Modern.az

“İlk dəfə ağacdan Şuşa qalasını hazırladım” - Ağacoyma sənətinin ustası ilə REPORTAJ

“İlk dəfə ağacdan Şuşa qalasını hazırladım” - Ağacoyma sənətinin ustası ilə REPORTAJ

Mədəni̇yyət

4 Oktyabr 2019, 09:05

Hamının toplu şəkildə çalışdığı peşələr var - müəllim, həkim, jurnalist, fəhlə və s. Lakin elə sahələr də var ki, kökü minilliklərə dayansa da, hazırda o qədər də müraciət edən yoxdur. Xüsusi bacarıq, sevgi tələb edən sahələrdən biri də ağacoyma sənəti ilə bağlıdır.

Quru odun parçası üzərində incə zövqlü, gözoxşayan nümunələr yaradan insanlar hazırda yoxdur desək, doğru olmaz. Hələ də bu sahəyə maraq tam ölməyib, zərif və eyni zamanda qədim sənəti yaşadanlar var. Dekorativ tətbiqi sənətin bir növü bədii ağacoyma, yaxud ağacişləmədir.
Bu sənətin ənənələrini böyük peşəkarlıq və yaradıcı təxəyyülü ilə yaşadan və maraqlı əsərləri ilə zənginləşdirənllərdən biri ilə həmsöhbət olduq.


Modern.az
-ın “Peşəkarlar, sənətkarlar” rubrikasının budəfəki qonağı 25 ildir yorulmadan ağacoyma sənəti ilə məşğul olan Rauf Seyidzadədir.


Arayış: Rauf Seyidzadə 1980-ci ildə Bakı şəhərində anadan olub. 1986-cı ildə orta məktəbə gedib, 1996-cı ildə ümumtəhsil müəssisəsini bitirib. Məktəbi bitirdikdən sonra Texniki Universitetin radio-texnika fakültəsinə qəbul olunub. Bir müddət hərbçi kimi fəaliyyət göstərib, ağır atletika ilə məşğul olub. Hazırda müəllim və ağacoyma ustası kimi çalışır.

 

“Oyma sənətinə olan həvəs ağaclara olan sevgisindən irəli gəlir”

 

“14 yaşımdan bu işlə məşğul olmağa başlamışam. Uşaq vaxtı adətən heyvan fiqurları, dekorativ əşyalar düzəldirdim. Lakin tədricən musiqi alətlərinin miniatür formalarını hazırlamağa başladım. Artıq  25 ildir ki, bu həvəs məndə var, nə qədər ki, sağam, bu istəyim, bu peşəyə məhəbbətim davam edəcək. Onu da deyim ki, bu sahəni iş, maddiyyat olaraq gördüyüm üçün yox, hobbi olaraq gördüyüm üçün seçmişəm. Hətta qazancım olmasa belə yenə də işimdən imtina etmərəm, əlimdə olan bütün maddiyatı bu sahəyə sərf edərəm. Onu da deyim ki, bu həvəs ailədə yalnız məndədir. İki qızım var, lakin heç biri bu sahə ilə məşğul olmayacaq. Çünki oyma sənəti üçün gərək barmaqlarda, biləkdə güc olsun, bu da kişi qüvvəsi tələb edir. Qızlarımdan birinin rəssamlığa marağı var, düşünürıəm ki, onun bu bacarıq və sevgisi məndən qaynaqlanır. Bu sənəti ikinci iş kimi üzərimə götürmüşəm. Əvvəllər hərbi sahədə zabit kimi qulluq edirdim. 10 ilə yaxın ağır atletika ilə də məşğul olmuşam. Eyni zamanda, müəllim kimi də fəaliyyət göstərirəm. Bu işlərin hər birində olduğum zaman paralel olaraq oyma sənəti ilə də məşğul idim. Əvvəllər evimdə balaca emalatxanam var idi, bütün işlərimi orada görürdüm. 10 il əvvəl işə ciddi köklənməyə başladım, artıq evdən kənarda bir emalatxanada çalışıram” .

 


“Ən bahalı əl işimi bir iş adamına 1200 manata satmışam”

 

“Tarın içini sədəflə yığmışdım, içərisində Xan Şuşinskinin musiqisi səslənirdi. Həmin əsəri 6 aya fasiləylə işləməklə ərsəyə gətirmişdim. Ümumiyyətlə, hazırladığım komponenetlərə ayırdığım zaman fərqlidir. Ən kiçik ölçülü aləti hazırlamağım üçün yarım saat vaxt sərf etmişəm. Ən çox vaxt sərf etdiyimsə, ən bahalı əl işimə ayırdığım zaman olub, 6 ay. Lakin onu da deyim ki, 6 ay sırf  bir işin üzərində çalışmamışam. Çünki uzun müddətə ərsəyə gələn işin üzərində hər gün dayanmadan işləmək olmur. Demək olar ki, əksər dövlət qurumları ilə çalışmışam, hazırda da iş olanda yenə mənə müraciət edirlər. Şəhərdə olan mağazalar da sifariş edirlər, xüsusilə İçərişəhərdə turistlərə belə əşyalar çox maraqlı gəlir. Qazanc əldə etmək baxımından narazı deyiləm, aldığım məvacib məni qane edir. Ən çox sevdiyim obraz tardır. Çünki ilk dəfə onu yonmağa cəhd göstərmişdim. İşin tez başa gəlməsi üçün ən çox şam ağaclarından istifadə edirəm. Lakin ümumilikdə, fıstıq, cökə, şabalıd ağcları da yararlıdır, işlənir. Xüsusi sifarişlər qoz ağacından hazrlanır, lakin bu da bir qədər gec başa gəlir. Hazırlanan fiqurlara yaxşı baxılsa, 50, 100 il qala bilər”.

 

“Hətta yaşlılar da bu sahəni öyrənmək üçün mənə müraciət edir”

 

“Mənə müraciət edən tələbənin mütləq rəssamlıq istedadı olmalıdır. Hə, birdə ki, bu sahəyə maddiyat üçün yox birbaşa sənətə olan sevgisi ilə gəlməlidir. Əks halda yaxşı iş ortaya qoymaq çətin olacaq. İş incə olduğu üçün mütləq şəkildə göz yaxşı görməlidir. İşini başladığı gündən sevən və ömrünün sonunadək davam etdirən şəxsə yaxşı sənətkar demək olar. Adətən müraciət edənlər 15-16 yaşlı yeniyetmələr olur. Lakin elə hal olub ki, 55-60 yaşlı şəxs də mənə öyrənmək üçün müraciət edib. Yaşlı insanlar adətən maddiyata görə yox, zövq aldıqları üçün oyma sənətini öyrənirlər. Elə yaşlı insan olub ki, mənə deyib ki, “Sadəcə bir kənardan oturum səni izləyim, sən öyrətmə. Mən baxaraq özüm öyrənəcəm, əziyyət çəkmə”.

 


Hər ildə bir dənə tutarlı əsər yaradıb hədiyyə edirəm”

 

“Həmin əsərlər adətən Azərbaycanın qədim qalalarının, qoruqlarının kiçik versiyası olur. İlk dəfə ağacdan Şuşa qalasını hazırlamışdım. Bu yaxınlarda Bərdə türbəsini hazırladım hədiyyə etdim. Bu əsərləri sadəcə özümü, işimi sübut etmək üçün hazırlayıram. Növbəti il yenə böyük bir əsər ərəyə gətirəcəm. Fikrim var ki, 2020-ci ildə Gəncədəki “İmamzadə”nin maketini hazırlayım. İlin ilk aylarında artıq işlərə başlayacam. Əsər hazır olandan sonra hədiyyə kimi Gəncəyə göndərəcəm. Dediyim kimi, belə işlərimdə maddiyat güdmürəm”.

 

“İnsan obrazı yaratmıram, dini baxımdan düzgün deyil”

 

“İnsanı, Allah yaradır, ikinci bir insanı yaratmağım doğru olmaz. Hər hansı taxta parçasından göz, burun-qulaq yaratmaq yaxşı qarşılanmır. Bu işi görməyi heç vaxt özümə rəva bilməmişəm. Bəzi sifarişlər daxil olur ki, maddiyat baxımından məni qane etmir, razılşmıram. Ya da elə hal olub ki, sifariş ediblər, lakin yaxşı bir nümunə ortaya qoya bilməyəcəyimi anlayıb qəbul etməmişəm”.

 

“Bu sahə ilə məşğul olarkən az xəsarət almamışam”.

 

“Elə gənclər olub ki, ilk dəfədən iti bıçaqlarla işləməyi bacarmayıb, əlini kəsib və daha qorxduğu üçün öyrənmək istəməyib. Elə gənc də olub ki, dəfələrlə zədə almasına baxmayaraq, istəyindən imtina etməyib, sonunadək mübarizə aparıb. Mən özüm də dəfələrlə zədə almışam, sayı-hesabı yoxdur. Bəzən mənə müraciət edən tələbələr də olub ki, boya, kley iyi onlara pis təsir edib, allergiya olduğu üçün bu işlə məşğul ola bilməyblər. Lakin mən bir günümü boya, sex iyi olmadan keçirə bilmirəm”.

 


“Əhvalım yaxşı olmayanda emalatxanaya getmirəm, parkda gəzirəm”

 

“Bu sahə elədir ki, mütləq şəkildə yaxşı əhval-ruhiyyə tələb edir. Kefin yaxşı deyilsə, ortaya yaxşı iş də qoya bilməyəcəksən. Buna görə də bəzən emalatxanaya gəlmirəm, parkda təmiz hava qəbul edirəm ki, pis əhvalım yaratdığım obrazlara, əşyalara da təsir göstərməsin”.

 

“Atam deyirdi universitet oxu, bu sahədə çalışma”

 

“Açığı oyma sənətinə marağım elə böyük idi ki, dərslərdən tamam uzaq düşmüşdüm. Məktəbi bitirəndə cəmi bir il evdə repititor olmadan, universitetə hazırlaşdım. Zəhmətim də öz nəticəsini verdi, ali məktəbə qəbul oldum, Texniki Universittetin  radio-texnika fakultəsinə. Sonra atama dedim ki, “Bax ata insan həqiqətən bir şeyi istəyirsə ona nail olur”. Atam izah elədi ki, ali təhsil almaq mütləqdir, sevdiyin sahə ilə məşğul ol, amma təhsilini də axsatma. İxtisasım üzrə heç vaxt işləmədim, sevdiyim sənəti isə heç vaxt buraxmadım. Hazırda 1 saylı internat məktəbində əlil uşaqlara əmək reabiltasiyası keçirəm. Onlarda işə həvəs yaradıram ki, gələcəkdə heç kimdən aslı olmasınlar, pul qazana bilsinlər”.

 

“Müəllim olmaq daha çətindir, nəinki ağacoyma sənəti”

 

“Müəllim olmaq belədir ki, bir neçə uşağı eyni anda idarə edəsən. Xüsusilə əlil uşaqlarla işləmək olduqca çətindir. Biri əlinə bıçaq götürür, biri çəkic götürür, hər an bir-birlərinə xəsarət yetirə bilərlər. Gərək hamısını ciddi nəzətdə saxlayasan, əşyalarla davranmağı öyrədəsən. Ağacoyma sənətindən daha çox zövq alıram. Çünki bu sahədə fikir yalnız bir məqama yönəlir, özünə qapanırsan. Lakin müəllim olmaq da çox gözəldir, sevdiyin işi paylaşırsan, fayda verirsən. Oyma sənəti mənim üçün yorucu bir iş deyil, sanki istirahət edirəm. Hər hansı obrazı yaradanda tamamilə dincəlmiş oluram.Yəni insan işinə nə qədər bağlı olursa, sevirsə, bu ona ağırlıq kimi gəlmir, bir də görürsən ömrün göz önündə keçdi getdi. 39 yaşım var amma heç kim bu yaşı vermir, işim məni gənc saxlayıb”.

 

“Qocalar evindən mənə işlə bağlı təklif gəlib, razılaşmamışam”

 

“Bir dəfə Qocalar evindən təklif gəldi ki, ahıllardan bir neçəsini bu işə cəlb edim, həvəs yaradım. 8 ay Qocalar evinə getdim-gəldim, gördüm ki, yox, məcburi həvəs yaratmaq omur, onların marağı nərd, domino oynamağadır. Lakin bu o demək deyil ki, bütün qocalar həvəssizdir. Bayaq da dediyim ki, 55-60 yaş arası insanlar olub ki, məndən bu sənəti öyrənmək istəyiblər”.

 


“Xarici ölkələrdə də bu sahəyə maraq göstərənlər az deyil”

 

“Artıq 2002-ci ildən Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondunun dəstəyi ilə Avropa ölkələrinə gedib orada öz əl işlərimi nümayiş etdirirəm. Fransada sərgidə olanda oradakı vətəndaşlara bir əsərin başdan ayağa necə ərsəyə gəlməsini göstərirdim. Almaniya, Avstriya, Danimarka, Çexiya, Türkiyə, İran kim ölkələrə səfər edib “master-klass”lar göstərmişəm. Bu səfərlərdən dolayı artıq bizə təkliflər də gəlir ki, gedib həmin ölkədəki tədbirlərdə yenidən “master-klass” keçək. Bu yaxınlarda Özbəkistanda sərgilərdən birində iştirak etdim və hazırladığım tar-kamança xüsusilə maraq kəsb elədi. Xaricilərin çoxu tarı tanımır. Sual verirlər ki, hazırladığım gitaradırmı? Mən də izah edirəm ki, bu Azərbaycanın “gitarasıdır”, tardır”.

 

“Fransada bir nəfər var idi, səhərdən-axşamadək yanımda otururdu ki, bu sənəti öyrənsin”

 

Rauf Seyidzadə Fransada başına gələn maraqlı hadisəni bizimlə bölüşüb :

“Fransada sərgidə olanda bir nəfər hər gün gəlib yanımda otururdu. Axırı, bir dəfə sual verdim ki, “Sənin başqa işin yoxdur ? Tar-kamança sizin alət deyil, niyə onun fiqurunu hazırlamaq istəyirsən ?”. O da demişdi ki, “Sən mənə tar hazırlamağı öyrət, mən bu üsulla skripka hazırlayacam”.  10 gün yanıma gedib-gələndən sonra bıçaqla işləməyi bacardı, artıq istedadlı usta ola bilmişdi”.

 

“Başqa ölkələrdən işlə bağlı təklif gəlir, lakin mən istəmirəm”

 

“Digər ölkələrə getməməyimə səbəb aldığım tərbiyədir. Belə ki, fikrimcə mən həmişə ailəmin, ata-anamın yanında olmalıyam. Təklifdə desələr də ki, “Ailənizi də özünüzlə gətirin, ehtiyaclarınızı qarşılayacağıq” yenə də razı olmamışam. Çünki mən Azərbaycanın havasından zövq alıram. Dünyanın bir çox ölkəsində olmuşam, ancaq gəzdiyim yerlər arasında ən gözəli Azərbaycan, Bakı şəhəridir”. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır