Modern.az

Azərbaycanda sorğuların respondentləri niyə səmimi deyillər?

Azərbaycanda sorğuların respondentləri niyə səmimi deyillər?

Aktual

7 Oktyabr 2019, 13:46

Dünyanın bütün ölkələrində insanlar arasında müxtəlif mövzularda sorğular həyata keçirilir. Xüsusilə siyasi mövzularda aparılan sorğuların nəticələri daha çox diqqət cəlb edir, maraqla qarşılanır.

Amma bəzi hallarda bu tip sorğularda iştirak edən respondentlərin səmimiliyinə şübhə yaranır. Əsasən də keçmiş MDB ölkələrində sorğu mədəniyyətinin zəif olduğu, respondentlərin müxtəlif səbəblərdən dolayı qeyri-səmimi cavablar səsləndirdiyi iddia olunur.

Bu barədə Modern.az-a danışan ekspertlər sorğularda iştirak edən şəxslərin səmimiliyini müəyyənetmə metodlarına toxunublar.

ELS Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova düşünür ki, sorğunu götürməyi kimə gəldi tapşırmaq olmaz:

“Sorğunun mövzusundan, mahiyyətindən asılı olaraq, sorğu sahəsində peşəkarlaşan təşkilatlara həvalə olunmalıdır. Bu işin tapşırıldığı intervüyerlərə treninqlər keçirilir. Yenilər təcrübəli intervüyerlərlə birlikdə sorğuya gedir, onların yanında sorğu alırlar, uzun təcrübədən sonra müstəqil mütəxəssisə çevrilirlər. İntervüyerləri seçərkən onun bir çox keyfiyyətlərinə, xüsusilə bədən dili, ünsiyyət qabiliyyəti, respondenti danışdıra bilmə bacarığı nəzərə alınır.

Respondentlərdən əhatəli və səmimi cavabları almaq üçün başlıca olaraq, tərtib olunan anketlərə fikir vermək lazımdır. Anket elə tərtib olunmalıdır ki, nə yorucu, nə də maraqsız olsun. Biz həm intervüyerləri, həm də respondentləri yoxlamaq üçün sorğudan sonra insanlarla əlaqə saxlayırıq. Bu zaman soruşuruq ki, sizinlə belə bir sorğu aparılıb, hansı suallar verilib? İkinci bir yoxlama üsulu kimi həmin sorğu marşrutlarına bir daha müraciət edilir, sorğunu götürənin kim olduğunu supervayzerlərə demədən, təsadüfi seçimlə yenidən sorğu keçirilir”.

İ. Yaqubovanın sözlərinə görə, ilk növbədə intervüyerlərin özünün seçimi yaxşı olmalıdır. Çünki müsahibəni götürmək tərzi, anketin düzgün tərtib olunması ilə insanlar həvəslənir, cavab verirlər:


“Rayonlarda, kəndlərdə sorğu aparmaq üçün təkrar məntəqələrə düşəndə sevinirəm. Ona görə ki, həmin məntəqələrdə sorğunun nə olduğunu, necə aparıldığını, hətta bir çox məqamlarda fayda gətirdiyini bilirlər. Elə olur ki, sorğuda hansısa sosial problemlərini dilə gətirirlər, bu sonradan həllini tapır. Ona görə, insanlar özləri maraqlı olurlar ki, sorğularda iştirak etsinlər.

KİV-ə minnətdar olmalıyıq ki, insanlara sorğunun nə olduğunu izah edə bilib. Mən 1995-ci ildən bu sahə ilə məşğulam, həmin dövrlərdə insanlar sorğunun nə olduğunu heç bilmirdilər. Ona görə, ehtiyat edirdilər. Sorğuların nəticələri ictimailəşdirildikcə, müzakirə olunduqca, sorğudan imtinaların sayı qat-qat azalıb”. 


“Konstitusiya” Araşdırmalar Mərkəzinin rəhbəri Əliməmməd Nuriyevin sözlərinə görə, istənilən mövzuda sorğu apararkən konkret suallarla respondentlərə müraciət etmək lazımdır. Ekspert cavabların qaneedici olmaması, yaxud respondentin səmimiliyinə şübhə yaranarsa, yoxlayıcı, alternativ sualların verildiyini də söyləyib:

“Ümumiyyətlə, sorğu prosesi düzgün qurularsa, respondent nə qədər qeyri-səmimi olsa belə, tendensiyaları müəyyənləşdirmək mümkün olur. Eyni zamanda, sorğuların nəticələrinə baxanda görə bilərik ki, müəyyən olunan nəticələrlə orta statistik respondentin fikirləri üst-üstə düşmür. Yəni düzgün metodologiya ilə aparılan sorğuların nəticələrində reallıq arasında o qədər ciddi fərq olmur.

Azərbaycanda sorğulara etibar, inam azdır. Bunun isə səbəbi peşəkar sorğu mərkəzlərinin qıtlığıdır. Peşəkar sorğu həyata keçirə bilən bir neçə quruma isə yerli qurumlar tərəfindən manelər olur. Amma son zamanlar yeni sorğu mərkəzləri, tədqiqat mərkəzləri yaranmaqdadır, inam da nisbətən yüksəlib. Vətəndaş cəmiyyəti peşəkar şəkildə sorğu keçirməyə çalışır. Vətəndaş cəmiyyətinin apardığı sorğular daha etibarlıdır, çünki bu təsisat sorğunun nəticələrində maraqlı deyil, bitərəf qalmağı bacarır”.

Azərbaycanda daha çox marketinq sahəsində sorğuların həyata keçirildiyini vurğulayan Ə. Nuriyevin sözlərinə görə, sorğu mərkəzləri də buna fokslanıb:

“Halbuki ictimai, siyasi, sosial məsələlərlə bağlı sorğular genişləndirilməlidir. Məsələn, “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən bir neçə il ölkədə korrupsiyanın vəziyyəti ilən bağlı iri sorğular həyata keçirilib.

Sorğuda nə qədər az respondent iştirak edəcəksə, xətanın olması ehtimalı bir o qədər yüksəkdir. Ona görə, respondetlərin sayı maksimum dərəcədə çox olmalıdır. Əhalinin demoqrafik göstəricilərinə, sosial təminatına ciddi fikir vermək lazımdır. Bu, sorğunun mövzusundan asılı olaraq dəyişir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!