüququ qazanacaqlar. Hər halda güman olunur ki, Fond cəlb etdiyi vəsaiti daha çox Kirayə Mənzil Fondunun formalaşdırılması çərçivəsində istifadə etməyə çalışır. Nəticə etibarilə bu da ipoteka kreditləşməsinə ayrılan vəsaitin həcminə təsir göstərir. Amma hazırda mexanizm, sənədlərin siyahısı hazırdır”.

 

Kirayə mənzillərin satışa çıxarılmamasına gəlincə, iqtisadçı bunu kirayə evlərə tələbin yüksək olması ilə əlaqələndirib:

“Fond çalışır ki, daha çox sayda mənzillərə sahib olmaqla elektron bazasını formalaşdırdıqdan sonra müraciət mexanizmini aktivləşdirisin. Nəzərə almaq laızmdır ki, müraciətlərin hamısı elektron şəkildə olmayacaq. Vətəndaşlar həm də “ASAN” xidmət vasitəsilə müraciət edə biləcəklər. Rəsmi məlumatlar açıqlanmasa da, ilkin təhlillər göstərir ki, praktik olaraq Fond bəlli sayda mənzil alışı həyata keçirərsə və bununla bağlı informasiya elektron bazaya yerləşdirilərsə, o zaman ilin sonunadək müraciətin aktivləşməsi mümkündür. İlkin mərhələdə neçə mənzilin kirayə satışı həyata keçiriləcəyilə bağlı standart müəyyənləşdirilməyib”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!