Modern.az

Bir replika, min bir sual

Bir replika, min bir sual

27 Sentyabr 2019, 10:30

Abid Tahirli

 

Bu ilin sentyabr ayının 26-da “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində prof. İradə Musayevanın təşəbbüsü və təşkilatçılığı ilə Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinə həsr olunmuş “Əhməd bəy Ağaoğlu irsi və müasirlik” mövzusunda elmi-praktik seminar keçirildi. Tədbirdə Azərbaycan Respublikasının Macarıstandakı  fövqəladə və səlahiyyətli səfiri, professor Vilayət Quliyev Əhməd bəyin həyat və yaradıcılıq yolundan, əsərlərinin aktuallığından, əhəmiyyətindən  əhatəli və dərin məzmunlu məruzə ilə çıxış etdi. Sonra  seminar çıxışlar və sual-cavablarla davam etdirildi. Çıxış üçün söz mənə verildi. Mən son illər Əhməd bəy Ağaoğıu irsinin tədqiqi sahəsində görülən işləri, xüsusilə Vilayət Quliyevin araşdırmalarından bəhs etdim və qeyd etdim ki, Əhməd bəyin Sorbonna Universitetində təhsil aldığı, Bakıda - “Kaspi” və “Həyat”  qəzetlərində çalışdığı illərlə bağlı, erməni vəhşilyinə “dur!” deyən  “Difai” hərbi –siyasi partiyasının yaradılması, daha sonralar Azərbaycan və Türkiyənin dövlət quruculuğu sahəsindəki misilsiz xidmətləri, yazıçı, publisist, türkoloq, pedaqoq, naşir, redaktor kimi fəaliyyəti ilə əlaqəli maraqlı və diqqətəlayiq tədqiqatlar ərsəyə gəlsə də, qarşıda həyata keçirilməli vəzifələr də çoxdur. Misal üçün Əhməd bəyin hələ Parisdə  tələbə ikən Şərq, türk-islam mövzusunda qələmə aldığı məqalələr bu qəbildəndir. Həmin yazıları mən bir tanışımın vasitəsi ilə ötən əsrin 90-cı illərində  surətini çıxartdırmış və Parisdən gətizdirmişəm. Həmin məqalələr 30 ildən çoxdur ki, tədqiqatçısını gözləyir... Cümləmi bitirmişdim ki, prof. Solmaz Rüstəmova-Tohidi ərkyana irad bildirdi:
- Abid müəllim, bəs onları bu vaxta kimi niyə çap etməmisiniz? Cavabımın Solmaz xanımın nigarançılığını, narahatçılığını bir qədər də artıracağına əmin olsam da, həqiqəti söylədim: -Dəfələrlə bu barədə çağırış etmişəm ki, Əhməd bəyin fransız dilində yazdığı məqalələrin surəti məndə var, onun üçün Parisə getmək lazım deyil. Tam ciddiyyətlə və məsuliyyətlə bu işi öhdəsinə götürən varsa, təmənnasız olaraq, həmin məqalələri o tərcüməçiyə, yaxud tədqiqatçıya təqdim etməyə hazıram. Heç kimdən səs çıxmır və vəziyyət bu gün də belədir, fürsətdən istifadə edib bir daha mütəxəssislərə müraciət edirəm ki, kim bu məqalələrlə maraqlanırsa, buyura bilər. 

      
Prof. S. Rüstəmova-Tohidinin replikası çıxışımın istiqamətini dəyişdi, bir qədər obrazlı desəm, dərdimi təzələdi və buna bənzər bir neçə məqama toxunmalı oldum...

   
 Xeyli müddətin söhbətidir. İstanbula səfərlərimin birində öyrəndim ki, Əhməd bəy Ağaoğlunun nəvəsi Tekdaş Ağaoğlu sağdır və ehtimal ki, onda babasına aid sənədlər var. Tekdaş bəylə görüşmək üçün  ilk cəhdim uğursuz olsa da, fikrimdən dönmədim. Bakıya qayıtdıqdan sonra ötən əsrin 80-ci illərinin sonundan tanıdığım, Azərbaycan ədəbiyyatının, mədəniyyətinin böyük dostu Ege Universitetinin prosessoru dr. Əli Yavuz Akpinara zəng etdim. O, təşəbbüsümü bəyəndi, eyni zamanda qeyd etdi ki, çoxları, o cümlədən mən də Tekdaş bəydən sənədləri əldə etmək istəmişik, lakin hələlik o buna razılıq verməyib, yəqin ki, sizə  də o sənədləri verməyəcək. Bir müddət sonra Əli Yavuz Akpinara  məktubla müraciət edib bu işdə mənə necə kömək edə biləcəyini soruşdum və heç olmasa  Tekdaş bəyin telefonunu,  adresini verməsini  istədim. Heç bir gün keçmədi ki, yəni 2014-cü ilin oktyabrın 24-də Ə.Y. Akpinardan cavab gəldi.: “Muhterem Abid bey, Ağaoğlu arşivi için benim hiçbir resmi ve ya özel yetkim-selahiyetim yok. Ben sadece durumu size bildirdim. Bu hususta niyetli iseniz Ağaoğlunun torunu Tektaş Ağaoğlu ile telefonda görüşünüz.(Telefon nömərəsini əlvə edir-T.A).  Umarım sağlık durumu iyi olur. Yanlış anlamaya imkân ve fırsat vermemek için tekrar söylüyorum: Bildiğim kadarıyla Tektaş Ağaoğlu Bey bu arşivi bir yere vermek arayışında ve ya fikrinde değildir (kursiv- məktub müəllifinindir).

     Ben size kendi görüşümü aktarıyorum. Eğer Tektaş Bey'i ikna edebilirseniz, "Azerbaycan Devlet Arşivi'ne vermeyi kabul edebilir"- diyorum. Arşivi bağışlamak için bir yer arıyor, demiyorum! Ben bu arşivin bir an önce güvenli bir yere verilmesini arzu ettiğim için size yazıyorum.

      Bence niyetli iseniz, yetkili (mesul) bir resmî şahıs kendisine telefon edip  bu arşivi ne yapmak istediğini sorabilir ve Tektaş Ağaoğlu uygun görürse Azerbaycan Devlet Arşivi'nin buna  talip olduğunu söyleyebilir. Bunun dışında bir şey münasip olmaz ve ben arada mahcup olurum.

Sevgilerimle ve ElçinBey'e mahsus sayğı ve selamlarımla. Yavuz Akpınar”

       
Sənədləri əldə etmək fikrim qəti olduğu üçün Əli Yavuz Akpinarın məktubu barədə Baş nazirin müavini, Xalq yazıçısı Elçinə dedim və ondan  İstanbula ezamiyyə olunmağıma razılıq verməsini xahiş etdim. Elçin özünəməxsus təbəssümlə gülümsəyərək: “Yaxşı niyyətdir” -dedi və sonra əlavə etdi: “Nə vaxtsa, mən də o sənədlər üçün çalışdım, Tekdaş bəy inadkarlıq etdi, dedi ki, sənədləri Osmanlı Arxivinə verəcəyəm. Sən də bir cəhd elə. Amma elə et ki, İstanbuldan əliboş qayıtmayasan”. Elçin müəllim bir qədər fikirləşdikdən sonra “Yavuz bəy  düz deyir, biz Tekdaş bəyə hökumət adından bir müraciət ünvanlayaq, onun fikrini  öyrənək, sonra səni ezam edərik”-dedi.

      2014-cü il noyabrın 13-də Elçin müəllim Tekdaş Ağaoğluna ünvanlandığı məktubda babasına və Ağaoğluların digər nümayəndələrinə aid sənədlərin təqdim ediləcəyi təqdirdə onların dövlətin himayəsində daha etibarlı mühafizəsini təmin etmək, eyni zamanda  sənədləri daha sistemli və səmərəli araşdırmaq məqsədi ilə  Milli Arxiv İdarəsində  Əhməd bəy Ağaoğlu fondu yaradılmasının mümkünlüyünü və məqsədəuyğunluğunu bildirmişdir. 

  2 dekabr 2014cü ildə Istanbuldan –Tekdaş bəydən ümidverici məktub daxil oldu: “Çox hörmətli Elçin Əfəndiyev!

      
 13 noyabr 2014 –cü il tarixli səmimi məktubunuzu aldım. Babam Ağaoğlu Əhməd bəyə aid sənədlərin  mühafizəsi və onların  türk aləminin istifadəsinə verilməsi məqsədi ilə rəsmi dövlət qurumuna verilməsini istəməyinizdən çox  mütəhəssis oldum- duyğulandım. Arzunuzu yerinə yetirəcəyəm.

      
Soyumuzun sənədlərinin mühafizəsi üçün onları ələməyim- seçməyim lazımdır. Mən təəssüf ki, Osmanlı əlifbasını oxuya bilmirəm. Bu işi qısa zamanda tamamlamaq üçün  lazımi işləri görürəm. Bir az vaxta ehtiyac var. Bu işlər bitirər- bitirməz  külliyyatı nümayəndənizin əli ilə Azərbaycan Milli Arxiv İdarəsinə təhvil verməkdən böyük məmnunluq duyacağam.

     
 İcazənizlə, bir məsələni də diqqətinizə çatdırmaq istərdim. Ağaoğlu Əhməd bəy Türkiyənin təhsil, mədəni və siyasi həyatının çox tanınmış şəxsiyyətidir.Türkiyə Cümhuriyyətinə və xalqına bu  sahələrdə çox böyük xidmətlər göstərmişdir.Ona aid sənədlərin həm də, ikinci Vətən hesab etdiyi Türkiyədə də mühafizə edilməsinin münasib olacağı qənaətindəyəm. Düşünürəm ki. sağ olsaydı, özü də belə   fikirləşərdi.Sənədlərin  foto-surətini çıxara bilərik. Bu işin təffərüatını tərəfinizdən göndəriləcək  nümayədə ilə həll edə bilərik.

      
Əfəndim, ən çoxu bir və ya iki ay içində Sizi xəbərdar etmək umudu ilə  qiymətli çalışmalarımızın davamını diləyirəm.   Hörmətlə, Tekdaş Ağaoğlu“.


Beləliklə, mən və Dövlət Tarix Arxivinin əməkdaşı Anar Mirəliyev İstanbula ezam olunduq, Tekdaş bəyin mənzilində onunla, xanımı tanınmış rölyef və seramik heykəl sənətçisi Qədriyə Əzəl Ağaoğlu ilə görüşdük. Yeri gəlmişkən qeyd edək ki, Çarlz Dikkensin, Mixail Şoloxovun, Yevgeni  Yevtuşenkonun, Fyodor Dostoyevskinin bir sıra əsərlərini  orjinaldan türk dilinə  tərcümə etmiş Oksford Universitetinin məzunu Tekdaş bəy kimi Əzəl xanımın əsərlərindən ibarət sərgilər dəfələrlə Türkiyədə, dünyanın müxtəlif ölkələrində uğurla nümayiş etdirilmişdir. Tekdaş bəyin yeganə övladı Əhməd Ağaoğlu isə tanınmış fotoqrafçıdır, fotolarından ibarət 320 səhifəlik nəfis tərtibatlı , irihəcmli albomu işiq üzü görmüşdür.


Tekdaş bəy atasının, babasının, özünün də çox acı-ağır, məşəqqəli, məhrumiyyətlərlə dolu, eyni zamanda şərəfli, mənalı  həyat yolu keçidikərini söylədi, qürurla bildirdi ki, sürgünlərə, həbslərə, təqiblərə baxmayaraq əqidəmizə dönük çıxmamış, şərəfli ömür yaşamışıq. Heç şübhəsiz ki, Ağaoğluların düçar olduqları həyat tərzi onlara məxsus sənədlərin də pərən-pərən olmasına, əldən -ələ keçməsinə, bəzən itməsinə səbəb olmuşdur. Tekdaş bəy bacardıqca ata- baba yadigarlarını toplamağa, qorumağa səy etmişdir. Bizə təmənnasız olaraq verdiyi sənədlərin arasında nəşriyyat məhsulları- ərəb, latın əlifbası ilə buraxılmış  qəzet, jurnal, kitablar,  eyni zamanda əlyazmalar var . Həmin sənədlər, o cümlədən Əhməd bəy Ağaoğlunun Maltadan ailə üzvlərinə yazdığı 22 məktub Milli Arxiv İdarəsinə müvafiq akrla təhvil verilmişdir. Bu sətirlərin müəllifi Marmara Universiteti Türkiyyat İnstitutunun müdir müavini dos.dr. Mehdi Gəncəli ilə birlikdə Malta məktublarını KİV vasitəsi ilə  geniş şərhlərə ictimaiyyətə təqdim etdik. Şəxsi, ailə mənşəli həmin məktublar  bu gün mühüm  tarixi və ictimai əhəmiyyət kəsb edir. İstanbuldan gətirilən digər sənədlər  hələ də tədqiqatçılarını gözləyir...


Yeri gəlmişkən, biz  həmin vaxt İstanbulda 95 milyon sənədin mühafizə edildiyi möhtəşəm Osmanlı arxivində, 2 milyonadək sənədin mühafizə edildiyi Bəyazit Dövlət kitabxanasında da olduq.  Elə buradaca qeyd etmək istərdim ki, arxivdən Azərbaycan tarixi, erməni məsələsi və erməni vandalizmi ilə  bağlı 1000 yaxın sənədin, kitabxanadan isə Azərbaycan ədəbiyyatı ilə bağlı 100-dən çox  kartotekanın fotosurətini çıxartmışıq ki, hələ də ümid edirik ki, həmin sənədlər də müvafiq sahə əməkdaşlarının diqqətini çəkəcəkdir...


Replikanın təsiri ilə bir məsələyə də toxunmaq istərdim. İstanbul Böyük Şəhər Bələdiyyəsinin rəsmi internet səhifəsində vaxtı ilə- 12 il bundan əvvəl  rast  gəldiyim bir xəbər  diqqətimi dərhal çəkmişdi və onun izinə düşmüşdüm. «Tarihde iz burakan üç kızkardeş» adlı həmin yazıda   (01.11.2007)   bildirilirdi ki, 2007-ci il noyabr ayının 3- də İstanbuldakı Qadın Əsərləri Kitabxanası  və Bilgi Mərkəzi Vəqfi Türkiyənin  ictimai həyatında iz buraxan Cümhuriyyətin öncü, lider qadınlarından vəkil  Sürəyya Ağaoğlu, maarif  xadimi Tezər Taşkıran-  Ağaoğlu  və doktor Gültəkin Ağaoğlu bacılarının şərəfinə bir tədbir keçiriləcəkdir. Adlı-sanlı bacıların  həyat hekayələrinə həsr olunmuş təqdimatla  bağlı xəbərdə həmçinin məlumat verilirdi ki,  artıq xeyli müddətdir  Ağaoğlu varisləri tərəfindən 2002-ci ildə Vəqfə bağışlanan 5 minə yaxın şəxsi mənşəli  sənədin kataloqunun  hazırlanması  üzərində işlər davam etdirilir. Yazıda   tədbirin təşkilatçıları göstərilir,  proqramı  açıqlanır, çıxışçılar haqqında məlumatlar verilirdi.


 2015-ci ilin may ayında  Əhməd bəy Ağaoğluna məxsus sənədləri nəvəsi Tekdaş Ağaoğlundan ( Səməd Ağaoğlunun oğlu)   əldə etmək məqsədi ilə İstanbulda gəldiyimiz zaman  bacıların Qadın Əsərləri Kitabxanasına hədiyyə etdiyi sənədlərlə də tanış olmaq istədim. Cəhdlərim nəticə vermədi. Kitabxana təmirə bağlanmışdı. Sonra kitabxanaya yazılı müraciət etdim, məktub göndərdim. Yenə uğursuz oldu. İstanbuldakı qohumlarım və dostlarıma istəyimi bildirdim. Nəhayət, Türkiyədə- İstanbul Universitetinin doktoranturu Reyhanə Səlimova arzumu həyata keçirdi. Kataloqu ünvanıma göndərdi.  Fürsətdən istifadə edib Reyhanə xanıma minnətdarlığımı bildirirəm.

    
İstanbula növbəti səfərimiz zamanı Başbakanlıq Dövlət Arxivi,  Mərmərə Universiteti, həmin  Universitetin Türkiyyat Araşdırmaları İnstitutu,  Bəyazid kitabxanası,  İstanbul Hərb Muzeyi, “Türk ocağı”nın İstanbul və Kadıköy şöbələri ilə yanaşı, İstanbul Şəhər Bələdiyyəsinin Qadın Əsərləri Kitabxanasında da olduq və kitabxananın müdiri  Hülya İskender Hayatseven «Avukat Süreyya Ağaoğlu. Bir ömür  böyle geçti».  Arşiv kataloqu. 1898-1992”    adlanan və nadir sənədlərin toplandığı dəyərli  kitab-kataloqdan (Qadın Əsərləri Kitabxanası və Bilgi Mərkəzi Vəqfi. İstanbul Barosu yayınları, 2010. 520 səh.) bir ədəd  də bizə hədiyyə etdi.  Bu katoloqda  yalnız  Sürəyya xanıma aid sənədlər əksini tapmışdır. Tezər və  Gültəkin xanıma məxsus şəxsi sənədlərlə bağlı məlumatlar  kataloqa daxil edilməmişdir. Peşəkarlıqla tərtib olunmuş kataloqda Sürəyya xanıma aid 5 minə yaxın şəxsi mənşəli sənəd haqqında məlumat  mövzuya uyğun təsnif edilərək nəşr olunmuşdur.

 
Kataloqda  əksini tapan ailə şəkilləri, məktublar, iş sənədləri, vizitkalar, pasportlar, gündəliklər, qəzet kəsikləri,  broşür və digər rəsmi sənədlər  böyük   tarixi və ictimai əhəmiyyət kəsb edir. Kataloqda adı keçən tarixi sənədlər həm türk – islam aləminin parlaq simalarından Əhməd bəy Ağaoğlunun, həm onun Türkiyənin ictimai-siyasi, sosial-mədəni həyatında  iz qoymuş övladlarının, nəvələrinin tərcümeyi-halı, fəaliyyəti ilə daha yaxından və hərtərəfli tanış olmaq imkanı yaradır.


Sürəyya Ağaoğlu (1903, Şuşa-29 dekabr 1989, İstanbul) Şərqin, Türk – İslam dünyasının ilk qadın vəkili, hüquqşünası olmuşdur. Bir neçə dili, o cümlədən ingilis və fransız dillərini mükəmməl bilən Sürəyya xanım dəfələrlə  Beynəlxalq tədbirlərdə Türkiyəni təmsil etmişdir. Beynəlxalq Hüquqçular Birliyinin üzvü (1952), sonralar Hüquqçu Qadınlar Federasiyasının ikinci katibi olmuşdur. 1960-cı ildə Qadın Hüquqçular Birliyinin BMT Cenevrə Təşkilatı təmsilçisi seçilmişdir.


1960-cı il dövlət çevrilişi zamanı həbs edilən və  istintaqa cəlb olunan qardaşı, Türkiyə baş nazirinin müavini Səməd Ağaoğlunun (1909, Bakı - 6 avqust 1982, İstanbul) məhkəməsində onun vəkili olmuşdur. Sürəyya Ağaoğlu Türkiyənin siyasi həyatında fəal iştirak etmiş, Yeni Türkiyə Partiyasının qurucularından olmuş, partiyanın İstanbul təşkilatına rəhbərlik etmişdir. O,  Türkiyənin sosial-ictimai həyatında bir çox ilklərə imza atmışdır: Türkiyə Hüquqçu Qadınlar Dərnəyinin, Universitetli Qadınlar Dərnəyinin, Azad Fikirləri Yayma  Dərnəyinin, Soroptimistlər İstanbul Klubunun, Türk-Amerikan Universitetlər Dərnəyinin, Uşaq Dostları Dərnəyinin qurucularından olmuş, həmin dərnəklərin bir çoxuna rəhbərlik etmişdir. Sürəyya Ağaoğlu hüquqa aid fundamental məqalələrin, eləcə də «Londonda gördüklərim» və «Bir ömür böyle geçti» memuarlarının müəllifidir.


 Tezər Taşqıran Ağaoğlu -  (1907, Şuşa-4 may, 1979, İstanbul) Əhməd bəyin ikinci qız övladıdır. Türkiyədə  maarif xadimi, siyasətçi və yazıçı kimi tanınır. Türkiyə Böyük Millət Məclisinə (TBMM) 3 dəfə  VII (1941), VIII (1946), IX (1950) çağırış millət vəkili seçilmişdir.  Yeri gəlmişkən o, Qarşı TBMM-də təmsil edən ilk qadın millət vəkili  olmuşdur. İstanbul Universitetini uğurla bitirdikdən sonra pedaqoji fəaliyyətlə məşğul olan Tezər xanım , Ankarada və İstanbulda qız məktəblərinə müdirlik etmiş, bir müddət  Universitetli Qadınlar Dərnəyinin rəhbəri olmuşdur. O, Türkiyə təhsil tarixinə oğlan məktəbinin ilk qadın müəllimi kimi də düşmüşdür. Yüzlərlə məqalənin, 12 kitabın müəllifidir. Əsərlərindən «Türk ahlakının ilkeleri» (1934), «Vatandaşın el kitabı» (1971), «Cümhuriyyətin 50 yılında Türk qadınının hakları» (1973) xüsusi ilə dəyərlidir. Tezər Ağaoğlunun Türkiyədə xatirəsi əbədiləşdirilmiş və vaxtı ilə dərs dediyi məktəblərdən birinə onun adı verilmişdir.


Gültəkin Ağaoğlu Türkiyənin tanınmış pediatorlarından olmuş, ömrünün sonunadək uşaqların sağlamlığı keşiyində durmuşdur.


Əhməd bəy Ağaoğlunun 6 övladından biri Bəşir körpə ikən vəfat etmişdir. Əhməd bəy Ağaoğlunun böyük oğlu Abdurrahman iti zəkalı, fiziki baxımdan da çox qüvvətli olmuşdur, Fransada ali mühəndis təhsilinə yiyələnmiş,  iş adamı kimi bir sıra uğurlara imza atmışdır. Abdurrahman 46 yaşında ikən qəflətən həyatını dəyişmişdir. Türkiyənin ictimai-siyasi, ədəbi həyatında parlaq iz qoymuş Səməd Ağaoğlu Əhməd bəyin dördüncü övladıdır. O, 3 dəfə TBMM-yə millət vəkili seçilmişdir. Səməd Ağaoğlu bir sıra bədii, publisistik, elmi  əsərlərin müəllifidir. Onun  “ Strassburg Hatıraları”  , “ Zürriyet”, ” Öğretmen Gafur”, “ Büyük Aile”,  “Hücredeki Adam”, “ Katırın Ölümü”, “ Babamdan Hatıralar”, “Babamın Arkadaşları”, “Aşina Yüzler”, “Arkadaşım Menderes”, “ Marmara'da Bir Ada”, “ Demokrat Parti'nin Doğuş ve Yıkılış Sebepleri-Bir Soru” kimi əsərləri geniş oxucu kütləsinin rəğbətini qazanmışdır.


Haqqında bəhs etdiyimiz kataloqda adı keçən sənədlər Azərbaycanın və Türkiyənin tarixində iz buraxmış Ağaoğluların, o cümlədən nadir tarixi şəxsiyyətlərimizdən Əhməd bəy Ağaoğlunun  də  həyat və fəaliyyətinin daha dərindən, hərtərəfli araşdırılmasına imkan verir. Yeri gəlmişkən qeyd edim ki, kataloqda  Əhməd bəy Ağaoğluna aid 137 sənədin adı qeyd olunmuşdur. Onların arasında Atatürkə, Yusif Akçuraya, Ziya Göyalpa, Əlibəy Hüseynzadəyə, Fuad Köprülüyə, Yusif Vəzir Çəmənzəminliyə , Yaqub Qədri  Qaraosmanoğluna,  generallara, tanınmış dövlət xadimlərinə, Türkiyənin xarici ölkələrdəki səfirlərinə  yazdığı, yaxud onlardan aldığı müxtəlif məzmunlu  məktublar,  bir sıra əsərlərinin əlyazmaları, qəzet- jurnal məqalələri , müxtəlif simpozium, konfranslarla  bağlı dəvətnamələr, fərdi, ailə üzvləri , Türkiyənin dövlət xadimləri ilə birlikdə  çəkdirdiyi  fotoları, həmçinin  Azərbaycanla, Qarabağla bağlı materiallar, Əhməd bəyin Şuşadakı evinin şəkili, Bakıdan,  Romadan, Parisdən, Sank-Peterburqdan... ona ünvanlanan  teleqramlar  böyük maraq doğurur.  Sürəyya Ağaoğlunun atasına, bacıları Tezərə, Gültəkinə, qardaşları Abdurrahmana, Səmədə, bibisi Humaya yazdığı, eləcə də onlardan aldığı,  ailənin digər üzvlərinin bir-birinə ünvanladığı məktublar bu ünlü ailənin keçdiyi yolu, onların arzu, istəklərini, üzləşdikləri problemləri, həmçinin yaşadıqları mühitin mənzərəsini, ictimai-siyasi, ədəbi-mədəni həyatı öyrənmək və dəyərləndirmək nöqteyi-nəzərindən mühüm əhəmiyyət kəsb edir. Kataloqu nəşrə hazırlayanların  Ağaoğluların XIX əsrdən günümüzədək olan dövrü əhatə edən  şəcərəsinin tərtib etməsi təqdirəlayiqdir və  Türkiyədə geniş yayılmış bu soyadla bağlı bir çox suallar da cavabını tapacaqdır.

 
Söz yeni nəsil tədqiqatçılarınındır. İstanbuldakı Qadın Əsərləri Kitabxanasında Ağaoğlulara aid minlərlə yeni sənəd onları gözləyir...  


26.09.2019.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır