Modern.az

Sərt atanın sərt oğlu - Yalçın Rzazadənin oxumadığınız MÜSAHİBƏSİ

Sərt atanın sərt oğlu - Yalçın Rzazadənin oxumadığınız MÜSAHİBƏSİ

Mədəni̇yyət

5 Oktyabr 2019, 09:02

- Maşallah, mən gözümü açıb sizi belə görmüşəm. Heç qocalıb-eləmirsiz?


- Doğrudan? Əməlli-başlı sevindirdiz məni. Sənətkar belə də olmalıdı. Rəşid Behbudov, Xan Şuşinski, Seyid Şuşinski, Şövkət Ələkbərova, Rübabə Muradova, Vaqif Mustafazadə - onlar həmişə şux, gümrah görünüblər. Yaşa dolsalar da.


- Özünüzü o sıraya aid eləyirsiz?


- Özümü hələ yaşa dolmuş hesab eləmirəm.


- Neçə yaşınız var ki?


- 50-ni keçmişəm.


- Yaxşı qalmısız.

(Gülür)


- Bu, nəsildən, kökdən gəlir. Atam çox canlı-cəsədli, şux kişi olub. Bir də həyat məni heç vaxt sığallamayıb.


- Adətən, “qara gün adamı qaraldar...”  –deyirlər.


- O da düzdü. Həyat mənə heç nəyi hədiyyə eləməyib. Sənətdə də, həyatda da. Görünür, dadıma idmanla məşğul olmağım da çatıb. Həm də iradəcə möhkəm adamam. Sizə bir misal çəkim: tutaq ki, eyni yaşda iki adam dənizdə batır. Biri fikirləşir ki, axırım çatıb, öləcəm. O birisisə ümidini üzmür, çıxış yolu axtarır. Həyat da belədi. Çətinlik insanı bərkidir. Əzab-əziyyət görməyən adam bir balaca çətinə düşən kimi özünü itirir. Həyat mənə istədiyimi o vaxt verib ki, artıq o şeyin mənimçün ləzzəti qalmayıb.


- Bəlkə, siz gecikmisiz?


- Məndən asılı olmayıb. Günah ancaq qismətimdədi. Sənətə gələndə yeni cığır açdım. Stanislavski deyib ki, yenilik maneə törədir. Mən heç kəsi təqlid eləməmişəm. Səsim varıydı, vokal sənətindən xəbərdarıydım. Pərəstişkarlarım maraqla gözləyirdi  ki, Yalçın Rzazadə hansı yeni  mahnını oxuyacaq? Əyninə hansı təzə paltarı geyinəcək? Qəzetlər yazırdılar ki, Yalçın Amerika pencəyi geyinib səhnəyə çıxır.  Sənətkar üçün geyim-kecim vacib məsələdi. Dünya ulduzları belə şeylərdə həmişə nümunə olub. Modelyerlər təzə dəbləri onların paltarlarından götürüblər. Demək istədiyim odu ki, mən hər şeyə fikir verənəm. Amma məni xarici qastrollardan saxlayırdılar, yolumu kəsirdilər.


- Bunun səbəbi yenilikləriniz idi?


- Yox! Xasiyyətim də rol oynayıb. Əyilməz, dikbaş olmuşam. Amma sadə adamam. Kənardan çoxlarına elə gəlir ki, özümdən razıyam. Mənimlə iki kəlmə kəsəndən sonra sadəliyimə mat qalırlar. Ürəyim təmizdi, yumşaqdı. Rəhmətlik atam da beləydi... Həə, o vaxt Tofiq Quliyevdən soruşdum ki, məni niyə gözləri götürmür? Dedi sən sənətinlə, mədəniyyətinlə dövrü qabaqlamısan. Stanislavskinin bir sözü də var: istedadlıya kömək elə, istedadsız onsuz da  özünə yol tapacaq. Bizdə həmişə aşağı səviyyəli sənətkarların imkanı, restoranı, maşını olub. Özlərini oda-közə vurublar.


- Deyirlər, siz də maşın azarkeşi olmusuz...


- Düzdü. Maşını çox sevmişəm. Çox  maşınım olub.  O vaxtlar maşın almaq asanıydı. Xaricə gedəndəsə həmişə oyuncaq maşınlar alıb-gətirirdim. Kolleksiya toplayırdım. Uşaqlıq görməmişəm, ona görə də  gözüm oyuncaqdan doymazdı.  


- Uşaqlığınız necə olub ki?


- Atam həddindən artıq sərt adamıydı. Öz qanunları vardı, onu heç kəs poza bilməzdi.


- Nəçiydi?


- Qaçaq, quldurun çox olduğu vaxtlarda Lerik rayonunun “raykomu” işləyib. Qaçaqlar adamları çapıb-talayıb İrana keçirdilər.  Ona görə də atam həmişə üstündə tapança  gəzdirirdi. Xalqın malına əyri gözlə baxmazdı. Kommunist partiyasına çox inanırdı.  Partiya biletini  əzizlədiyindən,  yastığının altında saxlayırdı. Əsl fanat idi. Həmişə mənə deyərdi ki, noolsun, raykom oğlusan, kişinin əlləri gərək qabar bağlasın. İş-güc nə olduğunu bilsin. Sonralar atamı işdən çıxartdılar. Evdə bir qəpik də pul yoxuydu. Yaxşı ki, dostları kömək elədi. Biri kisədə un gətirdi, biri pul verdi...


- Deməli, uşaqlığınızda həm maddi, həm də mənəvi sıxıntılar yaşamısız...


- Əslində, atamdan qorxmamışam. Nə eləyibsə, düz eləyib. Bugünkü tərbiyəmə görə ona minnətdaram. “Kim necə istəyirsə, elə də yaşasın” prinsipini qəbul eləmirəm.


- Qəribədi, sənətdəki, geyim-kecimdəki müasirliyinizlə bu fikirləriniz heç uyğun gəlmir.


- Müasirliyi qəbul eləyirəm. Amma baxır necə. Hər millətin öz adət-ənənəsi var. Amerikada qızlar dizdən yuxarı geyinirlərsə, bu mütləq bizdə də olmalıdı? Məncə, azərbaycanlılığı hər bir ailə qorumalıdı. Bizim evə gəlsəz, görərsiz, necə qayda- qanun var. Böyük olan yerdə uşaqlar gözə görünməzlər.  Böyüyün söhbətin gərək kiçik eşitməsin. Televizorda artıq-əskik bir şey göstərən kimi uşaqlar yavaşca yayınıb o biri otağa keçirlər.


- Deməli, siz də atanız kimi ailədə çox sərtsiz.


- Əsəbiləşən vaxtlarım olur. Hiss eləyirəm ki, qorxurlar, çəkinirlər. Amma bu qorxu o qorxudan deyil. Burda həm də hörmət var.


- Bəs xanımınızla necəsiz?


- Qadının da,  kişinin də öz yeri olmalıdı. Evdə həmişə mənim sözüm qanundu. Bəziləri deyir ki, arvadım yemək bişirəndə ona kömək eləyirəm. Mən heç vaxt belə şeylərlə məşğul olmaram. Heç qadınım da buna imkan verməz. Deyir ki, kişi gərək, arvadının yanında “fartuk” vurub kartof soymasın. Beləsinə hörməti olmaz. Heç mənim də. Demirəm ki, qadınları istismar eləmək lazımdı. Mənim qızım olsaydı...


- Qızınız yoxdu?


- Yox. Çox şükür.


- Niyə?


- Qız uşağını xoşlamıram. Allah buna görə də mənə qız verməyib.


- Həə, nəsə deyirdiz, qızınız olsaydı...


- Qızım olsaydı, hər gün məktəbə gedəndə çantasını yoxlayardım.


- Niyə?


- İndiki qızların çoxusu valideynlərinin gözündən pərdə asmaqçün evdən abırlı paltarla çıxır. Çantasında başqa paltar gizlədir. Kitabxanada, mağazada paltarını dəyişir. Evə qayıdanda yenə uzun, abırlı paltarı geyinir. Mən belə şeylərə dözə bilmərəm. O qədər sərtəm ki, Allahın yazığı gəlib mənə qız uşağı verməyib.


- Nə yaman qısqancsız...


- Qısqanclıq bir neçə cür olur. Biri var, ziyangətirən, biri də var gərəkli. Qısqanmayan adam öz ailəsinə necə diqqətli ola bilər? Mənim qadınım, qızım gərək namuslu olsun. Bir dəfə maşında oturub kimisə  gözləyirdim, gördüm üç qız gedir. Birinin əlindən çantası düşdü. Üçündən biri əyilib onu götürə bilmədi. Əyinlərində dar, qısa yubka vardı. Maşından düşüb kömək elədim. Mənim qızım olsaydı, heç vaxt belə geyinə bilməzdi.


- Oğlanlarınıza nələri yasaq eləyirsiz?


- Gərək siqarət çəkməsinlər, içki içməsinlər.


- Ailə qurublar?


- Biri ailəlidi.


- Qız seçəndə də sizin fikriniz əsas olub?


- Bəs necə?! Mənim nəzarətim qartal qanadı kimi onların üstündədi. Mən onları istismar eləmirəm. Həyat özü sərtdi. Nəzarət mütləq lazımdı.


- Amma o vaxtlar-uşaqlığınızda  atanızın sərt davranışları, yəqin ki,  ürəyinizcə olmayıb?


- Həə. Atam mənim müğənni olmağımı istəmirdi, deyirdi, kişi də oxuyar? Anam kömək oldu mənə. O tam başqa insanıydı. Mənə gizlicə gitara almışdı. Şəkil çəkməyi öyrədirdi.


- Ananız nəçiydi?


- Evdar qadın. 16 yaşında ərə gəlmişdi, amma savadlıydı. Həə, o vaxt atamdan xəlvət instituta qəbul olundum. Oxuyub qurtardım. Atam bir də eşitdi ki, oğlu məşhur müğənnidi.


- Bəs bütün bunlar sərt xarakterli atanın gözündən necə yayınıb?


- O vaxt başı öz işlərinə qarışmışdı. Brejnevin dövrüydü. Görürdü ki, o vaxtkı partiya işçiləri ilə indikilər arasında yerlə göy qədər fərq var. Bu, onu əsəbiləşdirirdi. Fikri ancaq belə şeylərin yanındaydı. Əvvəlki kimi mənə baş qoşmurdu. Sonra da məşhurlaşdım, daha bir söz demədi.

 

 1998

Səfurə Çərkəzqızı
“Sevdalılar”

Redaksiyadan: Yalçın Rzazadə 31 dekabr 1946-cı ildə Lənkəran rayonunda ziyalı ailəsində doğulub. 1963-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutuna daxil olub və 1967-ci ildə həmin institutun aktyorluq fakültəsini bitirib. 1968-ci ildə Üzeyir Hacibəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olub və 1973-cü ildə həmin təhsil ocağını bitirib. 1979-cu ildə əməkdar artist,  1999-cu ildə xalq artisti adına layiq görülüb.

Ötən illər ərzində Cahangir Cahangirov, Tofiq Quliyev, Emin Sabitoğlu, Oqtay Kazımi, Telman Hacıyev, Elza İbrahimova, Oqtay Rəcəbli, Ramiz Mirişli, Nəriman Məmmədov, Kamal, Eldar Mansurov, Firəngiz Babayeva kimi bəstəkarlar ona mahnılar yazıblar. Oxuduğu orkestrlərdən - Böyük Simfonik və Estrada - Simfonik Orkestrləri, Xalq Çalğı Alətləri Orkestri, “Dan Ulduzu”  İnstrumental Ansamblı, Vaqif Mustafazadənin rəhbərliyi ilə “Sevil” vokal ansamblı, Əhsən Dadaşov adına “Xatirə” ansamblı, SSRİ-nin Yuri Silantyev və Aleksandr Mixaylovun rəhbərliyi ilə Estrada- Simfonik orkestrləri, Leninqradda Leybmanın rəhbərliyi ilə Caz Ansamblı ona müşayiət ediblər.

Yalçın Rzazadə "Od içində" filmində baş rola – Əmir bəy roluna çəkilib. Bu filmdən sonra Yalçın Rzazadə yenidən filmlərə dəvət alsa da, çoxsaylı qastrol səfərləri, Azərbaycanın bölgələrində verdiyi konsertlər filmlərə çəkilməyə imkan verməyib. "Dədə Qorqud", "Gün keçdi", "Qaynana","Bayquş qayıdanda", "Baladadaşın ilk məhəbbəti" kimi filmlərin musiqilərinə Yalçın Rzazadə öz ifası ilə ölməzlik bəxş edib.

Hazırda xalq artisti Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyir.
Karate üzrə qara kəmər sahibidir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?