Modern.az

Eldar Namazov: “Azərbaycan “İnformasiya müharibəsi”ndə məqsədinə çatmayıb”

Eldar Namazov: “Azərbaycan “İnformasiya müharibəsi”ndə məqsədinə çatmayıb”

Aktual

26 Sentyabr 2019, 13:42

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 74-cü sessiyasında Azərbaycanla, Qarabağla bağlı çıxış edib. Türkiyə lideri dünyanın ədalətli və firavan gələcəyi üçün Cənubi Qafqazın problemli bölgələr sırasından çıxarılmalı olduğunu xüsusi vurğulayıb:

“Azərbaycanın torpaqları olan Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlar hələ də Ermənistanın işğalı altındadır. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin qüvvədə olmasına baxmayaraq, Azərbaycan torpaqlarının işğal altında saxlanılması qəbuledilməzdir”.

Politoloq Eldar Namazov Türkiyə prezidentinin BMT tribunasından Azərbaycanı dəstəkləməsini yüksək qiymətləndirib. O, Modern.az-a bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün müxtəlif istiqamətlərdə güclü işlər aparılmalıdır:

“Birincisi, Azərbaycan ordusunun gücləndirilməsi davam etdirilməli, dünyanın ən güclü silahları ilə ordumuz təmin olunmalıdır. Azərbaycan ordusu aprel döyüşlərindən sonra üstünlüyünü nümayiş etdirib. Dünya ölkələrinin əksəriyyəti bilir ki, Azərbaycan ordusu topaqlarını azad etməyə qadirdir. Biz bu sahədə işlərimizi davam etdirməliyik.

Diplomatiya sahəsində bizim əsas məqsədimiz, ictimai rəyi formalaşdırmaq, Ermənistanın təcavüzkar ölkə olduğunu dünyaya sübut etməkdir. Danışıqlar prosesi baş tutmasa, bunun bütün məsuliyyətinin və günahının erməni tərəfində olduğunu diplomatiya sahəsində dünya ictimaiyyətinə çatdıra bilərik”.


Eldar Namazov xüsusilə vurğulayıb ki, həm ordumuzun təbliğatına, həm də diplomatiyamızın uğurlarına dəstək verən informasiya sahəsini inkişaf etdirmək önəmlidir:


“Müharibə aparan ölkələrdə xaricə yönəlik güclü təbliğat maşınları olmalıdır. İctimai rəyi formalaşdırmaq üçün ordumuzda görülən işlərdən başqa, təbliğatı da yaxşı qurmalıyıq. Diplomatiyamızın atdığı addımları yüksək səviyyədə təbliğ etməliyik. Biz isə hələlik hərbi üstünlüyümüzü nümayiş etdirmiş, bunu dünya ictimaiyyətinə çatdıra bilmişik. Ancaq “informasiya müharibəsi” sahəsində təəssüf ki, istədiyimiz məqsədlərə çatmamışıq.

Ona görə, Türkiyə prezidentinin bu görüşdə çıxışları, başqa müttəfiq ölkələrin mövqeyi bizim üçün çox önəmlidir. Xüsusilə qeyd etmək istəyirəm ki, Türkiyə, Pakistan və digər böyük nüfuza malik ölkələr təcavüzkar Ermənistanla diplomatik əlaqələr qurmurlar, Azərbaycan torpaqları işğaldan azad edilənə qədər qurmayacaqlar. Bu çox vacibdir. Çalışmaq lazımdır ki, belə müttəfiqlərimizin sayı artsın”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?