Modern.az

Daim düşünən, yenilik axtaran, yaradan bir insan – Elçin Şıxlının doğum günüdür

Daim düşünən, yenilik axtaran, yaradan bir insan – Elçin Şıxlının doğum günüdür

Aktual

4 Oktyabr 2019, 15:38

Bu gün Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna”-“Zerkalo” qəzetlərinin təsisçisi və baş redaktoru Elçin Şıxlının doğum günüdür.


Dostları Modern.az vasitəsilə Elçin Şıxlıya təbriklərini çatdırıblar.
 

Tanınmış jurnalist, teletənqidçi Qulu Məhərrəmli hesab edir ki, Elçin Şıxlı müasir düşüncənin daşıyıcılarından biridir:

“O, “Ayna”-“Zerkalo” qəzetlərinin təsisçisidir. Bu qəzet hələ rus dilində çıxdığı vaxtlarda bütün Qafqazda acgözlüklə oxunurdu. Bu qəzet, sözün həqiqi mənasında, yeni media nümunəsinə çevrildi. Bu qəzetin belə adlı-sanlı olması Elçin Şıxlının təfəkkürünün məhsuludur.

Elçin çox gözəl tərcüməçidir, ingilis, alman dillərindən tərcümələr edir. Elçinin çox yaxşı qələmi var. O, Azərbaycan dilini ən yaxşı bilənlərdən biridir. Bu da təəccüblü deyil. O, elə bir ocaqda, mühitdə böyüyüb ki, onun bütün parametrləri milli havaya köklənib. Yəni İsmayıl Şıxlı kimi qüdrətli bir yazıçının, böyük şəxsiyyətin övladı olmaq da Elçin üçün əlavə bir missiyadır.

Son illərdir bir yerdəyik, çətinlikləri də bir yerdə yaşayırıq, hücumları da bir yerdə dəf etməli oluruq. İnsan təmiz və mənəviyyat adamı olanda, onu istəməyənlər də çox olur. Təəssüf ki, Elçin üçün də çətin günlər oldu, qəzetini bağlamağa nail oldular. Elçinin aparıcı əməkdaşlarından birini haqsız yerə həbs etdilər. Bütün bunların hamısı Elçinin çətinliklər arasından ləyaqətlə necə çıxdığını sual olaraq qarşımıza qoyur.

Elçin çox yaxşı insandır, yaxşı dostdur. Bəzən uzaqdan baxanda “adama yanaşmaz” kimi görünür, amma ünsiyyətdə olanda bilirsən ki, onun nə qədər böyük ürəyi var. Hesab edirəm ki, Elçin bu gün “şəxsiyyət necə olmalıdır”, “jurnalist necə olmalıdır ” suallarına öz əməlləri, işi ilə, yazıları ilə cavab verən şəxslərdən biridir. Son günlərdə də televiziya verilişinə çıxır, İctimai TV-də “Pressinq” verilişini aparır. Hesab edirəm ki, bu, İTV-nin çox maraqlı layihələrindən biridir. Ekran zir-zibillərdən təmizlənməlidir, havası yaxşılaşdırılmalıdır. Efirlərə cəmiyyətin ən öndə gedən şəxsləri çıxarılmalıdır və Elçin də efirə son dərəcə layiq bir şəxsiyyətdir.

Onu ürəkdən təbrik edirəm, ən xoş arzularımı bildirirəm”.

 

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev isə bildirib ki, Elçin Şıxlı adını Azərbaycan jurnalistikasının tarixinə yazıb.

“Dost kimi, ümid ediəm ki, hələ çox şey qabaqdadır. Biz uzun illərdir birlikdə işləyirik, hətta asudə vaxtımzın da bir hissəni bir yerdə keçiririk. Bu insan o tiplərdəndir ki, ona olan marağından heç vaxt bezmirsən. Daim düşünən, yenilik axtaran, yaradan bir insandır. Belə hesab edirəm ki, həyat elə gətirib ki, Elçinin ən böyük qabiliyyətlərini açıb göstərmək kimi bir imkanı olmayıb. Xüsusilə onun yarı hekayə, yarı rəvayət, yarı məqalə tipli yazıları onun ən maraqlı yaradıcılıq nümunələridir.

Biz bu axşam Elçinin ad gününü qeyd edəcəyik. Ona mənim xüsusi sözlərim olacaq. Burdan təbriklərimi çatdırıram”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?