Modern.az

“Qırmızı Şaman”ın izi ilə... - Qədim türk yurdu Saxa Respublikasından REPORTAJ - III HİSSƏ

“Qırmızı Şaman”ın izi ilə... - Qədim türk yurdu Saxa Respublikasından REPORTAJ - III HİSSƏ

4 Oktyabr 2019, 11:07

Aida Eyvazlı Göytürk


əvvəli burada...


Şamanlar və sovet təqibi...


Birdən havanı qara dumanlar aldı, heç iki dəqiqə keçməmiş noxud boyda buz dənəcikləri bizi daldalanmağa məcbur etdi. Qısa hücumdan sonra dolu yağışa çevrildi və  külək başladı...  10-15 dəqiqə keçməmiş  günəş yenidən gülümsəyir. Əlbəttə, bu kino-ssenari deyil, çayüzü gəzintimiz zamanı şadyanalıq içində fərqinə vara bilmədiyimiz bir anda yaşadığımız təbiət hadisəsi idi. Amma... Rüstəm Kajekin və Qavril Andros dedilər ki, şaman sizin yolunuzu təmizləyirdi və bu onun məharətidir. Çünki bugünkü hava proqnozunda yağış və dolu haqqında məlumat verilməmişdi. Söhbətə qoşulan Natalya xanım da şaman Leonidin Tanrı seçkini olduğunu, 9 Şamanın duası-alqışı ilə butalandığını təsdiq etdi. Bayaq biz süfrə arxasında ikən Şamanın meditasiya anını Əkbər kadrlara götürə bilibmiş. Desəm ki, təəcüblənməmişdim, yalan olardı. Şamanın kərmətinə heyrətlənmişdim. Saxada yaşayan kiçikdən böyüyə isə hamı üçün bu adi bir şeydir. Bu yerlərdə insanlar min illiklər boyu gözlərini açıb belə görüblər, belə yaşayıblar.

Şamanlar və bu inancla yaşayanlar üçün isə həyat həmişə asan olmayıb.  Ruslar burada məskunlaşandan , Sovet ideologiyası yayılmağa başlayandan sonra,  sahib olduğu bütün yerlərdə, insanları öz dini inanclarından imtina etməyə məcbur etdilər. Saxa yakutlarının şamanların duaları ilə güclü olduğunu, bu kultla öz məişətlərini idarə etdiklərini, ruslara və bu yeni hakimiyyətə hər dəqiqə baş əymədiklərini görüb, 1924-cü ilin 3 noyabrında Sovetlər “Yakutiya Muxtar Vilayət Respublikasında şamançılıqla mübarizə tədbirləri” adlı Qətnamə qəbul edirlər. Bir neçə gündən sonra isə şamanları məhkəmə istintaqına çəkir, onları  cinayətkar adlandıraraq RSFR-in cinayət məcəlləsi il təqsirli bilirlər. RSFSR CM-nin 119-cu maddəsinin 11 bənddində onları  kontr- kəşfiyyatçı, hakimiyyətə qarşı təxribatçı,  təbib və loğman kimi fəaliyyətlərinə görə suçlayırdılar. 1928-ci ildən etibarən isə şamançılığı olan adamları seçki hüququndan da məhrum etmişdilər. Şamanların təkcə özləri deyil, qohumları, uşaqları da məsuliyyət daşıyırdı. Bu qədər təpki və qınaq altında olan şamanlardan  hər kəs qaçır, hətta qohum və doğmaları onlardan imtina edirdilər. Sovet ideologiyasının ən qatı və ağır cəzalarından biri xalqları milli ideologiyasından sapındırmaq və unutdurmaq idi.

                          
Şaman duaları və kamlal ayini...


Saxa yakutları isə ana südü, laylası ilə, torpağın nəfəsi, təamları ilə, qanlarına keçən, genetik kodlarında yaşayan şamanlıqlarını unutmadılar. Nəsildən nəsilə, tayfadan-tayfaya ötürərək, onu yaşatdılar.  Şamanın ən güclü sehri onun kamlalındadır. “Kamlal”- dua ayinidir. Şamanlar kamlal edəndə  o mahnıları, çalğısı, musiqisi ilə ruhunu öz bədənindən ayıraraq trans halına keçir, onun ruhu Yuxarı , Orta və  ya Aşağı  aləmdəki ruhlarla qovuşur, sonra yerə qayıdıb, xəbər gətirir. Şaman Leonid özü ilə gətirdiyi  maral dərisindən hazırlanan  dəfini, dəri heybəsini və digər ayin ləvazimatlarını götürür. Rüstəm Kajekin isə ona yardım edir. Biz gəmidən su katerlərinə otururuq.  Motorlu qayığımız  sahilə yan alır. Yaşıllıqlarla dolu, göz qamaşdırıcı gözəl  bir yerdə dayanır. Sağ tərəfimiz intəhasız mavi sular, sol tərəfimizdə isə yaşıl meşəliklə örtülmüş daş qayalıqlar... Tanrı istəyəndə daşaları, qayaları da göyərdir.  Yaşıllıq  yazın əvvəlində çiçəkləyən ağacları xatırladır.  Sarı, qırmızı rəngli sahil daşlarının üstündən keçib, pilləkənlə ayin keçirəcəyimiz yerə çıxırıq.  Şamanlar ayini mütləq su, ağac, torpaq olan açıq  yerdə keçirirlər.

Turistlər üçün gəzinti parkına çevrilən “Lena divarları”nın sahil boyu  zolaqlarındakı istirahət mərkəzlərində ,  bizdəki  namazgahlar kimi  şamanların ayin, kamlal keçirməsi üçün hissələr ayrılıb. Ayin paltarlarını geyinməzdən əvvəl, Leonid, Rüstəm və Qavril ortadakı ocaq yerinə özləri ilə gətiridkləri odunları düzürlər. Məlum olur ki, buradakı meşəlikdən bir budaq belə qırılmasına icazə verilmir. Çünki Sibirdə və Tayqada yaşayan , Tanrı inancına güvənən insanların hamısı belə düşünür ki, meşələrin, ağacların hamısı canlıdır, onların ruhu var, yeri gəldi-gəlmədi ağacları yaralamaq, budaqlarını qırmaq olmaz. Buna görə Tanrı adamı cəzalandırır. Natalya xanımın gətirdiyi  kökə və kımızı burada da pay kimi səpələyir, ruları yemləyir şaman. Daha sonra Rüstəm şaman Leonidə dəri libasını , çəkmələrini geyinməyə kömək edir. Şaman papağını başına geyəndən sonra 12 çıxıntısı olan dəfini götürüb ocağın baş tərəfində oturur. Elə oturur ki, Lena çayını görə bilsin. Qadınlar şamanın sol tərəfində, kişilər isə sağ tərəfində sıralanır.  Ətrafda quşların, ağacların,asta axan Lena çayının və bir də Leonidin kamlalından başqa səs eşidilmir.

Şamanın əyninə geyindiyi  xalatı maral dərisindən tikilib. Xalatın üstündə düymə yeri yoxdur, yəni paltarda deşik  açmaq olmaz. İnanclara görə, cin-şeytan buraya girib gizlənə bilər. Ona görə də xalatın yaxalığı dəri iplərlər bağlanır. Üstündə çoxlu saçaqlar var. Tel-tel kəsilən digər dəri saçaqlar da şamanın paltarının qollarına, ətəklərinə əlavə olunub. Üstündə quş, ilan, balığ formasında kəsilmiş dəmirdən  heyvan siluetləri, müxtəlif  ilgəclər, bəzəklər, qotaz kimi doğranmış dəri hissələri, muncuqlar, saplar və iplər bərkidilib...  Quş ona göylərdən xəbər gətirir, balıq suyun dibindən, ilan torpağın altından xəbər verir. Və ya onun dediyi sözləri suyun altına, yerin 9-cu qatına aparır.  Xalatın üzərində düzülmiş digər dəmirdən hazırlanmış ay, günəş, ulduzlar və digər əşyalar da , səs çıxara biləcək rəngli bəzəklərin hər birinin öz mənası vardır. Şaman belə paltarın altından heç nə geyinmir ki, bədəni yerdən, göydən gələn enerjini ala bilsin...  Ocaq da çıtır-çıtır yanmağındadır. O, əlindəki dovşan ayağına bənzəyən bir əşya ilə dəfini çalmaqla yanaşı, həm də bizim bilmədiyimiz dildə kamlal edir. Kamlal etdikcə həm də  əynindəki xalatın üstündə olan əşyalar bir-birnə dəyib qəribə səslər çıxarır.  Sanki şamanın bütün bədəni titrəyir. Deyirlər ki, təmizləmək istədiyi adamın işi, yolu  və ya tapşırığı ağır olanda, şaman bəzən huşunu itirir, onun ətrafına qar yağır, bədəni buza dönür, kiprikləri belə buz bağlayır. Hazırda şamanın keçirdiyi ayinə baxdıqca, Platon Oyunskinin “Ulu Kudanqsa” və “Qırmızı şaman” əsərini xatırlayıram. Mən bu əsərləri tərcümə edəndə, şamanın keçirdiyi ayinləri gözümün qarşısında canlandraraq  oxumuşdum. Amma ki, realda müşahidə etmək başqa aləmdir. Şaman kamlal etdiyi, yəni adına ocaq qurduğu adamların adını çəkərək, dəfinə döyməkdə davam edir. Və birdən əlindəki dovşan ayağına oxşayan  tüörexi - dəfi döyəcləyən aləti  qeyri-ixtiyari kənara tullayır. Yəni rusların “orel-reşka” fallarnda  olduğu kimi. Bu ayin zamanı hər birimiz üçün tüörexi bir dəfə atdı. Tüörex  yuxarıya açılan ovuc içi kim yerə düşdü. Tüerex üzü yuxarı düşəndə “Çaxçı” – dedi, demək sənin yolun açıqdır, bütün pis nəfis və gözlərdən təmizlənmisən. Tüörex üzü aşağı adamın əlinin üsütü kimi düşəndə isə  “Mökküör”, yəni dava, pislik deməkdir, demək sənin yolunda hələ də nəfis və rəzil adamlar vardır. Mən burada bizim hansımızın yoluna bir dəfə, hanısımızn yoluna iki və ya daha çox tüörex atıldığını yazmayacağam. Ancaq o çətin yolu olan birimiz üçün şaman sözün əsil mənasında əziyyət çəkdi, tüörexi bir neçə dəfə tulladı. Hər dəfə tüörexi tullayandan sonra, Rüstəm onu gətirib şamana verdikcə, özü də “Çaxçı” deyirdi. Elə bil ki şamaın ətrafında olan ruhlara hər işin  yaxşı getməsi üçün tapşırırq verirdi. Kamlal ayini başa çatdı. Leonid çox yorğun idi. Ondan ruhunun haraya getdiyini, kimləri gördüyünü soruşdum. Bir sözü oldu, mən kamlal edəndə atan və anan sənin arxanda dayanmışdılar. Və bir də ondan Platon Oyunskinin mənə nə demək istədiyini soruşdum. Leonid dedi: “O dedi ki, mənim kitablarımı doğru tərcümə etsin. Hələ bundan sonra da kitablarımı tərcümə edəcək. O, bu işi görmək üçün səni ayırıb. Sən onun əsərlərini tərcüməyə başlayanda ağır xəstələnmişdin. Oyunski səni sınağa çəkirdi. Çünki ətrafında pis nəfisli insanlar, sənə pislik edənlər var idi. Ona görə də səni kitaba yaxın buraxmırdı. Və sənin xəbərin olmadan o səni təmizlədikdən sonra, kitabın tərcüməsini bitiridn. Bundan sonra o hər yerdə səninlə olacaq... Sən onun haqqında çox yaz. Özü belə istəyir...”

Şaman danışdıqca az qala nəfəsim kəsilirdi. Onun dediyi hallar həqiqətən də baş vermişdi. Ən sonuncu xəstələnməyim isə, noyabrın 6-da İndoneziyaya uçarkən səmanın 9-cu qatında  ürəyimdə kəskin ağrıların başlaması ilə oldu. Həmin gecə 12 saatlıq yoldan sonra, Tangeranqda məni təyyarənin göyərtəsindən birbaşa  xəstəxanaya-reanimasiya şöbəsinə aparmışdılar. Heç inanmadığımız bir şəkildə həkimlər həyatımı xilas edə bildilər. Leonid doğruları deyirdi.


Şamanlar  darısqal otaqlara sığmırlar


“Şaman paltarını geyməklə, şamanlıq etmək olmur. Şaman görməlidir, göstərməli və xəbər verməlidir. Kimin şaman ola biləcəyini baş şamana göy qatında, yer üstündə və yer altındakı ruhlar xəbər gətirir. Həmin böyük şaman da lap uşaq vaxtlarından gələcəyin şamanını özü ilə gəzdirir, keçirdiyi ayinlərdə onu özünə köməkçi təyin edir.  Şamanlar da ustad müəllimlər kimi ən sonuncu sirlərini şəyirdlərinə vermirlər. Çünki bu sirri şəyirdi bilərsə, onu şamanın özünə qarşı işlədib, sehrini və gücünü ala bilər. Yalnız şaman öz ölümünün yaxınlaşdığını biləndə, sonuncu sirrini və sehrini şəyirdinə açıb deyir. Leonid də 7-ci nəsil şamandır. Deyir ki, hər nəsildə şamanlar qisməti varsa, o 10 ildən bir doğulur. Məni dualayan isə 9 şaman olub. Onlar yığışıb kamlal etdilər 9 yaşım olmazdı heç. Əsil şamanlar cənub tərəfdə deyil, şimalda doğulurlar.  Onlar ölümlərini hiss edəndə də şimala doğru çəkilirlər. Çünki  yaxşı şamanlar, qara ayin keçirməyən şamanlar ancaq Şimaldan çıxır və şimalda doğulurlar. Bəzən elə olur ki, dayanmadan 12 saat kamlal edirəm. Belə olanda yanımdakı şəyrd də mənimlə olur. Qarşımdakı yanan ocağa yıxılmamağım üçün o mənim belimə kəndir bağlayıb özünə tərəf çəkir, əgər haldı-şayətdirsə, ruhum canımdan uçub gedərsə, əlindəki kəndirlə o məni ocağa tərəf yıxılmaqadan qoruyur. Mən istədiytim vaxtı quşa çevirlib uçub gedib ürəyim istəyən, köməyim lazım olan insanın qarşısında peyda ola bilərəm. Şamanlar  darısqal otaqlara sığmırlar. Onlar daha çox açıq təbiətdə yaşayırlar. Ev tikməklə adam evli-eşikli olmur. Ev, otaq adamın qəlbinin içərisində olmalıdır. Siz mənim şaman xalatıma diqqətlə baxırdınız. Bu xalatı mənə tikən adam özü gəlib məni tapmışdı, dedi ki, mən sənin libasını tikməliyəm. 5 dəri tapmağı tövsiyə etdi. Onun dediyi nişanələrdəki dəriləri tapıb gətirdim. Libasım hazır olanda məni geyindirib dedi ki, mən tanrım qarşısında öz borcumu ödədim. 5 aydan sonra, libasımı tikən qadın dünyasını dəyişdi. Mənim dəfimi görürsünüz də, 12 çıxıntı var ətrafında. Bu çıxıntılar ona görədir ki, pis ruhlar gələndə ilişsinlər, içəri keçə bilməsinlər. Mənim bu dəfimi düzəldən kişi də 12 gün kamlal etdi. Sonra dəfi mənə verəndə elə sevinirdi ki... 3 aydan sonra o da dünyasını dəyişdi. Bu onların son missiyaları idi. Onalr öz missiyalarını Tanrı qarşısında yerinə yetirdilər. İndi də mən öz missiyamı yerinə yetirirəm. Bilirsiniz nə var? Mən buraya gəlməyə də bilərdim. Sizinlə görüşə gəlməzdən əvvəl kamlal etdim. Orta dünyadan, alt dünyadan, yuxarı dünyadan soruşdum. Onlar mənə dedilər ki, hər birinizə kömək lazımdır. Bildim ki, siz Tanrının sevdiklərisiniz.Tanrı yaratdıqları içərisində şamanları, ev tikənləri, dəmirçiləri, xeyrli əməl sahiblərini və bir də yaradıcı adamları, yazıçıları, şairləri sevir. Çünki onalr Tanrının dediklərini yazıb ötürürlər. Onlar yer üzündə Tanrının istədiklərini insanlara çatdırandır. Yazıçıların və şairlərin yeri Tanrı yanında ən ucadadır. Bu gün də əcdadlarımız sizə yol verdilər. Əcdadlarımızın ruhu şad olsun ki, bizi buraya gətirdilər.”

                   
 Qaya üstündəki yalquzaq


Kamlal ayini başa çatandan sonra , motorlu qayığımıza oturub geri qayıdırıq. Motorlu qayığı da deputat Əliş Məmmədov özü idarə etməklə, bizi yenə təəccübləndirir. Bir daha əmin olursan ki, bu sirli-sehirli təbiət  mətin iradəli türk oğlunu, türk oğlu isə bu təbiəti özünə ram edib. Əliş Məmmədov deyir ki, qışda Lena çayı buz bağlayanda da çayın üzəri ilə  bu yolları gedib-gəlir, ov edir.

Könlümdə bir intizar  var. Bir azdan bu qayalıqlardan, bu gözəl təbiətdən ayrılacağam. Gözüm qayalıqlardadır. Bu zaman qayalıqlarda oturmuş bir  qurd sataşır gözümə. Özümdən asılı olmayaraq yanımdakılara “Oraya baxın, oraya baxın, bir qurd oturub qayanın üstündə  ətrafa tamaşa edir”- deyə təəccübümü bildirirəm. Yandımdakı dostların hər biri həmin tərəfə baxsalar da bir şey görmürlər. Sonra Dilbər Xatun deyir ki, bu qaylar, bu təbitə belə sehirlidir. Ola bilər ki, sənin gördüyün əsil qurd idi, ola da bilıər ki, o sənin ruhun idi, səni izləyirdi, arzuların idi yoluna baxırdı... Ancaq mən həmin yalquzağı görmüşdüm... O qayaların üsründə oturub ətrafı seyr edirdi. Bu yerlərin anası YALQUZAQ...

Isıax bayarmı... Günəşə səcdə...

Saxa yetişdiyimizdən hər gün bizi görən kəsin ilk sözü bu olurdu: - “Nə gözəl qismətiniz var, İsıax bayramına gəlmisiniz”.  Isıax Saxa-Yakut mədəniyyətinin əsrlərdən bəri oturuşmuş simvoludur. Təqvim bayramı olmasına baxmayaraq, bu bayram başqa bayramlara bənzəmir. Bu bayram yakutların bütün dini inanclarını özündə əks etdirir. Yakutrların mif və əfsanələrində deyilir ki, yay vaxtı il təhvil olanda, gün uzanmağa başlayanda, Günəşin istisi və şəfəqi çoxalanda Elley Botur   kımızla dolu çoronu əlində  tutub göy səmaya alqışlar göndərib, Göy səma da onun alqışlarını eşidib, Ayııh allahı yerə insanların yanına enib, yer üzündəki insana yardıma gəlib. Bolluq-bərəkət, ruzi üçün yerə kımız töküb, Orta aləmlə Ayııh ruhlarının arasında əlaqə yaradıb. O vaxtdan etibarən  İnsanlar hamılıqla  günəşə ibadət edib, baş əyib,  göydəki ruhlara alqış göndərib, onlardan nicat diləyiblər. Həmin günlər  indi də  Isıax bayram kimi qeyd olunur. Bu bayram yakutların  həm də dini inanc bayramıdır. Isıax bayramında mütləq at qurbanı kəsirlər. Atı qurban kəsmək isə bir çox türkdilli xalqların inanc sistemində, panetonunda mövcuddur.

Isıax Yeni il deyil. Yeni ili burada 22 mayda  keçirirlər. Yeni ili burada 22 mayda  keçirirlər. 22 ildir ki, Saxa yakutları İsıax bayramını Us xatın deyilən Müqəddəs Tuymanda məkanında keçirirlər.

 Bizim təqvimlərimizdə dədə-babadan qalmış bir tarix var. 22 iyunda gecə ilə gündüz bərabərləşir. Gün uzanır.  Saxalılar soyuq torpaqlarda yaşasalar da, özlərini Günəşin övladı sayır, günəşə səcdə edirlər.  8 ay müddətində həsrətlə günəşin çıxıb, bu yerləri isidib, göyərdəcəyini gözləyirlər. Sibirin admalrı əslində Günəşə həsrətdirlər, bu həsərətə görə də Günəşi çox sevirlər. Onlara Günəşi gətirdiyinə görə Ayııh Tanrısına dua edirlər.

 Səhər saat 7:30-da  İsıax bayramının keçirildiyi Müqəddəs Üs xatın- Üç Ağcaqayın deyilən məkana getmək üçün Əliş şınına götürür. Yakutsk şəhərindən Üs xatın məkanına qədər olan yolu 20 dəqiqəyə geib çatmalı olduğumuz halda, yolda olan maşın sıxlığına görə, saatyarıma müqəddəs məkana çatırıq.

Hər il Isıax bayramını keçirmək üçün ayrılan düşərgədə (yakutlar bu yerə  “tüsülgə” deyirlər)  təzə ağcaqayın ağacı əkirlər. Bu dünyadan köçmüş insanların ruhlarına bir hörmət əlamətidir. Toyon Aan deyilən  taxtadan düzəldilmiş tağın altında əllərində at quyruğundan hazırlanmış  “deybiir” (böyük yelpiclər ) tutan  iki sırada düzülən milli geyimli qız və  oğlanların arasından keçirik.  Qadınlar sol tağın, kişilər isə sağ tağın altından keçirlər. Sağ əlimizi ürəyimizin üstünə qoyuib, başımızı azca endirməklə, minnətdarlıq edib, düşərgəyə düşdük.  Ayağımızın altındakı təzə bişilmiş otun ətri adamı məst edir. At quyrğundan hazırlanan deyibiirlərlə  bizim üstümüzdəlki pis ruhları, pis nəzərləri qovub, içəri buraxırlar ki, içəriyə özümüzlə bəd ab-hava aparmayaq. Birinci təmizlənmədən keçib, geniş bir meydançaya giririk.  Burada meydanın sağ tərəfində yerləşən üç aləmin bir-biri ilə birləşdirən  müqəddəs  Aal Luuk Mas həyat ağacının solunda əyləşən  qəzəbli ruhları qovan -- arçısıt edən  xanımın hüzuruna gəlirik. Həyat ağacının qarşısında  ona təzim  edib, yolumuza davam edirik. Şənliyə gələn və qonaq qarşılayan qızların əksəriyyəti sarı və narıncı rəngdə geyiniblər. Bunun da öz mifik mənası var. Sardana çiçəyi.  Şərqi Sibir oylaqlarında və çəmənlərində iyul ayının ortalarında çiçəkləyir.  Ömrü iki həftə olur. Bu çiçəyi dağ döşündə, çəməndə kim görüb dərirsə, həmən arzusu hasil olur, bu çiçək xoşbəxtlik, saədət gətirir.  Yaponiyada Sakura bayramı olduğu kimi, Yakutiyada da hər il iyul ayının axırında Sardana bayramı qeyd olunur.  Adı respublikanın qırmızı kitabına düşüb.   Sardana çiçəyi isə ,əslində səhləbçiçəklilər fəsiləsindəndir.  Amqi çayının sahillərində bitən bu çiçək Peterburqa və İngiltərəyə XVIII əsrdə aparılıb. Sardana gözəllik, ilahilik, günəş rəmzidir. Demək olar ki, bütün ailələrdə Sardana adlı qız böyüyür.   Maraqlı olan məqam da odur ki, bu ilki Tuymadı Isıax , il dəyişməsi qadın ilahəsi İeyexsit xatuna etibar edilib. Bu da  qadına, qıza  verilən milli dəyərin nümunəsidir.

Olonxo süjetlərinə görə Aal Luuk  Mas ağacı üç dünyanı başı üstündə tutur. Əgər bu meydanda  Aal Luuk Mas  ağacının yanında dayanıb ətrafa baxsanız,  hər iki tərəfdə 99 sərgə bağlandığını görərsiniz. Sərgə bizim at bağladığımız dirəyə deyilir. Bir dəfə məşhur araşdırmaçı jurnalist Avqust Muran türkoloq alim Lev Qumilyovdan  yakutların sərgələri haqqında soruşanda, sualı belə cavablandırmışdı: “Bütün etnoslar öz  landşaftlarına bağlıdırlar. Bu landşaftlar onları doğulandan, ölənə kimi formalaşdırır və genetik yaddaşlarına köçür.  Landşaftla bağlı insanların  etnopsixoloji cizgiləri yaranır. Hətta insan bir yerdən başqa yerə köçəndə belə, əvvəl öyrəşdiyi yerə bənzəyən yer seçir. Vaxtı ilə yakutlar öz  səhra yurdlarından  köçməyə və qovulmağa məruz qalandan sonra,  ana yurdlarına bənzəyən yer seçiblər. Ona görə də çoxları belə açıq səhralıqlar olan yerlərdə məskunlaşıblar. Məsələn meşədə yaşayanlar  ətrafda olan  hər hansı bir ağaca atlarını bağlaya bilərdilər, səhralarda yaşamağa məcbur olan yakutlar isə,  atlarını bağlamaq üçün mütləq nəsə fikirləşməliydilər. Ona görə onlar düşdükləri yerdə əvvəlcə bir sərgə-- atbağlanan dirək basdırırdılar.  Sərgə - onların  səhra yaddaşıdır. Yakutlar bizim eranın IV-V əsrlərində formalaşıblar. Onlar rusdilli  xalqlarından 1000 il böyükdürlər.  Əgər onlar gənc olsyadılar, təbii ki, o zaman XVII əsrdən etibarən  buralara gələn rus gəlmələrini sıxışdırıb aradan çıxaracaqdılar. Adətən qədimləri, gənclər məhv edir.”.

Düşərəgənin sol tərəfində isə səkkizguşəli ocaq sobası  qururlub.  Ocağın səkkizgüşəli qurulması isə  ana yerin səkkiz bucağının olmasına işarədir. Sobanın içərisində yakut mifologiyası və əfsanəsinə  görə  Xatan Temeriye oturur. Temriye odu, ocağı qoruyan ruhdur. Əsas Isıax ayini də buradan başlayır.  Alqısçıt—yəni ki, bizim Dədə Qorqud, xristianların Şaxta babası  ağ və işıqlı ruhların adını çağıraraq, insanlara əmin-amanlıq, mehribanlıq arzulayıb, alqış-dualar edib, ocağı yandırır.

Mərasimin aparıcısı Tüsülqə Ayıı bayram mərasimin başlandığını elan edir. “Dee-buo” mahnısını oxuyur. Tüsülqə Ayıını əhatəyə alan ağ paltarlı adamlar  yandırılmış mal-qara təzəyinin tüstüsünü ətrafa yayırlar.  Belə ayinlər keçiriləndə,  qara maqiya ilə məşğul olan şamanlar Isıax bayramına buraxılmırlar. Tüsülgə  tüstü ilə təmizlənəndən sonra, ətrafı qəribə quş səsləri bürüyür. Oturduğumuz amfiteatrdan  baxanda isə gözlərimizin önündə gözəl bir mənzərə açılır. Durna libasını geyinmiş bir dəstə uşaq  durnalar kimi rəqs edib, durnalar kimi oxumağa  başlayırlar. Onların avazı adamın ruhuna, beyninə bir məstlik, sevinc gətirir. Rəqsin sonunda isə tamaşaya gələn qonaqlar  hamısı bir səslə “Uruy-Ayxal” deyərək, Tanrı quşlarını dualayırlar.

Daha sonra isə el üçün yandırılacaq ocaqların başına 51 bitisit, yəni 51 igid yığışır, onlar “Bitii” rəqsini ifa edirlər. Bu rəqs də güc, birlik rəmzidir.  Üç alqış deyən  aparıcı bu yerləri qoruyan ruhlara təbiəti hifz edən Aan Alaxçın Xatuna,  Tuymadı vadisinin  qoruyan Tüsülqə Ayııhya təzim edib, adlarına dualar-alqışlar deyib,  təmizlənmələrini  istəyirlər. Və bundan sonra baş tonqal yandırılır...


(ardı var)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər