Modern.az

Məhəbbət və nifrət

Məhəbbət və nifrət

6 Oktyabr 2019, 10:36

Rafiq Həsənov,
veteran jurnalist

Məhəbbət – eşqdir, sevgidir. Nifrətsə – kin, qəzəb. Bunlar bir-birinə əks qütblər olsa da aralarında keçilməz sədd yoxdur. Elə olur ki, məhəbbət asanlıqla nifrətə, ya da əksinə, nifrət məhəbbətə çevrilir. Bu hal daha çox gənclikdə, aşiq-məşuqlar arasında baş verir. Amma belə yerdəyişmə ölkələrin bir-birinə münasibətində də özünü göstərir. İllərlə, onillərlə, hətta daha uzun dövr ərzində qatı düşmən cinahlarından bir-birini ölüm atəşinə tutan nə qədər məmləkətin adını sadalamaq olar ki, onlar sonradan dostluq etməyə, hələ “sevgililər” kimi yanaşı addımlamağa başlayıblar. Tarixin dərinliklərinə baş vurmaqdansa elə dünənimiz olan qərinələri yada salmaq kifayətdir.

1941-45-ci illərdə Almaniya ilə SSRİ adasındakı amansız savaş və onillər sonra onların bir-birinə tam başqa tərzdə yanaşması buna sübutdur. Bir zamanlar “almanlara ölüm!”, “Hitler kaput!” ifadələrini qəzəblə hayqıran Sovet xalqı onillər ötəndən sonra alman dəqiqliyinə, Almaniya texnikasına, qayda-qamunlarına heyranlıq bildirməyə başladı. Almaniya-SSRİ, sonradan Almaniya və Rusiya Federativ Respublikaları arasında dostluq cəmiyyətləri yarandı. Bir sıra region və dünya məsələlərinin həlli müzakirələrində bu iki dövlət bəzən həmrəylik də nümayiş etdirirlər. Yəni nifrət hissi aradan qalxıb, məhəbbət duyğusu yüksəlişə səmt götürüb. Belə yerdəyişmə münasibətləri başqa ölkələr arasında da olur. Polşa Xalq Respublikası adlanan ölkənin paytaxtı Varşava İkinci Dünya müharibəsi illərində hərbi çarpışmalarda sözün birbaşa mənasında yerlə yeksan edildi, xarabalığa çevrildi. Odlu vuruşlar radiusunda olan heç bir paytaxt və ya iri şəhər Varşava qədər dağıntıya məruz qalmamışdı. Təbii ki, bu səbəbdən polyakların almanlara qəzəb və nifrəti hədsiz oldu. Müharibədən sonrakı dövrdə Qərb və ABŞ NATO hərbi bloku yaradanda Varşava qəzəbdənmi, nifrətdənmi, qisas hissindənmi, sosialist ölkələri dövlətlərinin və ya bilavasitə Moskvanın təzyiqindənmi NATO-ya qarşı hərbi sipərə çevrildi. Yəni NATO ya cavab olaraq Sosialist ölkələrinin hərbi güc birliklərinin mərkəzi Varşava Müqaviləsi hərbi bloku məhz Varşavada yaradıldı... Necə oldusa Varşavanın Almaniyaya, eyni zamanda NATO-ya qəzəbi-nifrəti-revanş ehtirası getdikcə azaldı, azaldı... və nəhayət məhəbbət duyğusu meydana gəldi. İndi Varşava, yəni Polşa dövləti bir vaxtlar canbir-qardaş olduğu sosializm cəbhəsinə, xüsusilə Rusiya Federasiyasına düşmən kəsilib. NATO-nun qatı tərəfdarı, onun ən fəal üzvlərindən biridir. NATO-nun təpədən dırnağa qədər zirehlənmiş hərbi qanadına çevrilib. Belə deyək; bir zamanlar- səngərdə əli avtomatlı, barmağı silahın tətiyində olan döyüşçü sayaq Qərbə sarı pusquda duran rəsmi Varşava, hazırda hansı səbəbdənsə heyrətamiz sərt qaydada əks tərəfə çevrilib, silahını əvvəlki cəbhədaşına tərəf, bilavasitə Şərqə, xüsusən rəsmi Moskvaya tuşlayıb. Keçmiş SSRİ-nin iki böyük respublikası, bir vaxtlar “ikisi bir köynəkdə” davrananlar, Rusiya Federasiyası ilə Ukrayna Respublikası bir-birlərinə qənim kəsiliblər.


İki böyük slavyan dövləti öz aralarındakı məhəbbəti tərk edərək, nifrətə – qanlı silaha qurşanıblar. Əsl Türk torpağı Krım bir vaxtlar istila olunub Rusiya imperiyasına qatılıb. SSRİ zamanında, 1956-cı ildə isə RSFSR-dən alınıb Ukraynaya verildi. İndi yenidən Rusiya Federasiyasına ilhaq olunur. Üstəlik, Ukraynanın sənaye mərkəzlərindən olan Donbas savaş meydanına çevrilib. Rəsmən Ukraynanın olan Donetsk və Luqansk vilayətləri gah sağa, gah sola vurnuxur, hərb yolunu tutub, odla-su arasında qalıb. SSRİ zamanında, yəni Rusiya-Ukrayna qardaşlığı dövründə, barəsində danışmaq hər kəsə qadağan olunan, geniş xalq kütləsinə unutdurulan Ukraynadakı milli fəlakət yenidən yada salınır. 1930-cu illərin müdhiş aclıq illəri ukraynalıların soyqırımı, “aclıqqırğını” – “Qolodomor” kimi hallandırılır, ayrı-ayrı hallarda dövlət səviyyəsində rəsmiləşdirilir. Niyə məhəbbəti nifrət üstələyir?.. Həyat, zaman insanı həm ağladır, həm də güldürür. Layiqliləri batırır, nakəslər yetirir. Elə tarix də gah cəmiyyəti məhəbbətə kökləyir, gah da qəlbləri qəzəb-nifrətlə coşdurur. Bir vaxt sevib, əzizlədiyi kimsəni çox keçmədən lənətləyir, əli çatmayanda kölgəsini qamçılayır... İcmalçılar yazırlar ki, Kuba lideri Fidel Kastronu bir vaxtlar ABŞ ruhlandırıb. Şirnikləndirib, inqilabçı kimi ərsəyə gətirib. Əvvəllər Birləşmiş Ştatlara rəğbətli Fidel o zamankı Kuba hakimiyyətinin düşməninə çevrilib... Sonradan Fidel elə qəzəblənib ki, “sevimli “müəllimi”nə dönük çıxıb. Birləşmiş Ştatların qatı əleyhdarı olub. Deyilənlərə görə Ben Ladeni də elə ABŞ ortaya atıb, onu lazımınca silahlandırıb. Nəticəsi o olub ki, Ben Laden məhəbbət-nifrət səddini qarışdırıb, ABŞ-dan aldığı silahı elə ABŞ-ın özünə tərəf çevirib. Belə və bunlara bənzər başqa nümunələr yenə də misal göstərmək olar. Təcrübə göstərir ki, məhəbbətdən dönən nifrət daha hiddətli, qəzəbli, amansız olur. Keçmiş SSRİ rəhbərinə yönəlmiş ziddiyyətli duyğular bunu daha bariz göstərir. İosif Cuqaşvili, sonradan Stalin olan ”dahi rəhbər”in adı bir vaxtlar yüz milyonlarla insanın dilində (indi bəlli olur ki, qəlbində yox!) məhəbbətlə səslənirdi. Stalini yenilməz, haqq-ədalət mücəssəməsi sanırdılar. Az qala müqəddəsləşdirmişdilər. İkinci Dünya müharibəsi dövründə minlərlə Sovet döyüşçüsü “Za Stalina” deyib özünü tankın, pulemyotun qarşısına atır, canını “rəhbər” yolunda qurban verirdi...” Xalqlar atası”, “əvəzsiz şəxsiyyət”, “dönməz rəhbər”, “ölkənin müdrik düşünən beyni” və daha başqa epitetlərlə şəninə saysız-hesabsız şeirlər yazılan, mahnılar qoşulan İosif Vissarionoviç ölkənin hər guşəsində bərqərardı. Stalin adı çəkiləndə hamı ayağa qalxardı. Həmin dönəmdə mən və yaşıdlarım məktəbli, zamansa 1940-cı illərin sonları, 50-ci illərin başlanğıcı idi. Ölkəyə Generalissimus Stalin rəhbərlik eləyirdi. Bayramlarda, əlamətdar günlərdə təşkil edilən təntənəli mərasimlərə bizləri də aparırdılar. Məruzələrdə, çıxışlarda elə ki, “ Dahi rəhbər” Stalinin adı şəkilirdi, biz şagirdlər də yığıncağa cəlb olunanlarla birlikdə ayağa qalxır, ucalan uzunmüddətli gurultulu alqışlara qatılardıq. Canfəşanlıqla, cani-dildən alqışlayardıq. Əksəriyyət bu büsatı ürəkdən gələn məhəbbətin təzahürü sanırdı. Fəqət könüllərdəkini kimsə bilmirdi. Görünür SSRİ-də qayda beləymiş. RSFSR-də, digər müttəfiq respublikalarda necəydi bilmirəm, Azərbaycan SSR-də nəşr edilən qəzetlər az qala hər cümlədə istifadə edilən “İ.V.Stalin” sözünü hər dəfə böyük hərflərlə yazırdı. Axı Yenilməz Stalin hələ sağ idi. Dünyanın əsas sosialist dövlətinə, amansız müharibədən qalib çıxmış Sovetlər Birliyinə rəhbərlik eləyirdi. Əlində ülgüc qaydasında bülövlənmiş qılınc vardı... Həmin illərdə ömür sürmüş insanlar onun qəddarlığına, allahsızlığına haqq qazandırmasalar da “rəhdər”in dövlətçiliyə, el malına sədaqətini yüksək dəyərləndirirlər. Stalin dünyadan köçəndə ondan heç bir varidat qalmadığını, əvəzində illərlə əynində daşıdığı eyni gitelin qolunun ətəyinin süzülməsini, dirsəyinin sürtülüb yeyildiyini miras qoyduğunu heyrətlə dilə gətirirlər. Bunu indiki bəzi nazirlərin, həmçinin yüksək vəzifəyə yiyələnən gündən var-dövlət qamarlayan, sərvət toplayan məmurlara müqabil bildirirlər. Orası da var ki, “Ellər atası”na aşkarda görünən hədsiz məhəbbətin daxilində qorxu-nifrət də az deyildi. Öz doğma, isti, dədə-baba yurd-yuvalarından zorla, qəddarlıqla, cəmi bir neçə gün ərzində amansızlıqla uzaq Sibirə, Orta Asiya səhralarına, Qazaxıstan çöllərinə məhkəməsiz-qanunsuz elliklə sürgün edilən yerli abarogen çeçenlər, eləcə də Krım tatarları, Məhsəti tükləri Stalini qəlbən necə sevə bilərdilər? Qədim Zəngəzuru ermənilərə verən, Qərbi Azərbaycan əhalisini səfalı torpaqlardan ilan mələyən


Mil-Muğan düzlərinə süngü ilə daşıtdıran rəhbərə həqiqi məhəbbət ola bilərdimi? Eləcə də Azərbaycanın Astraxanbazar (Cəlilabad)-Yardımlı rayonlarının İranla sərhəd bölgələrindəki onlarla yaşayış məskənlərini viran qoyub əhalisini zülmlə Mərkəzi Aran rayonlarına qovanda həmin camaatın qəlbində nifrətdən-qəzəbdən başqa nə yarana bilərdi? Belə nifrət-qəzəb yaddaşlarda damarlardakı qan kimi cövlan edir.... Stalinə təkcə Sovet adamlarında deyil, xarici ölkələrdə də sevgi, ehtiram vardı. Xüsusilə Çin Xalq Respublikasının, Albaniya Xalq Demokratik Respublikasının rəhbərləri Mao Tsi Dun, Ənvər Xoca və daha bir neşə dövlət başçısı Stalinə ayrıca sevgi və ehtiramla yanaşırdılar. Albaniya rəhbərliyi məhz Stalinə təəssübkeşliyi səbəbindən Sovetlər Birliyindən üz çevirdi. Bu kiçik Avropa dövlətinin – Albaniyanın başçısı Ənvər Xoca yazdığı kitablarından birini “Xruşşov Stalini iki dəfə öldürdü” adı ilə nəşr etdirdi. Asiya nəhəngi Çin Xalq Respublikası Stalin sevgisinə görə dost bildiyi, sosializmin ilhamçısı sandığı rəsmi Moskvanı özünə barışmaz düşmən kimi qəbil elədi. Hələ bu nəhəng dövlətlər arasında qanlı müharibə də baş qaldırdı. 5 mart 1953-cü ildə Stalin vəfat edəndə nəhəng SSRİ sözün həqiqi mənasında uzun müddət matəm saxladı. “Böyük rəhbər”in dəfni isə görünməmiş hüznlə keçdi. “Ellər atası” ilə vida mərasiminə axışan təlatümli insan seli qarşısıalınmaz idi. Hər kəs “Dahi rəhbər”i son dəfə tabutda da olsa görmək, vidalaşmaq üçün onun cənazəsi qoyulmuş salona can atırdı. Deyilənlərə və sonradan yazılanlara görə həmin mərasimdə görünməmiş basabas düşüb. Sıxıntıda yüzlərlə insan (dəqiq məlumat verilmir) həyatını itirib. ... İllər ötdü. Elə ki, “ellər atası” dünyadan köçdü, dövran, münasibətlər dəyişdi. Stalinin hökmranlığı zamanında kəsilmiş başlar dirildi, lal edilmiş dillər açıldı, nalə-nifrin selə döndü. Kütləvi məhəbbət əridi, əvəzində qəzəb-nifrət gurladı. Planetin altıda birinə sahib çıxan, SSRİ-dən savayı daha neçə-neçə məmləkəti öz təsiri altında inlədən Stalin yad edilmir. Ünvanına sürəkli alqışlar daha ucalmır. Apardı onları özü ilə Stalin. Stalindən fərqli olaraq silahla deyil, könül təranələri ilə məmləkətləri, saysız-hesabsız milyonlarla ürəkləri fəth edən sıravi vətəndaş Müslüm isə sinələrdə daim məskundur. Oxuyur, dinlənilir, sevilir. Müğənni Müslümün, nəvə Müslüm Məhəmməd oğlunun 75 illiyinə həsr olunmuş təntənəli gecədə zalda boş oturacaq yox idi. Hamıdan öndə səhnədə “Portret Müslüm” idi. Sonra geniş diaqonallı monitorda “canlandı” Müslüm! Dərhal da “ALQIŞLAR” ucaldı. Əvvəlki zamanlarda, həyatda olduğu vaxtlardakından gur və uzun nüddətə. Təkrarsız ifaçı Müslüm şövqlə, ilhamla oxudu. “Sinyaya Veçnost” təranələri hər kəsi lərzəyə gətirmişdi. Mahnının son akkordu səslənəndə nəhəng zalda hamı ayağa qalxdı. Unudulmaz müğənninin ruhu üçün “Portret Müslüm”ün qarşısına yenidən təzə-tər çiçəklər düzüldü... Budur ehtişam! Süni olmayan alqışlar! Köksə sığmayan, ürəklərin dərinliyindən gələn saf, sonsuz məhəbbət!.


Müslüm MAQOMAYEV rəhbər deyildi. Amma hər zaman səhnədə görünən anda ürəkdən gələn alqışlar aləminə düşərdi. Həm də özünəməxsus, məlahətli ifaçı müğənniyə yönəldilən alqışlar saxta, süni yox, əbədiymiş! Cismani ömür kimsəyə əbədi verilmir, zamanı yetəndə “bu dünyaya gələn mütləq gedəri olur”. Müslüm də dünyadan köç elədi. Ünvanına yönələn alqışları özü ilə aparmadı, bu dünyaya səpələdi – münbit torpağa qiymətli toxum kimi. Ürəkdən gələn belə alqışlar müddətsizdir. Sayıbilinməz illərlə davam edib cücərəcək. Nifrət yox, məhəbbət bitirəcək!

Twitter
Sizə yeni tvit var
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi