Modern.az

Ağa Laçınlının şeirlərindən ibarət kitab çıxıb

Ağa Laçınlının şeirlərindən ibarət kitab çıxıb

Mədəni̇yyət

21 Fevral 2012, 17:06

Mərhum şair Ağa Laçınlının şeirlərindən ibarət kitab çıxıb.

“Sabah” nəşriyyatında 520 səhifədə çap olunmuş kitabda Ağa Laçınlının vaxtilə işıq üzü görmüş şeir kitablarından seçmələr toplanıb.

XX əsrin 60-cı illərində ədəbiyyata gəlmiş Ağa Laçınlının ilk şeir kitabı “Ümid” 1966-cı ildə, sonuncu şeir kitabı “Alın yazımız” 1992-ci ildə çap olunub. Bu illər ərzində şairin Azərbaycan dilində daha 9 şeir kitabı çıxıb: “Sakitik” (Bakı, 1970), “Sirli-soraqlı dağlar” (Bakı, 1971), “Torpağın gücü” (Bakı, 1973), “Ana duyğusu” (Bakı, 1976), “Aşırımlar qarşısında” (Bakı, 1978), “Vaxt yetişəndə” (Bakı, 1980), “Sevgimizlə sevindirək” (1981), “Meşə nəğməsi” (Bakı, 1985), “Gecə yuxusu” (Bakı, 1986).

“Sabah” nəşriyyatının çap etdiyi topluda Ağa Laçınlının kitablarından seçmələr xronoloji ardıcıllıqla təqdim olunub. Topluya şairin müstəqillik dövründə qələmə aldığı, amma kitab şəklində çap olunmamış bir neçə şeiri də daxil edilib.

Kitabın redaktoru Şirindil Alışanlıdır. Toplunu Fəxri Uğurlu tərtib edib.

1940-cı il mayın 5-də Laçın rayonunun Oğuldərə kəndində anadan olan Ağa Laçınlı Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunu bitirib. “Ədəbiyyat və incəsənət” qəzetinin (indiki “Ədəbiyyat qəzeti”) şeir şöbəsində çalışıb. Yazıçılar İttifaqının (Birliyi) Natəvan klubunun müdiri olub. 1970-ci ildən Bakı Dövlət Universitetində dərs deyib.

Ağa Laçınlı 2007-ci il noyabrın 25-də vəfat edib.


Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi