Modern.az

Zahid Oruc: “İnsanların içərisində Mehriban Əliyevanın hakimiyyət taxt-tacı qurulub”

Zahid Oruc: “İnsanların içərisində Mehriban Əliyevanın hakimiyyət taxt-tacı qurulub”

20 Fevral 2012, 17:22

Milli Məclisin deputatı Modern.az saytına müsahibə verib.

- Zahid müəllim, 2013-cü il prezident seçkiləri ilə bağlı müəyyən fikirlər səsləndirilir. Necə hesab edirsiniz, bu seçkidə hakimiyyət bir neçə namizədlə çıxış edə bilərmi?

- Azərbaycanın hazırkı dönəmində seçkilərə ciddi hazırlıq gedir. Bu, başa düşüləndir. Çünki seçki istənilən ölkənin və millətin həyatında mühüm bir hadisədir. Bu, özü-özlüyündə böyük təşkilati güc, maliyyə resursları, insanlarla iş təcrübəsi və s. tələb edən fenomendir. Belə olan təqdirdə,  iddiaçıların  potensial imkanlarının dəyərləndirilməsi siyasi-politoloji dairələrin əsas işinə çevrilib. Azərbaycan prezident üsul- idarəsinə dayanan bir ölkədir. Bu halda ölkənin həyatında baş verən əksər proseslər dövlət rəhbərinin qərarı ilə reallaşmış olur. Yəni, bu o anlama gəlir ki, ölkənin iqtisadi, siyasi, sosial və beynəlxalq münasibətlər sistemində əsas söz sahibi ölkə rəhbəridir. Ötən dövr ərzində İlham Əliyev Azərbaycana bir sıra parametlər üzrə yeni lider obrazını təqdim edib. Məhz o səbəbdən də bu gün milyonlarla insan onun tərəfdarı kimi çıxış edir və 2013-cü ildə məhz onun namizdəliyi üzərində də dayanılacağına şübhə etmirəm. Müərəkkəb geosiyasi reallıqlarda cənab Prezident güzəştsiz bir siyasətlə maraqlarımızın müdafiəçisi olduğunu göstərdi. Sadə xalqa bağlılığı, insanlarla ortada bufer zona yaratmaması sübuta yetirdi ki, onun üçün lider tipi, demokratik obrazı hansısa texnoloji vasitələrin, beyin mərkəzlərinin qələmə verdiyi virtual təqdimatların deyil, özünün bilavasitə daxili təyinatı, siyasi quruluş formasıdır. Başqa qüvvələrin halında bunları söyləmək  asan deyil.  İddiaçılar nə qədər çox olsa da, insanların sərf-nəzər etməsi, onların adi potensial imkanlar səviyyəsində dəyərləndirilməsinə gedib çatacaq adamlar çox azdır.
Əgər siz hakimiyyətdən başqa namizədlər məsələsində mediada geniş təhlil edilən məsələlərə yer verməyimi istəyirsinizsə deyim ki, Azərbaycanın bu dövr həyatında öz ictimai, hümanitar, mədəni və digər sferalarda ciddi obrazı ilə, çevik qadın siması ilə, şəxsiyyəti ilə iştirak edən Mehriban xanım Əliyevanın da adı gündəmə gətirilir. Bəlli bir səbəbdəndir bu... Çünki bir tərəfdən Azərbaycanın Heydər Əliyevə qədərki dövründə bu birinci ledi institutu normal səviyyədə heç zaman işləməmişdi. Ulu öndərin həyatında Zərifə xanımın həyatını erkən itirməsi, onun ikinci dəfə hakimiyyətə gələrkən ailə başçısı kimi tək olması, digər prezidentlər dövründə isə birinci xanım siyasətinin demək olar ki, işləməməsi ictimai həyatımizda və dövlət idarəçiliyində bu yerin boş qalmasına səbəb olmuşdu. Qərbin siyasi baxışlar sisteminin və idarəçilik fəlsəfəsinin bir elementi olan birinci ledi sadəcə ölkə rəhbərinin həyat yoldaşı olmaqla məhdudlanmayıb böyük bir ictimai arealda, siyasi konteksdə fəaliyyət aparması  həmin millətin faydasınadır. Bu mənada  Mehriban xanım dövlət quruculuğunda  mühüm bir statusa malikdir. Biri var ki, rəsmi təyinat alasan, biri də var ki, böyük mllət miqyasında işlərinlə və beynəlxalq aləmdəki fəaliyyətinlə bu vəzifəni qazanasan. Bu Prezidenti tamamlayan bir xətdir. Heç bir halda bundan fərqli bir qütblər kimi ayırmalar edib nəticələr çıxarmaq və öncəgörmələr qurmaq gərək deyil. Əlbəttə mümkündür ki, Mehriban Əliyevanın da prezidentiliyini kimlərsə istəsin. Burada fərlqi bir mövqe olmazdı. Lakin hakimiyyət hər zaman başqa qüvvələrdən, xüsusilə müxalif təşkilatlardan bir neçə parametlərinə, bu məsələdə isə xüsusi olaraq bir cəhətinə görə fərqlənib. O da vahid komanda, vahid ideya, vahid təşkilati güclə hədəflərə doğru getmək olub. 2013-cü ilin perspektivində vurğulamalıyıq ki, Mehriban Əliyeva da cənab Prezident İlham  Əliyevin birinci sima olaraq bu xətti, bu siyasəti, indiyə qədərki görülən işləri davam etdirməyə səs verəcək. Digər qüvvələrin fəaliyyətinin təhlili onu deyir ki, onlar  köhnə sxemdə və ənənəvi kadr bazasında, köhnə elitada və inkarçılıq platforması üzərində qalıblar. Bu isə həmin qüvvələri hakimiyyətlə mübarizədən daha çox  müxalifətin birincisi yarışına kökləyir. Hakimiyyət həmin qüvvələrin və onların lidelərinin siyasi personası ilə yox, ölkədəki mövcud problemlərlə savaşacaq. Prezidentin 2013-cü ilə bağlı elə indidən xüsusilə qabarıq görünən bir xətti  var. Bu problemlərin xəritəsini fəal şəkildə dövlətin kursunda göstərməkdir. Bəlkə indiyə qədər ancaq inkişaf məsələləri qabardılırdı və dövlətin siyasi təbliğat resurslarında bu özünü xüsusilə göstərirdi ki, əvvəlki dövrlə müqayisədə uğurlara aksent edilirdi. Lakin 500 minə qədər yoxsulluq şəraitində yaşayan varsa, məcburi köçkün-qaçqın problemi bir humanitar fəlakət kimi hələ də ölkəmizin həyatını təhdid edirsə, on minlərlə insan hələ də stabil və dönərli valyuta ilə iş yerlərınə malik deyilsə, demək ki, bu amillərin hamısı rəqibdir və bunların üzərinə getmək lazımdır. Harada problem var, orada müxaliflik var. Müxalifətçilik və müxalif qüvvə demirəm. Gerçək məsələnin mahiyyətinə baxsaq, deməliyik ki, bu gün əgər ölkənin idarəçiliyində hansısa məmur səhvi, nöqsanı var, haradasa cinayət və əyintilər varsa, orada insanların narazılığı var.  Bunlarsa həll olunmalıdır. Düşünrəm ki, Prezidentin qarşıdakı seçki kursunda əsas yeri o məsələlər təşkil edəcək.

- İlham Əliyev qarşıdakı prezident seçkilərində namizədliyini verəcəyi ilə bağlı qərar qəbul etməyib, Yeni Azərbaycan Partiyası isə israrla vurğulayır ki, yeganə namizdləri İlham Əliyev olacaq. Bu mənada Mehriban Əliyevanın YAP tərəfindən dəstəklənməsi mümkündürmü?

- Hakimiyyətdə böyük nomenklatur kadr korpusu var. Bu mənada hamının hamını bəyənməsi mümkün deyil. Nə qədər fərqli xarakterlər, psixologiyalar varsa, bir o qədər də fərqli dünyagörüşlər, yanaşmalar olacaq. Lakin bunları  hədsiz parçalanma, fərqli qütblülük,  dövlətin gələcək həyatını təhdid edən xüsusi bir cinahlar kimi qələmə vermək olmaz. Prezidentin iradəsindən kənarda hər hansı qüvvə mövcud deyil. Çox böyük monopolist, oliqrax kimi xarakterizə olunan şəxslər  kreslosundan kənarlaşandan sonra görürsünüz ki, onun nə qədər siyasi, ictimai obrazı balacalaşır və demək olar ki, yox olur. Nədəndir? Bəzən vəzifə, kreslo kimisə böyük göstərə bilər, amma ulu öndər hər zaman deyirdi ki, vəzifə insanı böyük etmir, insan vəzifəni böyük edir. Bu çox mühüm bir yanaşmadır. 2013-cü ilə yönəlik hansısa qrupların başqa bir namizədin üzərində dayanaraq onun qələbəsi üçün xüsusi maliyyə resursu  ilə təşkilat qurmaları haqqında söhbətlər kiminsə arzusudur.

Yenə gəlirəm dediyiniz məsələyə, Mehriban xanım öz ölkəsinin mənafeləri üçün bir siyasi şəxsiyyət olaraq ciddi işlər görür. Amnistiya təşəbbüsü ilə çıxış etməklə, Fransa, İtaliya və ABŞ-da Azərbaycan mənafeyi üçün bütün müstəvilərdə fəaliyyət aparmaqla o, dünyaya Şərq qadınının yeni obrazını təqdim edir. Mehriban xanım YUNESKO və İSESKO-nun xoşməramlı səfiridir, həmçinin parlament üzvüdir, amma bütövlükdə onun vəzifəsini mənəvi saysaq, insanların içərisində onun hakimiyyət taxt-tacı qurulub. Bunu heç kəs inkar edə bilməz. Lakin bunu dövlət başçısı məsələsi kimi bir mühüm fenomeninin 2013-cü ildə qarşıduran tərəflər kimi qələmə verilməsinin tam əleyhinəyəm.

- Deyirsiniz ki, Mehriban xanımın namizdəliyini irəli sürməsi mümkün deyil?

- Məsələnin gerçəkləşməsi vahid hakimiyyət modelinə və İlham Əliyevin qərarına bağlıdır. Lakin taktiki fəaliyyət olaraq 2-3 namizədli iqtidarın seçki layihəsini real saymıram.

- Söhbətiniz əvvəlində qeyd etdiniz ki, burada artıq komanda şəklində Prezidentin iradəsindən kənarda heç bir məsələ yoxdur. Yəni Mehriban Əliyevanın namizədliyi irəli sürüləcəyi təqdirdə müəyyən qüvvələr bunun əleyhinə çıxmazlar ki?

- Qəti şəkildə, bu, mümkün deyil. Bunu zənn etmirəm. Çünki Azərbaycan qadını ölkənin icitmai-siyasi həyatında rol oynamaqdadır, parlamentin tərkibində də, ölkənin digər sektorunda da onlar qabaqcıl mövqeyə malikdir. Belə olan halda bu, sadəcə indiki obrazın daha mühüm məqama yüksəlməsi anlamına gələr. Mehriban Əliyevanın Azərbaycanın birinci xanımlığından prezidentliyə gedişi və bunun xalqın iradəsi ilə baş verməsi hər hansı bir qurumun, təşkilatın xüsusi olaraq müqaviməti ilə qarşılanmayacaq. İlham Əliyevdən kənarda ölkəmizə yönələn  xarici təsirlər müxtəlif ola bilər. Proseslərin başqa məcrada inkişaf etməsi ilə alternativ dairələrin- iqtisadi subyektlərin də olsun, dini kəsimin təmsilçilərinin və ya xarici agentura mərkəzi təmsilçilərinin meydana çıxacağı şəksizdir.

- Zahid müəllim, Fransa məsələsinə toxundunuz. Amma Fransa məsələsi dediyiniz xarici amili bir az dəyişdi. Hakimiyyətdəki bəzi qüvvələr bir az fəallaşdılar. Necə qiymətləndirisiniz məsələni?

- Mehriban Əliyeva Azərbaycan- Fransa parlamentlərarsı əlaqələr üzrə işçi qrupunun rəhbəridir. Nəzərə alın ki, hazırkı dövrdə Fransanın həmin bədnam qərarı hüquqi bir səviyyəyə keçirmək üçün apardığı fəaliyyətə dayanış göstərən, ona ən böyük müqavimət cəbhəsini yaradan məhz Azərbaycan dövləti və Mehriban xanım oldu. Siyasət sadəcə ekranlardan və tribunalardakı bəyanatlardan ibarət odeyil.  Gözlə görünməyən dəhlizlərdə, binalarda, səhnələrdə siyasətin əsas nüvə mərkəzi müəyyənləşir, qərarlar verilir. Məhz Mehriban Əliyevanın  təşəbbüsü ilə Fransa senatorları Azərbaycana təşrif buyurdular. Türkiyə də bunun fərqindədir. Yalnız küçə və meydanlara çıxaraq Fransa ilə bütün münasibətləri kəsmək və tamamilə ondan imtina etmək xətti və bunu Mehriban Əliyevadan ummaq yanlış yanaşmadır. Bizim müqavimətimizlə  qanunun boş bir sənədə çevrilməsi müxtəlif  müstəvilərdə fəaliyyətimizdən asılıdır. Mehriban xanım bu gün Azərbaycanın Fransa cəmiyyətinə çıxaracağı ən böyük mədəni, hümanitar, siyasi, diplomatik tribunanın başçısıdır. Gəlin bu məqamı belə dəyərləndirək ki, bu, Türkiyənin də xeyrinə işləyir. Qardaş ölkənin siyasi elitası da bunu yaxşı bilir. Bu prosesdən ölkədaxili əks cinah təşkil etmək və beynəlxalq, regional məsələni ölkəiçi problem kimi istifadə etmək və bunu xüsusi olaraq seçki amili üçün istismar etmək  yanlışdır. Həmin qüvvələr deyə bilərmi ki, özləri Fransa cəmiyyətinə nə cür təsir göstərdilər? Söhbət heç olmasa media resursundan gedir. Hansı biri fransız dilində bir məqalə yazıb haradasa dərc etdirdi? Onda görəcəksiniz ki, onlar yalın əllə, yalın arqumentlə çıxış edirlər.

-  Maraqlı fikir dediniz, fərqli fikir varsa, insanların biri-birinə fərqli münasibəti də var. Bu fərqli fikirlər seçkilərə yaxın məqamda müxalifətin müəyyən qüvvələrilə  birləşməsinə gətirə bilərmi?

- Bu gün hakimiyyətdə hər hansı bir qüvvənin, konkret bir müxalif təşkilatı himayə etməsi və onu alternativ təşkilat səviyyəsində saxlaması qeyri-realdır. Bilirəm, 2005-ci ilə qədər Fərhad Əliyevin üzərində və yaxud digər şəxslərin adı çevrəsində hansısa müxalif qüvvələrlə işbirliyindən geniş bəhs edilirdi, hətta bəlli olurdu ki, burada xarici təşkilatların da xeyli təlimatları rol oynayıb. Bir sıra hallarda gerçək tövsiyyələr aşkara çıxdı, hansısa islahatçı obrazında gənc milli qüvvələrdən ibarət bir platsdarm təşkil edib Azərbaycanda rəngli inqilablar həyata keçirilməsi istənilirdi. Bu, sirr deyil. Müasir dünyamızda da ərəb dünyasından başlanılan bu dalğanın müxtəlif ərazilərə ixracı üzərində geniş əməliyyatlar aparılmaqdadır. İndi artıq Suriyanın rəhbərliyinə həmlələr edilib, maksimum iki aya Bəşər Əsəd bəlkə Qəddafidən də ağır aqibətlə siyasi arenanı tərk edəcək. Artıq Bəhreyndə inqlibı proseslər küçələrə daşınır. Lakin hələ ki mən ərəb qardaşlarımızın bu meydanlarda obrazının- dəqiq simasını təyin etməkdə çətinlik çəkirəm. Onlar radikaldırlar, ekstremistdirlər, təməlçidirlər, yeni hüquqi dövlət qurucularıdır, yoxsa konkret olaraq beynəlxalq sifarişin, təlimatı altında özləri də bilmədən alətdirlər ?
Bu mənada Azərbaycanda mövsümi dönəmlərdə, xüsusilə də seçki kimi beynəlxalq həyatın buna indekslənərək fəallaşdığı bir zamanda kiminsə meydana çıxması və güc mərkəzi rolunda hakimiyyətə təsir göstərməsini mümkün saymıram. Kimi deyəcəksiniz? İsa Qəmbəri hansısa bir hakimiyyət təmsilçisi nədən müdafiə etsin. O hansı potensialla, qabaqcıl ideya və ideologiya ilə Azərbaycanı xaricindəki dostları, əlaqələri, əməkdaşlığı ilə o insanların gələciyinin təminatçısına çevriləcəkdir? Narazı kəsim, protest elektoratı içərsində İsa Qəmbərin tərəfdarları var və bu da normaldır. Prezident seçkilərinin nəticələrində də bu ifadəsini tapmışdı ki, heç də hamı bu hakimiyyəti müdafiə etmir və bu demokratik cəmiyyətlər üçün çox normaldır. Amma istər İsa Qəmbərin, istər Əli Kərimlinin hələ də vahid namizəd halına gəlməmiş digər qüvvələrin prespektivi fonunda Azərbaycanın məmur nomenklaturası içərisində bir kimsənin o təşkilat başçılarına investisiya qoyub onları iqtidara gətirməsini perspektivsiz və qeyri real sayıram. Bu onların özü üçün, onların iqtisadi vəzifə imkanları üçün çox ağır aqibətlə nəticələnə bilər. Fərhad Əliyevin nümunəsini adi misal göstərmədim. O, bir müddət öz kölgəsinə elə aludə olmuşdu ki, bir də onda ayıldı ki, həbsxanadadır.

- Dediniz ki, prezident seçkiləri ilə bağlı dini kəsim və beynəlxalq qüvvələrin namizədliyi məsələsi ortaya çıxa bilər. Bu gün bəzən də fikirlər söyləyirlər ki, Azərbaycanda siyasi müxalifətdən də güclü dini müxalifət var. Bu barədə nə deyə bilərsiniz?

- İş ondadır ki, həqiqətən də siyasi müxalifət zəif olanda dini dairələri təşkilatlandırıb hakimiyyətə alternativ etmək yaxşı bir layihədir. Nəzərə alsaq ki, biz dini küləklərin ən çox əsdiyi hövzədə yerləşirik, İran ötən dövr ərzində yaşıl rəngi, bütöv bayrağımıza bürümək üçün olmazın “əziyyətlər”ini çəkir. Xüsusilə də gənclərin təhsil təfəkkürünü, elmi beynini satın almaq üçün onlar on illərin təcrübəsinə malikdirlər. O insanlar artıq ictimaiyyətimizə təsir göstərə bilirlər, müxtəlif mərasimləri idarə edirlər. İranın canişinləri  həyatımızın ayrılmaz hissəsidirlər. Bunu da hesablayan dairələr düşünürlər ki, din hakimiyyətə gələcək. Onların konkret namizədləri olsa,Azərbaycan İranın bir ostanına da çevrilə bilər. Faktiki olaraq bu halda yaşıl rəng və yaxud yaşıl bayraq altında  ayrı-ayrı siyasi qüvvələri hakimiyyətə sahib etmək üçün beynəlxalq ssenarilərin  hazırlanması tamamilə mümkündür. Lakin Azərbaycanda islam  dövləti zühur etdirmək mümkün deyil. Naradaranın kiçik bir ərazidən çıxıb bütün ölkə modelinə çevrilməsi qeyri-real məsələdir. Amma açıq deyim ki, təfriqə cəhdləri olacaq. 2013-cü ilin seçkiləri mümüm bir poliqon kimi o dairələrin qarşısında durur. Nədən? Çünki cəmiyyətin narahat nöqtələri hərəkətə gəlir. Kimsə mülkiyyət zəminində narazı qalıb, kimsə vəzifədən çıxarılıb, kimisə başqa xarakterdə problemi olub. Bunları şəbəkə halında bir araya gətirərək dövlət içərisindəki  şəxslərin  koorporativ  maraqlarını da uzlaşdırmaqla sosial toqquşmalar işə salınar.   

- Azərbaycan “Eurovision” da qalib gəldi, bu il həmin müsabiqə respublikamızda keçiriləcək. Bu, Azərbaucanın layihəsi deyil və bu mədəni təfəkkürlərin yarışmasından daha çox siyasi prosesdir. Ermənilərin Avropa siyasətinə yaxın-uzaq olmasını bilirik. Bu “Eurovision” təbii ki Avropanın layihəsidir. Sizcə, buradan bizim üçün qorxunc nəticə çıxa bilərmi? Məsələn, erməni Bakıda qalib olur...

- Biz əlbəttə ki, məğlubiyyətdən qorxmalıyıq. Qələbədən qorxmaq gərək deyil, Ona sahib olmaq lazımdır. İlham Əliyevin prezidentliyi bizə bunu öyrətdi. O, idman, mədəniyyət, musiqi və s. sfreralarda Azərbaycan insanına öz qüvvəsinə inamı aşılamaq istəyir.  Liderin hədəfi budur. Azərbaycana yönəlik planlar “Eurovision” səhnəsində də özünü göstərəcəkdir. Heç şübhəniz olmasın. 1500 jurnalistin içərisində gələnlərin nə qədər hissəsi xüsusi xidmət orqanlarının əməkdaşları olacaqdır, bunu indi söyləmək  çətindir. Lakin proqnoz etmək olar ki, ölkənin daxili məziyyətlərini, siyasi sistemini, idarəçilik quruluşunu təftiş etmək yönündə gen-bol işlər həyata keçiriləcəkdir. Sinxronlaşdırılmış bir fəaliyyət ortadır. Halbuki, millət adına məsələdə müxaliflik olmaz. Nəzərə alsaq ki, həqiqətən də “Eurovision” bir ingilis layihəsidir, mədəni ekspansiya məqsədi güdən bir dünyəvi aksiyada milli maraqlara dayanan fəaliyyət önəmlidir. Burada musiqi adı ilə Qarabağ üçün savaşa gələcək ermənilər də qəti narahat olmasınlar. Bu proses ölkəmizin ssenarisi və qələbə üçün yol xəritəsi əsasında baş tutacaq və nəticəsindən asılı olmayaraq dünyanın mədəni və informativ məkanında Azərbaycanın uğurlu təqdimat səhnəsinə çevriləcəkdir.

Aytən ƏLİYEVA

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi