Modern.az

SOCAR Qarabağ əlillərinin döyülmədiyini bəyan etdi - VİDEO

SOCAR Qarabağ əlillərinin döyülmədiyini bəyan etdi - VİDEO

Aktual

30 Sentyabr 2019, 13:26

SOCAR-ın mühafizə xidməti və Qarabağ əlilləri arasında baş vermiş hadisə ilə bağlı açıqlama verilib.


SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsindən Modern.az-a bildirilib ki, qurumun əməkdaşları əlillərə qarşı heç bir zorakılıq tətbiq etməyiblər, əksinə zorakılıq onlara qarşı olub:


“Boru kəmərinin təhlükəsizlik zonasına aid olan torpaq sahəsini zəbt etməyə cəhd göstərən bir qrup şəxs əlillərdən sui-istifadə edərək, onları qanunsuz hərəkətlərə və dövlət orqanlarına qarşı təxribata təhrik etməyə cəhd göstəriblər.

Qanunsuz tikinti yerinə çağırılan əlillərin bu tikintiyə heç bir aidiyyəti yoxdur. Tikintini aparan şəxslər öz kommersiya maraqları üçün əlillərdən sui-istifadə ediblər. Belə hallar daha əvvəllər də yaşanıb.

Aparılan araşdırmalar göstərir ki, bir qrup fırıldaqçı əlillərdən, onların cəmiyyətdəki nüfuzundan sui-istifadə edərək qanunsuz tikililərin aparılmasına himayədarlıq göstərməklə məşğuldur”.


Rəsmi məlumata görə, sentyabrın 27-də saat 12:00 radələrində SOCAR-ın Təhlükəsizlik İdarəsi tərəfindən mühafizə edilən Neft Kəmərləri İdarəsinə məxsus Şirvan-Böyükşor neft kəməri ərazisinin və həmin kəmərə birləşən Binəqədi xəttinin mühafizə zolağının bir hissəsinin zəbt olunduğu, qanunsuz tikili üçün bünovrə işlərinin aparıldığı aşkarlanıb:


“Qanunsuz tikinti işləri aparan şəxslərə mühafizəçilər tərəfindən xəbərdarlıq edilib və tikinti dayandırılıb. Sentyabrın 28-də Təhlükəsizlik İdarəsinin 35 saylı mühafizə komandasının əməkdaşları xidməti ərazini növbəti dəfə yoxlayarkən həmin sahədə qanunsuz inşaat işlərinin davam etdirildiyini aşkarlayaraq, ərazini zəbt etməyə cəhd göstərən şəxsə bir daha tikinti işlərinin dayandırılması barədə xəbərdarlıq ediblər.

Həmin vaxt qanunsuz tikinti aparan şəxsin təhriki ilə əraziyə toplaşmış, özlərini Qarabağ müharibəsi əlilləri kimi təqdim edən bir qrup şəxs mühafizə komandasının əməkdaşlarını təhqir edərək, onlara hücum çəkiblər. SOCAR-ın mühafizəçiləri hücum edən şəxslərə qarşı heç bir zorakılıq tətbiq etmədən hadisə yerinə polis əməkdaşlarını çağırıblar. İnsident zamanı şifahi xəbərdarlıqlara məhəl qoymayan şəxslər tərəfindən qarovul rəisi Abdurəhmanov Fuad Həsən oğlunun, İsmayılov Elnur İlyas oğlunun, Əliquliyev Ələkbər Cabbar oğlunun qol və bədən nahiyələrinə zərbələr endirib, müxtəlif bədən xəsarətləri yetirilmişdir. Aparılmış video çəkilişdən də göründüyü kimi, təxribat törədən şəxslər hadisə yerindən uzaqlaşmağa çalışan mühafizə xidmətinin əməkdaşlarını, eləcə də polis əməkdaşlarını təqib edərək, xidməti maşınlarına maddi ziyan vurmağa cəhd göstərmiş, dövlətə qarşı qanunsuz çağırışlar səsləndiriblər”.


Həmçinin qeyd edilib ki, aparılan ilkin araşdırmalardan tikinti yerinə çağırılan və iğtişaşlara təhrik edilən əlillərin həmin tikintiyə heç bir aidiyyəti olmadığı aşkarlanıb:


“Hüseynov Şərif Novruz oğlunun ətrafında olan bir qrup bütün vasitələrlə öz qanunsuz maddi maraqlarına nail olmağa çalışır. Bunun üçün hər cür əməllərə əl atır, o cümlədən əlilərin nüfuzundan, cəmiyyətdəki statuslarından və qüvvələrindən sui-istifadə etməkdən, onları təxribata çəkməkdən belə çəkinmirlər. Hadisə zamanı həmin şəxslər tikintiyə aidiyyəti olmayan bir qrup əlildən sui-istifadə edərək, vəzifə səlahiyyətlərini yerinə yetirən SOCAR-ın təhlükəsizlik xidmətinin əməkdaşlarına xidməti vəzifəsini yerinə yetirməkdə mane olmuşlar.

Hazırda baş vermis insidentlə bağlı hüquq mühafizə orqanları tərəfindən ətraflı araşdırma aparılır”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub