Modern.az

1930-1940-cı illərdə Azərbaycan mədəniyyəti - Arxiv materialları

1930-1940-cı illərdə Azərbaycan mədəniyyəti - Arxiv materialları

Ədəbi̇yyat

2 Oktyabr 2019, 08:35

Məcid Tahirli


Çoxəsrlik  inkişaf yolu keçmiş teatr, musiqi və xalq sənətinin müxtəlif növləri xalqımızın yüksək və zəngin  mədəni irsə malik olduğuna dəlalət edir. Azərbaycanın mədəniyyət və incəsənət xadimləri milli mədəniyyətimizin dünyaya çatdırılması istiqamətində daim səy göstərmiş və bu istiqamətdə çoxsaylı nailiyyətlər qazanmışlar.

Azərbaycan mədəniyyəti və incəsənətinin yeni və müasir inkişaf dövrünə qədəm qoyduğu XX əsrin maraqlı, təzadlı və zəngin  mərhələlərindən birini də Sovet dövrü təşkil edir. Bu dövrdə bədii yaradıcılığın “sovet ideologiyası” prinsiplərinə qulluq etməsinə baxmayaraq, Azərbaycanın yaradıcı ziyalıları bədii dəyəri yüksək olan əsərlər yaratmışlar. Məsələn, 1930-1940-cı illərdə Azərbaycan mədəniyyətinin, demək olar, bütün sahələri inkişaf etmişdir. Bu illərdə Azərbaycan mədəniyyətinin inkişafını, dövrün mədəni hadisələrini arxiv sənədləri əsasında araşdırmağı qarşımıza məqsəd qoymuşuq.  Məqalədə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin materiallarına istinad olunmuşdur. 

 

  1. 1930-1940-cı illərdə Azərbaycanda musiqi incəsənəti

 

1930-1940-cı illəri Azərbaycan musiqi mədəniyyətinin yeni inkişaf mərhələsi kimi səciyyələndirmək olar. Xüsusilə opera sənətində Azərbaycan milli musiqisindən geniş istifadə edilməyə başlanıldı. Bəstəkar Reynqold Moriseviç Qliyer Azərbaycan musiqi folklorundan istifadə edərək, "Aşıq Qərib" dastanı əsasında "Şahsənəm" operasını yazdı. Əsər 1925-ci ildə bəstələnsə də, ilk tamaşası 1927-ci ildə rus dilində səhnəyə qoyuldu. Lakin xalq arasında məşhur olan aşıq dastanı əsasında bu operanın librettosu zəif olduğundan, o gözlənildiyi qədər uğur qazana bilmədi. 1934-cü ildə isə böyük dramaturq Cəfər Cabbarlı operanın Azərbaycan dilində yeni librettosunu yazdı və əsərin ikinci redaksiyası uğurla  tamaşaya qoyuldu.

Bu opera dünya musiqi mədəniyyəti nailiyyətlərindən bəhrələnməklə Azərbaycan xalq musiqisi nümunələri əsasında klassik opera yaradılması yolunda ilk təşəbbüs idi. R.Qliyer “Şahsənəm” operasını Azərbaycanın ilk qadın opera mü­ğən­ni­si, xalq artisti Şövkət Məmmədovanın səsinin gözəlliyindən ilhama gələrək yaz­mış­dır. Bəstəkar həmin operanı məhz Ş.Məmmədovaya ithaf etmişdir. “Şahsənəm” ope­ra­sına görə R.Qliyerə Azərbaycan SSR Xalq artisti adı verilmişdir.

1938-ci ildə «Şahsənəm» operası Moskvada keçirilən Azərbaycan İncəsənəti Günlərində Azərbaycan dilində tamaşaya qoyulmuşdur.

1930-1940-cı illər Azərbaycan musiqi mədəniyyəti haqqında danışarkən professional musiqinin formalaşmasını və inkişafını da nəzərdən keçirmək vacibdir. Birinci növbədə bu sahədə xüsusi xidmətləri olan dahi bəstəkarlar Üzeyir Hacıbəyovun və Müslüm Maqomayevin adını qeyd etmək lazımdır. Şərq aləmində ilk professional musiqi, məhz bu bəstəkarların sayəsində Azərbaycan xalqına məxsus olmuşdur. Muğam notları üzərində ilk opera xalqımızın böyük sənətkarı Ü.Hacıbəyova məxsusdur.

Ü.Hacıbəyov monumental xalq qəhrəmanlıq eposu əsasında bəstələdiyi "Koroğlu" operasında (1937;  SSRİ Dövlət mükafatı, 1941) milli musiqinin janrları ilə klassik opera sənətinə məxsus ifadə vasitələrinin və kompozisiya xüsusiyyətlərinin üzvi vəhdətinə nail olmuş və milli opera sənətinin şah əsərini yaratmışdır.

Həqiqi novatorluğu ilə fərqlənən "Koroğlu" operası Azərbaycan musiqisinin yeni inkişaf prinsiplərini müəyyənləşdirdi. 1937-ci il  aprelin 30-da Azərbaycan Opera və Balet Teatrında ilk dəfə tamaşaya qoyulan “Koroğlu” operası Ü.Hacıbəyovun sovet dövrü  yaradıcılığının zirvəsini təşkil edir.

Azərbaycanın, həm də sovet opera sənətinin incilərindən sayılan bu operada Ü.Hacıbəyli ilk dəfə olaraq klassik opera formasına riayət etmiş və bitkin ariyalar, kütləvi xor səhnələri, müxtəlif ansambllar, balet nömrələri yaratmışdır. Operanın musiqi dramaturgiyasının əsasını monumental xor səhnələri təşkil edir. Koroğlu xalq qəhramanı olmaqla yanaşı, həm də aşıqdır. Məhz buna görə də opera əsas etibarilə aşıq musiqisi üslubunda bəstələnmişdir. Ü. Hacıbəyli “Koroğlu” operasında simfonik orkestrin tərkibinə Azərbaycan xalq musiqi alətlərini daxil edərək orkestrin rəngarəng tembr səslənməsinə nail olmuşdur.

Azərbaycanın böyük bəstəkarlarından olan M. Maqomayev opera janrının klassik formalarına əsaslanaraq 1935-ci ildə "Nərgiz" operasını (yeni redaksiyası 1938) bəstələdi. "Nərgiz" - müasir mövzuya həsr edilmiş ilk Azərbaycan operası idi. M.Maqomayev xalq musiqisinin müxtəlif janrlarının üslub özəlliklərindən istifadə edərək, klassik opera formaları olan ariya, xor, reçitativ, duet və s. yaratmışdır.

 

  1. 1930-1940-ci illərdə Azərbaycanda teatrlar

 

Azərbaycanda teatr sənətinin kökləri xalqımızın əmək fəaliyyəti, məişəti, şənlik və toy ənənələri ilə bağlıdır. Çoxcəhətli, zəngin və mürəkkəb yaradıcılıq yolu keçmiş Azərbaycan teatrının tarixində xalqımızın ictimai həyatında baş verən ən mürəkkəb hadisələr öz əksini tapmışdır. Azərbaycan teatrı həmişə xalqın mənafeyinə xidmət etmiş, ictimaiyyəti maraqlandıran məsələlərə toxunmuş, öz işini mütərəqqilik, vətənpərvərlik pirinsipləri əsasında qurmuşdur.

1930-1940-cı illər Azərbaycan mədəniyyətinin çiçəklənməsində müstəsna əhəmiyyət kəsb edən hadisələrdən biri də milli teatrın inkişafı idi. Bakıda 1936-cı ildə Gənc Tamaşaçılar Teatrı, 1937-ci ildə Azərbaycan Dövlət Rus Dram Teatrı, 1938-ci ildə Musiqili Komediya Teatrı yaradılmışdır. Uşaqlar üçün nəzərdə tutulan Bakı Kukla teatrının təşəkkülü və formalaşması da bu dövrə - 1931-ci ilə təsadüf edir. Teatrın əsasını Mollağa Bəbirli qoymuşdur.

Lakin bu illərdə  təkcə Bakıda deyil, Azərbaycanın digər regionlarında – Gəncədə, Naxçıvanda, Lənkəranda, Ağdamda, Şamaxıda, Şəkidə, Xankəndində və Ağdaşda da peşəkar teatrlar yaranmağa və fəaliyyət göstərməyə başladı.

Adları qeyd olunan bu teatrlar XX əsrdə Azərbaycan mədəniyyətinin inkişafına və çiçəklənməsinə öz töhvələrini vermişlər. Bu teatrlar respublikada çox böyük və istedadlı aktyor, rejisor nəsillərinin yaranmasını və peşəkar məktəblərin formalaşmasını təmin etmişlər.

Teatrların repertuarı maraqlı idi. Xüsusilə, 1930-1940-cı illərdə teatrların reperuarına dövlət tərəfindən siyasi-ideoloji və tərbiyəvi əhəmiyyət verilirdi. Azərbaycan yazıçıları ilə yanaşı, Avropa və rus dramaturqlarının əsərləri də tamaşaya qoyulurdu. Məsələn, 1938-ci ildə M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram teatrında bu əsərlər səhnəyə qoyulmuşdur: S.Vurğunun “Vaqif”, M.F.Axundovun “Məstəli Şah”, “Hacı Qara”, M.İbrahimovun “Madrid”, “Həyat”, C.Cabbarlının “1905-ci il” əsərləri.

Təkcə Bakıda deyil, hətta Şəki Dövlət  Dram teatrındada böyük Azərbaycan yazıçılarının əsərləri səhnəyə qoyulmuşdur. Onlardan M.F.Axundovun “Hacı Qara”, C.Cabbarlının “Almaz”, “1905-ci il”, “Sevil”, Ü.Hacıbəyovun “Arşın mal alan”, “O olmasın bu olsun”, M.İbrahimovun “Həyat” əsərlərini qeyd etmək olar. 

 

  1. 1930-1940-cı illərdə Azərbaycanda yubiley tədbirləri

 

Yubiley tədbirlərindən ən mühümü, ən əhəmiyyətlisi dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 800 illik yubileyinin keçirilməsi haqqında qərar idi.  Dahi şairin yubileyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı ilk qərar 1939-cu ildə qəbul edilsə də, İkinci Dünya müharibəsi səbəbindən yubileyin yalnız 1947-ci ildə keçirilməsi mümkün olmuşdur.

Arxiv sənədlərinə əsasən dahi şairin 800 illik yubileyinin tədbirlər planına nəzər salaq: Şairin bütün əsərləri azərbaycan və rus dillərinə tərcümə edilməli idi; Ü. Hacıbəyov Nizami Gəncəvinin xatirəsinə musiqi bəstəməli idi; Azərnəşrdə Nizaminin ildönümü münasibətilə nəşrlər planı hazırlanmalı idi; yubiley nəşrləri həyata keçməli idi; “Bakı-film” studiyası Nizami Gəncəviyə aid bədii kinofilm yaratmalı idi. Nizami Gəncəviyə aid sərgiyə hazırlıq işləri, Nizami Gəncəvinin abidəsinin hazırlanması ilə əlaqədar müsabiqənin keçirilməsi və digər tədbirlər də plana daxil idi.

Yubiley münasibətilə Nizami Gəncəvinin əsərlərini Səməd Vurğun (“Leyli və Məcnun”), Rəsul Rza (“Xosrov və Şirin”), Süleyman Rüstəm (“Sirlər xəzinəsi”), Məmməd Rahim (“Yeddi gözəl”), Abdulla Şaiq (“İskəndərnamə”), Mikayıl Rzaquluzadə (“İskəndərnamə”) poetik tərcümə etdilər.

Görkəmli Azərbaycanlı heykəltaraşı Cəlal Qaryağdı Mir Cəfər Bağırova məktubunda yazırdı: “Nizami Gəncəvinin Bakıda qoyulacaq abidəsi  üçün açıq konkurs keçirilmişdir. Konkursun qalibləri olmuş B. Petrov və M. Anikuşin yoldaşların Nizami Gəncəvini oturmuş halda təsvir edən proektləri qəbul edilmişdir. Zənnimcə, bu proekt dünya ədəbiyyatı klassiklərinin ən görkəmlilərindən biri olan Nizaminin böyüklüyünü və əzəmətini layiqincə verə bilmir. Çünki, əvvələn dünya klassikləri üçün bütün tarix boyu iri meydançalarda qoyulmuş abidələrdən demək olar ki, hamısı ayaq üstdədir. İncəsənət aləmində hər hansı bir klassik və dahinin belə böyük meydanlarda oturmuş halda abidəsinin qoyulduğu hələ heç bir yerdə təsadüf edilməmişdir. Ölkəmizdə klassiklərimizdən Puşkin, Şevçenko, Qoqol, Rustaveli və bir çox başqaları üçün qoyulmuş abidələr də, bilavəstə ayaq üstə qoyulmuşdur. Zənnimcə Nizaminin abidəsi də onların cərgəsində olmalıdır.

Mərkəzi Komitə  26 oktyabr 1936-cı ildə Mirzə Ələkbər Sabirin vəfatının 25-ci ildönümünün keçirilməsi haqqında qərar verilmiş və ildönümünün keçirilməsi məqsədəuyğun hesab edilmişdir.

Qərarda qeyd olunur ki, Azərbaycan xalqının böyük şairi, satira ustası, ictimai xadim M.Ə.Sabirin ölümünün 25- illiyinin qeyd etmək lazımdir və müəyyən tədbirlər görülməlidir.

Bu tədbirlərə aiddir: M.Ə.Sabirin həyatı və yaradıcılığı ilə bağlı məlumatları olan bütün yazıçılar, ziyalılar, elm, incəsənəd xadimləri ilə dekabr ayının 10-dan 25-nə qədər görüşlər keçirilsin; 25 dekabrda M.F.Axundov adına dövlət teatrında M.Ə.Sabirin xatirəsi ilə bağlı anım mərasimi, tədbiri keçirilsin; Respublikada dərc olunan bütün qəzet və jurnallarda M.Ə.Sabirin həyatı və yaradıcılığını əks etdirən məqalələr dərc edilsin; Bakı şəhərində M.Ə.Sabirin adına uyğun möhtəşən bir abidə ucaldılsın; M.Ə.Sabirin yaradıcılığının öyrənilməsi, araşdırılması və elmi-tədqiqat işlərinin aparılması üçün müsabiqə elan edilsin; M.Ə.Sabirin doğulduğu Şamaxı şəhərində büstü qoyulsun; M.Ə.Sabirin həyatı və yaradıcılığı ilə baglı geniş kütləvi broşuralar dərc edilsin; Bakı şəhərində küçələrdən birinə M.Ə.Sabirin adı verilsin.  Bir sıra başqa tədbirlər də qərarda öz əksini tapmışdir.

          Digər yubley tədbirlərindən biri də 1938-ci ildə Azərbaycan yazıçısı, sairi, maarifçisi, filosofu və ictimai xadimi, Azərbaycan dramaturgiyasının və ədəbi tənqidinin banisi Mirzə Fətəli Axundovun anadan olmasının 125-ci ildönümünün keçirilməsi idi.

          1938-ci ildə böyük Azərbaycan yazıçısı, mütəfəkkiri, Azərbaycan ədəbiyyatı, dramı və teatrının qurucusu Mirzə Fətəli Axundovun ölümünün 60-illiyinə və anadan olmasının 125-ci ildönümünə həsr olunmuş tədbirlər planına hazırlıq işləri ilə əlaqədar Mərkəzi Komitə tərəfindən rəsmi qərar verilmişdir. Qərarda aşagıdaki tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur: M.F.Axundovun yeni abidəsini qurmaq; Axundovun yaşadığı evin üzərində lövhə yerləşdirmək; Axundovun ən yaxşı portretini çəkmək üçün Azərbaycan rəssamları arasında müsabiqə təşkil etmək; Bakıda və rayonlarda olan teatrların 1939-cu il repertuarına M.F.Axundovun əsərlərini daxil etmək və səhnəyə qoymaq; Axundovun əsərlərini 3 cild olmaqla azərbaycan və rus dillərində çap etmək və başqa digər tədbirlər.

          1935-ci ildə Azərbaycanda mövcud olmuş və fəaliyyət göstərmiş Bakı Gürcüstan teatrının 30-illik yubleyinin qeyd etmək üçün komissiya yaradılmışdır və komissiyaya konkret işlərin görülməsi, o cümlədən, teatr binasının fəsadının təmiri tapşırılmışdır. Yubleyin payız aylarında keçirilməsi nəzərdə tutulmuşdur.

          Mərkəzi Komitə 19 sentyabr 1940-cı ildə Azərbaycan Dövlət Rus Dram teatrının 20-illiyinin keçirilməsi ilə əlaqədar qərar qəbul edilmişdir.

 

  1. 1930-1940-cı illərdə Azərbaycan incəsənəti günləri

         

Moskvada Azərbaycan incəsənəti ongünlüyünün keçirilməsi və bu tədbirlə əlaqədar dövlət komissiyasının yaradılması haqqında AZ. KP MK-nın 4 yanvar 1937-ci il tarixli qərarı bu sənəddə öz əksini tapmışdır:

Moskvada keçiriləcək Azərbaycan incəsənəti ongünlüyündə Azərbaycan xalqının mədəniyyətini göstərmək məqsədilə AZ. KP MK-sı dərhal dekadaya hazırlığa başlamağı, respublikanın bütün mədəniyyət və incəsənət qüvvələrini bu işə cəlb etməyi, opera və dram sənətinə uyğun olan düzgün repertuarların seçilməsini, eyni zamanda musiqidə, xorda və rəqslərdə xalq yaradıcılığını önə çəkməyi qərara almışdır. Sənədə əsasən  M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet teatrına opera üzrə  M. Maqomayevin “Nərgiz”, R.Qliyerin “Şahsənəm”, Ü.Hacıbəyovun “Koroğlu”, “Arşın mal alan”, balet üzrə Əfrasiyab Bədəlbəylinin “Qız qalası əfsanəsi” əsərlərini, eləcə də Azərbaycan Dövlət Dram teatrına C.Cabbarlının “1905-ci il”, M.F.Axundovun “Hacı Qara”, V.Şekspirin “Otello” əsərlərini repertuarlarında çıxış etmək tapşırılmışdır.

Qeyd etmək istərdim ki Moskvada keçiriləcək Azərbaycan incəsənəti ongünlüyündə, M. F. Axundov adına Azərbaycan Dövlət Opera və Balet teatrından ümumilikdə 498  nəfər və Azərbaycan Dövlət Filarmoniyasından isə 554 nəfər mədəniyyət içsinin iştirak etməsi nəzərdə tutulmuşdur.

AKP MK-nın 1938-ci il, mart ayının 23-də qəbul etdiyi qərara əsasən, Moskvada Azərbaycan incəsənəti ongünlüyünün keçirilməsində iştirak edəcək mədəniyyət işçilərinin tam siyahısı və 700 nəfərdən ibarət sayı təsdiq olunmuşdur. Tədbirlər planına əsasən Moskvada Azərbaycan teatr sənətinin inkişafına həsr olunmuş sərginin də təşkil olunması nəzərdə tutulmuşdur.

1938-ci ildə Mərkəzi Komitənin qərarı ilə Azərbaycan Dövlət Rus Dram teatrı 1939-cu il, mayın ayının 15-dən iyul ayının 15-nə qədər Leninqrad şəhərində qastrol səfərində olmuşdur. Azərbaycan Dövlət Rus Dram teatrı Leninqrad şəhərində qastrolda olduğu müddətdə aşağıdakı yazıçıların əsərlərini səhnələşdirmişdir: C.Cabbarlının “1905-ci il”, M.F.Axundovun “Hekayəti-Xırs Quldurbasan”, İvan Qonçarovun “Uçurum”, Onore de Balzakın “Ogey ana”, Valentin Katayevin  “Cəbhədən gələn əsgər”, Mixail Kazakovun  “ Təhlükəsizlik işçisi”, Viktor Hüqonun “ Ruy Blas”, M.İbrahimovun “Madrid” əsərləri.

Mərkəzi Komitənin 1940-cı il, 29 avqustda verdiyi qərar əsasən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Flarmoniyasının mahnı və rəqs ansamblı 87 nəfər olmaqla Özbəkistan, Türkmənistan və Qırğızıstan respublikalarına qastrol səfərinə göndərilmişdir.

Orta Asiya respublikalarına qastrol səfərində olan mahnı və rəqs ansamblının repertuarına, əsasən Azərbaycan bəstəkarlarının (Ü.Hacıbəyovun, M.Maqomayevin, Səid Rüstəmovun, Qılman Salahovun və b.) əsərləri,  xalq rəqsləri, xalq mahnıları, xalq musiqi nümunələri daxil idi.          

 

  1. 1930-1940-ci illərdə Azərbaycanda diğər mədəniyyət hadisələri

 

Mərkəzi Komitə 1935-ci il, aprel ayının 21-də Bakıda yazıçılar, rəssamlar və digər incəsənət işçiləri üçün “Bakı incəsənət evi”nin təşkil edilməsi haqqında qərar vermişdir.

1936-cı ildə, Sovet İttifaqının yaradılmasının 15-ci ildönümü ilə əlaqədar olaraq, bir sıra mədəniyyət işçisi təltif edilmişdir. Bunlardan Azərbaycan xalqının böyük bəstəkarları - Ü.Hacıbəyova və M.Maqomayevə “Əməkdar İncəsənət Xadimi” fəxri adı verilmişdir.                                                                                   

Bundan başqa, Azərbaycanın teatr aktrisası, ilk peşəkar teatr təhsili görmüş qadın aktrisa Fatma Qədri, aktrisa Məmmədova Əzizə, aktyor Ağasadıq Gəraybəyli, aktrisa Maqfura xanım (Мария Ермакова) “Əməkdar artist” fəxri adına layiq görülmüşlər.

“Azərbaycan Xalq artisti” fəxri adına isə Azərbaycanın görkəmli teatr aktyoru, teatr və kino rejisoru, kino redaktoru Abbas Mirzə Şərifzadə layiq görülmüşdür.

                                                               

1937-ci il, iyun ayının 27-də, redaktoru Rəsul Zadə Davud olan “Azərbaycan İncəsənəti” jurnalı buraxıldı. Jurnalda mədəniyyətin bütün sahələri, xalq sənəti, dramaturgiya, teatr, kino, muzey, mahnı, estrada, sirk və digər sahələr əhatə olunmalı idi. Jurnal azərbaycan və rus dillərində çap edilmişdir.


Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1937-ci il, fevral ayının 8-də verdiyi qərara əsasən Üzeyir Hacıbəyov Azərbaycan Bəstəkarlar İttifaqının sədri təyin edilmişdir.

AKP MK-nın 1937-ci il, fevral ayının 8-də verdiyi diğər qərara əsasən Süleyman Rüstəm M. Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrının direktoru təyin edilmişdir.

AKP MK-nın 1939-cu il, 10 yanvar tarixli qərarına əsasən, 1938-ci ildən partiya üzvü olan, SSRİ xalq artisti Üzeyir Hacıbəyovun A.Zeynallı adına Azərbaycan Dövlət Konservatoriyasının direktoru, eləcədə Azərbaycan SSR XKS (Xalq Komissarları Soveti) yanında İncəsənət idarəsinin musiqi şöbəsinin rəisi vəzifəsinə təsdiq edilmişdir.

Qeyd etmək istərdim ki, AKP MK-nın 1940-cı il, 25 yanvar tarixli qərarı ilə Ü. Hacıbəyov yenidən Azərbaycan Dövlət Konservatoriyasının direktoru təyin olunmuşdur.

AKP MK-nın 1935-ci il, 20 iyun tarixli qərarı ilə qrammafon yazıları üzrə  komissiyaya milli klassik musiqinin və ifaların köhnə plastinkalarını bərpa etmək məsələsi və AKP MK-ya onların siyahısını təqdim etmək tapşırılmışdır.

         
1930-1940-cı illərin Azərbaycan mədəniyyəti və incəsənəti tarixində inkişaf və çiçəklənmə dövrü olmasına baxmayaraq, eyni zamanda, Azərbaycan mədəniyyəti və incəsənəti üçün ağır illər kimi də yaddaşlarda qalmışdı. Belə ki, 1936-cı ildən başlayaraq Azərbaycan xalqının bir çox mədəniyyət və incəsənət xadimləri təqiblərə məruz qalmış və repressiya qurbanı olmuşlar. Buna misal olaraq, Hüseyn Cavidin Mir Cəfər Bağırova ünvanladığı 30 oktyabr 1936-cı il tarixli məktubunu diqqətinizə çatdırmaq istərdim. H.Cavid məktubunda yazırdı: “Son zamanlarda mənə və yazılarıma qarşı istər mənəvi, istər maddi cəhətdən - qaba və soyuq bir keçimsizlik var. Bu da yalnız tək - tək şəxslərin kaprizindən irəli gəlməkdədir. Cəsarət olsa da, fikrinizi bu nöqtəyə cəlb etməklə, 30 ildən artıq əmək sərf edən xəstə və yorğun bir yazıçının halını düşünmənizi rica edirəm”.

      Beləliklə, araşdırmadan əldə edilən nəticələr aşağıdakılardır:

  1. XX əsrin 30-40-cı illərində Azərbaycan mədəniyyəti və incəsənəti inkişaf etmiş, bu sahədə bir çox yeniliklər və nailiyyətlər əldə olunmuşdur.
  2. Mədəniyyət tədbirləri, yeni teatrların və mədəniyyət müəssisələrinin təşkili, yeni opera, musiqili komediya, balet və teatr əsərlərinin tamaşaya qoyulması, heykəltəraşlıq nümunələrinin yaradılması, yubileylərin, nəşrlərin, konsertlərin həyata keçirilməsi və s. bu kimi hadisələr yalnız rəsmi dövlət və hökumət qərarları əsasında, konkret təbdbirlər planı üzrə yerinə yetirilirdi.
  3. Sovet dövrünün bədii yaradıcılıqda tətbiq etdiyi sərt ideoloji çərçivələrə, mənəvi və fiziki təzyiqlərə baxmayaraq, Azərbaycan ziyalıları mədəniyyət sahəsində milli və bəşəri maraqlara xidmət etmiş, yüksək səviyyəli sənət və ədəbiyyat əsərləri yaratmışlar. Buna misal kimi, 1930-1940-cı illərin mədəniyyətinə dair hadisələri və faktları nümunə göstərmək olar.
  4. 1930-1940-cı illərdə Azərbaycanda teatr, musiqi, ədəbiyyat, dramaturgiya sahələrində bir çox nailiyyətlər əldə olunmuş və mühüm mədəniyyət tədbirləri həyata keçirilmişdir. Bu nailiyyətlər və tədbirlər Azərbaycan mədəniyyətini qarşıdakı illərdə böhran və tənəzzüldən xilas etmiş, onun inkişafında mühüm rol oynamışdır.
  5. Hər bir dövrün mədəniyyətini və incəsənətini elmi cəhətdən araşdırmaq və yeni, dəqiq faktları əldə etmək üçün arxiv materialları ən etibarlı elmi mənbə hesab olunurlar.
  6. Arxiv fondları ayrılıqda götürülmüş hər bir dövrün, onilliyin və yaxud hər bir ilin mədəniyyət və incəsənət hadisələrini sənədlər və faklar əsasında daha dəqiq aşkar etmək, naməlum faktlara yenidən “işıq salmaq” baxımından mühüm elmi və tarixi əhəmiyyət kəsb edirlər.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...