Modern.az

Daha bir Xocalı dəhşəti - bütün ailəsini itirdi... 

Daha bir Xocalı dəhşəti - bütün ailəsini itirdi... 

Aktual

16 Oktyabr 2022, 16:35

Əliyev Mehdi Firdovsi oğlu, 1988-ci ildə Xocalıda anadan olub. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilərin törətdikləri Xocalı soyqırımı zamanı ata-anasını, qardaşlaını, bir sözlə bütün ailə üzvlərini itirib. O zaman 4 yaşında olan Mehdi başına gələnləri Modern.az saytına danışıb.

- Mehdi, neçə yaşınız var?

- İndi 35 yaşın içindəyəm. Goranboyda, Ağcakənd qəsəbəsində məskunlaşmışam. Bütün məcburi köçkünlərə necə, mənə də eləcə bir ev veriblər... Yəni hökümət verən evlərdəndir.

- Kimlə yaşayırsınız?

- Heç kimlə, tək qalıram. Polis əməkdaşıyam.

- Siz Xocalı soyqırımı zamanı hər iki valideyinini itirmiş 25 uşaqdan birisiniz. Digər 24 uşaqla əlaqəniz varmı?

- Xeyr, əlaqəm yoxdur. O uşaqlardan yalnız Goranboyda 3 qardaş və bir bacı məskunlaşıb. Bircə onlarla əlaqəm var.

- Xocalı soyqırımı törədiləndə necə yaşınız vardı?

- 4 yaşım yeni tamam olmuşdu. O gün baş verənlər bir an olsun yadımdan çıxmır... Qaranlıq idi. Hər tərəfdən güllə səsi gəlirdi. Atam bizi evimizin zirzəmisinə apardı, sonra isə oradan da çıxdıq. Birbaşa meşəyə qaçdıq.

- Necə qurtuldınız ermənilərdən...Valideyinlərinizi itirdiniz, sizi kim aldı ermənilərin əlindən?

-  Mən həmin axşam babamın qardaşı kürəyində gətirdi meşəyə. Bizmlə xeyli adam var idi. Yadımdadır, ermənilər bizi gülləyə tutanda yerə yıxıldım. Bəlkdə də ağır yük idim qohumlarıma. Burasını heç soruşmayın. Uşaq idim, amma soruşdum ki, məni niyə atırsınız bu meşəyə. Nə isə...
4 yaşlı uşaq meşənin ortasına tək qaldım. Qışqırıb ağlayırdım. Heç nə anlamırdım. Evdə ermənilərdən çox danışmışdılar. Buna baxmayaraq, mən ölüm, əsir düşmək məsələsini dərk edə bilmirdim. Səsimə ermənilər gəldi. Heç nəyi doğru-dürüst başa düşə bilmirdim. Ancaq davranışlarından bildim ki, bunlar ermənidirlər. Çünki əllərinə keçən qarı, qoca, qadın, uşağı güllələyirdilər. Görünür taleyin qisməti beləymiş. Mən sağ qaldım. Ermənilər məni apardılar saxladıqları digər əsirlərin yanına. Valideynlərimi, qardaşlarımı axtarırdım, tapa bilmirdim. Ağlayırdım ki, məni valideynlərimin, qardaşlarımın yanına aparsınlar. İnanmaq istəmirdim ki, ermənilər mənim bütün ailə üzvlərimi qətlə yetiriblər. Bunu ağlım kəsəndə qəbul etdim. Oradakı əsirlərin hamısının başı özünə qarışmışdı. 4 yaşında uşaq idim. Heç mənimlə maraqlanan yox idi. Yaşadığım o dəhşətləri indi sözlə ifadə edə bilmirəm, çox çətinlik çəkirəm bu barədə danışmağa... Üstündən bir gün yarım keçəndən sonra bizi azad etdilər.

- Demək ki, bir ailənin sağ qalan yeganə üzvüsünüz...

- Onlarsız mənə yaşamaq çox çətindir...Yalandan yaşayıram. Kimsəsizlik çox pis şeydir. Məni hər iki valideynini itirən digər 24 uşaqdan fərqləndirən cəhət odur ki, onların heç olmasa qardaş-bacıları sağdır. Mən isə həm valideynlərimi, həm də qardaşlarımı itirmişəm, bütünlüklə ailəmi itirmişəm. Kimsəyə belə itkini arzulamıram.

-  Bildiyimizə görə heç bir imtiyazınız yoxdur, doğrudurmu bu?

- Nə deyim, acınacaqlı vəziyyətdir. Heç bir kömək olmur mənə. Xocalının ən ağır dərdli sakini mənəm, elə adamları aparıb telekanallara çıxarırlar ki, nə deyim... Amma inandırım sizi, indiyə qədər bir nəfər belə bu 25 uşaqla maraqlanmayıb. Deməyiblər, bu uşaqlar haradadır, nə edirlər, necə yaşayırlar. Nə yerli icra qurumlarından, nə də digər yerlərdən bizlə marqlananlar yoxdur.

- Kimlər bu yaşa qədər sizə kömək edib, kiminlə yaşamısınız bu müddət ərzində...

- Birinci Allah kömək edib, Allah gətirib çıxardı məni bu yaşa. Uşaq vaxtı pensiya almışam, bibimin yanında, o evdə-bu evdə qalmışam. Qohum-əqrəbanın içində böyümüşəm. Buna yaşamaq demək mümkünsə...

- Nə zamandan Ağcakənddə məskunlaşmısınız?

- Əvvəllər Naftalan şəhərində qalmışıq. Ondan sonra bura gəlmişik. Yəni çox adam gəlmədi. Xocalı camaatının bəziləri qəbul elədi Ağcakəndi. Təzə tikilən binalara yerləşdilər. Mən də elə.

-  Polis əməkdaşınız. Bu işdə sizə kömək edən olub yəqin…

- Hər il daxili işlər naziri şəhid ailələri ilə görüş keçirir. Həmin görüşlərin birində xalam nazirə məktub vermişdi. O məktub sayəsində məni polis sıralarına qəbul etdilər.

 -  Polisdə işləyirsiniz və özünüzü dolandıra bilirsiniz. İndi yaşamaq məsələsi problem olmaz...

 - İnanırsınız, çətinliklər var. Polis işləməklə deyil ki... Mən o qədər yerlərə müraciət etmişəm, o qədər yerlərə yazmışam. Cavab yoxdur ki, yoxdu…
Azərbaycan Respublikası Prezidentinin şəhid ailələri ilə bağlı fərmanı var. Fərmana əsasən şəhid ailələrinə müavinət verilir. O müavinətdən biz hər iki valideynini itirmiş 25 nəfər məhrumuq. Amma əslində varis kimi bizə çatmalıdır. Deyirlər lazımi köməyi edəcəklər. O müavinəti də alsaq, yaşayış, dolanışıq olar. Ev veriblər, inanırsınız imkan yoxdur düzəltməyə. Gələcək haqqında fikirləşməyə heç nə yoxdur. Heç olmasa bu 25 uşağı bir yerə yığmaq lazımdır, maraqlanmaq lazımdır, bunların gələcəkləri barədə nəsə fikirləşmək lazımdır.

 

Gülşən Qasımova

Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Ortaq Dəyərlər" İctimai Birliyinin həyata keçirdiyi “Xocalı soyqırımı 30-cu ilində - yerli və türk ölkələri media platformasında tanıtma və təbliğat” layihəsi çərçivəsində dərc olunur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü