Modern.az

Kirayə evlər əsasən Xırdalan, Masazırdadır - Satışlar tezliklə aktivləşdirilə bilər

Kirayə evlər əsasən Xırdalan, Masazırdadır - Satışlar tezliklə aktivləşdirilə bilər

Aktual

30 Sentyabr 2019, 09:41

“Artıq kirayə evlərə müraciət mexanimzi hazırdır və müraciətin aktiv hala gətirilməsinə ehtiyac var”.

Bu barədə Modern.az-a danışan iqtisadçı Vüqar Bayramov bildirib ki, prosesə məsul İpoteka və Kredit Zəmanət Fondu tərəfindən heç bir rəsmi açıqlama yayılmadığından sadəcə monitorinqlər nəticəsində işlərin hansı mərhələdə olduğunu müəyyənləşdirmək mümkündür:


“Digər tərəfdən, bu layihəyə ictimai tələbin və marağın yükək olduğunu nəzərə aldıqda Fondun “susqunluğunu” anlamaq çətindir. Halbuki Fond mütəmadi olaraq ictimaiyyəti məlumatlandırmalı və görülən işlər ilə bağlı mətbuatla müntəzəm əməkdaşlıq etməlidir”.


Ekspert qeyd edib ki, Fondun təklif edəcəyi mənzillərlə bağlı kirayə yaşayış sahələri barədə ətraflı məlumatın olması (binanın və ya yaşayış evinin ünvanı, yaşayış sahəsinin sayı, yerləşdiyi mərtəbə, mənzilin sahəsi, otaqların sayı, plan-cizgisi, aylıq ödənişi və s.) və bu məlumatlar üzrə istifadəsi sadə olan axtarış imkanının yaradılması həyata keçiriləcək:


“Burada da məqsəd kirayə mənzilə sahib olmaq istəyən vətəndaşlarımız üçün zonalar və eləcə də mənzil parametrləri üzrə məlumatları axtarış sistemi vasitəsilə əldə etməkdir. Digər tərəfdən, kirayə müqaviləsi bağlamaq üçün müraciət etmiş şəxsin imkanının kirayə kalkulyatoru vasitəsilə ilkin olaraq müəyyənləşdirilməsində kalkulyatorun hazırlanması həyata keçirilir. Kirayə evlər üçün müraciət elektron olacaq və müraciətlərə növbəlik əsasında baxılacaq.


Müraciət yalnız İpoteka və Kredit Zəmanət Fondu vasitəsi ilə deyil həmçinin “ASAN xidmət” mərkəzləri vasitəsilə həyata keçiriləcək. Vətəndaşlar həmçinin “ASAN xidmət” mərkəzləri vasitəsilə ilədə kirayə evlərə müraciət edə biləcəklər”.


V.Bayramovun sözlərinə görə, kirayə evlər üçün əsas maliyyə bazası Fondun yerləşdirdiyi istiqrazlardan əldə edilən gəlir olacağı gözlənilir:


“Fond 110 milyon manatlıq istiqraz yerləşdirməsi prosesinə başlayıb. Belə ki, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu”nun adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının baza emissiya prospekti 25 iyun 2019-cu il tarixində qeydə alınıb. Emissiyanın ümumi həcmi 110 milyon manat, bir istiqrazın nominal dəyəri min manat, istiqraz üzrə faiz dərəcəsi 3%-dir. Qeydiyyata almadan qısa müddət sonra Fond istiqrazların yerləşdirilməsi barədə elanlar yerləşdirməyə başlayıb. 22 İyul, 19 avqust, 13 sentyabr tarixində belə elanlar Fond tərəfindən yayımlanıb. Sonuncu dəfə, sentyabrın 13-də Fond 30 milyon manatlıq istiqraz satıb. Deməli, qurum maliyyə cəlb edir. Adi ipoteka kreditlərin verilməsinin, demək olar, dayandırıldığını nəzərə alsaq, Fondun bu vəsaiti kirayə təklif etmək üçün mənzillərin alışına yönəltdiyini güman etmək olar.

Rəsmi açıqlamalar yayılmasa da bizdə olan məlumata görə, Fond birinci mərhələdə Sumqayıt, Bakı ətrafında mənzillərin alınmasına üstünlük verir. Xüsusən də Xırdalan, Masazır kimi şəhərətrafı yerlərdə daha çox mənzil təklif edilməsi gözlənilir. Amma təbii ki, mərhələli şəkildə paytaxtın mərkəzi zonalarında da belə mənzillər olacaq. Güman olunur ki, marağın yüksək olmasını nəzərə alaraq, Fond tələbin müəyyən hissəsini qarşılamaq üçün müraciət başlayan zaman daha çox mənzil təklif etmək imkanının təmininə çalışır. Bununla belə, mövcud şərtlər daxilndə Fond kirayə evlər ilə bağlı müraciəti bu il aktivləşdirə bilər”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir