Modern.az

Jurnalist şərəfi

Jurnalist şərəfi

5 Oktyabr 2019, 09:48

Rafiq HƏSƏNOV,
Veteran jurnalist

Jurnalist kütləvi informasiya vasitələrində iş başında olanda fərdilikdən çıxıb  ictimai xadimə-şəxsə çevrilir. Axı, ictimai tribunadadır, xalqın təmsilçisidir. Belə anda o  sayıbilinməz qədər  oxucu, tamaşaçı və ya dinləyici  nəzarəti altina düşür. Amma yalqız deyil, vicdanı onunladır.   
Yəni nəzarətsiz deyil. Məmləkətimizdə aradan götürülmüş, qətiyyətlə ləğv olunmuş senzor rolunu indi vicdan əvəzləyir.  Vicdan təmiz, əqidə safdirsa  jurnalist şəxsi ambisayadan kənardadl. Ağıla, düşüncəyə gələn yolverilməz- hərcayi fikri  qələmə alanda daxildən vicdan hayqırır: dayan, dur, şərəfini uca tut!  Xalqın ikrah etdiyi, qınadığı əməlləri, nalayiq yaşam mənzərələrini efirə, ekrana gətirmək istəyəndə  yenə, ucadan səslənir: vicdanın harda qaldı. Bu  məqamda  özünü jurnalist adlandıran şəxs güman ki, vicdanı özü ilə götürməyib,  evdə həbs eləyib. Belə hal qələm əhlinə, jurnalistə, jurnalistikaya xəyanətdir.  Jurnalist hər zaman  xalqı özündən öndə  görməlidir. Vətən sevgisi, milli mənəviyyat, əsrlərin sınağından mətanətlə  çıxıb, zaman-zaman saflaşan, müqəddəsləşən mentalitet deyilən  həyat tərzimizi yad təsirlərdən qorumaq  jurnalist yaradıcılığında  ən ümdə vəzifə, çox dəyərli şərəf olmalıdır. Hər zaman  cəmiyyətlərdə  narazılıqlar, adamlar arasında incikliklər tapılıb.  Bu təbiidir. Amma cəmiyyətin ruporu olan KİV-lər  belə  halları  bayraq edib ictimailəşdirməkdənsə  onların həll yollarını arayıb aşkarlamalı, insanları  nikbinliyə,  faydalı əməyə  ruhlandırmalıdır.   Təəssüf ki, belə  jurnalist sənətkarlığını bəzi mətbuat vasitələrində  həmişə görə bilmirik. 

      
Televiziyalar   xaricdə ərsəyə gətirilmiş elə fantastik  filmləri nümayiş etdirirlər ki, onlarda mərhəmət hissini  qəddarlıq,  məhəbbət duyğusunu qisasçılıq əvəzləyib. Ya da cəngavərlik, qəhrəmanlq  deyil, qeyri insani  yaşam tərzi, ölüm-qırğın ... təsvirləri daha vacib tutulur. Belə filmlər uşaqlarda,  elə  yeniyetmələrdə  də   naqis fikirlər doğurur, beyinlərdə  rişələnir. Nəticəsi o olur ki,  sonradan  həmin duyğular   həyatımıza  ayaq  açır,   istər-istəməz ağır   fəsadlara  gətirib çıxarır.

   
  Doğrudur,   quruluş, ictimai formasiya  başqalaşıb.  Bu, yaşayış tərzimizə, ədəb- mərifət qaydalarımıza aid deyil.  İctimai-sosial həyata, idarəetmə qaydalarına şamildir. Mənəviyyatımız,   milli dəyərlərimiz  öz əbədi  yolunu sabit  davam etdirməlidir, təbəddülatlara uğramamalıdır. Həya, abır, saf əxlaq normalarımız müqəddəsdir. Vicdan, şərəf məsələsidir.Bunu bilməyən jurnalist varmı? Bə niyə bu dəyərlərimizə xətər yetirən verilişləri araya gətirirlər?!..

      
Bəyənilməyən, rədd edilən sosializm dövründə  belə amillər yolverilməzdi. Mətbuat  ideologiyanın başlıca xəttiydi.  Elmi bilikləri yayırdı. Maarif və mədəniyyəti inkişaf etdirmək vasitəsiydi. Lazımınca gərəkli  fəaliyyət göstərirdi  mətbuat.  O səbəbdən  çox nüfuzluydu. “Kommunist” qəzeti  də bu sahədə    öndəydi.  Adına baxmayın, bu qəzet Azərbaycan mətbuatının bayraqdarına çevrilmişdi. Əbəs deyil ki, ədəbiyyatımızın bir sıra parlaq simaları bu  qəzetlə əməkdaılıq edirdi.  Onun redaksiyasında  çalışanlar arasında mətin, ədalətli, prinsipial jurnalistlər də az deyildi. Belə qələm sahiblərinin bir neçəsi sovet rejimi tərəfindən  müxtəlif  bəhanələrlə məşəqqətlərə məruz qalmışlar.

   
 1960-70-ci illərdə “Kommunist” qəzeti  xüsusilə populyarlaşdı. Bu qəzetin qayəsi, məramı partiyaya-demokratik mərkəziyyətə  əməl etməkdən daha çox xalqa, vətənə sədaqətlə xidmət idi.   Xalq tərəfindən sevilirdi. Hər gün 400-500  min, ayrı-ayrı halda daha çox   tirajla nəşr olunub, saysız-hesabsız evə-ailəyə ayaq açırdı.  Əhalinin mətbuata inamı, güvənci hədsizdi. Əlaqədar təşkilatlara müracət edib nəticə görməyəndə qəzetlərə üz tuturdu. Redaksiyalar  hər gün yerlərdən də  qalaq- qalaq müxtəlif məzmunlu  məktub alırdı.    Heç bir məktub diqqətdən yayınmır, cavabsız qalmırdı. 

 
“Kommunist” qəzetinə ünvanlanmış bir məktubun harayı ilə oktyabr ayının   yağmurlu- sazaqlı günündə  Yardımlı rayonunda, belə şəraitdə nəqliyyat işləməyən dağ kəndinə  at belində necə çətinliklə qalxmışıq, qəzetin, jurnalist peşəsinin şərəfi naminə. Yaxud camaatın arzu-istək və şikayətlərini lazımi təşkilatlara çatdırmaq  məqsədilə redaksiya bölgələrdə rəhbər vəzifəlilərin iştirakı ilə “Açıq qapı”  tədbirləri keçirirdi. Bu qəbildən olan növbəti görüşü  dünənki hadisə sayaq xatırlayıram. O, Saatlı rayonunda  təşkil edilmişdi. Geniş iclas zalı yerli sakinlərlə doluydu. Redaksiyanın dəvətiylə bu tədbirə qatılmış  ayrı-ayrı sahələr üzrə  9  nazir müavini toplaşanların dərd-sərini dinlədi, lazımı qeydlər elədi. Doğrudur,  vətəndaşların  şikayətləndiyi məsələlərin  hamısını dərhal  yoluna qoymaq  mümkün deyildi, amma əksər narazılıqlar aradan qaldırıldı. Digər tədbir isə   mütaliə, respublikada kitab satışı barədə idi. Müəyyənləşdi ki, Azərbycan kitab satışı  sahəsində  müttəfiq respublikalar arasında heç də qabaqcıl  mövqedə deyil. Qəzet bu mövzuda  baş məqalə dərc elədi.  Sonradan yerlərdə “Qxucu günləri”, “Kitab bayramı”,  “Şəxsi kitabxana” lar yarışmaları keçirildi.  Bu qəbildən olan kütləvi tədirlər saysız-hesabsızdır.   Redaksiya əməkdaşları  məsuliyyət, özlərinin əməli fəaliyyəti barədə ciddi cavabdehlik daşıyırdı. Səhvə-nöqsana yol verməmək tələbi kəskindi. Şəhər yuxuya dalanda, gecə saat 2-3-ə qədər qəzetin çapa hazırlanması  işinə qatılırdıq. Nəinki siyasi, texniki, heç opfoqrafiya səhvi də getməsin, qəzetin şərəfinə ləkə gəlməsin.  Qəzet oxuculara vaxtında çatdırılsın.  Elə hallar olurdu  səhəri mətbəədə açırdıq..  Biz səhər mətbəədən mənzilə qayıdanda  dost-tanış  yeni iş gününə başlamağa yollanırdılar.  Bu, vəzifə-peşə  borcumuz, şərəfimizdi.

     
Sözlərimdən elə çıxmasın ki, bugünki  KİV-lərimizin fəaliyyətindən tam narazıyam. Elə deyil.  Xırda, ötəri narazılıqlarıma rəğbən bildirim ki, cari mətbuatımız  əməlli-başlı dəyişilib, müasirləşib. İndi  respublikamızın vəziyyəti başqa  haldadır. Torpaqları qəsb edilmiş, yüz minlərlə vətəndaşı  isti yurd-yuvasından perik salınmış Azərbaycan  yağı düşmənlə çarpışmadadır. Silahlar sussa da siyasi, diplomatik mübarizə kəskinliklə   davam edir. Bu yöndə  əsas  aparıcı  qüvvələrdən  biri  kütləvi informasiya vasitələrimizdir. Mətbuatımız  söz, fikir arsenalını haqq səsimizin daha  gur eşidilməsi, dünya ictimaiyyətinə lazımınca çatdırılması naminə var qüvvəsini sərf eləyir. Səmərəsi də göz önündədir.  1980-ci illərin sonu, 90-cı illərin əvvəllərində fəryadımızı  eşitməyən, bizə dirsək göstərənlər, ekranı-efiri  üzümüzə qapıyanlar indi  ədalətli fikrimizə şərik çıxır , söylədiklərimizi təstiqləyirlər.  Xoşdur. Lakin ideoloji cəbhədə  görüləsi işlər hələ çoxdur.

       
Görüb-biləndə ki,    mətbuatı  biznes  vasitəsinə çevirirlər, sədaqətli jurnalistlər sarsılır... Məgər milli mətbutımızın banisi,  müdrik Həsən bəy Zərdabi “Əkinçi”ni maddiyyat məqsədilə yaratmışdı? Əksinə, millət yolunda özünün pulunu, varını sərf edib.  Ailəsinin rahatlığından keçib.  Qarşıya qoyduğu  amalı naminə  yorulmadan  çarlıq məmurlarının qapılarını döyüb. Heysiyyata toxunan münasibətlərinə tab gətirib. Nəticədə varislərinə saf, ülvi niyyətli qəzetçiliyi miras qoyub.  Elə Həsən bəydən sonrakı dövrdə də  öz vəsaitləri hesabına qəzet-jurnal ərsəyə gətirən şanlı klassiklərimiz də həmin amillərdən       maddiyat məqsədi ilə istifadə etməyiblər. 

     
Türk dünyasının başqa bir yazarı da qəzetçilikdə  ibrətamız təcrübə-miras qoyub.   Bu, İsmayıl  Bəy Qaspralı(Kasprınskı)dır. Təmiz vicdanlı, xalqa sədaqətli İsmayil  Bəyin  31 il  redaktoru olduğu (indikilər sayaq  Baş redaktor yox ...a!) “Tərcuman” qəzeti Türk kəlməsi səslənən, Türk Ürəyi döyünən  dünyanın hər bir guşəsinə  sərhəd bilməyən ağ göyərçin kimi qanad açıb, yol tapırdı.  11 sentyabr 1914-cü ildə şanlı İsmayıl bəy vəfat edəndə  bu əvəzsiz itkiyə  bütün Türk dünyası—Turan matəm keçirib.   Heç bir sultan, şah, hökmdar  belə şərəfə çatmayıb.   Bu sadə, fəqət fədakar, ADİ redaktor “Min qılınca bir qələm sahibi olub”. Yəni İsmayıl bəy Kasprınskı   min qılıncın edə bilmədiyi işi bir qələmi ilə həyata keçirib. Belə möhtəşəmlik təkrarlanmalıdır!..

     
Məncə  hər bir jurnalist  təmsil etdiyi kütləvi informasiya  vasitəsini   özünün bəyaz  libası bilməlidir. Onu  ləkələnməkdən qorumalıdır; peşəsinə məhəbbətlə,  vəzifə borcuna sədaqətlə. Qəzet-jurnal redaksiyasında, radio-televiziyada, elektron mediada çalışmağından asılı olmadan hər bir jurnalistə şamildir bu qayə. Şərəf  uca tutulmalıdır.  Həyata, hadisələrə real, obyektiv, ədalətlə yanaşmaqla,  saf  əməllə. Bu,  asandan  asan, amma  olduqca vacibdən vacib məsələdir. Bu yöndə zəngin  təcrübəyə  sahibdir  mətbuatımız.

  
Ümid və sevinc dolu cəhət orasıdır ki,   məmləkətimizdə yeni,  istedadlı jurnalistlər nəsli yetişir.  Təzə təfəkkür, müasir  çalışmaları ilə geniş kütlə kimi  biz veteranları da  sevindirirlər. Onlara  bizimlə çiyin-çiyinə ömür sürmüş, sağlığında klassikləşmiş, unudulmaz  sevimli müəllimimiz   professor, saf  əqidəli,   mətin  Şirməmməd müəllim Hüseynovun  məslək davamçıları olmağı,   peşənin zirvələrinə doğru  dönmədən irəliləməkdə  uğurlar diləyirəm. Azərbaycanımızın  ərazi bütövlüyü, suverenliyi uğrunda siyasi vuruşunda   jurnalist  sözünü  müsəlləh silaha çevirmələrini arzulayıram.

 

29 sentyabr  2019-cu il

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub