Modern.az

Azərbaycan dinsizlərin sayına görə dünyada 13-cü ola bilməz!

Azərbaycan dinsizlərin sayına görə dünyada 13-cü ola bilməz!

26 Sentyabr 2019, 13:59

“Gallup” beynəlxalq ictimai rəyi öyrənmə şirkəti dünya ölkələrinin dinə münasibəti haqqında hesabat açıqlayıb. Azərbaycan dünyanın ən az dini inancı olan ölkələri sırasında 13-cü yerdə qərarlaşıb.

Maraqlıdır ki, xarici təşkilatların hesabatlarında Azərbaycan əhalisi dinə az inanan toplum kimi təqdim edilsə də, daxildə açıqlanan rəqəmlər tamamilə əksini deyir. Müxtəlif yerli qurumların hesablamalarına görə, əhalinin 95 faizi müsəlmandır. Bəs bu təzadlı yanaşmalardan hansına inanmaq lazımdır?

Modern.az-a bu barədə danışan Azvision.az saytının baş redaktoru, daha çox ateist fikirləri ilə seçilən jurnalist Vüsal Məmmədov “Gallup”un statistikasının inandırıcı olmadığını düşünür:

“Azərbaycanın dinsizlərin sayına görə dünyada 13-cü yerdə olması inandırıcı deyil. Hətta, gülməlidir. Görünür, "Gallup"ın ekspertləri öz metodlarına daha tənqidi yanaşmalıdırlar. Azərbaycanda əhalinin 34%-I, həqiqətən də, dinsiz olsa, biz tamam başqa bir cəmiyyətdə yaşayardıq. Orada söhbət "least religious", yəni "dinə az inanan" adlanan kateqoriyadan gedir ki, bu da əslində absurddur. Dinə az inanmaq nə deməkdir - bunu hələ dəqiqləşdirmək lazımdır”.

Vüsal Məmmədov Azərbaycanda xaricdən formalaşdırılan aqressiv qruplarla yanaşı, bir də ölkənin özünün islam modeli olduğunu vurğulayıb:

“Xaricdən formalaşdırılan və ideoloji təlimat, dəstək alan qruplar İslamı bütün qayda-qanunlarına uyğun, bir sekta kimi yaşayırlar. Orta statistik azərbaycanlı isə gündəlik həyatında bunu nə hiss edir, nə də etdirir. Bəli, Azərbaycanda müsəlmanların çoxunun həyat tərzinin ateistin həyat tərzindən heç bir fərqi yoxdur, amma onlar ideyaya mənsubiyyət baxımından hər halda inanclıdırlar. Bunlara "az inanclı" demək düz deyil, "dini gündəlik həyatında yaşamayan" demək daha doğru olardı. Ümumiyyətlə, bizim milli müsəlmanlarımız o qədər mürəkkəb insanlardırlar ki, "Gallup"ın kateqoriyalarına belə asanlıqla salmaq mümkün deyil”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!