Modern.az

Fuad Ələsgərov: Azərbaycanda yeni tipli vəkillik təsisatına zərurət yaranıb

Fuad Ələsgərov: “Azərbaycanda yeni tipli vəkillik təsisatına zərurət yaranıb”

4 Oktyabr 2019, 10:57

Azərbaycanın yeni konstitusiyası vəkilliyin hüquqi vəziyyətinin köklü şəkildə dəyişməsinə əsas yaradıb.

Modern.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə müdiri Fuad Ələsgərov Azərbaycan Vəkillər Kollegiyası və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin birgə təşkilatçılığı ilə, Azərbaycanda vəkillik peşəsi ilə bağlı yubiley tədbirlər çərçivəsində “Güclü və nüfuzlu vəkillik – müasir dövrün çağırışları” mövzusunda beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, 1995-ci ildə referendum yolu ilə qəbul edilmiş Konstitusiya cəmiyyətimizin müasir, demokratik, hüquqi dövlət quruculuğu mərhələsinə keçidinin bünövrəsini qoyub: "Azərbaycanda fundamental hislahatların aparıldığı, azad sahibkarlığın inkişaf etdirildiyi şəraitdə yeni tipli vəkillik təsisatına zərurət yaranıb. Müstəqil Azərbaycanın yeni demokratik konstitusiyası vəkilliyin hüquqi vəziyyətinin köklü şəkildə dəyişməsinə, eləcə də onun insan hüquq və azadlıqlarının səmərəli təmini mexanizmi qismində formalaşmasına əsas yaradıb".

F.Ələsgərov vurğulayıb ki, insan hüquqlarının təmin olunması demokratik dövlətin təməl daşı və hər bir cəmiyyətin yetkinliyinin göstəricisidir: "Bu mənada 1998-ci ildə islahatların növbəsi mərhələsində qəbul edilmiş "Vəkillər və vəkillik haqqında" Qanun hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ daxil olmaqla Konstitusiyada təsbit edilmiş hüquq və azadlıqların real təminatı kimi böyük əhəmiyyət kəsb edib. Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin iştirakı ilə hazırlanmış bu qanun vəkillərin yeni statusunu müəyyən edir. Habelə digər qanunvericilik aktları ilə birlikdə tərəflərin prosessual bərabərlik prinsipi təsbit edilib".

 

F.Ələsgərov deyib ki, aztəminatlı şəxslərə pulsuz hüquqi yardım göstərilməsi ilə bağlı vəkillərə dövlət tərəfindən ödənilən məbləğ 3 dəfə artırılıb.


Onun sözlərinə görə, bununla bağlı Prezident İlham Əliyevin Azərbaycanda vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında 2018-ci ilin fevral ayında imzaladığı sərəncam vacib addımların bariz nümunəsidir:

"Sərəncamda ədalət mühakiməsinin səmərəli fəaliyyəti üçün güclü və nüfuzlu vəkillik təchizatının əhəmiyyəti xüsusi qeyd olunub. Həmin sənəddə bu təsisatın təkmilləşdirilməsi məqsədilə nəzərdə tutulmuş tədbirlərin əsas istiqamətləri ölkənin regionlarında vəkillik qurumlarının fəaliyyətinin genişləndirilməsi, Vəkillər Kollegiyasının maddi-texniki təminatının daha da yaxşılaşdırılması, habelə aztəminatlı şəxslət üçün hüquqi xidmətlərin əlçatanlığının artırılmasıdır. Sərəncama əsasən aztəminatlı şəxslərə pulsuz hüquqi yardımın göstərilməsi ilə bağlı vəkillərə dövlət tərəfindən ödənilən məbləğ 3 dəfə artırılıb. Eyni zamanda sərəncamda Vəkilllər Kollegiyasına bir sıra tövsiyələr verilib, xüsusilə gənc hüquqşünasların vəkilliyə cəlb edilməsi yolu ilə ölkədə vəkillərin sayının artırılması tövsiyə olunub. Kollegiya rəhbərliyinin bu istiqamətdə məqsədyönlü fəaliyyəti nəticəsində ölkədə vəkillərin sayı demək olar ki, iki dəfə artıb və bu proses davam edir".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu