Modern.az

Kiberhücuma məruz qalan xəbər saytları - Hakerlərin arxasındakı KİMDİR?..

Kiberhücuma məruz qalan xəbər saytları - Hakerlərin arxasındakı KİMDİR?..

4 Oktyabr 2019, 17:44

Azərbaycanda xəbər saytları bəzən naməlum ünvanlardan haker hücumlarına məruz qalır. Bunun nəticəsində sayta giriş məhdudlaşır, onun redaksiyadan idarəolunması çətinləşir, əksər yerlərdə həmin internet resursuna baxmaq mümkün olmur.
Bir sıra hallarda hakerlər saytın serverinə müdaxilə etməklə oradakı faylları dəyişdirib, internet resursunun işini iflic edirlər…
Müşahidələr göstərir ki. Azərbaycanda əksər saytların texniki təhlükəsizliyi yüksək səviyyədə deyil.


"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Modern.az-a bildirib ki, saytlar hazırlanan vaxt öncəliklə onun təhlükəsizliklə bağlı problemləri həll edilməlidir.

 

“Haker hücumları daha çox xəbər saytlarında müşahidə olunur. Buna görə də hər xəbər saytının belə işlərinə baxan yaxşı bir mütəxəsisi mütləq olmalıdır. Saytların serverinin harda yerləşməsi də çox önəmli məsələdir. Yəni daha güvənli hostinqlərə üstünlük verilməlidir”.

 

Osman Gündüz qeyd edib ki, Azərbaycan saytlarının ölkə ərazisində yerləşməsi əlçatan və problemlərin aradan qaldırlması baxımından daha faydalıdır.

 

“Bir də görürsən, saytları saxlayan yüngül yerlər var, amma orda müəyyən zaman problemlər çıxır. Sonra o problemləri həll etmək ciddi zaman alır. Mən hesab edirəm ki, zamanında bu işə diqqət yetirilməsi, mütəxəsisin sayta daim diqqət etməsi, daha keyfiyyətli resursların hazırlanması vacibdir. Təbii ki, hostinqlərin keyfiyyətli olmasına diqqət yetirmək vacibdir” -deyə o, bildirib.

 

Əməkdar jurnalisti Azər Həsrət bildirib ki, hazırda texnologiya elə bir vəziyyətdədir ki, onu müdafiə etmək çox çətindir.

 

“Amma istənilən halda müdafiə yolları var. Texniki, texnoloji tətbiqlərlə saytların qorunmasını həyata keçirmək olar. Düzdür, bu zaman saytda müəyyən ləngimələr, saytın ziyarət edilməsində çətinliklər olur. Amma başqa çarə də yoxdur. Lakin bir neçə il bundan qabaq geniş tətbiq olunan “güzgü sayt”lar var idi, yəni bir tərəfdə sayta hücum olunurdusa, digər tərəfdə onun kopyası olurdu”.

 

Azər Həsrət bildirib ki, “güzgü sayt” tətbiqindən istifadə edərək,  sayta hücum edənlər tam olaraq istəklərinə nail ola bilmirdilər.

 

“Bu da bir texnologiyadır. Saytların strukturunun qurulması zamanı belə məsələləri nəzərə almaq, xüsusilə də “bad graund” məsələsinin yüksək səviyyədə texniki həllini təmin etmək lazımdır ki, hakerlər hansısa boşluqlar tapıb hücum edə bilməsinlər. Amma bunların hamısı yenə də çıxış yolu deyil, çünki bu gün Pentaqonun saytlarına, məlumat bazalarına hakerlər hücum edə bilirsə, artıq bizim saytların qoruna biləcəyi haqqında əminliklə danışa bilmirik. Sadəcə olaraq belə hücumları zəiflədə bilərik”.

 

Hüquqşünas Əliməmməd Nuriyev bildirib ki, haker hücumuna məruz qalan sayt bununla bağlı Dövlət Təhlükəsizlik Xidmətinə müraciət edə bilər:

 

“Dövlət qurumlarının saytlarının təhlükəsizliyi Xüsusi Dövlət Mühafizə Xidmətinə taşırılıb, bu işlə onlar məşğul olur. Bundan əlavə, hər bir qurumun tərkibində təhlükəsizlik işlərini həyata keçirən mühafizə xidmətləri olmalıdır. Saytların hücumlardan mühafizəsi məsələsi olduqca ağır işdir, bununla bağlı Dövlət Təhlükəsizlik Xidməti tədbir görə bilər”.

 

Əliməmməd Nuriyev qeyd edib ki, ayrı-ayrı qurumların tərkibində mühafizə xidmətləri yetərli olmaya bilər, çünki bu, olduqca bahalı bir sistemdir: 

 

“Həmçinin kiber hücumdan müdafiə məsələlərindən biri də provayderlərə müraciət etməkdir. Təhlükəsizliyin təmin edilməsində provayderlərin də mühüm rolu var. Ölkədə kanalların paylanması ilə məşğul olan özəl şirkətlər də var. Kiber hücumlar peşəkarlıqla hazırlanır, ona görə bunu müəyyənləşdirmək lazımdır. Düşünürəm ki, bunun üçün Dövlət Təhlükəsizlik Xidmətinə müraciət etmək lazımdır”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi